• çərşənbə, 24 Aprel, 10:46
  • Baku Bakı 13°C

ABŞ-dan gələn zəng Gürcüstanı qarışdırdı

30.07.20 16:00 774
ABŞ-dan gələn zəng Gürcüstanı qarışdırdı
Müxalifət majoritar dairələr üzrə namizəd müəyyən edə bilmir

Gürcüstan hakimiyyəti və müxalifəti pandemiya məsələsini bir kənara qoyaraq, əsas diqqəti oktyabrın 31-də keçiriləcək həlledici parlament seçkilərinə yönəldib. Həlledici o mənada ki, müxalifət bu seçkini də uduzacağı təqdirdə 2024-cü ili gözləməli olacaq. Hakimiyyət də parlamenti itirəcəyi halda hökuməti formalaşdıra bilməyəcək. Seçkiqabağı vəziyyət indidən gərgin olaraq qalır - tərəflərin qarşılıqlı ittihamları səngimir. Müxalifət "Gürcü Arzusu”nu rəqiblərinə qarşı repressiv tədbirlərə əl atmaqda, qarşı tərəf də onu populist bəyanatlar verməkdə ittiham edir. Belə bir vəziyyətdə Tbilisiyə okeanın o tərəfindən kritik zəng gəlib. Birləşmiş Ştatlar gürcü seçkisinə öz münasibətini açıqlayıb. Gürcü nəşrləri yazır ki, dövlət katibi Mark Pompeo baş nazir Georgi Qaxariya ilə telefon söhbəti aparıb və danışıqlar zamanı qarşıdan gələn parlament seçkiləri diqqət mərkəzində olub. Dərhal da hakimiyyət və müxalifət bu zəngi özünəməxsus formada şərh etməyə tələsib. Hakim "Gürcü Arzusu” diqqəti Pompeonun Gürcüstanın seçki sistemində pozitiv islahatları, eləcə də, hökumətin pandemiyaya qarşı effektiv mübarizəsini qabartmasına yönəldib. Müxalifət isə iddia edir ki, dövlət katibi "Gürcü Arzusu”na sərt xəbərdarlıq edib. Deyib ki, seçkilər ədalətli qaydada keçirilməlidir. ABŞ tərəfi yaydığı məlumatda həqiqətən də rəsmi Tbilisini koronavirusla effektiv mübarizə aparmasına, eyni zamanda müxalifətlə seçki sistemi məsələsində əldə etdiyi kompromisə görə tərifləyib. Seçki sistemində əldə olunan razılaşmaya görə, majoritar yerlərin sayı azaldılıb. Bundan əlavə, seçkilərdə iştirak edəcək bütün qüvvələr üçün bərabər şərtlərin yaradılmasını tövsiyə edib. Dövlət katibi Twitter səhifəsində lakonik qaydada baş nazir Qaxariya ilə telefon danışığına toxunub: "Gürcüstan baş naziri ilə telefon söhbətində azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi barədə danışdım. Biz hər zaman Rusiya işğalına qarşı Gürcüstanın suverenliyini müdafiə edəcəyik”.
Gürcüstan xarici işlər naziri David Zalkaliani vurğulayıb ki, Tbilisi dostyana tövsiyələr, eləcə də, epidemioloji tədbirlərlə bağlı təşəkkür alıb. "Təbii ki, biz kritik iradları nəzərə alacağıq və məhkəmə sisteminin gücləndirilməsi üzərində iş aparacağıq. Əlbəttə, seçkilərə qədər rəqabətli, şəffaf, bütün partiyalar üçün bərabər seçki mühiti yaradacağıq”, - deyə XİN rəhbəri bəyan edib.
Ədliyyə naziri Teya Çulkiani isə müxalifətin telefon danışığı ilə bağlı səsləndirdiyi fikirləri "qeyri-ciddi” və "gülməli” adlandırıb.
Bayden Mərkəzinin direktoru Maykl Karpenterin səsləndirdiyi fikirlər isə müxalifətə dəstək olub. Mərkəz rəhbərinin qənaətincə, istənilən halda seçkilərdə "Milli Hərəkat”ın ("Vahid Milli Hərəkat”ın bazasında yaradılıb) qələbəsi əldə olunmazsa, bu seçki ədalətsiz olacaq. Seçkiqabağı vəziyyətin analiz edən Karpenter birbaşa hakim "Gürcü Arzusu” və onun lideri Bidzina İvanişvilinin tənqidinə keçib. Onları Moskva ilə birbaşa münasibətlər qurmaqda, Rusiya biznesi və onun nüfuzunun Gürcüstanda güclənməsi naminə Qərb biznesinə təzyiq göstərməkdə ittiham edib.
Belə bir dəstək müxalifətə hava-su kimi lazım idi. Lakin "Birlik” adı altında birləşən müxalifət təsis tədbirindən bir neçə gün keçməmiş daxili ziddiyyətlərlə üzləşib. Söhbət təkmandatlı dairələr üzrə namizədlərin müəyyən olunmasından gedir. Bununla yanaşı, "Birliy”in bütün üzdə olan fiqurları etiraf edirlər ki, seçkiyə vahid siyahı ilə gedə bilməsələr, heç bir uğur əldə edə bilməyəcəklər. Onlar çox gözəl bilirlər ki, əgər "Gürcü Arzusu” üçüncü dəfə hakimiyyətdə qalmağa müvəffəq olarsa, onda 2024-cü il seçkiləri müxalifət üçün daha ağır olacaq. Bütün bunlara baxmayaraq, müxalifət ümumi dil tapmaqda çətinlik çəkir. "Birlik” cəbhəsinin özəyini "Milli Hərəkat” təşkil edir. Bu partiya bəyan edib ki, öz müttəfiqlərinə çox şeydə güzəştə gedib. Belə görünür ki, partiya seçkilərə təkbaşına gedəcək. "Birliy”in digər üzvləri isə başqa mövqedədirlər. Onlar hesab edirlər ki, "Milli Hərəkat” layiq olduğundan daha çox şey istəyir. "Avropa Gürcüstanı”nın liderlərindən olan Qiqi Uqulava "Birlik” daxilindəki konkret ziddiyyətlərdən bəhs edib. Onun sözlərinə görə, "Milli Hərəkat” Tbilisinin 22 majoritar dairəsindən hər birində öz namizədlərini vermək istəyir. "Bizlər xeyli arqumentlər təklif etsək də, onların qərarı dəyişməz olaraq qalır. Bu, onların hüquqi və iradəsidir. Biz bu vəziyyətdən faciə düzəltməli deyilik. Əsas olan odur ki, bizim müxalifət İvanişviliyə qarşı zəifləməsin. Digər partiyalardan olan həmkarlarımızı yaxın günlərdə məsləhətləşmələr aparmağa və Gürcüstan regionları üzrə majoritar dairələr üzrə razılıq əldə etməyə çağırırıq”, - deyə Uqulava bildirib.
Hakim "Gürcü Arzusu” da seçkiyə ciddi hazırlaşır və gedişlər edir. Məsələn, hakimiyyət partiyası qurultayında ölkə üzrə ən populyar şəxslərin iştirakını təmin edib. Bura Xəstəliklərin profilaktikası üzrə Mərkəzin rəhbərləri Amiran Qamkrelidze və Paata İmnadze, ölkənin baş infeksionisti Tenqiz Çerçvadze daxildir. Gürcüstanda əlverişli epidemioloji vəziyyətin yaranması məhz bu "üçlüyün” və baş nazir Georgi Qaxariyanın sahəsində mümkün olub. Bir sıra ekspertlər qeyd edir ki, əgər pandemiya olmasaydı, "Gürcü Arzusu” çətin ki, seçicilərin simpatiyasını qazanardı. Həkimlərin və baş nazir Qaxariyanın dəqiq işi sahəsində pandemiyanın qarşısını almaq mümkün oldu. Nəticədə hakimiyyət pandemiyanı əlində çox güclü alət kimi saxlaya bildi.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər