7 rəqəmli məbləğə satılan startap yolu... - MÜSAHİBƏ
"Bilirdik ki, bunu böyüdəcəyik və istədiyimiz gəliri
götürəcəyik. Bəzi hallarda insan, karyerası üçün belə fədakarlıqları etməyi
bacarmalıdır. Etməsəniz, özünüzü necə test edə bilərsiniz? Dövlət bizə etimad göstərdi və o etimadı
doğrultmalı idik”.
Yüksək maaşdan imtina edib az gəlirlə kifayətləniblər.
6 ay layihələrinin üzərində işləyib, hədəflərinə çatmaq üçün təkcə məvacibi deyil,
vaxtlarını da qurban veriblər. Düşünürlər ki, insanların eqoları uğur qazanmaqlarına
imkan vermir. İşin irəli getməsi üçün eqo sıfır səviyyədə olmalıdır. Məhz bu
prinsiplərlə startaplarını 7 rəqəmli qiymətə xarici şirkətə satıblar.Müsahiblərimiz Amerika şirkəti tərəfindən alınan "Nextsale”nin
təsisçiləri Taleh Kərimli və Vüsal Orucovdur.
- Taleh bəy, "Nextsale”nin yaranma mərhələsindən
danışaq. Bu startap necə ərsəyə gəldi?
- Vüsal sinif yoldaşımdır.15 ildir tanışıq. O, proqramlaşmanı
öyrəndi, mən isə ixtisasın dizayn tərəfinə yönəldim. Tələbəlik illərində bizə
sayt sifarişləri olurdu, ikimiz düzəldib satırdıq. Mən dizayn edir, Vüsal
kodlaşdırırdı. Hərbi xidmətdən gəldikdən sonra da yenidən işbirliyi qurduq və
ölkə səviyyəsində layihələrə imza atdıq. Sonra qlobal bazar haqqında düşünməyə
başladıq. O dövrlərdə belə təcrübələr yox idi. Potensialımızı görür, özümüzə
inanırdıq. Araşdırmaların sonunda bu layihəni ortaya çıxardıq. Biz qlobal
bazarda elektron ticarətlə "Nextsale”dən əvvəl məşğul olmuşduq. Saytımız vardı və
onun vasitəsilə satışlar edirdik. Daha sonra o saytda olan boşluqları gördük və
həll yolları barədə düşündük. Nəticədə "Nextsale” meydana gəldi. Biz ikimiz də
texniki yöndə ixtisaslaşmışıq. Məhsulu ərsəyə gətirdikdən sonra satmaq lazım
idi. Amma müştərilərlə danışacaq, məhsulu satacaq adamımız yox idi. Bu işi görmək
üçün də Orxan Hacıyevi cəlb etdik. Orxanla 15 il öncə Amerikada yay proqramında
bir yerdə idik. Orxan neft sahəsində işləyirdi və yalnız həftə sonları ofisimizə
gəlirdi. 4-5 ay sonra Orxan işdən çıxmağa və bizimlə işləməyə qərar verdi. Beləliklə,
bu layihəni başlatdıq.
"Pandemiyanı fürsətə çevirdik”
- "Nextsale” nədir və hansı xüsusiyyəti ilə beynəlxalq
şirkətin diqqətini cəlb edib?
- "Nextsale”
elektron ticarət saytlarında müştərinin hərəkətlərinə görə həllər təklif edir.
Biz sayta daxil olan müştərinin tipini, hansı səhifələrdə vaxt keçirdiyini müəyyən
edirik. Məsələn, əvvəlcə kişi, yoxsa qadın geyimlərinə baxdığını tapır, yaşını,
zövqünü bilirik. Bunun əsasında da, qarşısına ona uyğun təkliflər çıxarırıq. Saytdan
çıxmaq istəyəndə isə baxdığı məhsullarla bağlı endirim təklifini qarşısına
çıxarırıq. Yaxud hansısa məhsuldan 4-5 ədəd qaldıqda, onu tələsdirmək üçün bildirim
göndəririk. Bu tipli, avtomatlaşdırılmış həllərimiz var. Müştəri hansısa bir məhsulu
səbətinə atıb, amma almayıbsa, ona periodik "SMS” göndərmək olur. "Nextsale” elektron
ticarətdə satışın artırılması həllərini təklif edən platformadır.
- Vüsal bəy, startap 2018-ci ildə yaranıb. O vaxt elektron
ticarətə maraq az idi. Pandemiya sizin üçün fürsətmi oldu?
- Bəli, biz pandemiyadan qazandıq. Ən sürətli böyümə
pandemiya vaxtı gerçəkləşdi. Çünki elektron ticarətə maraq yarandı ki, bu da müştərilərimizin
artmasına səbəb oldu. Eyni zamanda, komanda olaraq daha çox işlədiyimiz vaxt da
pandemiyaya təsadüf etdi. Hər kəs öz evində işləyirdi, amma komanda ruhunu
saxlamışdıq. Həmin vaxt bütün komanda üzvləri daha effektiv çalışırdı. Bu dövrdə
onlayn ticarət saytları yaranırdı, biz də onlara xidmət verirdik. Beləliklə,
pandemiyanı fürsətə çevirdik.
"İlk gündən pul qazandıq”
- Azərbaycanda uğurlu startaplar barmaqla sayılacaq
qədərdir. "Nextsale” "qızıl orta”nı necə tapdı?
- Ümumiyyətlə, startapların 99 faizi uğursuz olur.
Bu, qlobal statistikadır. Bizim komandamız güclü, hədəflərimiz böyük idi. Sözün
həqiqi mənasında çox çalışmışdıq. Bu da bizə uğur gətirdi. Startapın hazır
olduğu ilk gündən satışımız olub və bu, artan xətlə davam edib. Elə startaplar
var ki, uzun müddət satış edə bilmirlər. Hər startapın ilk versiyasında
problemlər olur. Bizdə də elə idi. Amma biz bununla belə satış edə bilmişdik.
- Taleh bəy, "startapdan 2 ay pul qazana
bilmirsinizsə, uğursuzdur” deyibsiniz...
- Bu iddia startapın tipinə görə dəyişir. Məsələn, "Facebook”
ilk 5-6 il pul qazana bilməyib. Ancaq istifadəçilər barədə məlumatı
toplayırdılar. Bu qayda FB kimi
startaplar üçün keçərli deyil. Amma B2B (biznesdən biznesə), bazarda hansısa onlayn
xidmət satmağa çalışan startap ilk bir neçə ay sata bilmirsə, deməli, o model
işlək deyil. Biz "Nextsale”nin üzərində 6 ay işlədik, sonra xidmət göstərdik.
Satışa çıxardığımız ilk gün də məhsulumuzu satdıq.
"Yüksək maaşlı işlərə "yox” dedik”
- Bu gün 7 rəqəmli məbləğə satılan "Nextsale”nin
ilk gəliri nə qədər idi?
- İlk gün 50 dollar qazanmışdıq. "Nextsale” ilk
gündən şirkətləşib. Məhsulumuz bazara çıxmazdan öncə həm yerli, həm xarici
bazardan investorlarımız var idi. Məhsul hazır olanda artıq investisiya cəlb
etmişdik. Hesabımızda pul var idi və biz o vəsaitlə maaş alırdıq. Düzdür, məvacib
tələblərimizə uyğun deyildi, amma hədəflərimiz var idi.
- Yəqin ki, cazibədar iş təkliflərinə də yox deyibsiniz...
- Biz işimizi atıb gəlmişdik. Hər birimizin özünə
uyğun, yüksək maaşlı işi var idi. Öz məhsulumuzu yaratmaq üçün risk etdik.
Böyük gəlirdən imtina edib az gəlirlə 1 il işlədik. Amma ümidimiz çox idi. Bilirdik
ki, bunu böyüdəcəyik və istədiyimiz gəliri götürəcəyik. Bəzi hallarda insan,
karyerası üçün belə fədakarlıqları etməyi bacarmalıdır. Etməsəniz, özünüzü necə
test edə bilərsiniz? Hər birimiz öz sahəmizdə
peşəkarıq. Məşhur banklardan, böyük holdinqlərdən təkliflər gəlib. Hansı şirkətə
getsəydik, burada qazandığımızın 5-6 qatını qazanardıq. Amma məhsulumuza
inanırdıq və yüksək maaşlı işlərə "yox” dedik.
"Nağdı qoyub nisyəyə getməkdən qorxurlar”
- Vüsal bəy, bəzi insanları pul maraqlandırır
axı... Gəlir yüksəkdirsə, risk etmirlər...
