ABŞ-dan Ermənistana zərbə
Ermənistanda aprelin 2-də keçirilən seçkilərin nəticələrinə qarşı
beynəlxalq təpgilər səngimək bilmir. Bu qəbildən son olaraq Birləşmiş Ştatların
seçkiləri pisləyən növbəti bəyanatını qeyd etmək olar. ABŞ-ın Yerevandakı
səfiri Riçard Milz 168.am-a müsahibəsində deyib ki, parlament seçkiləri zamanı
seçicilərin pulla ələ alınmasında əli olanların və seçki prosesinə əngəl
yaradanların ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi tədbirlərdə
iştirakına qadağa qoyulur. "Mövcud etibarlı dəlilləri parlament seçkilərində
qanun pozuntularına yol verən şəxslərin ABŞ hökuməti tərəfindən
maliyyələşdirilən dövlət proqramlarında iştirak etməkdən məhrum olunması üçün
istifadə edə bilərik və istifadə də edəcəyik”, - deyə R.Millz deyib. Səfir
bildirib ki, seçkilər Ermənistanda "demokratiyanın inkişafı baxımından irəliyə
addım” olsa da, onlar seçicilərin kütləvi ələ alınması, inzibati resurslardan
istifadə halları qeydə alıblar. Və ABŞ səfirliyinin qeydə aldığı bu faktlar
digər beynəlxalq müşahidəçilərin qiymətləndirmələri ilə üst-üstə düşür. "Biz
hökuməti bu faktların və məlumatların araşdırılmasına çağırmışıq”, - deyə diplomat
vurğulayıb.
Xatırladaq ki, Ermənistanda seçkilərin pulla ələ alınmasından və
inzibati resurslardan hakim Respublika Partiyası və partiyanın siyahısında olan
oliqarxlar geniş istifadə edib. Seçicilərin ələ alınması halları o qədər geniş
tətbiq olunub ki, bu seçkiləri oliqarxların pul kisələrinin yarışı da
adlandırırlar. Doğrudur, ABŞ səfiri konkret adlar açıqlamayıb, lakin ABŞ-dan
maliyyələşdirilən proqramlara və tədbirlərə iştirak qadağasının məhz seçki
prosesinə inzibati təsir edən məmurlara və oliqarxlara yönələcəyi aydındır. Onu
da qeyd edək ki, ABŞ səfirliyi seçkilərdən dərhal sonra da bəyanat yayaraq
nəticələrdən narazı olduğunu bəyan etmişdi. Bəyanatda seçicilərin səslərinin
pulla alınması və seçicilərə təzyiqlərin edilməsinə dair faktların olduğu öz
əksini tapmışdı: "Ermənistanda parlament seçkilərindəəksər seçicilərin
səsləri pulla satın alınıb. Bəziləri isə seçimini təzyiq altında edib. Bu,
Ermənistanda aprelin 2-də keçirilən parlament seçkisinə ABŞ-ın bu ölkədəki
səfirliyinin verdiyi qiymətdir”. Səfirliyin yaydığı bəyanatda bildirilir ki,
Amerika Birləşmiş Ştatları beynəlxalq və yerli müşahidəçilərin hesabatlarını,
həmçinin pozuntular barədə şikayətləri araşdırır. Məlum olub ki, seçkidə qanun
pozuntuları kifayət qədərdir. Bunu aradan qaldırmaq üçün səfirlik Ermənistan
hökumətini, partiyaları və vətəndaş birliklərini mövcud və ya yeni hüquqi mexanizmlərin
istifadəsi ilə birgə işləməyə çağırıb. ABŞ-ın Markett Universitetinin
beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib ki, Sarkisyanın qələbəsi
ilə Ermənistanda iqtisadi böhran və korrupsiya davam edəcək. Amerikalı
ekspertin sözlərinə görə, bundan sonra Ermənistanın xarici siyasətində sağlam
yanaşma gözləməyə dəyməz. P.Teys qeyd edib ki, Ermənistandakı parlament
seçkiləri ATƏT müşahidəçiləri tərəfindən tənqid olunub.ATƏT-in müşahidə
missiyasının yaydığı bəyanatdaölkə hüdudlarından kənarda yaşayan
ermənilərin də müstəqil səs verməsinin qarşısının alındığı deyilir. Seçki
prosesi zamanı vətəndaşlarla yanaşı, media nümayəndələrinə qarşı zorakılıq faktları
da qeydə alınıb. Bu hallar seçki prosesinə birbaşa zərbə vurur.
Avropa İttifaqının da Ermənistanda keçirilən parlament seçkilərinin
yekunu ilə bağlı mövqeyi oxşardır. Qurum seçkilər zamanı qanun pozuntuların
həddən artıq çox olduğunu bəyan edib.
"Freedom House” təşkilatı da seçki prosesi zamanı seçicilərə güc
tətbiqindən, kütləvi saxtakarlıqdan bəhs edib. Qurum bundan sonra Ermənistan
azad olmayan ölkələrin sırasında 137-ci yerdə qərarlaşdırıb.
"Hakim Respublika Partiyasının qələbə qazanması bu ölkəyə heç bir
xeyir verməyəcək”. Bunu isə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə
ekspert Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, Ermənistan sakinləri yenə
də öz ölkələrini tərk edəcəklər. Ekspert bildirib ki, bu gün Ermənistanda Serj
Sarkisyanı vəzifədən getməyə məcbur edə bilən güc yoxdur.
Yeri gəlmişkən, Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin
nəticələrindən şikayət edən müxalifət partiyalarının müraciətini rədd edib.
Bunu şərh edən "Erməni Milli Konqresi” Partiyası rəhbərinin müavini Levon
Zurabyan bildirib ki, bu qərar onlar üçün sürpriz olmayıb. Mediaya
müsahibəsində o bildirib ki, məhkəməyə müraciət etməkdə məqsədləri bütün
instansiyalardan keçmək olub. Bununla sonda Avropa məhkəməsinə müraciət üçün
zəmin hazırlamaq istəyiblər. Məhkəmənin yekun iclasında iştirak etmədiyinin
bildirən L.Zurabyan əlavə edib ki, bu proses onun üçün bir tamaşa olub. "Mən
doqquz hakimə dedim ki, siz burada həqiqət axtarmaq üçün yığışmamısınız. Çünki,
həqiqəti bilirsiniz. Siz başqa bir işlə məşğulsunuz - Serj Sarkisyanın və hakim
Respublika Partiyasının seçki saxtakarlığına qanuni don geyindirmək məqsədi
güdürsünüz”, - deyə partiya funksioneri bildirib.
Azər