• cümə axşamı, 28 mart, 13:47
  • Baku Bakı 16°C

860 vəzifəli şəxsə töhmət verilib

08.02.19 10:52 598
860 vəzifəli şəxsə töhmət verilib
Vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşan 860 vəzifəli şəxsə töhmət verilib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir" adlı məqaləsində deyilir.
Bildirilir ki, 2018-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub. Bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb. Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib.
Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib.
Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olmuş müraciətlərin sayında artım var. Ən çox artım Bakının Binəqədi, Xəzər, Qaradağ rayonlarında, Gəncə, Yevlax şəhərlərində, Ağcabədi, Ağdam, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gədəbəy, Xızı, Qazax, Qəbələ, Qobustan, Lerik, Saatlı, Şabran, Şuşa, Tovuz, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlarda qeydə alınıb. Bununla belə, bəzi şəhər və rayon icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalıb. Azalma daha çox Bakı şəhəri və onun Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan Muxtar Respublikasının rayonlarında, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Quba, Qubadlı, Laçın, Masallı, Sabirabad, Samux, Ucar, Zərdab, digər şəhər və rayonlarda nəzərə çarpır.
2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlanmış vətəndaş müraciətlərinin 72,3 faizi bilavasitə vətəndaşlardan, 27,7 faizi isə yuxarı və ya digər dövlət orqanlarından daxil olub. Yerli icra hakimiyyəti orqanlarında isə bilavasitə vətəndaşlardan və yuxarı dövlət orqanlarından daxil olmuş müraciətlərin nisbəti 51,6 faiz və 48,4 faiz təşkil edib.
Təhlillər göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Naftalan, Yevlax, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Samux, Siyəzən, Şamaxı, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub.
Bu cür hallara mərkəzi icra hakimiyyəti orqanlarında da rast gəlmək olur. Belə ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı bilavasitə onların özlərindən daha çox yuxarı orqanlara müraciət edilib. Buna misal olaraq, İcbari Tibbi Sığorta və Dövlət Turizm agentliklərini, Milli Arxiv İdarəsini, Maliyyə Bazarlarına Nəzarət və Auditorlar palatalarını, Ali Attestasiya Komissiyasını, İpoteka və Kredit Zəmanət Fondunu, Dövlət Sığorta Kommersiya Şirkətini, "Azneftkimyamaş" və "Aqrarkredit” səhmdar cəmiyyətlərini, Sumqayıt və Gəncə apellyasiya məhkəmələrini göstərmək olar.
Ümumilikdə, ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 85 faizinə mərkəzi, 15 faizinə isə yerli icra hakimiyyəti orqanlarında baxılıb. Bu müraciətlərin növ etibarilə təhlili göstərir ki, onların 72,3 faizi ərizə, 27,2 faizi şikayət, 0,5 faizi isə təkliflərdən ibarətdir.
Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 32,3 faizi müsbət həll olunub, 3,1 faizi qismən təmin edilib, 10 faizi əsassız sayılıb, 36,6 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilib. Müraciətlərin 12,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, 5,3 faizi icradadır.
Yerli icra hakimiyyətlərində müraciətlərin 32 faizi müsbət həll olunub, 2,8 faizi qismən təmin edilib, 4 faizi əsassız sayılıb, 49,2 faizi barədə müvafiq izahat verilib. Müraciətlərin 8,6 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib və 3,4 faizi icradadır.
Məqalədə qeyd olunur: "Vətəndaş müraciətlərinin bilavasitə tematik təhlilinə nəzər saldıqda görürük ki, vətəndaşlar dövlət orqanlarına ən müxtəlif mövzularda müraciətlər ünvanlayıblar. Bəzi hallarda mövcud dövlət xidmətlərinin tədricən yeni formada, daha müasir tərzdə göstərilməsi, yaxud innovativ yanaşmaya əsaslanan, təmassız, onlayn rejimdə yeni xidmətlərin təqdim olunması mahiyyətcə müraciətlərin yeni formalarının yaranmasına, nəticə etibarilə müraciətlərin sayının çox olmasına gətirib çıxarır. Misal üçün, əlillik dərəcələrinin təyin edilməsi və tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti mövzusunda müraciətlərin sayı 2018-ci ildə əvvəlki illə müqayisədə xeyli artıb. Ötən il Prezident Administrasiyasına bu mövzuda 2017-ci ilə nisbətən 52 faiz çox müraciət daxil olub. Artımın səbəbi araşdırıldıqda aydın olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur dəyişikliklərindən sonra əlillik təyinatına bilavasitə məsul olan bu nazirlikdə və Səhiyyə Nazirliyində yaradılmış işçi qruplar tərəfindən 2018-ci il ərzində verilən əlillik təyinatları təhlil edilib və ilin əvvəlindən təyin olunmuş əlillik dərəcələrinin əsaslılığı araşdırılıb. Araşdırmanın nəticələrinə əsasən, 1000-dən artıq təyinat ləğv olunmuş, həmin şəxslərə aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərin aparılması dayandırılıb, ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası istiqamətində tədbirlərə başlanılıb. Təbii ki, bu cür tədbirlər öz növbəsində TSEK-lərlə bağlı vətəndaş müraciətlərinin sayının artmasında müəyyən rol oynayıb".
Əlillik təyinatı və ya əlillik təyinatından imtina zamanı vəzifə öhdəliklərinin icrasında yol verdikləri nöqsanlara görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin TSEK sədrlərindən 8-i işdən azad olunub, 2-sinə isə töhmət verilib.
Bütövlükdə, müraciətlərdə qaldırılan məsələlərin öz həllini tapmasında onlara nəzarət qaydasında baxılmasının böyük rolu olub. Prezident Administrasiyasında nəzarətə götürülmüş vətəndaş müraciətlərinin statistik təhlili göstərir ki, 2018-ci ildə belə müraciətlərin 31,3 faizi müsbət həll olunub, 14,6 faizi qismən təmin edilib, 35,9 faizi ilə bağlı müvafiq izahat verilib, 12,7 faizi əsassız hesab edilib, 1,3 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulub, 4,2 faizi isə icradadır.
banner

Oxşar Xəbərlər