• cümə axşamı, 28 mart, 14:45
  • Baku Bakı 16°C

ABŞ-dan vasitəçilik missiyasına zərbə

19.11.18 18:07 536
ABŞ-dan vasitəçilik missiyasına zərbə
Ermənistandakı siyasi gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq yaradıb. Münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri isə bir nəticə vermir. Belə bir vəziyyətdə qondarma "Dağlıq Qarabağ” rejimi təbliğat və maliyyə dilənçiliyi məqsədi ilə yenidən qərbin siyasi "ətəyindən” yapışmağa cəhd edir.
Bu günlərdə separatçı rejimin "rəhbəri” Bako Saakyanın Fransaya səyahəti də bunu bir daha sübut etmiş oldu. Lakin bununla kifayətlənməyən separatçı rejimin rəhbəri ABŞ-a da gedib.
Artıq məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib. Bəyanatda qeyd edilir ki, qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Bu addım, həmçinin münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir: "Separatçı rejimin nümayəndələrinə ABŞ tərəfindən viza verilməsi ABŞ-ın viza prosedurları barədə ciddi suallar doğurur. Qəribədir ki, ABŞ tərəfindən viza verilməsinin liberallaşdırılması yanaşması keçmiş Sovet İttifaqı məkanındakı digər qanunsuz qurumlara münasibətdə yox, yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "rəhbərlərinə” münasibətdə tətbiq edilir.
Azərbaycan ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsində əli olan, müharibə cinayətkarı olan bu kimi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq olunmalıdır. Qondarma rejimin təşviqinə yönələn bu qəbildən olan addımlar ABŞ-ın Azərbaycanla münasibətlərdə səmimiliyi barəsində suallar yaradır”.
XİN-in bəyanatında diplomatik kanallarla Azərbaycanın qəti etirazının ABŞ tərəfinə çatdırılacağı qeyd edilir.
Qeyd edək ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası həyata keçirirlər və bu istiqamətdə beynəlxalq hüququn normalarına uyğun davranmalıdırlar. Amma görünən odur ki, hər iki dövlət beynəlxalq hüquq və normalardan kənar olaraq separatçı rejimin rəhbərinin öz ölkələrinə səfər etməsinə imkan verirlər. Minsk qrupu həmsədri olan ABŞ və Fransanın bu addımları hansı anlama gəlir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəbildirdi ki, qondarma rejimin rəhbərinin həm Fransaya, həm də ABŞ-a səfərinin arxasında zəngin erməni diasporu dayanır: "Təəssüflə qeyd etməliyəm ki, bir sıra ölkələrdə erməni diasporu bir korrupsiya mənbəyinə çevrilib. Məhz Saakyan kimilərinin səfərlərinin təşkilində siyasi korrupsiya durur. Erməni diasporu müəyyən yollarla Fransa siyasətçilərini ələ alıb. Hesab edirəm ki, məhz Dağlıq Qarabağa səfərlər, qondarma rejim "rəhbəri”nin başqa ölkələrə ayaq açmasının qarşısını almaq üçün Azərbaycan və Türkiyə diaspor qrupları yaşadıqları dövlətlərdə həqiqətləri araşdırıb mediaya çatdırmalıdırlar. Onlar həmin cəmiyyətlərdə bütün mövcud vasitələrdən istifadə edib beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdırlar”.
A.Mollazadə əlavə etdi ki, eyni məsələni ABŞ-da yaşayan diaspor ilə bağlı da demək olar: "Onu qeyd edim ki, hazırda ABŞ-da yaşayan ermənilərin sayı Ermənistanda yaşayanların sayına bərabərdir. Yəni, onlar çox böyük, zəngin və təşkilatlanmış diaspora malikdirlər. Ermənilərin lobbi qrupları var və bütün imkanlarından istifadə edərək belə bir siyasi korrupsiyaya bulaşıblar”.

Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov diqqətə çatdırıb ki, ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenilənmiş mövqeyi hər kəsə məlumdur: "ABŞ birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını Amerika prezidenti Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaza səfəri zamanı Ermənistanın paytaxtı Yerevanda açıq şəkildə bildirdi. İndi biz erməni cəmiyyətində parçalanmanın şahidi oluruq. İstər Ermənistan, istərsə də "Dağlıq Qarabağ” erməni diasporu ilə vəziyyətin daha da yaxınlaşmasında, ümumiyyətlə bu diaspor ilə vahid strategiya şəklində fəaliyyət göstərməkdə maraqlıdırlar”.
Z.Məmmədov vurğuladı ki, Bako Saakyan qondarma "Dağlıq Qarabağ”dakı rejimi təmsil edərək parlament seçkilərindən sonra bu rejimin və eləcə də Ermənistanın davranışlarını ümumdünya erməni diasporu ilə müzakirə etməkdədir: "Çünki ermənilər çox yaxşı bilirlər ki, parlament seçkilərindən bir müddət sonra Ermənistanın vaxt limiti tükənəcək və münaqişə ilə bağlı öz mövqeyini ortaya qoymalıdır. Bu mövqe əgər Azərbaycanı hiddətləndirərsə, bu zaman Cənubi Qafqazdakı vəziyyətin Ermənistanın əleyhinə daha da kəskinləşəcəyi birmənalı olaraq bəllidir. Digər tərəfdən qondarma "Dağlıq Qarabağ” rejimini dünyada tanıyan bir ölkə belə yoxdur. İndiki şəraitdə Azərbaycanın geosiyasi mövqeyi artmaqdadır və belə olan təqdirdə, "Dağlıq Qarabağ” nümayəndələrinin harasa getməsi, sırf olaraq piar, münaqişəni qıcıqlandırmaq, erməni diasporundan daha çox maliyyə yardımı almaq, eləcə də Azərbaycanla digər ölkələr arasında olan münasibətlərə xələl gətirmək məqsədi güdür. Təbii ki, ABŞ Minsk qrupunun həmsədri olaraq belə məsələlərə ciddi yanaşmalıdır və ikitərəfli strateji münasibətlərə xələl gətirilməsinə imkan verməməlidir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər