• cümə axşamı, 28 mart, 21:09
  • Baku Bakı 13°C

ABŞ-ın hədə-qorxusu, yoxsa reallıq?

15.05.19 17:06 846
ABŞ-ın hədə-qorxusu, yoxsa reallıq?
ABŞ-İran münasibətləri olduqca gərgindir. Artıq dünya mətbuatının gündəmini məhz ABŞ-İran münasibətləri ilə bağlı xəbərlər zəbt edib.
Birləşmiş Ştatların İranla mümkün hərbi toqquşmaya hazırlaşdığı və Yaxın Şərq regionuna qüvvələr cəmləşdirdiyi bildirilir. Xəbər verildiyi kimi regiona təyyarədaşıyan gəminin və bombardmançıların göndərilməsinin ardınca, Pentaqon İranla mümkün müharibə üçün 120 minlik qüvvənin Yaxın Şərqə yeridilməsi planını da hazırlayıb. Bu plan İranın regionda ABŞ və müttəfiqlərinin hərbi bazalarına hücumu, yaxud Tehranın nüvə silahı əldə etmək fəaliyyətlərini gücləndirməsi halında işə düşəcək. Lakin İrana birbaşa müdaxilə nəzərdə tutulmur. ABŞ senatoru Tom Kotton İranla müharibənin real olduğunu bildirib. Senator PBS telekanalının efirində İranla müharibəni mümkün sayıb və bildirib ki, qələbə üçün ABŞ-a cəmi iki zərbə endirmək lazım gələcək: "Bəli, iki zərbə. Birinci zərbə və sonuncu zərbə”. Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı (2000-2002), admiral Alan Uest isə ABŞ-ı İran ətrafında vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb. Onun sözlərinə görə, İrana zərbə "mütləq fəlakət” olacaq. "Münaqişə riski artır. Bu, fövqəladə təhlükəlidir. Əgər ABŞ İrana hücum etməyə qərar versə, bu, acınacaqlı səhv olacaq. Birincisi, bütün dünya üzrə diversiya-terror aktları artacaq. İkincisi, İranın ciddi raket silahları var və bunu yaddan çıxarmaq lazım deyil”-admiral deyib.
Bu arada İran "altılar” qrupu ilə imzaladığı nüvə sövdələşməsi üzrə öhdəliklərini qismən dayandırıb. Tehran bildirir ki, əgər Avropa ölkələri 50 gün ərzində İranı ABŞ sanksiyalarından qorumaq üçün addımlar atmasa, bu sövdələşmədən tam çıxacaq və uranı zənginləşdirməyə başlayacaq.
Mövcud vəziyyətdə bu addımın növbəti müharibənin başlamasına nə dərəcədə təsir göstərəcəyini, bunun İran və qonşu ölkələr, xüsusilə də Azərbaycan üçün necə bir təhlükəyə malik olduğunu öyrənməyə çalışdıq.
Politoloq Tofiq Abbasov müharibə ehtimalının çox aşağı olduğunu bildirdi: "Hətta, qəti şəkildə deyə bilərəm ki, müharibə olmayacaq, çünki ilk olaraq ABŞ İrandan çəkinir. Onun körfəzdə hədəfdə olan xeyli sayda hərbi bazaları, o cümlədən marağı var. Digər tərəfdən, bilirik ki, körfəz neft daşımalarında böyük rol oynayır. Ona görə də, hazırkı rejimin pozulması elə ilk olaraq Amerikanın öz marağında deyil. Əslində, Amerika istəyir ki, lider olmasını sözün bütün mənalarında hər kəsə təlqin etsin. Amma bir neçə nümunə var ki, Amerikanın planlarının qeyri-real olduğunu təsdiqləyir. Kuba, Venesuela, Şimali Koreya bu nümunələrdəndir. Digər tərəfdən bütün bu geosiyasi çəkişmələrin arxasında ABŞ-ın iqtisadi maraqları da durur. Çünki transmilli şirkətlər bir qayda olaraq Amerikanın ssenarisi ilə fəaliyyət göstərir və hər yerdə öz mövqelərini möhkəmləndirirlər”.
Politoloq İranın Amerika üçün həm də prinsipial bir mövzu olduğunu qeyd etdi: "Çünki 40 ildən artıqdır ki, bu iki dövlətin münasibətlərində dərin uçurum var. İranda şah rejiminin devrilməsindən sonra demək olar ki, Amerika ora müdaxilə edə bilmir. Bu da ABŞ-ı çox narahat edir, həm də mənfi presedent yaradır. Çünki bir çox müsəlman dövlətləri ikili standartların tətbiq edilməsini Amerikanın libasında görərək, ondan bir qədər uzaqlaşmağa üstünlük verirlər. Ona görə də, Amerikanın siyasi elitasında İranla bağlı dərin kompleks yaranıb və onlar bunu aradan qaldırmaq istəyir. ABŞ indiki halda bir neçə hərbi kampaniyada iştirak edir və şahidi olmuşuq ki, bu qədər silah, sursatı, müasir texnikası olan ölkə, nəticə əldə etməkdə acizdir. Məncə, bu, nümayişdən başqa bir şey deyil”.
T. Abbasov, əslində, İranın və qonşu dövlətlərin də müharibə istəmədiyini bildirdi: "Düzdür, hücum olarsa, İranın buna cavab vermək gücü var, amma müharibə istəmir. Çünki ölkə, onsuz da iqtisadi baxımdan ağır vəziyyətdədir və istənilən müharibə bu və ya digər formada bütün resursların səfərbər olmasını aktuallaşdırır. Hərbidən əlavə, sosial, psixoloji gərginlik ehtimalı da var. Ona görə də, bu müharibə heç bir ölkənin marağında deyil. Bizim də İranla çoxşaxəli sosial, iqtisadi əlaqələrimiz, birgə kapitalla işləyən müştərək şirkətlərimiz var. Son 2 il ərzində İranla Azərbaycan arasındakı mal dövriyyəsi 70 faizdən çox artıb. Ortaq layihələr həyata keçirilir. Ölkəmizdə İran şirkətlərinin iştirakı ilə minik avtomobili istehsal olunur. Bəzi şirkətlərimiz İran iqtisadiyyatına investisiya yatırıb. Amerikanın atacağı addımlar məhz bu müstəvidə bizim üçün də problemlər yarada bilər. Bu baxımdan biz müharibə tərəfdarı deyilik”.
Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirdi ki, təhlükənin çox böyük olduğunu qəbul etmək lazımdır: "Çünki ABŞ qoşunlarını harasa yeritmək istəyirsə, bunu edəcək və bu da münaqişəyə gətirib çıxara bilər. Çünki İran müqavimət göstərməyə qadir dövlətdir. ABŞ-ın belə hədə-qoxuları yaxın tarixdə Şimali Koreyaya qarşı da olmuşdu. Şimali Koreya üçün təhlükə yaratmağa, hətta, bəzi qoşunları və hərbi donanma texnikasını sistemləşdirmişdilər. Amma müharibə olmadı, çünki Şimali Koreya göstərdi ki, müqavimət göstərməyə qadir dövlətdir. Yəni bütün hallarda müdafiə olunacaq. Sonra ölkə rəhbərləri görüşdülər və məsələ müəyyən dərəcədə sakitləşdi. Hazırda oxşar vəziyyət yaranıb. Lakin mənə elə gəlir ki, burada təhlükə daha böyükdür. Bir sıra Avropa ölkələri məsələyə qarışmalıdırlar. Çünki bu vəziyyətdən Avropa İttifaqı, Rusiya narazıdır və onlar sağlam düşüncəli addımlar atsalar, aradakı münaqişə həll olar, təhlükə aradan qalxar”.
Politoloq bu məqamda birbaşa olaraq bizə yönəlik bir təhlükənin olmadığını, amma müharibə olarsa, dolayısı ilə bəzi problemlər yarana biləcəyini söylədi: "Məsələn, ekoloji, iqtisadi, qaçqın problemi yaşanar. Hər halda, yaddan çıxarmamalıyıq ki, bu hadisələr sərhədlərimizin lap yaxınında baş verir. Təhlükəli bir vəziyyət yaranarsa, bu, bizim İranla birgə olan layihələrimizə xələl gətirə bilər. Yəni vəziyyət gərgindir, amma hələ ki, pik nöqtəyə çatmayıb”.

Günel Azadə




banner

Oxşar Xəbərlər