• çərşənbə axşamı, 19 mart, 07:00
  • Baku Bakı 8°C

ABŞ-da “terror”, Azərbaycanda “demokratiya pozuntusu”? - Video - Fotolar

01.06.20 18:56 4881
ABŞ-da “terror”, Azərbaycanda “demokratiya pozuntusu”? - Video - Fotolar
Və ya ikili standartlar qaradərili insanın polis tərəfindən öldürülməsinə edilən etirazlara münasibətdə özünü açıq göstərir
ABŞ-ın Minnesota ştatınıın Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılmasını, boğularaq öldürülməsini əks etdirən videogörüntülərin sosial şəbəkələrdə yayılması bir çox şəhərlərdə kütləvi qarışıqlığa səbəb olub. Belə ki, yayılan videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həmçinin zabitlərdən birinin dizi ilə saxlanılan şəxsin boğazını sıxması əks olunub. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra huşunu itirib. C.Floyd xəstəxanaya yerləşdirilsə də, reanimasiyada ölüb.


Bu informasiya yayıldıqdan sonra şəhər polisinin rəhbərliyi saxlanılmada iştirak edən dörd zabitin işdən çıxarıldığını elan edib. Floydun həlak olmasının araşdırılmasına Federal Təhqiqat Bürosu (FTB) cəlb olunub. Lakin bu, şəhərdə dağıntılar və yanğınlarla müşayiət olunmuş etiraz aksiyalarının qarşısını ala bilməyib. ABŞ-ın 22 ştatındakı onlarla şəhərdə aksiyalar keçirilib.


Qaradərili C.Floydun qətlinə etiraz edən nümayişçilər Minneapolis şəhərində polis məntəqəsini yandırıblar. Aksiyasının qarşısının alınması üçün məxfi xidmətlə yanaşı, federal marşallar, narkotiklə mübarizə idarəsinin əməkdaşları və Milli Qvardiya cəlb olunub. Təkcə mayın 31-də keçirilən etiraz aksiyalarında 1700-ə yaxın nümayişçi saxlanılıb, polis aksiyaları dağıtmaq üçün etirazçılara qarşı gözyaşardıcı qaz və rezin dəyənəkdən istifadə edib. ABŞ-ın paytaxtı Vaşinqtonda davam edən etiraz aksiyaları zamanı məxfi xidmətin 50-dən çox əməkdaşı xəsarət alıb. Etirazçılar təhlükəsizlik qüvvələrinin üzərinə molotov kokteylləri atıb. ABŞ rəsmiləri bir sıra hallarda aksiyanı təşkil edən təşkilatı, etirazçıları terrorçular adlandırıb, onlara qarşı ən sərt tədbirlər görülməsinin vacibliyini vurğulayıblar.

Bu hadisələrin irqi ayrı-seçkilikdən, vəzifə səlahiyyətini aşmaqdan, polis zorakılığından qaynaqlandığı göz önündədir. Diqqət çəkən məqam burasıdır ki, ABŞ, eləcə də Avropa ölkələri ərazisində baş verən bu kimi hadisələrdə yerli hökumətlər terrorçu və terrorizm izi axtarır, dövlətin təhlükəsizliyini əsas gətirərək aksiya iştirakçılarına qarşı ən sərt tədbirlər görürlər. Bundan əvvəlki vaxtlarda Amerikada tüğyan edən aksiyalarda, Fransadakı "sarı jiletlilər”in dinc nümayişlərində polis qəddarlığını əks etdirən yüzlərlə fakt var. İnternet üzərindən qısa axtarış etsək, belə foto və videolara, xəbərlərə rast gəlmək mümkündür. Polis atlarının ayağı altında əzilən, dəyənəklə baş-gözü partladılan, al qana boyanan, gözyaşardıcı qaz, rezin güllə yağışına tutulan etirazçılar həmin xəbərlərin əsas mövzusudur.

Maraqlı məqam burasıdır ki, ABŞ-dan, Avropadan kənarda, o cümlədən Azərbaycanda nə vaxtsa dövlətə, Vətənə qarşı çıxan, yaxud vəzifə səlahiyyətini icra edən məmura silahlı hücum edən, etiraz aksiyaları təşkil edib insanları dövlətə qarşı silahlı mübarizəyə səsləyən şəxslər barəsində hüquq müstəvisində tədbir görülən zaman Qərb dövlətləri, xüsusən də qərargahı Amerikada yerləşən beynəlxalq təşkilatlar bunu demokratiyanın, insan haqlarının boğulması, zorakılıq aktı kimi qələmə verirdilər. Lakin indi ABŞ-da törədilən hadisəyə Vaşinqton rəsmiləri terrorizm, dövlətə, nizam-intizama, qayda-qanuna qəsd donu geyindirirlər. Bu, bir daha onu sübut edir ki, dövlətin təhlükəsizliyi hər şeydən önəmlidir və bunun təmin edilməsi üçün qanun çərçivəsində bütün addımların atılması zəruridir. Bunun əksini iddia etmək, ona siyasi çalar vermək riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən millət vəkili Musa Qasımlıbildirib ki, demokratiyadan ağız dolusu danışan ölkələr bu kimi məsələdə sırf ikili standartlar nümayiş etdirirlər. Deputatın fikrincə, bir qrup şəxsin, yaxud hər hansı təşkilatın qanundankənar hərəkətlərinə yol vermək olmaz və qanunun aliliyi gözlənilməlidir: "Mənim mövqeyim aydın və birmənalıdır. Hesab edirəm ki, milli təhlükəsizliyin etibarlı qorunması hər şeydən üstün olmalıdır. İctimai qayda-qanunu pozaraq vətəndaşların normal yaşayışı üçün təhlükə törədənlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir. Bir qrup şəxsin və ya hər hansı təşkilatın qanundankənar hərəkətlərinə yol vermək olmaz. Qanun hər şeydən üstün olmalıdır”.


Politoloq Fikrət SadıxovABŞ-da irqi ayrı-seçkiliyin, polis zorakılığının birinci dəfə baş vermədiyini dilə gətirib: "Amerikanın 40 şəhərində artıq üsyanlar baş verir. Qaradərili insanlar öz hüquqlarını tələb edərək hakimiyyətə qarşı çıxışlar edirlər. Vaşinqtonda, Ağ Evin qarşısında əhali yığışıb müxtəlif şüarlarla hökumətdən ədalət tələb edir. Tramp özü hansısa bunkerdə gizlədilib və Ağ Evdə çalışanlara tapşırılıb ki, işə gəlməsinlər. Bu, faktiki olaraq fövqəladə vəziyyətdir. Bu cür fövqəladə vəziyyətin səbəbləri məhz onların özündə, yəni güc strukturlarında, polislərindədir. Çünki bu vəhşilik gec-tez belə nəticələnməli idi. Qaradərili insanlar bu cür hallara çox dözüb, göz yumublar. Lakin bütün bunlara əbədi olaraq göz yummaq mümkün deyildi. Aydın məsələdir ki, ABŞ-da baş verən iğtişaşları yatıracaqlar. Bir çox insan həlak olacaq, bəzisi həbs olunacaq, Milli Qvardiya öz sözünü deyəcək, ölkədə güc strukturları onlara qarşı çox sərt addımlar atacaq. Lakin bütün bunlara baxmayaraq, ABŞ-dakı bu qarşıdurmalar çox dərin izlər buraxacaq”.


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da hesab edir ki, ABŞ-da qaradərililərə qarşı təqiblər, ikili standartlar mövcuddur və son proseslər məhz buradan qaynaqlanır: "ABŞ-da qaradərili Corc Floydun polis zorakılığına məruz qalaraq həyatını itirməsi ölkənin 18 şatatında və 25 böyük şəhərində etiraz aksiyalarına səbəb olub. Düzdür, ABŞ-da hazırda baş verənləri xaos adlandıra bilmərik. Lakin bir çox ştatda, ümumiyyətlə, ABŞ-ın bir çox şəhərlərində aksiyaların keçirilməsi vəziyyətin gərginliyindən xəbər verir. Təəssüf ki, XX əsrdə olduğu kimi, bu gün də qaradərililərə qarşı təqiblər və ikili standartlar mövcuddur. Bunun əksini iddia edənlər yanılır. ABŞ-da bu gün də qaradərililərə qarşı ciddi şəkildə təzyiq var. Baxmayaraq ki onların bir qismi yüksək dövlət kürsülərində yer tutur, yenə də onlara qarşı münasibətdə ayrı-seçkilik edilir. Halbuki, Amerikanın ağdərili sakinləri, ayrı-ayrı şəxslər heç də buranın yerli sakinləri deyillər. Onlar müxtəlif əsrlərdə buraya köç ediblər”.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər