Ağ Ev Çinə qarşı daha böyük büdcə istəyir - TƏHLİL
"ABŞ prezidenti Co Bayden Rusiya və Çini
"dayandırmaq” üçün Konqresdən müdafiə xərcləri üçün 715 milyard dollar istəyib.
Ağ Ev Çindən gələn təhdidə qarşı maliyyənin artırılması vacibliyini ön plana çəkib.
Sənəddə deyilir ki, eyni zamanda Rusiyanın sabitliyi pozan davranışını
dayandırmaq da vacibdir. Ağ Evin Konqresə təqdim etdiyi sənəddə ABŞ-ın NATO və
Sakit okean bölgəsindəki müttəfiq və tərəfdaşlarla birlikdə işləməyin vacibliyi
vurğulanıb: "Pandemiyadan iqlim dəyişikliyinə,
Çinin artan ambisiyalarından, demokratiya üçün bir çox qlobal təhdidlərə qədər
qlobal problemlərin uğurla həlli üçün digər xalqlarla yanaşı ortaq şəkildə
çalışmaq lazım olacaq”. Bundan əlavə, sənəddə dövlət qurumlarının köhnəlmiş
informasiya sistemlərini modernləşdirmək və Federal kibertəhlükəsizliyi gücləndirmək
zərurəti də əsaslandırılıb: "Texnologiyaların
Modernləşdirilməsi Fondu üçün 500 milyon dolları, Kiber Təhlükəsizlik və
İnfrastruktur Təhlükəsizliyi Agentliyi üçün əlavə 110 milyon dollar və Federal
agentliyin informasiya texnologiyaları inkişafı üçün ehtiyat olaraq 750 milyon
dollar lazımdır””.
Kaspi.az xəbər verir ki, bu barədə "Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib
ki, ABŞ konqresmenləri
Çin rəsmilərinə əlavə sanksiyalar tətbiq edəcək qanun layihəsi üzərində çalışmalarını
yekunlaşdırırlar:"ABŞ-ın Tayvanla daha yaxın münasibətlərini qurmaq,
Çinə qarşı insan haqları və dəniz təhlükəsizliyi ilə əlaqəli təhdidlərə qarşı
yönəlmiş digər tədbirlər arasında Pekinin hərbi əməliyyatları və ərazi
iddialarına daha çox nəzarət etmək məqsəduyğun sayılır. Sənədin müəllifləri Senatın
Xarici Əlaqələr Komitəsinin Demokratik sədri Bob Menendes və onun respublikaçı
tərəfdaşı Cim Ricdir. Menendesin fikrincə, ABŞ-ın əsas strategiyasını, iqtisadi
və diplomatik alətlərini Çinə qarşı istifadə etmək lazımdır. Qanun layihəsi
insan haqları qruplarının Birləşmiş Millətlər Təşkilatının hesabatlarına
istinad edib: "1 milyona qədər Uyğurun və
digər müsəlman azlıqların Sincan əyalətində zorla işləmə, məcburi sterilizasiya
və digər sui-istifadə ittihamı ilə Çin rəsmilərinə qarşı sanksiyaların tətbiq
edilməsini tələb edir”. Öz növbəsində Pekin bu iddiaları dəfələrlə təkzib
edərək, düşərgələrin peşə təhsili müəssisələri olduğunu bildirib. Qanun layihəsində
Hong Konqda demokratiyanı təşviq etmək üçün 10 milyon dolların ayrılması nəzərdə
tutulub. Sənəddə, həmçinin Çinin hərbi modernizasiyası və genişlənməsi
qarşısında müttəfiqlərlə genişləndirilmiş koordinasiyaya və əməkdaşlığa çağırış
var. Çinin ballistik, hipersəsli qanadlı raketlər, nüvə, kosmik, kiber məkan və
digər strateji sahələri haqqında hesabatlar hazırlanması tələb edilir. Adı çəkilən
sənəd Konqresdə qəbul edildiyi təqdirdə, ABŞ rəsmilərinin Tayvanlı həmkarları
ilə qarşılıqlı əlaqələrindəki bütün məhdudiyyətləri ləğv edəcək.
Qanunvericilik, Hindistan-Sakit okean bölgəsindəki müttəfiqlər və tərəfdaşlarla
hərbi əlaqələrin gücləndirilməsi üçün əlavə səylərin göstərilməsini şərtləndirəcək”.
Siyasi şərhçinin sözlərinə görə, sənəddəki başqa
bir bənd, Pekinin "Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ölkələrin yardımları
məhdudlaşdırmağı nəzərdə tutur: "Bu bəndi yerinə yetirmək çətin olacaq. Çünki
Çinin həmin təşəbbüsünə qoşulasn ölkələrin həm sayı çoxdur, həm də həmin ölkələr
içərisində ABŞ-ın təərfdaşları var. Bu arada¸ "The New York Times” qəzetinin "Global
Trends 2040” adlı hesabatına görə, Çin beynəlxalq nüfuzunu genişləndirmək üçün
Qərbin çətinliklərindən istifadə edir: "ABŞ
və Çin arasındakı rəqabət, çox güman ki, gələcək onilliklər ərzində geopolitik
mühit üçün geniş parametrləri müəyyənləşdirəcək və digər aktyorlara daha sərt seçimlərə
məcbur edəcək”. Hesabata görə, bir çox ölkədə milliyyətçilik və qütbləşmə
artmaqdadır. Ayrıca, hesabatda mövcud tendensiyaların qlobal siyasəti daha dəyişkən
hala gətirəcəyi proqnozlaşdırılıb: "Beynəlxalq
səhnədə Çin, ABŞ-a və Qərbin rəhbərlik etdiyi dünya nizamına qarşı çıxmağa
davam edəcək. Rəqib güclər mübarizədə qlobal normaları, qaydaları və qurumları adlayacaqlar””.
Alpər TURAN