98 yaşlı veteran - Fotolar

"Bu səhnələri görmək və yaşamaq dəhşətli idi”
İkinci dünya müharibəsinin dəhşətli süjetlərini onlar kinolardan izləməyiblər, həyatda
yaşayıblar, gerçəklikdə görüblər. Müharibənin odundan-alovundan keçiblər, o
zaman milyonlarla insanı və müxtəlif millətləri bir çətir altında birləşdirən
SSRİ adlı məkanın müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüblər. Bu ağır döyüşlərdə
milyonlarla insan həyatını itirib, yaralanıb, ömürlük şikəst olub. Müharibənin
fəlakətlərini yaşayıb sağ qalanlar yenidən əmək cəbhəsinə dönüb, vətənin dirçəldilməsi,
inkişafı uğrunda rəşadət göstəriblər.O mətin
insanları müharibədən sonrakı illərdə bir ordu kimi bir yerə yığmaq mümkün idi.
İndi isə sayları çox az qalıb...Lənkəranda
yaşayan Eyvaz Eyvazlı da Böyük Vətən müharibəsinin iştirakçılarındandır. Dəhşətli
müharibənin ağır sınaqlarıdan keçib. Hər gün gözlərinin qabağında döyüş
dostları yaralanıb, həlak olub. Aclığın dəhşətini, soyuğun acısını dadıb, əsgər
dostlarının itkisini görüb. Amma heç bir çətinlik Vətəni qorumaq, onun uğrunda
sonacan döyüşmək hissinin qarşısına sədd çəkə bilməyib.
Bakı neftini qorumaq uğrunda
98 yaşlı
müharibə veteranı Eyvaz Eyvazov (pasportunda doğum tarixi 25 yanvar 1925 -ci il
qeyd olunsa da, bu tarixdən təxminən 3 yaş böyük olduğunu deyir) bu tarixi şərəflə
yaşayanlardandır. Sinəsini, keçdiyi döyüş yoluna görə orden və medallar bəzəyir.
Hər bir medalın, hər bir ordenin gənclərə örnək ola biləcək maraqlı tarixi var.
Onun üçün müharibə təkcə həyat dərsi olmayıb, həm də uzun illərdən bəri böyüyən
nəslə örnək ola biləcək qəhrəmanlıq dərsi olub.Eyvaz
Eyvazov Lənkəranın Veravul kəndində doğulub.
Bu kəndin enişli-yoxuşlu, palçıqlı yolları ilə məktəbə gedib-gəlib. Ürəyində
oxumaq, sənətə yiyələnmək, vətəninə gərəkli övlad olmaq kimi arzularla böyüyüb.Ancaq
günlərin birində dəhşətli müharibə xəbəri onun kimi miyonlarla gəncin
arzularını yarıda qoyub. Onlar üçün vətəni qorumaq və düşməndən azad etmək
hissi bütün arzulardan öndə olub.

"Müharibəyə
yollananda 18 yaşım vardı”-deyə müharibə veteranı xatırlayır: "1943- cü ildə
Akim Abbasovun komandir olduğu diviziyanın tərkibində Qroznı şəhərinə göndərildik. Xidmət etdiyim 402 saylı atıcı diviziya bu şəhərin
müdafiə xəttində yerləşdirildi. Diviziya müharibə zamanı çox böyük önəm daşıyan
neftin müdafiəsini həyata keçirirdi. Qroznı və Mozdok şəhərlərinin müdafiəsini
təmin edib, alman faşist ordusunun Bakı neftinə tərəf irəliləməsinə mane
olurduq”. Müharibə veteranı o dəhşətli günləri kino kimi xatırlayır: "Diviziyamız
Otraşnikova, Staro-Buxirova, Şırkitovskoye, Xoxlovskiy, Smirnovka, Poti-Onin,
Najdenovsk və Mozdok şəhərlərini hücümlar nəticəsində azad etdi”- deyə veteran
yaddaşını vərəqləyir: "Ağır döyüşlər gedirdi. Düşmənin qarşısını almaq üçün gecə-gündüz
döyüşürdük. Demək olar ki, günlərlə davam edən döyüşlər nəticəsində diviziyanın
yarıdan çoxu azaldı. Gözlərimizin qarşısında hər gün nə qədər yoldaşlarımız həlak
olurdu. Bu səhnələri görmək və yaşamaq dəhşətli
idi. Amma bizim üçün Vətəni qorumaq kimi müqəddəs vəzifə vardı...”
Hərbi qərargahın
əmri ilə 416-ci diviziyanın tərkibi 402-ci diviziyanın şəxsi heyəti ilə tənzimlənir
və 402-ci atıcı diviziya Qafqaz cəbhəsinin ehtiyatında olur. Diviziya 1943-cü
ildə 2200 nəfər, 1944-cü ildə 1500 nəfər yeni çağırışçı qəbul edərək döyüşə
hazırlayır. 1943-cü ilin ilk üç ayı ərzində diviziya Azərbaycan dilini bilən
kiçik komandirlər heyəti ilə təmin olunur. Diviziyaya hərtərəfli kömək üçün
Bakıdan müvafiq hərbi və siyasi mütəxəssislər göndərilir. Az sonra döyüşə
hazırlanmış 1500 nəfər 402-ci milli diviziyanın tərkibinə göndərilir və sonrakı
illərdə diviziya Azərbaycandan yeni çağırışçılar dəstəsi alaraq onların da
döyüşə hazırlığına başlayır.1943-44-cü
illərdə 402-ci diviziya digər milli diviziyaların tərkibini möhkəmləndirmək
üçün döyüşçü və komandirlər hazırlamaq uğrunda əsas ehtiyat bazası kimi istifadə
edilir. Azərbaycanlı komandirlərdən bir çoxu, o cümlədən mayor Akim Abbasov
döyüşlərdə yüksək hərbi sərkərdəlik qabiliyyətlərinə malik olduqlarını sübut edərək,
general-mayor rütbəsi alırlar.Bu
diviziyaların döyüşçüləri ilə görüşə Səməd Vurğun, Üzeyir Hacıbəyov, Rəsul Rza,
Bülbül, Niyazi, Mustafa Topçubaşov kimi ictimai xadimlər gedir və özləri ilə
incəsənət kollektivləri aparırdılar. Onlar əsgələri ruhdan düşməyə qoymur, vətənin
müdafiəsinə çağırırdılar.Maestro
Niyazinin ”402-ci diviziya”, "402” yürüş
marşları bu diviziyanın qəhrəmanlığına həsr olunub. Bu tarixi yazanlar
sırasında Eyvaz Eyvazovun da adı vardı...
Döyüşçülər ailəsi
Eyvaz
Eyvazovun xidmət etdiyi hissə 1944- cü ildə xüsusi tapşırıqla Bakıya qayıdır.
Müharibənin od-alovundan mətanətlə çıxan gənc, hərb işinə bağlanır. Ömrünü təkcə
müharibənin qanlı-qadalı illərində deyil, elə dinc dövrdə də hərbi işə həsr
edir. Gizir rütbəsi ilə düz 30 il – təqaüdə çıxanadək hərbi sahədə xidmət edir.Hərbidə
xidmət edərkən Azərbaycanın ilk təyyarəçi
qadınlarından olan Ziba Dadaşova ilə tanış olur. Sonradan bu tanışlıq evliliyə
çevrilir. Onlar 1950-ci ildə ailə qururlar. Ziba Dadaşovanın da vətənin müdafiəsində xüsusi xidmətləri vardı. O da
Böyük Vətən müharibəsinin iştirakçısı idi. Onları birləşdirən də keçdikləri
keşməkeşli və zəfər dolu həyat yolu idi.Ziba
Dadaşova Azərbaycanın ilk paraşütçü qadınlarından biri idi. 1937 -ci ildə orta
məktəbi bitirdikdən sonra Bakıda aerokluba üzv yazılmış və oranı müvəffəqiyyətlə
bitirmişdi. Müharibə başlayanda Saransk
Aviasiya Məktəbində təhsil alırdı. O, Leyla Seyidməmmədova, Zərifə Qasımova,
Hüseynbala Əliyev kimi cəsur şahinlərlə birlikdə oxuyur, bu çətin və şərəfli sənətin
sirlərinə yiyələnirdi. O, müharibə illərində Bakının hava məkanını faşist
işğalçılarından müdafiə edən zenit qoşunlarında xidmət edib, Qafqazın müdafiəsində
iştirak edib. Həmin vaxt Azərbaycan vətəndaşlarına müraciətdə yazılırdı:
"SSRİ-nin əsas cəbbəxanası olan Bakının müdafiəsi etibarlı əllərdədir. Şəhərin
havadan müdafiə "çəpəri” xüsusi təlim keçmiş qırıcı aviadəstələr hesabına gücləndirilib.
Bu dəstələrdə azərbaycanlı təyyarəçilər, o cümlədən Ziba Dadaşova, Zərifə
Qasımova kimi cəsur qızlarımız uçurlar...”

Ziba
Dadaşova "Almaniya üzərində qələbəyə görə”, "Qafqazın müdafisəsinə görə”, "Əməkdə
fərqlənməyə görə” medalları ilə təltif edilir. Onlar vətən qarşısında olduğu
kimi, bir-birlərinə içdikləri anda da sadiq qalırlar. Zabit nizam-intizamı,
qurulan ailədə də özünü göstərir. Onlar birlikdə 5 övlad büyüdüblər: 2 qız, 3
oğul. Sonradan ailə ocağında dünyaya gələn
10 nəvə, 15 nəticə, 1 kötücə bu ailə ağacını daha da şaxələndirib. Ziba
Dadaşova 2003-cü ildə dünyasını dəyişsə də, özündən sonra ləyaqətli bir örnək
qoyub.Eyvaz
Eyvazov isə sevimli həyat yoldaşını itirsə də, övladlarının, nəvə-nəticələrinin,
ən əsası, dövlətin qayğısı ilə əhatə olunub. Yaşadığı kənddə böyükdən-kiçiyə
hamı onu məhəbbətlə "Eyvaz baba” çağırır. Oğlu Çingiz deyir ki, valideynləri
onları da özləri kimi Vətənə məhəbbət ruhunda böyüdüblər. Onlar müharibə
veteranı kimi, yaşadıqları bölgənin böyüməkdə olan nəslinə vətəni necə sevmək
nümunəsi göstəriblər. Gənclərlə, tələbə və məktəblilərlə görüşlərində müharibənin
dəhşətlərindən danışıb, vətənin müqəddəs olduğunu, onun uğrunda canlarından
keçməyə hazır olduqlarını söyləyiblər.
Öz qələbəmizi
görmək arzusu
Hər il Qələbə
günü qohum-əqraba, nəvə-nəticə, dost-tanış Eyvaz babanın başına yığışır, onu təbrik
edir. Bu ənənə uzun illərdir ki, davam edir. Baba müharibə haqqında çox
danışmağı sevməsə də, onlar üçün uzun ömrünün səhifələrini təkrar-təkrar vərəqləyər.
Yaşının üstünə illər gəlsə də, cəbhədə keçən günləri yaddaşından heç silinmir.
Sanki dünən olubmuş kimi xatırlayır. Eyvazovlar
ocağının gəlini Yelena Sidarenko Eyvaz babadan məhəbbətlə söz açır: "Eyvaz
baba çox maraqlı adamdır. Sinəsi xatirələrlə doludur. Hər dəfə Lənkərana gedəndə
baba ilə saatlarla söhbət edirəm. Eyvaz baba hər il 9 Mayda Bakıya gəlirdi.
Amma bu dəfə karantinə görə veteran Qələbə Gününü Lənkəranda, həm də ailə daxilində qeyd etməli
olacaq. Heyf ki, vəziyyətlə əlaqədar babanın görüşünə gedə bilmirik!”

Buna
baxmayaraq, bu dəfə də Eyvaz baba diqqət və qayğıdan kənar qalmayıb. Lənkəran
rayon Hərbi Komissarlığı və yerli icra orqanının əməkdaşları onu sevindirib.
Sinəsini bəzəyən çoxsaylı orden və medallar sırasına yenisi əlavə olunub: Eyvaz
babaya Rusiya Federasiyasının "Vətən müharibəsində Qələbənin 75 illiyi
(1945-2020)” yubiley medalı təqdim olunub. Yaxın günlərdə Prezident İlham
Əliyevin imzaladığı sərəncama əsasən "Böyük Vətən müharibəsində Qələbənin 75
illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının da qocaman
veterana təqdim olunması nəzərdə tutulur.Ulu
yaradan ömür versə, müharibə veteranı
iki ildən sonra 100 yaşını qeyd edəcək. Əsrin yaşıdı kimi illərin əskildə bilmədiyi
həyat eşqindən, müdrik nəsihətlərindən, sinəsi dolu xatirələrindən hələ çox
söhbət açacaq...
Bu gün nə
qədər diqqət və qayğı ilə əhatə olunsa da, sınaqlardan keçən uzun və zəhmətlə
yoğrulan ömrünün nigarançılığı da var Eyvaz babanın. Bu, erməni işğalçılarının əlində
qalan vətən torpaqlari ilə bağlı narahatlıqdır: "Vətən torpaqları bizə əmanətdir.
Onun bir qarışını da düşmənə vermək olmaz. Əminəm ki, tezliklə erməni işğalında
olan torpaqlarımız geri alınacaq və biz o günü bayram edəcəyik. İnanıram ki, o
gün uzaqda deyil. Və mənim də həmin qələbə bayramını görmək arzum var...”
Təranə Məhərrəmova
