
ABŞ Dnestryanı bölgədə güclənir
Təfsilat
27 Noyabr 2020, 16:50
259
Rusiyalı sülhməramlılarını
çıxarmaqda Sanduya Kiyev kömək edəcək?
Postsovet məkanın daha bir bölgəsində vəziyyət gərginləşə bilər. İndi
də Moldova 30 ildir ki, "dondurulmuş münaqişə” vəziyyətinə salınan Dnestryanı
bölgəsində suveren hüquqlarının bərpasına çalışır. Artıq Moldovanın yeni
prezidenti olacaq Mayya Sandu ilk bəyanatları ilə Dnestryanı münaqişənin
həllini gündəmə gətirib. Bəyan edib ki, Dnestryanı münaqişənin həllində əsas
məsələ Rusiya sülhməramlılarının çıxarılmasıdır. Dərhal da hazırkı prezident
İqor Dodon bu bəyanatı ciddi səhv adlandırıb. Yeni prezidenti bəyan edib ki,
Kişinyov Rusiyanın Dnestryanı bölgəyə verdiyi qaza görə də pul ödəmək istəmir.
Bu isə yığılıb qalan borclarla altı
milyard dollar təşkil edir. Kişinyova belə bir durumda Kiyev də dəstək verib. Onu
da qeyd edək ki, Qərbin Dnestryanı bölgənin liderlərinə qarşı tətbiq etdiyi
sanksiyalarına qoşulan Kiyev, Tiraspolun (Dnestryanı bölgənin paytaxtı)
regionda sülhyaratma missiyasına münasibətini dəyişməyə çalışır. Dnestryanı
bölgədə bu bazar Ali Şuraya "seçkilər” keçiriləcək. Rusiyapərəst siyasətçilər
hesab edirlər ki, Moldovanın Şərqdən Qərbə doğru xarici siyasət kursunu
dəyişməsi regionda parlament seçkilərinin gedişinə təsir etməyəcək. Lakin
Sosial-Demokrat Partiyasının lideri Viktor Şelin bildirib ki, bu fakt Rusiyanın
tanınmamış respublikaya nüfuzunu azalda bilər. Bu zaman o, Mayya Sandunun
xarici siyasət kursunu dəyişmək barədə bəyanatına istinad edib. Yeni prezident
xarici siyasəti məhz Ukrayna və Rumıniya ilə münasibətləri bərpa etməklə
başlamağı planlaşdırır.
Dnestryanı bölgə ilə münasibətlərin nizamlanmasında yeni prezident
Ukraynanı da cəlb etmək niyyətindədir. Ukrayna bu yaxınlarda Dnestryanı
bölgənin liderlərinə qarşı tətbiq edilən Qərb sanksiyalarına qoşulub. Siyahıda
tək siyasətçilər deyil, biznes nümayəndələri, məsələn, "Şerif” korporasiyasının
rəhbərləri də var. Bu, regionda ən nüfuzlu şirkətdir. Tanınmamış qurumun Ali
Şurasında təmsil olunan deputatların da böyük əksəriyyəti məhz "Şerif”in maliyyələşdirdiyi
"Yenilənmə” Partiyasının üzvlərdir. Bu korporasiyanın Ukraynada da biznesi var.
Onların bölgədə mülkiyyətləri də var. Ukraynanın da sanksiyalara qoşulmasından
sonra Dnestryanı bölgənin iş adamlarının mülkiyyətinə həbs qərarı qoyula bilər.
Kişinyov bundan istifadə edərək Dnestryanı bölgədən rusların çıxarılmasına
çalışa bilər. Və bir gün Dnestryanı bölgə bəyan edə bilər ki, 30 ildir, bölgədə
olan sülhməramlılar lazım deyil. Artıq ABŞ "Şerif”lə müvafiq danışıqlar aparır.
Sandu da bu xətti genişləndirməkdə davam edəcək. Bəzi məlumatlara görə,
Moldovada Qərbin 7 mindən artıq qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.
Rusiyanın isə praktiki olaraq biri də yoxdur. Moldovada Qərb bu QHT-ləri
vasitəsilə ictimai rəyi dəyişməyə çağırır. Bu, Dnestryanı bölgəyə də aiddir.
Burada da Qərbin yumşaq əli hiss olunur. Artıq baş nazirin müavini Olqa Çebotar
ABŞ-ın Moldovadakı səfiri Derek Xoqanla görüşüb. Danışıqlar zamanı Dnestryanı
problemin başlıca elementləri, inteqrasiya məsələlərində dövlət prioritetləri,
Kişinyov-Tiraspol dialoqu müzakirə olunub.
Beləliklə, ABŞ münaqişənin nizamlanmasında aktiv iştirak etmək
niyyətindədir. Halbuki, 5+2 danışıqlar formatında müşahidəçi statusuna
malikdir. Rusiya, ATƏT, Ukrayna isə vasitəçi tərəflərdir. Baş nazirin müavini
səfirə bildirib ki, 5+2 formatı ilə
bağlı yeni bəyannamə hazırlayırlar. Elə həmin gün xarici işlər naziri Aureliu
Çokoy da səfirlə görüşüb. Maraqlıdır ki,
Moldova tərəfi əvvəllər, adətən Dnestryanı bölgə ilə bağlı müzakirələri
Rusiya tərəfi ilə aparırdı. İdi isə artıq ABŞ tərəfi prosesə cəlb edilib. Bu
isə o deməkdir ki, ənənə artıq prezidentlərlə birgə dəyişir.
Azər NURİYEV
Digər xəbərlər