• cümə, 29 Mart, 01:17
  • Baku Bakı 7°C

50 ildir yararlandığımız möcüzəvi su - Fotolar

05.03.19 09:30 1544
50 ildir yararlandığımız möcüzəvi su - Fotolar
Azərbaycanın gözəl təbii guşələrindən biri olan Şabran rayonunun Qalaaltı kəndində yerləşən və yerli müalicə turizminin incisi sayılan Qalaaltı Hotel Kompleksi ilə bağlı həm Azərbaycan, həm də xaricdə silsilə tədbirlər planlaşdırılıb. Silsilə tədbirlər çərçivəsində ilk olaraq 1 martdaQalaaltı müalicəvi istirahət kompleksinə turizm şirkəti nümayəndələri ilə medianın səfəri təşkil olundu.

"Kaspi” qəzetinin əməkdaşının da iştirak etdiyi səfərdə Qalaaltı müalicəvi suyunun tarixi haqqında məlumat verildi. Bildirildi ki, 1960-cı illərdə Şabran rayonunda keçmiş S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fiziki Metodla Müalicə İnstitutunun (Səhiyyə Nazirliyinin indiki Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) geologiya və hidrokimya şöbəsinin əməkdaşlarının apardıqları kəşfiyyat işləri nəticəsində, 1969-cu ildə tərkibində üzvi maddələr və müxtəlif minerallar olan və böyük müalicəvi əhəmiyyətli Qalaaltı suyu aşkar edilib. "Sovet Kəndi” qəzetinin 1975-ci ilin 26 avqust tarixli sayında dərc edilən "Müalicə suyu” məqaləsində tibb elmləri doktoru D. Hüseynov Qalaaltı suyu barədə qeyd edir: "Dəvəçi rayonunun (indiki Şabran-red.) 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, ən şəfalı guşələrindən birində - dağətəyi meşədə 1969-cu ildə yeni mədən suyu tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata malikdir. Suyun debiti hər dəqiqədə 10.000 litrdən artıqdır".

Alimlərimizin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərir ki, Qalaaltı suyunun tərkibi Truskavetsdə çıxan mədən suyu ilə eynidir. Qalaaltı mədən suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid vardır. Həmin su özünün tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassəyə malikdir, eyni zamanda, iltihab əleyhinə də təsir göstərir. Məhz bu təsir xassələrinə görə, Qalaaltı mədən suyu öd kisəsində, öd yollarında, böyrək ləyənində, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir. Qalaaltı sanatoriyası elmi tədqiqatlardan sonra 1975-ci ildən fəaliyyətə başlamış və uzun illər Azərbaycan və ümumsovet vətəndaşlarına xidmət göstərmişdir. Lakin ötən əsrin sonlarında sovetin dağılması və iqtisadi sosial problemlərlə bağlı olaraq, sanatoriya nisbətən baxımsız hala gəlmiş və layiqincə istifadə olunmamışdır.

Qalaaltı Hotel və müasir müalicəvi istirahət kompleksimüstəqillik dövrü ərzində dövlət tərəfindən aparılan regionların, qeyri-neft sektorunun və turizmin inkişafı siyasəti nəticəsində həyata keçirilən layihələr çərçivəsində inşa edilmiş və 2015-ci ildən etibarən dünya standartlarına cavab verən kompleks kimi fəaliyyətə başlamışdır.

Bakıdan 127 km məsafədə və dəniz səviyyəsindən 700 m yüksəklikdə yerləşən kompleks, 350-dən çox qonağın istirahəti və müalicəsi üçün nəzərdə tutulmuşdur. Kompleksdə 171 otaq var. Otaqlarda qonaqların dolğun istirahəti üçün bütün şərait yaradılıb. Burada istər uzunmüddətli müalicəvi istirahət, istərsə də asudə vaxt keçirmək üçün geniş şərait var.

Kompleksdə müştərilər üçün spa, hamam, sauna, türk hamamı, biosauna, masaj, buxar, ekzotik duş və qar otağı, həmçinin müasir qurğularla təchiz olunmuş fitnes zalı fəaliyyət göstərir. Müasir kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün fərqli iclas və konfrans otaqları var. Kompleksin daxilində fəaliyyət göstərən "Çıraq” tibb mərkəzi müasir səhiyyə avadanlıqları ilə təchiz edilib. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşılaşdırılması və insan ömrünün uzadılmasına xidmət edir.

Əsas müalicə aşağıdakı istiqamətlərdən ibarətdir: Qastroenterologiya-terapiya, maddələr mübadiləsi bərpası – endokrinoloji, urologiya-andrologiya, ginekologiya, kardiologiya, nevrologiya, hərəkət dayaq sistemi.

Qalaaltı sanatoriyasının "Çiraq” tibb mərkəzində isə aşağıdakı müayinələr aparılır: Qanın biokimyəvi analizi, qanın ümumi analizi, qanda şəkər miqdarının təyini, qidiyin ümumi analizi, cinsi orqanların ifrazatının müayinəsi, spermoqramma, parazitoloji müayinələr, disbakterioza görə bakterioloji əkmə, qidaya və kimyəvi maddələrə həssaslığın yoxlanılması üçün TEST FED, helicobactger pylory 13C-ureaza testi, infeksiyalar, onkomarkerlər, hormon paneli İFA laborator diaqnostikası, rektoskopiya, qastro-duodenoskopiya, EKG, rəqəmli rentgen diaqnostika, kolposkopiya.
Çıraq tibb mərkəzində balneo-ozokerit bölməsinin xidmətlərindən aşağıdakı proseduraları nümunə göstərmək olar:

Su və balneoterapiya, ozokerit terapiya, elektroterapiya, ultrasəs terapiyası, vakuum terapiya, kombineşdirilmiş terapiya, lazer terapiya, pressomasaj, maqnitoterapiya, damaqların hidrolazer suvarması, inqalyasiyalar, speleoterapiya, hidrokolon terapiya (orqanizmin toksin və şlaklardan effektiv təmizlənməsi, bağırsaqların bioflorasının bərpası üçün dərmən preparatlarının istifadəsi ilə) , ozon terapiya (bakteriosid, göbələk əleyhinə, virus əleyhinə təsirlidir, qanda oksigen miqdarını artırır, fermentlərin fəaliyyətini artırır, maddələr mübadiləsini stimulyasiya edir, immuniteti gücləndirir), hirudoterapiya (zəlilər ilə müalicə).

Qalaaltı mineral sularının xüsusiyyətlərinə əsaslanan xüsusi proseduralarla yanaşı, eyni zamanda müxtəlif balneo-proseduralar da təklif olunur: Duş Şarko, sirkulyar və sualtı duş-massaj, qalvanovanna, aromatlaşdırılmış mirvari vannaları, quru karbondioksid vannası, hidrokolon terapiya.

Qeyd olunmuş çoxşaxəli və ən müasir tələblərə cavab verən şərait imkan verir ki, kompleks həm yerli, həm də xarici qonaqlara yüksək səviyyəli xidmət və müalicə təşkil edə bilsin. Təsadüfi deyil ki, Qalaaltı Hotel Spa Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına üzv seçilib. 2018-ci ildə assosiasiyanın baş toplantısı da Qalaaltı otelində keçirilib.

Həm əldə olunmuş nailiyyət və imkanlar, həm də Qalaaltı müalicəvi suyunun aşkar edilməsinin 50 illik yubileyi münasibətilə yerli və xarici ölkələrdə planlaşdırılan tanıtım tədbirlərinə artıq bu il start verilib. 2019-cu ilin fevral ayında, Rusiyanın Moskva və Sankt-Peterburq, Özbəkistanın Daşkənd şəhərlərində turizm şirkətləri üçün təqdimat tədbirləri təşkil olunmuşdur. Statistikaya əsasən, keçən il ərzində Rusiya, ABŞ, Qazaxıstan, Özbəkistan, Ukrayna, BƏƏ, Qatar və digərölkələrdən gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artmışdır.

Aparılan təşviqat kampaniyalarından əlavə, qiymət siyasətində də yeniliklər edilmişdir. Yerli turizm şirkətləri xarici vətəndaşları müalicəyə cəlb etdikləri halda, onların komisyon dərəcələri 50% artırılır.

Bu addımı atmaqda məqsəd isə odur ki, Azərbaycan dünyada həm də sağlamlıq turizmi məkanı kimi tanınsın və xarici turistlər ölkəmizə gəlmək üçün məlumat alsınlar və maariflənsinlər.
Günel Azadə

banner

Oxşar Xəbərlər