• cümə axşamı, 25 aprel, 21:08
  • Baku Bakı 21°C

50 yaş nədir ki?

04.05.15 06:56 1631
50 yaş nədir ki?
May ayı bayramlarla, yubileylərlə zəngin aydır. Bu ay həm də teatr cameəsində daha bir tanınmış ismin – İntiqam Soltanın doğum günüdür. Həm də sadəcə doğum günü deyil, yubileyidir. Bakı Uşaq Teatrının yaradıcısı, istedadlı aktyor olduğu qədər də maraqlı rejissor İntiqam Soltan 50 yaşını tamamlayır. Bəzi mənbələrdə sənətkarın doğum günü 12 apreldə qeyd olunsa da, əslində onun doğum günü məhz mayın 11-dədir. Rejissor siyasət işlədərək hər il doğum günündə özü-özünü təbrik edir. Belə ki, məhz bu gündə o, Bakı Uşaq Teatrını yaradıb. İ.Soltan doğum günü ilə bərabər ərsəyə gətirdiyi, qarda, çovğunda, küləkdə teatrın ayaqda durması üçün əlindən gələni edib, çətinliklə bu günlərə daşıdığı teatrın yarandığı günü özünün dünyaya yenidən gəldiyi gün hesab edib. Beləliklə həmin gün İ.Soltanın 50, ərsəyə gətirdiyi teatrının 14 yaşı tamam olur.
O, uşaqdan tutmuş böyüyə qədər hər kəsin rəğbətini qazanıb. İnsanlarla yaşlarına, səviyyələrinə, düşdüyü vəziyyətə uyğun rəftar edir. Özü də mətbuatın yaxın dostu olmaqdan çəkinmir. Ürək sözlərini açıq-aşkar dilə gətirir. Bunun üçün də dəfələrlə başının bəlalar çəkdiyini söyləyir. Onun yeganə istəyi isə övladı kimi bəslədiyi Bakı Uşaq Teatrının adına layiq bina ilə təmin olunmasıdır. İllər öncə yaratdığı teatrın binası onun əlindən alınaraq yerində bağ salındı. İndi isə şəhərdən kənarda, gözdən-könüldən uzaqda olan bir binada teatr üçün əlverişli olmayan səhnə verməklə kifayətləniblər. Ancaq o, bu bapbalaca səhnədə tamaşalar hazırlayaraq vətəndən kənarda və bölgələrimizdə tamaşalarını nümayiş etdirir. Teatrının hələ də yıxılmadığını, ayaqda durduğunu göstərir.
Qəzetimizin bu dəfəki buraxılışında sənətkarı bizimlə bərabər sənət dostları da təbrik edərək, ona ən ümdə arzularını çatdırdılar.
Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov bizimlə söhbətində İntiqam Soltanı İrəvan teatrında aktyor vəzifəsində çalışdığı illərdən tanıdığını bildirdi: “O zamanlar İntiqam istedadlı və bacarıqlı aktyor kimi sözünü demişdi. Həmin teatrda P.Pançevin “Əkizlərin nağılı”, G.Xuqayevin “Mənim qayınanam”, Z.Yaqubun “Didərginlər”, Y.Əzimzadənin “Nəsirəddin” və başqa pyeslərdə bir-birindən fərqlənən, müxtəlif amplualı obrazlara yeni nəfəs vermişdi. 1995-2002-ci illərdə Azərbaycan Dövlət Gənclər Teatrında canlandırdığı bir-birindən maraqlı obrazlar qalereyası ilə tamaşaçıların rəğbətini qazanan aktyor bir sıra beynəlxalq festival və qastrollarda da uğurla çıxış edirdi”.
M.Həmidov bir qədər keçmişə qayıdaraq İntiqam Soltanın aktiv səhnə fəaliyyətini xatırladı: “İstedadlı aktyor və rejissor, bacarıqlı təşkilatçı olan İntiqam Soltan 2002-ci ildə Bakı Uşaq Teatrının direktorudur. Bu 14 il ərzində Uşaq Teatrında İntiqam Soltanın quruluşunda Azərbaycan və dünya klassikləri, eləcə də xalq nağılları səhnələşdirilərək təqdim olunub, hazırlanmış tamaşalar bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Bu gün Bakı Uşaq Teatrının 14, teatrın yaradıcısı olan İntiqam Soltanın 50 yaşı tamam olur. Mən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi və şəxsən öz adımdan Bakı Uşaq Teatrını və İntiqam Soltanı təbrik edirəm. Uşaq Teatrına yeni-yeni, maraqlı tamaşalar və bol tamaşaçı alqışı, teatrın rəhbəri – İntiqam Soltana isə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirəm”.
Əməkdar Artisti, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Vidadi Əliyev deyir ki, İntiqam Soltan çox istedadlı insandır. O, aktyor və rejissor kimi Azərbaycan teatrında öz sözünü deyib: “Böyük və kiçik məclislərdə öz yerini bilir. Sənətdə də, həyatda da özündən böyüklərə hörmət edir. Ona uzun ömür, can sağlığı arzulayıram. İntiqam Soltanın daxilində olan sənət yanğısı ona kömək edir ki, bir çox çətinliklərin öhdəsindən gəlsin. Onun Uşaq teatrını necə yaratması, hansı zülmlərə qatlanmasının şahidi olmuşam. O, bu ağır yükü öz çiyinlərinə götürüb və bu günə qədər də daşıyır. İntiqama, onun ailəsinə yalnız can sağlığı və uğurlar arzulayıram. Uşaq teatrı Zaqafqaziyada bu profildə fəaliyyət göstərən yeganə teatrdır. İntiqam Soltan İrəvan teatrında işləyə-işləyə çox çətinliklərlə bu teatrı ərsəyə gətirdi. O, ilk olaraq kitabxanadan başladı. Kitabxanadakı az yaşlı uşaqlarla, kiçik səhnəciklərlə Bakı Uşaq Teatrını yaratdı. O, öz gücünə, qabiliyyətinin hesabına teatrı qurdu və ayağa qaldırdı. Şükürlər olsun ki, bu gün uşaq teatrı tanınır və ayaq üstədir. O, bu teatra ömrünü, canını fəda edib. Bu gün uşaq teatrı uşaqların mədəniyyətinin inkişaf etməsində böyük rol oynayır. İntiqam Uşaqları teatra cəlb etmək üçün əlindən gələni edir. Bu gün gənclərə tövsiyəm odur ki, ya bu sənətə gəlməsinlər, ya da gəlirlərsə, İntiqam Soltan kimi belə qəlb yanğısı ilə gəlsinlər. Onun sənətə olan məhəbbətindən nümunə götürmək lazımdır”.
Bakı Uşaq Teatrının veteranı, rejissor, aktrisa İlhamə Əhmədova teatrın rəhbərinə yalnız cansağlığı arzuladı. Əgər rəhbərin canı sağ olarsa, işçiləri ətrafına toplayıb, teatrı daim ayaq üstündə saxlayar, dedi: “Qoy hər zaman teatrı yaşatsın və inkişaf etdirsin. Ailəsinin üstündən əskik olmasın. O, çox gözəl teatr rəhbəri olmaqla bərabər, həm gözəl rejissor, həm də aktyordur. Çox istərdim ki, hər bir teatr rəhbəri məhz onun kimi olsun. İnsaflı, qədirbilən, insanlara əlindən gələn köməyi əsirgəməyən, ürəyi yumşaq insandır. İntiqam müəllimlə yaradıcılıqla bağlı söz-söhbətlərimiz olur. O, öz işçilərinə öz doğmaları kimi yanaşır. Onların dərdlərinə, problemlərinə şərik olur. Hər bir aktyorun dərdi ilə maraqlanır. Mən deyirəm ki, aktyor gəlib işini görməlidir. Onun problemlərinin işə aidiyyəti yoxdur. O isə deyir ki, sən bir qədər qəddarsan. O, yaranan şəraiti nəzərə alaraq aktyora münasibət göstərir. O ki, qaldı teatrımızın 14 yaşına, gün o gün olsun ki, teatrımızın yüz yaşını qeyd edək. Daim var olsun, ayaq üstə dayansın. Azyaşlı uşaqların formalaşması və mədəniyyətinin inkişafı üçün bu gün Bakı Uşaq Teatrı çox lazımdır”.
