AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ ən yaxın müttəfiqinə qarşı

ABŞ ən yaxın müttəfiqinə qarşı

Təfsilat
05 Mart 2021, 18:30 734
Və ya Kaşıkçı qalmaqalı niyə böyüyür?
 
Birləşmiş Ştatlarla onun Yaxın Şərqdə ən sadiq müttəfiqi Səudiyyə Ərəbistanı arasında münasibətlərdə soyuqluq nəzərə çarpır. Yeni ABŞ hökumətinin Səudiyyə vəliəhdi Məhəmməd Salmanın jurnalist Cemal Kaşıkçının qətlinin sifarişçisi olduğunu təsdiqləyən kəşfiyyat hesabatı bu soyuqluğun əsas səbəbləri sırasındadır. Qərb mediası yazır ki, Milli Kəşfiyyat Agentliyinin (MKA) məxfiləşdirilmiş xülasəsində bildirilib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Cemal Kaşıkçını yaxalamaq və ya öldürmək üçün Türkiyənin İstanbul şəhərində əməliyyat keçirilməsini təsdiqlənib.
 
"Washington Post” qəzetinin yazarı olmuş Virciniya sakini Kaşıkçı türk nişanlısı ilə evlənmək üçün 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğundan lazımi sənədləri almaq istəyərkən öldürülüb. Türk rəsmiləri bildirirlər ki, o, içəri girdikdən sonra 15 nəfərlik Səudiyyə Ərəbistanı komandos qrupu 59 yaşlı jurnalisti öldürüb və cəsədini parçalayıb. 4 səhifəlik hesabata görə, müstəntiqlər qiymətləndirmələrini şahzadə Məhəmmədin Səudiyyə Ərəbistanındakı qərar qəbuletməyə nəzarəti, tərəfdarlarının əməliyyatda birbaşa iştirakı, eləcə də, "Cemal Kaşıkçı  daxil olmaqla, xaricdəki müxalifləri susdurmaq üçün şiddətli tədbirlərdən istifadə etməni dəstəkləməsinə” əsaslanırlar. MKA əməliyyatın geniş miqyasda MBS kimi tanınan şahzadə Məhəmmədin icazəsi olmadan həyata keçiriləcəyinin "çox çətin olduğunu” rəyə əlavə edib. Çoxdan gözlənilən hesabat, Vaşinqtonun krallıqla münasibətlərini çətinləşdirəcəyi məlum olsa da, fəalların ümid etdiyi kimi, MBS-yə birbaşa sanksiyalarla müşayiət olunmayıb. Bunun əvəzinə, dövlət katibi Entoni Blinken "Kaşıkçı  Ban” çərçivəsində 76 Səudiyyə vətəndaşı üçün səyahət məhdudiyyətlərini elan edib. Həmçinin, Maliyyə Nazirliyi vəliəhd şahzadənin sabiq baş köməkçisi Əhməd əl-Asir və Səudiyyə Kral Qvardiyasının becid müdaxilə qüvvəsinə qarşı sanksiyaları açıqlayıb. Hesabatın yayımı kəşfiyyat tapıntılarını ictimaiyyətə çatdırmaq üçün Konqresdə illərdir davam edən səylərdən sonra baş verir. Bir vaxtlar jurnalist Bob Vudvorda verdiyi açıqlamada MBS-ni Konqresin cəzasından uğurla qoruması ilə öyünən keçmiş prezident Donald Tramp, 2019-cu ilin müdafiə qanununun müddəasına baxmayaraq, məxfi MKA hesabatını yayımlamaqdan imtina etmişdi. Konqresin təsdiqlədiyi hesabat yalnız kəşfiyyat orqanlarının tapıntılarının xülasəsidir, yəni vəliəhdi Cemal Kaşıkçının qətlinə bağlayan əlavə dəlillər hələ də sirr olaraq qalır.

Senatın Kəşfiyyat Komitəsinin üzvü senator Ron Vayden jurnalistlərlə görüşdə deyib: "Bu sənəddə gizlədiləcək daha çox şey var”. Nyu-Yorkda yerləşən "Açıq Cəmiyyətin Ədalət Təşəbbüsü” təşkilatı ABŞ hökumətini 2019-cu ildə Məlumat Azadlığı Qanunu çərçivəsində məhkəməyə verərək, indi açıqlanan hesabatın, eyni zamanda, qətlin lent yazısını və CIA-nin 2018-ci ilə aid dolğun məlumatının şəffaflaşmasını tələb edib. "Açıq Cəmiyyət”in vəkili Amrit Sinqh bildirib ki, MKA-nin hesabatı irəliləmə üçün əhəmiyyətli bir addımdır, lakin kafi deyil. Səudiyyə hökuməti, Kaşıkçının, kralın birbaşa xəbəri olmadan "iyrənc” bir əməliyyatda öldürüldüyünü iddia edir. 2019-cu ilin sentyabr ayında "PBS ‘Frontline”-a verdiyi müsahibədə vəliəhd deyib: "Məsuliyyəti, iş mənim nəzarətimdə olduğu üçün üzərimə götürürəm”.
 
Hökumət Cemal Kaşıkçının ölümü ilə əlaqədar, beynəlxalq etirazlara cavab olaraq, hərtərəfli araşdırma vəd edib. Keçən il Riyadda baş tutan məhkəməni Kaşıkçının nişanlısı Hatice Cengiz "lağlağı” olaraq xarakterizə edib, həmçinin, adı çəkilməyən 8 müttəhim qətldə rolu olduğu üçün həbs cəzasına məhkum olunub. Gizli hesabatın yayımlanması Ağ Evin Yaxın Şərqdəki ən əhəmiyyətli müttəfiqlərindən biri ilə münasibətlərin soyuq dövründə baş verir. Kurs düzəlişləri çərçivəsində prezident Co Bayden ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndə apardığı müharibəyə verdiyi dəstəyi dayandırıb və krallığa böyük silah satışını müvəqqəti dondurub. Administrasiyanın Yəməndəki müharibəni bitirmək səyləri çərçivəsində ABŞ-ın Yəməndəki xüsusi elçisi Timoti Lenderkinq krallığa səfər edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ kəşfiyyatının hesabatını "qərəzli, saxta və qeyri-məqbul” adlandırıb.
 
Hesabatdan "yoxa çıxan” üç ad
 
Yeri gəlmişkən, ABŞ kəşfiyyatının Kaşıkçının ölümü ilə bağlı hesabatında dəyişiklik edilib. CNN telekanalının məlumatına görə, ilkin mətndə jurnalistin ölümündə iştirakı olduğu iddia edilən üç nəfərin adı siyahıdan çıxarılıb. Sözügedən şəxslərin qətldə iştirak etdiyi, göstəriş verdiyi, bu və ya digər şəkildə hadisə ilə əlaqədar olduğu qeyd olunurdu. CNN xəbər verir ki, hesabatdan Abdulla Məhəmməd Əlxorini, Yasir Xalid Əlsalem və İbrahim Əl-Salimin adları çıxarılıb. Nəşrə danışan Səudiyyə Ərəbistanı kəşfiyyatına yaxın mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatının hesabatından adı çıxarılanlardan biri - Abdulla Məhəmməd Əlxorini general, Dövlət Təhlükəsizliyi İdarəsinə rəhbərlik edən nazir Abdul-Əziz ibn Məhəmməd Əl-Xovreyninin qardaşıdır. Krallığın rəsmi hesabatlarında Abdulla Məhəmməd Əlxorini terrorla mübarizə sahəsində dövlət təhlükəsizliyi rəisinin köməkçisi kimi göstərilir. ABŞ kəşfiyyatı direktorunun ofisi, sözügedən adların nəyə görə siyahıdan çıxarılması məsələsinə aydınlıq gətirməyib.

Bu arada "Sərhədsiz Reportyorlar” Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və bu ölkənin bir neçə yüksək vəzifəli rəsmisinə qarşı cinayət işinin açılması üçün Almaniya məhkəməsinə müraciət edib. Almaniya baş prokuroruna təqdim edilmiş 500 səhifəlik şikayət ərizəsində jurnalist Kaşıkçının 2018-ci ildə Səudiyyənin İstanbul konsulluğunda qətlə yetirilməsindən başqa, 30-dan çox jurnalistin qanunsuz saxlandığı iddia edilir. "Sərhədsiz Reportyorlar”ın baş katibi Kristof Deluarın məktubunda jurnalist qətli də daxil Səudiyyədə jurnalistlərə qarşı cinayətlərə görə məsuliyyət daşıyanların mühakiməsi tələb olunur. Almaniya prokurorluğu bildirib ki, belə bir məktub alınıb və hazırda sənədin hüquqi və faktoloji məziyyətlərinə baxılır. Bəs niyə Almaniya? Belə ki, Almaniya qanunları prokurorlara insanlığa qarşı cinayətlərdə qlobal yurisdiksiyadan çıxış etmək səlahiyyəti tanıyır. Məsələn ötən həftə Almaniya prokurorları Suriya prezidenti Bəşər Əsədin məxfi polisinin keçmiş əməkdaşına qarşı cinayət işi açılmasını təmin edə biliblər. Bu şəxs öz vətənində məhbuslara işgəncələr verməkdə ittiham olunur. 
 
Münasibətlərin soyuması mümkündür?
 
Gəlinən qənaət budur ki, ABŞ kəşfiyyatının Cemal Kaşıkçı cinayəti ilə bağlı hesabatı münasibətləri soyuda bilər, amma müttəfiqlik münasibətlərinin çökməsi, çətin ki, mümkün olsun. Məsələn, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Qriqori Lukyanov hesab edir ki, hazırda güclənən ritorika müşahidə edilir: "Bu, ona əsas verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxın gələcəkdə soyuqlaşmaya gətirib çıxara bilər. Bu ölkələr arasında hansısa strateji çöküşdən danışmaq isə mümkün deyil. Səudiyyə Ərəbistanı ABŞ-ın regiondakı imtiyazlara sahib tərəfdaşlar siyahısına təkcə Trampa görə daxil olmayıb. 1950-1960-cı illərdən belə vəziyyət yaranıb. Onları təhlükəsizlik təminatı və Yaxın Şərq regionunda qarşılıqlı maraqlar planında çoxsaylı kontaktlar birləşdirir. Səudiyyə Ərəbistanı ABŞ hərbi sənaye kompleksinin böyük alıcılarından biridir və ABŞ-ın enerji tərəfdaşıdır. Üstəlik, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə lider roluna iddia edən dövlətdir, buna görə də Bayden onlarla münasibətləri tam şəkildə poza bilməz”.

 
ABŞ hansı addımları atacaq?
 
