• cümə, 29 Mart, 16:12
  • Baku Bakı 14°C

80 il səhnədə olan aktyor - Fotolar

26.10.17 11:30 7757
80 il səhnədə olan aktyor - Fotolar
"Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm”. Xalq şairi Səməd Vurğunun görkəmli aktyor Ağasadıq Gəraybəyli haqqında söylədiyi bu fikirlər böyük aktyorun yaradıcılığını vərəqləmək üçün gözəl başlanğıcdır. Görkəmli teatr xadimi Mehdi Məmmədovun: "Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi” - sözləri isə A.Gəraybəylinin insan kimi xarakterini açmağa kömək edir. Böyük aktyor və gözəl insan – onun haqqında yalnız belə deyirlər.

Aktyor milli teatrımızın və kinomuzun səhifələrinə qızıl hərflərlə yazılan obrazlar qalereyası yaradıb. O, 200 müxtəlif rolda səhnəyə çıxıb. Nəriman Nərimanovun "Nadir şah”, Üzeyir Hacıbəyovun "Arşın mal alan”, Cəfər Cabbarlının "Sevil”, "Od gəlini”, "1905-ci ildə”, Səməd Vurğunun "Vaqif”, "Həyat”, "Xanlar”, "Fərhad və Şirin”, Cəlil Məmmədquluzadənin "Ölülər”, Qoqolun "Müfəttiş”, Mirzə İbrahimovun"Həyat” əsərlərində oynadığı rolların hər biri milli teatrımızın zənginləşməsinə xidmət edib. Görkəmli aktyor 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyət göstərib.

11 yaşlı aktyor

Ağasadıq Gəraybəyli uşaqlığı, gəncliyi, aktyorluq sənətinə sevgisindən maraqla danışarmış: "1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Ən çətin anlarımda Yaradanımz imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: "Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı: "Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində "Nicat”, sonra "Səfa” həvəskar teatr dərnəklərinə getdim”.

Ağasadıq Gəraybəyli səhnəyə ilk dəfə 1911-12-ci illərdə Hüseyn Ərəblinskinin truppasında işləyən rejissor qardaşı Ağayarın köməyi ilə çıxıb. Ona qız rolunu oynamaq tapşırılanda, ağlayaraq razılaşmaq istəməyib. Qardaşı və Hüseyn Ərəblinski ona xeyli dil tökdükdən sonra səhnəyə çıxıb. Rolunu oynayıb başa vurandan sonra isə "bir daha qız rolunda oynamayacağam” - deyib. Elə o ildən balaca aktyor teatra vəsiqə alıb. A.Gəraybəyli professional səhnəyə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsindən başlayır və 1932-ci ilə kimi bu teatrda çalışır.

A.Gəraybəyli dahi Üzeyir bəyin xeyir-duası ilə sənətə gəlir. Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı kimi nəhəng şəxsiyyətlərin müasiri olması Ağasadıq Gəraybəylinin ən böyük xoşbəxtliyi idi: "1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər” pyesində kefli İsgəndərin monoluqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. "Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: "Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”. Dahi bəstəkardan söhbət düşəndə aktyor onu böyük məhəbbətlə anırdı: "Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın”.
Dillər əzbərinə çevrilən ifadələr

Ağasadıq Gəraybəylinin istedadı kino rejissorlarının da diqqətindən yayınmır. Onu ilk dəfə çəkiliş meydanına yaxın dostu Cəfər Cabbarlı dəvət edir və səssiz "Sevil” filmində ona Balaş rolu tapşırılır. İzzət Orucovanın Sevili, Ağasadıq Gəraybəylinin Balaş və Mustafa Mərdanovun Atakişi rolları o qədər güclü təəssürat oyadır ki, bu səssiz filmin səsləndirilməsinə heç bir ehtiyac duyulmur.

Aktyorun sonralar çəkildiyi "Ulduzlar sönmür”, "Leyli və Məcnun”, "Fətəli xan”, "Poçt qutusu”, "Qızmar günəş altında”, "O olmasın, bu olsun”, "Bəxtiyar”, "Bizim küçənin oğlanları”filmləri kino tariximizin qızın fonduna daxil edilib.A.Gəraybəylinin ən yadda qalan rolları"Bəxtiyar” filmində oynadığı klub müdiri Ağabala və"O olmasın, bu olsun”filmindəki Rüstəm bəy obrazlarıdır. "Bəxtiyar” musiqili filmində aktyor klub müdiri Ağabalanı - mənfi, daha çox komik obrazı elə məharətlə canlandırır ki, hətta həmin filmdə işlətdiyi əksər ifadələr tamaşaçıların dilində əzbərə çevrilir.

Bəxtiyar rolunun ifaçısı Rəşid Behbudov deyərmiş: "Bəxtiyar” filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o insan kimi də, aktyor kimi də əsil xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görünənlərə real təsvirlər təki baxılırdı”.

A.Gəraybəyli saysız-hesabsız gözəl və uğurlu rollar ifa etməsinə baxmayaraq, aktyorun ən böyük sevinci dahi Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılan "O olmasın, bu olsun” musiqili komediyasındakı Rüstəm bəy rolu idi. İstedadlı aktyor rolu eləinandırıcı oynamışdı ki, görkəmli teatr və kino xadimi Adil İsgəndərov: "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı belə, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı” - demişdi.
Ömrünün son gününə qədər səhnəyə çıxan aktyor

A.Gəraybəyli həm də komedik rolların mahir ifaçısı kimi sevilib. Görkəmli yazıçıSabit Rəhmanın uzun müddət səhnədən düşməyən və böyük auditoriya toplayan "Xoşbəxtlər”, "Əliqulu evlənir”, "Nişanlı qız” və s. əsərlərində oynadığı komik obrazlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Həmin əsərlərdə aktyora baş rollar etibar edilib və böyük sənətkar müəllifin ideyasını tamaşaçılara məharətlə çatdıra bilib. O illərdə tamaşaçılar bu səhnə əsərlərinə bilet almaq üçün hər gün uzun növbələrə durarmışlar...

"Mən hələ məktəbdə oxuyanda Ağasadıq Gəraybəylinin komedik rollarını görmüşəm. Şekspirin «12-ci gecə»sində, Sabit Rəhmanın «Xoşbəxtlər» əsərlərindəki rolları çox maraqlı idi. O, yeganə aktyor idi ki, faciə, dram və komediyada oynadığı rollarda səhnədə bu qədər başqalaşmağı bacarırdı. Demək olar ki, onun oynadığı bütün rollar uğurlu idi” - deyə Xalq artisri Rafiq Əzimov xatırlayır: "Ağasadıq Gəraybəyli ömrünün son gününə qədər səhnəyə çıxan nadir aktyorlardandır. Artıq gözü də görmürdü. Onun arxasınca evə gedib maşınla gətirir, əlindən tutaraq səhnəyə çıxarırdılar. Çətini səhnəyə çıxana qədər idi. Biz səhnədə qətiyyən onun gözünün görmədiyini hiss etmirdik. Yaddaşı elə idi ki, bütün nizamları bilirdi və buna uyğun səhnədə hərəkət edirdi. Bu, sənət sevgisi idi”. R.Əzimov danışır ki, İlyas Əfəndiyevin «Xurşudbanu Natavan» əsərindəki Knyaz rolunu A.Gəraybəyli 91 yaşında oynayıb: "O, rolunu çox gözəl oynadı. Aktyor səhnəyə daxil olanda bütün tamaşaçılar ayağa qalxıb onu alqışladılar”.

R.Əzimov Ağasadıq Gəraybəylinin kinodakı fəaliyyətindən danışaraq oynadığı rolların tamaşaçıların yaddaşına həmişəlik yazıldığını deyir: "Kinonun səssiz dövründən tutmuş, ta ömrünün son illərinə qədər bir çox filmlərə çəkilib. Cəfər Cabbarlının «Sevil» əsərindəki Balaş surəti ona məhz C.Cabbarlının tövsiyəsi ilə verilib. O, Politexnik Texnikumunda oxuyanda Cəfər Cabbarlı ilə birlikdə təhsil alıb. Dostluqları da həmin məktəbdən başlayıb. Ağasadıq Gəraybəylinin sevimli rejissoru Lətif Səfərov idi. «Leyli və Məcnun», «Bəxtiyar», «Görüş» filmlərində oynadığı rollar həmişə tamaşaçılar üçün yenidir. O heç bir rol oynamasaydı belə, təkcə «Bəxtiyar» filmindəki Ağabala rolu onun kino aləmindəki ən möhtəşəm rolu olacaqdı. Lətif Səfərovun çəkdiyi elə bir film yoxdur ki, orada Ağasadıq Gəraybəyli oynamasın. Bəlkə də rejissor intihar etməsəydi, A.Gəraybəylinin kinoda yaratdığı rollar daha çox olacaqdı”.

91 il yaşayan Ağasadıq Gəraybəyli bir çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülüb. Bu il aktyorun anadan olmasının 120, səhnə fəaliyyətinin 90 illiyi tamam olur.

"Ulu öndər Heydər Əliyev də Ağasadıq Gəraybəylinin xətrini çox istəyir, sənətini yüksək qiymətləndirirdi” - deyə R.Əzimov xatırlayır: "Yadımdadır, ulu öndər Milli Dram Teatrının 100 illik yubileyinə gələndə Ağasadıq Gəraybəyli haqqında çox gözəl fikirlər səsləndirdi. Ağasadıq Gəraybəyli bu sözlərə layiqli sənətkar idi. O, Milli Dram Teatrının tarixində yeganə aktyordur ki, 80 il mütəmadi teatrda çalışıb”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər