• cümə axşamı, 28 mart, 14:04
  • Baku Bakı 16°C

6 aya 1 milyard manatlıq azalma

03.06.20 14:55 694
6 aya 1 milyard manatlıq azalma
Ekspertlər əhalinin pul vəsaitlərini banklardan çəkməsinin səbəblərini açıqlayırlar
Koronavirus pandemiyası dünya iqtisadiyyatının inkişaf dinamikasına mənfi təsir göstərib. Bu mənada Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrində də durğunluq müşahidə edilir. Bunların içərisində xüsusilə bank sektorunu qeyd etmək olar. Belə ki, bağlanmış dörd bank istisna olmaqla, 2020-ci ilin əvvəlindən əhalinin əmanətləri 3,7% və ya təxminən 300 milyon manat azalıb. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, azalma gözləniləndir, əhali pandemiya ilə əlaqədar məhdudlaşdırmalardan sonra öz yığımlarına müraciət edib, ondan istifadə edib: "May ayı ərzində isə əhalinin əmanətləri 0,3% və ya 51 milyon manat artıb. Bu onu göstərir ki, yığım prosesi yenidən başlamaqdadır”.
Qeyd edək ki, əhalinin banklardakı əmanətləri pandemiyadan öncə azalmağa başlayıb. Ötən ilin noyabr ayının əvvəli ilə müqayisədə əhalinin əmanətləri təxminən 1 milyard manat azalıb. Bəs görəsən əhalinin öz əmanətini banklardan çəkməsinin əsas səbəbləri nədir?
İqtisadçı ekspert Pərviz Heydərovdeyir ki, əhalinin banklardakı əmanətinin həcminin azalması təkcə pandemiya ilə bağlı olan bir məsələ deyil: "Pandmeiya bütün dünyada əhalinin dolanışığına və sosial durumuna ciddi təsir etdi. Bu problemləri nəzərə alaraq Azərbaycan dövləti bu müddətdə əhalinin sosial müdafiəsi üçün bir sıra addımlar atdı. 600 min nəfər işsizlərə birdəfəlik ödəniş edildi. Özəl sektorda çalışanların maaşlarının ödənilməsinə də dövlət dəstəyi göstərildi. Bununla belə, vətəndaşların sosial durumunda müxtəlif çətinliklərin olması aydın məsələdir. Bu məsələ əhalinin banklardan öz vəsaitini çəkməsinə müəyyən qədər təsir etdi. Amma cari ildə banklardan qeyd olunan məbləğdə vəsaitin çəkilməsinin tək səbəbi heç də pandemiya deyil. Əsas səbəblərdən biri də dörd bankın lisenziyasının Mərkəzi Bank tərəfindən alınması oldu. Məhz bu məsələ əhalinin banklara olan inamına ciddi zərbə vurub. Bu da bank sektorunda mənfi tendensiyaların yaranmasına gətirib çıxardı”.
Ekspert deyir ki, may ayında qeyd olunan artımın mənbəyi araşdırılmalıdır: "Banklardakı əmanətlərin artımı bilavasitə vətəndaşların depozit yerləşdirilməsi ilə bağlı məsələ deyil. Bu haqda konkret fikir söyləmək kifayət qədər çətindir. Manatla sığortalanan əmanətlərin sığorta faiz dərəcəsi iki faiz artıb. Bu da dörd bankın bağlanması fonunda atılan bir addım idi. Yəni məqsəd əhalinin manatla depozit yerləşdirməyə təşviq etməkdir. Bu da səbəblərdən biri kimi qeyd oluna bilər. Digər bir səbəb isə valyuta bazarındakı stabillik məsələsidir. Mart-aprel aylarında neftin qiyməti ciddi şəkildə aşağı düşdü. Qeyd olunan səbəb vətəndaşların banklara depozit yerləşdirmə marağına mənfi təsir etdi. May ayında neftin qiymətinin qalxması bu tendensiyanı aradan götürmüş oldu”.
Maliyyə məsələləri üzrə ekspert Cəfər İbrahimli deyir ki, əhalinin banklardan vəsaitinin çəkməsi əslində müxtəlif səbəbləri var: "Bu məsələyə ilk növbədə neftin qiymətinin kəskin enməsi faktoru ciddi təsir göstərdi. Neftin qiyməti düşən kimi əhali arasında ajiotaj yarandı. Devalvasiya söz-söhbəti insanlarda haqlı olaraq qorxu yaratdı. Buna görə də əksər vətəndaşlar öz əmanətini banklardan çəkməyə başladı. Digər bir səbəb isə bu yaxınlarda dörd bankın bağlanması oldu. Bankların bağlanması və bütövlükdə banklar haqda olan mənfi informasiya əmanətçiləri narahat edir. Nəticədə bu il ərzində əhali öz vəsaitini bankdan çıxarıb, yaxud xarici valyutaya dəyişib. Hesab edirəm ki, hazırkı durumda xarici valyutanın gəlirliliyi məhdud olduğundan investorlar inflyasiyadan qorunmaq üçün gəlir gətirən bir yerə investisiya etmək istəyəcək. Həmin investisiya əmanət, qiymətli kağızlar formasında olur və qısa müddətli investisiyalar adlanır. Manatla maliyyə alətləri cəlbedici olduğu üçün əldə olan vəsaitin bu və ya digər şəkildə banklara təkrar əmanət şəklində dönməsi gözləniləndir”.
Ekspert deyir ki, bank sektorunda 2016-cı ildən sonra problemlər yaransa da, görülən işlər və atılan doğru addımlar bankların sağlamlaşdırılmasına böyük dəstək oldu: "Bundan sonra bankların şəffaflığının və korporativ idarəetmə standartlarının tətbiqinin artırılması istiqamətində işlər görülməlidir. Hesab edirəm ki, qanunvericilik bazası, dövlətin bank sektoruna dəstəyi və digər amillər ölkədə fəaliyyət göstərən bankların sağlamlaşdırılmasına şərait yaradıb. Buna baxmayaraq, bankların prudensial hesabatlılıqları qaneedici səviyyədə deyil. Bu istiqamətdə müxtəlif addımların atılmasına ehtiyac var. Mərkəzi Bank nəzarət mexanizmini gücləndirərsə, bu il üçün sözügedən sektorda ciddi çətinlik olmaz”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər