• şənbə, 20 Aprel, 03:05
  • Baku Bakı 15°C

95 yaşlı gənclə həmsöhbət olunca... - REPORTAJ

23.04.22 11:15 2121
95 yaşlı gənclə həmsöhbət olunca... - REPORTAJ

Kənardan az-maz səs gələn kimi təmkinindən əsər-əlamət qalmır. Elə zəhmli, elə amiranə tərzdə “sakit” deyir ki, yenidən sükut çökür, diqqət mərkəzə toplanır. Biz isə sakitcə qapını örtüb zaldan çıxırıq. 

Deyirlər ki, gərək içindəki uşağı böyüməyə qoymayasan. İnsan nə qədər qocalsa, müdrikləşsə də, daxilindəki o gülümsəyən uşağa ehtiyacı olur və bu varlıq onu daim gənc saxlayır. Bu fikirlərlə Nizami küçəsi ilə gəlirəm. Dərindən nəfəs alıram. Yazdır. Yaz özü də gəncliyin, yeniliyin fəslidir axı. Bu minvalla da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısına çatıram. 1927-ci ilin yazında “Bakı Uşaq Teatrı” adı ilə pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranan teatrın bu il 95 yaşı tamam olur. 95 yaşlı daim gənc, 95 yaşlı müdrik teatrımız. Fotoqrafımız Kərimlə içəri keçirik. Kərim  maraqlı kadrlar tutmaq üçün dərhal məkanı gözdən keçirir. Mən də uşaqlığımın yaddaşını qurdalayıram, tavandan asılan rəngbərəng çilçıraqları xatırlayıram. Onlar mənə elə sehrli görünürdülər ki, sanki nağıl aləminə düşürdüm bura gələndə. İndi sevimli teatrımız ondan da gözəldir. 

Yanıltmac deyən kim...

Hazırda teatrda təmir-bərpa işləri gedir. Amma buna baxmayaraq, teatr işin dayandırmayıb, yeni tamaşalar qoyulur, məşqlər gedir. Məşqlər demişkən, 4-cü mərtəbədən səs gəlir. Öyrəndim ki, bu gün Anton Çexovun “Qağayı” pyesi əsasında eyni adlı tamaşanın məşqləri gedir. Astaca qapını aralayıb içəri boylanıram. İçəridə musiqinin səsini ayarlayan kim, bir tərəfdə yanıltmac deyən kim, akrobatik hərəkətlər edən kim, tamaşanın sözlərini oxuyub təkrarlayan kim... Qısası, sehrli teatr ab-havası var. Özü də içəri soyuq olsa da, ab-havada bir istilik, qaynarlıq, doğmalıq var ki, gəl görəsən. Burda olanların içində diqqətimi aktrisa Səbinə Məmmədova  çəkdi. Səbinə göy-sarı geyimi və başının dövrəsinə doladığı hörükləri ilə, sanki Ukraynaya dəstək nümayiş etdirirdi. O da tamaşadakı rolunun üzərində işləyirdi. Bir azdan Əməkdar artist və bu tamaşanın rejissoru Nicat Kazımov da gəldi. Rejissorun gəlişi ilə ortaya dərhal sakitlik çökdü və hamı bir araya toplandı. O da təlimatlarını verdi, fikirlərini bölüşdü. Kənardan bütün bunları müşahidə etmək, əlbəttə ki, maraqlı idi. Axı biz – adi tamaşaçılar adətən, hazır “məhsulu” rahat kreslolarda oturub səhnədə görürük. Kulisdə baş verənləri və ümumiyyətlə, səhnəyə qədər olan hazırlıq prosesinin gedişatından xəbərsiz oluruq.

Məşqə başlayırıq

 Nicat Kazımov üç dəfə əllərini bir-birinə vurdu, möhkəm, hətta deyərdim bir qədər də hökmlü səslə “məşqə başlayırıq, uşaqlar” dedi. Və hər kəs sanki komandirin bu “əmrinə” hazırmış kimi öz yerinə keçdi. İlk olaraq musiqi rejissoru işə başladı. Soyuq məşq zalını musiqinin mülayim, mehriban sədaları isitməyə başladı. Bu musiqi, sanki səsgücləndiricilərdən çıxaraq divarlara, divar boyunca da tavana doğru axıb gedir, mərkəzdə hər tərəfdən gələn sədalar cəmləşir, sehrli ağ qağayılar kimi havada uçuşurdular. Nicat bəy bir əli çənəsinin altında, tam diqqəti aktyorlarda oyuna tamaşa edir. Aygün Fətullayeva, Nurlan Süleymanlı, Səbinə Məmmədova, Anar Səfiyev, Şövqi Hüseynov və digərləri  məşq vaxtı xüsusi fəallıq göstərirdilər. Və deyim ki, aktyorlar özlərini məşqdə yox, sanki yüzlərlə tamaşaçının qarşısında, ən yüksək səhnədəki kimi hiss edir, o cür oynayırdılar. Məşq boyu kətillər göyə qalxır-düşür, aktyorların əlində sanki jonqlyor predmetləri kimi fırlanırdı. Hə, bunu da deyim ki, tələbələrin aktyorlara heyran-heyran baxışları da nəzərimdən yayınmadı. Kənardan az-maz səs gələn kimi Nicat Kazımovun təmkinindən əsər-əlamət qalmır. Elə zəhmli, elə amiranə tərzdə “sakit” deyir ki, məşq zalına yenidən sükut çökür, diqqət mərkəzə toplanır. Biz isə sakitcə qapını örtüb zaldan çıxırıq. 

İnsan özü də bir obrazdır

Dolaşıq, amma işıqlı dəhlizlərdə teatrın afişaları asılıb. Qrim otaqlarına baxmaq istəyirəm. Amma arzum suya düşür. Tamaşa günü olmadığından otaqlar bağlıdır. Geyim otaqlarını tapıram. Bura necə də gözəldir. Teatrın tamaşalarındakı bütün obrazların geyimləri burdadır. Sanki möcüzələr diyarındayam. Hansını geyinsəm, həmin obrazın vücuduna daxil olub, onun ruhunu mənimsəyəcəyəm. Mən də dönüb olacağam həmin adam. Nə gizlədim, bu geyimləri görüb, bir anlıq aktrisa olmaq istədim. Qırmızı şlyapanı da qoydum başıma. Bir yelpiyim əskik idi ki, özümü tam Karmen hiss edim. Geyimlərə baxa-baxa dilimin altında “Karmen” operasından ən məşhur parçanı da zümzümə etdiyimi duydum. Geyimlər də ki, rəngarəng... Onlara baxa-baxa, bir anda  gah “Cırtdan” oldum, gah “Tıq-tıq xanım”, gah “Pəri-cadu”, gah “Qaraca qız”, gah “Şelkunçik”, gah “Bremen musiqiçisi”, gah “Bonka”, gah da... Elə hamısının obrazına büründüm. Bu dilsiz-ağızsız geyimlərə, sükut içində asılan geyimlərə baxdıqca, başa düşürəm ki, insan özü də bir obrazdır. Hansısa bir vücuda, bir geyimə bürünüb ömrünü sürür. Amma insan əbədi deyil. Əsərlərdəki obrazlar isə əbədidir. Həmişə kitablarda, həmişə səhnələrdə yaşayır. Və üstəlik də eyni tale ilə olsa da, müxtəlif formada, yəni rejissor quruluşunda yaşayırlar. Oradan çıxıb dekorasiyalar olan məkanlara baxırıq. Kərim yenə də fotolar çəkir, mənsə onların rənginə, ahənginə baxıram. Adi qaramtıl səhnəni bu dekorasiyalar necə də canlı edir. Tamaşanı aktyorlar dilə gətirirsə, geyimlər, dekorasiyalar da onu dada-duza gətirir. Yəni bütün bunlar bir-birini tamamlamalıdır ki, səhnədə tam tamaşa formalaşsın.

Düşünməliyik...

Hə, bunu da deyim ki, ustalar da aktyorlardan heç dala qalmırlar. Təmir işlərini elə şövqlə və sürətlə aparırlar ki, tez bir zamanda doğma teatrın özü gənc, sözü gənc, ruhu gənc tamaşaçıları tamaşaları elə bu binanın zalında izləyəcəklər. Hələliksə, məşqlər davam edir, yeni tamaşalar qoyulur, teatrda həyat həmişəki axarında davam edir.

Aleksandr Mayakovski deyirdi ki, teatr güzgüdəki əks deyil, böyüdücü şüşədir. Yəni teatr, həyatı bizə olduğu kimi yox, diqqətimizi çəkməli olduğumuz nüansları önümüzə sərərək, anladaraq, izah edərək göstərməlidir. Biz tamaşaçılar hər tamaşadan sonra nəyinsə üzərində dayanmalıyıq, düşünməliyik. Belə... 

Xanım Aydın

Fotolar: Kərim Abbasov / Global Media Group

 

banner

Oxşar Xəbərlər