60-dan yuxarı yaşı olanlar üçün musiqi yarışması
"Səs 60+” Rusiyada istedadlıların əyləncəli vokal
şousudur. Bu yarışma "The Voice Senior
Niderland” formatına uyğunlaşmadır. Layihə yaşı 60-dan yuxarı olan şəxslərin
özlərini sınaması üçün əlverişli imkan yaradır. Şounun əsas məqsədi təkcə
müxtəlif janrlarda oxuyan insanları deyil, həmçinin öz dilində yaxşı oxuyan
istedadları bir araya toplamaq və onları geniş auditoriyaya təqdim etməkdir.
Formatın digər bir xüsusiyyəti insanların xarici
görkəminə görə deyil, vokal göstəricilərinə görə seçilməsidir. Ona görə də
iştirakçılar auditoriya və münsif heyəti qarşısında özlərinin vokal
qabiliyyətlərini nümayiş etdirir, eyni zamanda xalq mahnılarını ifa edirlər. Şou
iştirakçıları əsasən nə vaxtasa musiqi məktəbini oxuyanlardan, zamanında hansısa
ansambllarda çıxıb edib yarıda qoyanlar və sair insanlardan ibarətdir. Bu
layihə onlara televiziya auditoriyası qarşısında öz yaradıcılıq istedadlarını
nümayiş etdirməyə imkan verir. "Səs 60+” yaşı 60-dan çox olan Rusiyanın bütün
vətəndaşları üçün açıqdır. Qonşu Rusiya televiziyalarında efirə gedən bu tip
layihələyə baxdıqdan sonra, "o Əjdahadan bizdə niyə yoxdur” sualı ilə
ekspertlərimizə müraciət etdik. Bizim ölkəmizdə də uşaq və orta yaş
nümayəndələri üçün "Səs Azərbaycan” yarışları keçirilir. Bəs görəsən nə üçün
yaşlı nəslin nümayəndələri üçün hər hansı musiqi yarışları keçirilmir? Görəsən
yaşlı nəslin nümayəndələrinin asudə zamanlarını səmərəli keçirməsi üçün dövlətin
həyata keçirdiyi proqramlara dəstək olaraq prodüserlər belə bir layihə yarada
bilərmi?
Tanınmış bəstəkar,
xalq artisti Faiq Sücəddinov deyir ki, bu layihə ilkin olaraq İngiltərə televiziyasında
nümayiş olunub, ilk nümayişindən də böyük reytinqlər toplayıb: "Əslində "60 +”
musiqi yarışı rusların öz ideyaları deyil. Layihənin ideyası çox maraqlıdır.
Belə ki, evdə oturan hər bir şəxs, təqaüddə olan insanlar, yaşı 60-ı keçən
şəxslər belə bir layihədə özlərini sınaya bilərlər. Azərbaycanda çox istedadlı
insanlar var. Hansı ki, bu gün onları heç kim tanımır. Belə müsabiqələr onların
özlərini realizə etməsi üçün ən gözəl vasitə ola bilər. Hər hansı müsabiqə
keçiriləndə, yalnız paytaxt sakinlərini cəlb etməyə çalışırlar. Yaxşı olardı
ki, təkcə paytaxtdan deyil, bölgələrdən də yaşlı nəslin istedadlı nümayəndələri
cəlb edilsin. Yekun olaraq səslər paytaxtda eşidilsin. İstedad sahib olan yaşlı
nəslin nümayəndələri ilə maraqlı bir layihə həyata keçirmək mümkündür. Hesab
edirəm ki, bu layihə böyük maraqla qarşılanar. Müsabiqədə muğam, bəstəkar, xalq mahnıları səslənər.
Əsas odur ki, müsabiqədə iştirak edənlər istedadlı olsunlar. Hesab edirəm ki,
həmin şəxslər rahatlıqla bu layihədə iştirak edərlər. Çünki 60 yaşdan yuxarı insanlarda
kompleks hissi olmur”.
Müsahibimiz dahi Rəşid Behbudovun 74 yaşında belə,
mükəmməl səs tembrinə malik olduğunu xatırlatdı: "O, bir dəfə kabinetdə oxudu,
dedi baxın görün, səsim yerindədirmi? Amma bu gün yaxşı sənətkarlar oxuyanda
görürsən ki, həqiqətən bu səs o səs deyil. Müsabiqədə yaxşı səslər seçilər. Müsabiqəni
keçirən insanlardan, təşkilatçılardan çox şey asılıdır. Bəzən görürsən səs
yarışları keçirilir, nədənsə onlar məni dəvət etmirlər. Görürsən ki, münsiflər
heyətinin üzvləri arasında uzunsaçlılar oturub, guya ekspertdirlər. Belə
müsabiqələrə musiqidən anlayışı olanları, bu sənətə canını, ürəyini verən
insanları dəvət etmək lazımdır, çox danışanları deyil”.
Xalq artisti
Mənsum İbrahimov deyir ki, illər əvvəl belə bir səs yarışması Azərbaycanda
da keçirilib: "İllər əvvəl "Qulp” verilişində "Əməkdar artist” müsabiqəsi
keçirilirdi. Orada Xanım nənə adlı bir yaşlı ifaçı qalib gəldi. Təəssüflər
olsun ki, onun bu qabiliyyəti insanların gülüş obyektinə çevrilmişdi. Elə hesab
etmirəm ki, bu gün belə musiqi yarışmaları insanların marağına səbəb olar. 60
yaşından sonra olan insanların bundan sonra musiqi ifaçısı kimi tanınması ona
nə fayda verəcək ki? Tutalım, belə bir yarış yenidən keçirildi və 60-dan yuxarı
yaş kateqoriyasına məxsus olan vətəndaşlar burada iştirak etdilər. Onlar bu
yarışdan nə əldə edəcəklər? Sadəcə olaraq insan öz zamanını əyləncəli
keçirəcək, qazancı ancaq bu olacaq”.
Xalq artisti insanların 60 yaşından sonra musiqi
təhsillərini artırmasının mənasız olduğunu qeyd etdi: "Ola bilər ki, əyləncə xatirinə
belə bir yarış keçirilsin. Ancaq təhsil, musiqi savadının artırılması
istiqamətində 60 yaşından sonra müsabiqənin keçirilməsinin tərəfdarı deyiləm. Mən
belə müsabiqələri ciddi hesab etmirəm”.
Əməkdar incəsənət
xadimi, bəstəkarGövhər Həsənzadə bildirir ki, belə
müsabiqələrə birmənalı yanaşır və əyləncə üçün "60+” səs yarışlarını maraqla
izləyənlərdən biri olar: "Bu layihəyə normal baxıram. Əgər uşaqlar,
yeniyetmələr, böyüklər üçün müsabiqələr keçirilirsə, nə üçün yaşlı
istedadlılarımız üçün müsabiqə keçirilməsin? Hesab edirəm ki, bu, tamaşaçılar
üçün də çox maraqlı olar. Biz mahnı yarışı adı ilə keçirilən bəzi müsabiqələrdə
insanların göstərdikləri açıq-saçıqlıqdan, qeyri-peşəkarlıqdan bezmişik. Hesab
edirəm ki, milli-mənəvi dəyərlərimizə xas olan bir formatda yaşlı nəslin nümayəndələri
efirə çıxıb, qabiliyyətlərini nümayiş etdirə bilərlər. Mən onları
dəstəkləyirəm. Sosial şəbəkələrdən çox az istifadə etdiyim üçün dünyada baş
verən belə layihələrdən xəbərsiz oluram. Hesab edirəm ki, bu layihə maraqla
qarşılanar”.
Bəstəkar müsabiqələri sevmədiyini, onlardakı
şəffaflığa şübhəsinin olduğunu da vurğuladı: "Ölkəmizdə keçirilən səs
yarışlarında istedadlı insanlar hər zaman kulis arxasında qalırlar. Mən heç
zaman özümdən yaşlı, sanballı insanları qiymətləndirmə və onlara söz demə
xarakterinə sahib biri deyiləm. Əgər mən olduğum mənzilə yaşlı adam gələrsə,
mütləq ayağa qalxmalıyam. Nə ifa etməsindən asılı olmayaraq, deyə bilmərəm ki,
pis oxuyursan. Nə uşaq, nə də yaşlı insanların səs yarışmalarında münsif kimi
iştirak edə bilmərəm, çünki orda söz deyə bilmərəm. Əgər maksimum 5 baldırsa,
hər kəsə 5 bal verəcəm. Ancaq hesab edirəm ki, bu veriliş əyləncəli və maraqlı
olardı. Layihədə təşkilati komitədə iştirak edərəm, musiqilərimdən yetəri qədər
istifadə edə bilərlər. Ancaq özümü münsif kimi o layihədə görmürəm”.
Prodüser Vasif
Ayan hesab edir ki, belə layihələr bizim tamaşaçılar üçün o qədər də
gərəkli deyil: "Ölkəmizdə bir çox müsabiqələr keçirilir. Bunların hər birində
yaşlı nəslin nümayəndələri də iştirak edir. Diqqət etsəniz görərsiniz ki,
onların çoxu müsabiqədən keçməyiblər. Bəli, səsləri var, özü üçün müəyyən qədər
oxuya bilərlər. Ancaq 60-dan sonra peşəkar formada çıxıb televiziyada performans
göstərəcək demək deyil. Ona görə yaşlı insanlar bu yarışmalarda növbəti turlara
keçə bilməmişdilər. Əgər onların belə bir arzusu vardısa, bunu gənc illərində
reallaşdıra, istəklərinə çata bilməyiblərsə, 60-dan sonra gəlib nə edəcəkləri
çox maraqlıdır. Əgər kiminsə istedadı varsa, bu yaşa qədər özünü təqdim, sübut
edə bilər. 60-dan sonra insanın möhtəşəm səsə sahib olacağı möcüzəvi bir
şeydir. Belə bir yarışmanın keçirilməsinin, düşünürəm ki, heç bir effekti
olmayacaq. Tutaq ki, ölkəmizdə belə bir yarışma keçirildi və onun qalibi bəlli
oldu. O qalib yarışmadan sonra nə edəcək ki, gündəmdə qalsın və Azərbaycan
musiqi sahəsinə öz töhfəsini necə verəcək?”
V.Ayan qeyd etdi ki, 40-50 ildir çalışan sənətkarlar
indi fəxri ad alır, öz sözlərini deməyə başlayırlar. Bu baxımdan, yarışmaya
qatılmaq istəyən yaşlı nəslin nümayəndələri özlərini realizə etmələri üçün bir
qədər gec qalıblar. Prodüser zaman-zaman Rusiya televiziyalarının verilişlərini
izlədiyini, onların tamaşaçı kütləsinin daha geniş olduğunu bildirdi: "Mənə
maraqlıdır ki, bəs onların qalibləri nə edəcək? Demirəm ki, 60 yaşından sonra
insanlar ölməlidir. Hətta bir filmdə də qeyd olunur ki, həyat 40 yaşından sonra
başlayır. 40 yaşından sonra da insan həyatında və işində çevriliş edə bilər.
Ancaq 60 yaş kifayət qədər böyük rəqəmdir. Düşünürəm ki, o yaşda vətəndaşların
yarışmalarının keçirilməsi məqsədəuyğun deyil. Bizdə belə bir layihə
keçirilərsə, heç bir effekt verməz. 60-dan yuxarı yaşı olan vətəndaşlar üçün
daha maraqlı layihələr etmək olar. Alətlərlə bağlı bir layihə olsa, maraqlı ola
bilər. Elə fitri istedada malik olan insanlar ola bilər ki, onlar müxtəlif
alətlərdə gözəl ifa edə bilər”.
Xəyalə Rəis