- Elə startapların uğursuz olmasını səbəblərindən
biri də budur. Əvvəlcə gəlir az olur, amma kənardan yüksək maaşlı iş gələn kimi
cazibədar təklifə "yox” deyə bilmirlər, iş yarımçıq qalır. Ya da startapı ilkin
mərhələdə satırlar. Bəzi insanların tək məqsədi çox qazanmaqdır. Onlar az gəlirə
qane ola bilmirlər. Nağdı qoyub, nisyə ardınca getməkdən qorxurlar. Amma biznes
riski sevir.
- Taleh bəy, "Nextsale” Amerika şirkətinə satıldı.
Bəs hansı ölkələrə "yox” deyildi?
- Məhsulun xidmətlərindən istifadə edən müştərilərimizin
80 faizi Şimali Amerika və Kanadadan idi. İkinci yerdə Avropa ölkələri gəlirdi.
Amma startapımızı almaq üçün Kanadadan 1, Amerikadan 2, İngiltərədən 1 təklif var
idi. Yerli şirkətlərdən təklif olmamışdı. "Nextsale” çox texnoloji bir startapdır.
Texniki biliyi olmayanla onu müzakirə etmək çətindir. Yerli bazarda çox adam
fikirləşib ki, alandan sonra böyüdə bilməz. Texniki tərəfi dərin olduğu üçün
yerli bazarda dəyərləndirə bilənlər az idi.
- Startapın satış məbləği göstərilmir. Nə üçün hələ
də sirdir?
- Alan şirkətlə razılaşmamıza əsasən, kommersiya sirridir. Amma 7 rəqəmli
olduğunu deyə bilərik. Marketinq strategiyasına uyğun olaraq, açıqlaya
bilmirik.
- Vüsal bəy, startap mədəniyyətini necə açıqlayardınız?
Startap fikirli insanlar necə olur?
- Maaşlı işdə işləyən insan heç vaxt startap mədəniyyətindən
danışa bilməz. Çünki sən özün maaş alırsan, bu çətinliyi görməyibsən. O fikirli
insanlar bilir ki, startap ancaq yerli bazarı hədəfləməmlidir. Texnologiyanın
gücü ilə bir nöqtədə oturaraq bütün dünyaya məhsul sata bilərsiniz. Startapçı
olmaq üçün texniki, danışıq, ünsiyyət bacarıqların olmalıdır. Gənclər stabil
maaş alacaqları işdə işləməyə üstünlük verirlər. Bizdə startap mədəniyyətli
insanlar azdır.
- Taleh bəy, layihənin uğurlu olmasında komandanın əhəmiyyəti
nədir? Komandada peşəkar insanların olması kifayətdir, yoxsa başqa nüanslar da
var?
- Əsas komandadır. Heç birimiz təklikdə bu işi
bacara bilməzdik. İnvestor da, alan şirkət də komandaya üstünlük verir. Mənə görə, peşəkarlıq
kifayət deyil. Elə peşəkar insanlar ola bilər ki, ünsiyyətdə bir-birini anlamazlar.
Ona görə də, komandanı quranda uzun illər tanıdığım insanlarla yola çıxdım. Startapların
uğursuz olmasının səbəblərindən biri də həmtəsisçilərin bir-biri ilə yola getməmələridir.
Şirkət yaxşı investisiya ayırır, pul qazanırlar, amma yola getmirlər. İntriqa
şirkəti dağıdır. Balansı saxlamaq lazımdır.
"İstədiyin nəticəni almaq üçün eqona qalib gəlməlisən”
- "Nextsale”nin
uğur sirri nədir?
Vüsal:Məsuliyyət, düzgün komanda, müştəriləri dinləmək
və nizam-intizam. Çox vaxt startaplar ona görə uğursuz olur ki, startapçı öz fikirləşdiyini
düzəldir, amma hazırladığı da müştəriyə lazım deyil.
Taleh:Əlavə olaraq, doğru zamanlama, inam, bazarı
araşdırmaq. Startaplar daha çox düzgün komandanın olmaması və bazarı tanımadıqları
üçün uğursuz olurlar. Çox vaxt məhsulu düzəldirlər, amma
bazarda ehtiyac olub-olmadığı haqda araşdırma aparmırlar. Biz, müştərini düşünərək
məhsulu işə salırıq. Eqo məsələsi burada çox önəmlidir. İnsanların eqoları
imkan vermir ki, uğurlarını davam etdirsinlər. Məsələn, bəziləri "mən bilirəm,
siz bilmirsiniz”, yaxud, "mən bilən düzdür” düşüncəsinə əsaslanırlar. Müştəri də
bunu qəbul etmir. İstədiyin nəticəni almaq üçün eqona qalib gəlməlisən.
- "Nextsale”nin uğurundan danışdıq. Yəqin ki, ilk mərhələdə
problemlərlə də üzləşibsiniz...
-"Nextsale”ni indiki vəziyyətə gətirmək üçün onu 3
dəfə silib təzədən sıfırdan yazmışıq. Öyrənə-öyrənə böyümüşük. Səhv etməkdən
heç kim qorxmasın, əsas odur ki, səhvlərdən nəticə çıxarıb, həll edə bilək. Ən
böyük motivasiya satışdır. O satışları, rəqəmləri gördükcə hədəflərimiz də
artdı.
- Beynəlxalq bazar üçün məhsul hazırlayıbsınız və
ancaq yerli mütəxəssislərlə işləyibsiniz. Adətən hər sahədə xarici mütəxəssisə güvənirik...
- Yaxşı mütəxəssis hər yerdə var. Sadəcə axtarmaq
lazımdır. Yerli mütəxəssis olsaq da, beynimiz qlobal fikirləşir. Öz aramızda
yazışmalar ingiliscədir ki, bizdən sonra yeni bir işçi gəlsə, işi tez anlasın. Biz
istənilən mühitə tez adaptasiya ola bilirik. Burada təhsil çox önəmlidir. Bizim
başladığımız vaxtlarda çətin idi. Amma indi yeni yaranan texnologiyalar çox
böyük imkanlar açır. Yeni nəsil çox ciddi və güclü gəlir. Onlar xarici mütəxəssis
olmadan daha böyük işlər görəcəklər.
"Proqramdan 55 min dollar investisiya götürdük”
- "Nextsale”yə dövlət necə dəstək verdi?
- Real iş görürsünüzsə, nizam-intizam varsa, dövlət
dəstəyi mütləq olacaq. Bizə ilk gündən "ASAN” xidmət, INNOLAND İnkubasiya və
Akselerasiya Mərkəzi inanıb, dəstəkləyib. 1 il INNOLAND-da pulsuz ofis,
internet, kompüterlə təmin olunmuşuq. Bir dəfə proqramla Gürcüstana qəbul
almışdıq. Bu, ağır pandemiya dövrünə düşmüşdü. Şirkət bizə investisiya da
edirdi. İlk görüşə onlayn qoşulduq, ikincisinə getməli idik. Azərbaycandan çıxış, Gürcüstandan giriş
bağlıdır. Nazirlər Kabinetinin xüsusi icazəsi ilə bizi dövlət sərhədindən
keçirdilər. 4 nəfər proqramda iştirak etdik. Həmin proqramdan
55 min dollar investisiya götürdük. Dövlətin bizə bu kimi dəstəkləri ən
böyük motivasiyadır. Berlində məşhur sərgi var idi. Orada bizim üçün Azərbaycan
pavilyonu kirayə götürdülər. Bizi dövlətin maddi dəstəyi ilə göndərdilər və məhsulumuzu
sərgilədik. Dövlət bizə etimad göstərdi və o etimadı doğrultmalı idik.
- Bir çox startapçılar investorun olmamasından
şikayətlənir.
- İnvestor var. İlk mərhələdə investor azərbaycanlı olub, digər mərhələlərdə
Almaniya və Gürcüstandan idi. İnvestisiya baxımından heç bir problemimiz olmayıb.
İndiyə kimi 200 000 dollar investisiya almışıq. Düzdür, bizim ölkədə azdır,
bunu danmaq olmaz. Lakin demək olmaz ki, investor yoxdur. Biz investorun vəsaitini
öz cibimizin pulu kimi bilib qənaət etmişik. Bəzi hallarda başqa formada xərclənir,
bu da investor tərəfindən inamın itməyinə səbəb olur. Qazancımızla işimizi
inkişaf etdiririk. Hər ayın əvvəlində ötən ayın bütün rəqəmlərini investorlara
göndəririk. İnvestorun məqsədi qoyduğu pulu artıqlaması ilə geri götürməkdir.
Bunu edə bilirsə, yatırır, qazana bilmirsə, pul vermir. "İnvestor yoxdur” deyənlərə
sual verirəm: Düzgün məhsul varmı? Düzgün və şəffaflıq olduqda, satmağı bacardıqda
işlər də yolunda gedir.
Aygün ƏZİZ
Foto-Rəşad
Mehdiyev / Global Media Group