Beləliklə, Amerikanın bundan sonra atacağı addım necə olacaq? Sanksiyalar tətbiq edəcəkmi? Səudiyyə kralının susmasını nə ilə izah etmək olar? Səudiyyənin Rusiya-Çin oxuna qoşulması və amerikalılara cavab zərbəsi endirməsi mümkündürmü? Britaniyanın "Ray əl-Yum” nəşrinin baş redaktoru Abdel Bari Atvan belə bir durumda Səudiyyə vəliəhdinin necə addım ata biləcəyini analiz edib. Onun qənaətincə, Salmanın cavab vermək üçün real imkanı var. Hazırda ekspertlərin diqqəti bir məsələ yönəlib - Co Bayden administrasiyası tərəfindən hər hansı bir sanksiyanın qəbul edilməməsi. Düzdür bəzi addımlar var. Belə ki,Kaşıkçının  ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı sanksiya tətbiq edib. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. "Mən yeni viza məhdudiyyəti ilə bağlı "Kaşıkçı qadağası” elan edirəm. Bu, öz işlərində dissident hesab olunan jurnalist, fəal və digər şəxslərə qarşı xarici hökumətlər adından hərəkət edərək ciddi eksterritorial addımlar atan, təqib və təhdid edənlərə viza məhdudiyyəti tətbiq etməyə imkan verir. Başlanğıc üçün Dövlət Departamenti "Kaşıkçı  qadağası” çərçivəsində hərəkət edərək Kaşıkçı cinayəti də daxil olmaqla, xaricdəki dissidentləri təhdid etdiklərinə inandığımız 76 Səudiyyə Ərəbistanı vətəndaşına viza məhdudiyyəti tətbiq etdi”, - Blinken bildirib. Onun sözlərinə görə, ABŞ dissident və jurnalistləri təqib edənləri cəzalandırmaq niyyətindədir. Lakin bu sərt addımlarda Səudiyyə şahzadəsinin adı keçmir. Bu da Konkres və kütləvi informasiya vasitələrində Baydenin əleyhinə tənqidi bəyanatların səslənməsinə səbəb olub. Onlar Baydeni seçkiqabağı vədləri yerinə yetirməməkdə ittiham ediblər.

Səudiyyə hökumətinin reaksiyası heç kim üçün sürpriz olmadı – hakimiyyət hesabatı rədd etdi, XİN isə sərt bəyanatla çıxış etdi. Hesabatda hər hansı bir sübut və özündə hansısa bir qiymətli və hüquqi xarakter kəsb edən sənədin olmadığı vurğulanıb. Birləşmiş Ştatlarda bir çox hüquq-müdafiə təşkilatları, o cümlədən BMT-nin insan haqları üzrə komissarı "Maqnitski qanunu”nu dünyada insan haqlarını pozan şəxslərə qarı tətbiq etməyə çağırıb. Eyni zamanda Salman üzərində məhkəmə qurulması ilə bağlı müxtəlif instansiyalara müraciət edilməli olduğunu vurğulayıb. Bayden prezident seçilməmişdən əvvəl vəd etmişdi ki, jurnalistin qətlində əli olanların cəzası ağır olacaq.
 
Nəticə necə ola bilər?

Beləliklə, hesabat beynəlxalq aləmdə Səudiyyəyə diqqəti artırıb. Səudiyyə Ərəbistanı Qərbin, xüsusən də ABŞ-ın dünyada ən yaxın müttəfiqlərindən biridir. Regionun belə həssas dövründə ABŞ özünün əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə münasibətlərin korlanmasında qətiyyən maraqlı deyil. Səbəb Ər-Riyadın 750 milyard ABŞ dolları dəyərindəki səhmlərini geri çəkmək haqqında hədəsində deyil.

Maliyyə ekspertlərinin fikrincə, məbləğ kifayət qədər yüksək olsa belə, ümumi maliyyə aktivlərinin cəmi 1 faizini təşkil edir. Yəni məbləğin geri götürülməsi halında belə bunun ABŞ üçün heç bir faciəvi nəticəsi olmayacaq. Məbləğin geri çəkilməsi, sadəcə qiymətli kağızlar bazarında öz təsirini göstərə bilər. Həmçinin Ər-Riyadın ABŞ-a qarşı belə qəfil aqressiv hərəkət edəcəyi ciddi sual altındadır. Unutmamaq lazımdır ki, Səudiyyə Ərəbistan hələ də həm müdafiə sənayesi sahəsində, həm də milli təhlükəsizliyi məsələsində ABŞ-dan çox ciddi asılı vəziyyətdədir. Buna görə də, Səudiyyə Ərəbistanın ABŞ-a qarşı apardığı bu avantüradan çox böyük qazanc əldə edəcəyini demək qeyri-mümkündür. Hər halda iki ölkənin əməkdaşlığının gələcək perspektivi Ağ Evin yeni sahibinin mövqeyindən asılı olacaq.
 
Azər NURİYEV