Bakı Uşaq Teatrının aktyoru Rauf Şahsuvarov isə bildirdi ki, yubilyarla həm qrup yoldaşı, həm də yaxın dost olublar: “Mənim yenidən teatra qayıtmağımda onun misilsiz rolu olub. O, məni teatra yenidən qaytardı. İntiqam yaxşı dost və gözəl insandır. Uzun müddətdir onunla bir yerdə olduğum üçün onun nələr istədiyini bilirəm. O, uşaq teatrının dirçəlməsi və ayaq üstə durması üçün əlindən gələni edib. Bu teatrı heç nədən dişi, dırnağı ilə yaradıb. Hər adam bunu bacarmır. Çox çətin və məsuliyyətli bir işdir. Güman edirəm ki, dövlətimiz də nə zamansa onun əməyini qiymətləndirər. Çünki İntiqam ona layiq aktyor və teatr xadimidir. O, çox çətinliklə də olsa teatrı ayaq üstə saxlayır və bu da alqışa layiqdir. 14 ildə teatr az iş görməyib. Bu illər ərzində xarici ölkələrdə qastrolları, ölkə daxilindəki festivalların keçirilməsi, bir-birindən maraqlı tamaşaların hazırlanması heç də asan başa gəlməyib. Narkomaniya ilə bağlı bir sıra tamaşalar hazırlayıb ki, bu da gənclərin maariflənməsində böyük rol oynayır. Bu gün Azərbaycan teatr aləmində Bakı Uşaq Teatrı çox lazımdır”.
Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Nəsibə Eldarova da təbriklərə qoşuldu: “İntiqam Soltanı səmimi qəlbdən təbrik edirəm, qoy hər zaman uğurlu addımlarla irəliləsin. Kölgəsi heç zaman ailəsinin, övladlarının üzərindən əskik olmasın. O, uşaq teatrının yaradıcısıdır. Uşaq Teatrı onun övladıdır. Mən dəfələrlə İntiqam Soltanla tərəf müqabili olmuşam. O, çox istedadlı aktyordur. Ona böyük hörmətim və böyük sevgim var. İntiqama yaradıcılığında böyük uğurlar arzu edirəm”.
H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru İslam Həsənov isə yaxın dostunu belə təbrik etdi: “İntiqam Soltan çox orijinal insandır. O, qarşısına qoyduğu məqsədə doğru irəliləyir. İdeyalarını gerçəkləşdirmək üçün əlindən gələni edir. Yaratdığı Bakı Uşaq Teatrının inkişafı, keçdiyi bu 14 il mənim gözümün qarşısında olub. «Körpəm» teatrının yaranışında İntiqam müəllim pedaqoji fəaliyyət göstərirdi. Öz ideyaları əsasında uşaqların tədrisi ilə bağlı ciddi-cəhdlə çalışırdı. Beləliklə, o, uşaq teatrını yaratdı. Bu gün Uşaq Teatrı öz maraqlı tamaşaları ilə seçilir. O, düşüncəsini səhnəyə köçürməyi bacaran bir sənətkardır. Bu da onun istedadından irəli gəlir. Arzulayardım ki, öz imkanlarını daha da genişləndirsin. O, həm də gözəl rəhbərdir. Ona bu həyatda uğurlar arzulayıram. Özümə arzuladığım ən gözəl arzuları onun üçün diləyirəm”.
İntiqam Soltan, 50 yaş nədir ki? Biz hələ sizinlə bərabər Bakı Uşaq Teatrının pöhrələndiyi, texniki avadanlıqlarla tam təmin olunduğu, işçilərinizin yüksək qonorarla öz doğma binasında, teatr səhnəsində çalışdığı günləri görəcəyik. Bunun üçün yaşamağa, 100-ü haqlamağa dəyər. Biz də “Kaspi” ailəsi olaraq sizə yaxşı insanlarla qarşılaşmağı, indiki kimi möhkəm dayanmağınızı arzulayırıq!
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər