5-ci dalğanın astanasında? - ARAŞDIRMA
Payızda xəstəliklər
bir-birinə qarışır
Payıza
doğru koronavirusun 4-cü dalğası bitdi. Hazırda gündəlik yoluxma sayı 1000-in ətrafındadır.
Görünən odur ki, bu dalğanın son mərhələsində yoluxma daha yüksək oldu. Əvvəlki
dalğaların son mərhələsində yoluxma sayı qat-qat aşağı, hətta ikirəqəmli idi.
Uzun müddətdir davam edən yüksək yoluxma rəqəmlərində enmələr müşahidə
olunduqca, karantin rejimi ilə bağlı yumşalmalara da gedildi. Bir müddət əvvəl təhsil
ocaqları və bəzi ictimai iaşə obyektləri ilə bağlı qadağalar da aradan
qaldırıldı. Məhz bundan təxminən iki həftə sonra isə yoluxma sayında azalma səngidi.
Payız fəslinin gəlişi, havaların soyuması isə mövsümi xəstəliklərin də
artmasına səbəb olub. Təbii ki, bu da cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Beşinci
dalğa ola bilər? Əgər yoluxma artarsa, yenidən ciddi qapanmaya ehtiyac yaranacaq?
Təhlükəli
deyil
Tibbi
ekspert Adil Qeybulla deyir
ki, insanlarda kollektiv immunitetin formalaşmasına gətirib çıxaran səbəblər
var: "Ayrı-ayrı sahələrdə yaradılan yumşaldılmalar yoluxmalar üçün şərait
yaradır. Lakin artıq xeyli adam virusa yoluxub və insanlarda immunitet yaranıb.
İnsanların bəziləri birinci, bəzisi isə ikinci doza vaksin olunub. Vaksindən 45
gün keçdikdən sonra immun sistemi formalaşır, xəstəliyə qarşı davamlılıq
yaranır. İnsanlar xəstəliyə yoluxduqca, vaksin olunduqca yavaş-yavaş kollektiv
immunitet formalaşır. Artıq insanlarda immunitet formalaşdığına görə, nə indi,
nə də gələcəkdə ciddi təhlükə görmürəm”.
Artım baş
verərsə…
Tibbi
ekspert bildirir ki, yoluxmalar artsa da, narahatlıq yaradan vəziyyət yoxdur:
"Müəyyən qədər artım ola bilər, amma bu da yenidən tam qapanmalara getməyə
ehtiyac yaratmır. Çünki dünyada yeni virus dalğası, mutasiya müşahidə edilmir”.
Yumşalmaların
nəticəsi
Adil
Qeybullanın sözlərinə görə, karantin rejiminin yumşaldılmasına yeni gedilib,
bunun hansı nəticə verəcəyini bilmək üçün zaman lazımdır: "Nə isə söz demək
üçün kifayət qədər zaman keçməyib. Təxminən bir ay sonra hansı nəticələrin olacağını
daha dəqiq görə bilərik. Məncə, Azərbaycanda qapanmalara getməyə ehtiyac
yoxdur”.
Özünü qoru
A.Qeybulla
deyir ki, yoluxma rəqəmlərində yüksəlmənin olmaması üçün insanlar
yumşaldılmalar dövründə özlərini ikiqat qorumalıdır: "İnsanlar sıx, qapalı yerdə
virusdan özlərini qorumaq üçün karantin tədbirlərinə əməl etməlidirlər. Maska
taxmaq, məsafə saxlamaq, əllərin dezinfeksiyasına ciddi əməl etmək mühüm şərtlərdəndir.
Maska taxmaqla pandemiya dövründə insanların mövsümi xəstəliklərə daha az
yoluxduğunu gördük”.
Payız xəstəlikləri
İnfeksionist
Mərdan Əliyev deyir ki,
payızda, sadəcə, koronavirus deyil, mövsümi xəstəliklərdə də artımın baş verməsi
normaldır: "Payız fəsli olduğu üçün koronovirusa yoluxanların da sayında artımın
olması ehtimalı var. Artımın baş verməsinin səbəbi payızda insanların evə çəkilməsi,
havalanmanın, günəşin aktivliyinin azalmasıdır. Digər mövsümi infeksiyalar da
payız fəslində artır. Buna görə də, belə deyə bilərik ki, payızda
xəstəliklər bir-birinə qarışır”.
Yoluxmada
artım normaldır
Mərdan
Əliyev bildirir ki, müəyyən enmələrdən sonra yoluxmanın artması pandemiyanın
qaydasıdır: "Karantin qaydaları yumşaldıqda, məhdudiyyətlər aradan
qaldırıldıqda yenidən yoluxma sayında artmanın baş verməsi gözlənilən haldır”.
Məktəblər
bağlana bilər
İnfeksionistin
sözlərinə görə, müəyyən sahələrdə qapanmaların olması başadüşüləndir: "Yoluxma
artarsa, qismən qapanmalara gedə bilərik. Məsələn, məktəblər bağlana bilər.
Amma daha ciddi qapanmalara gedilməsi ehtimal olunmur”.
Yoluxmaqdan
qorunmaq
M.Əliyev
deyir ki, həm peyvənd olunmuş, həm də peyvənd olunmamış şəxslər özlərini
pandemiyadan qorumalıdır: "Çünki peyvənd olunmuş şəxslər də virusa yoluxa
bilirlər. İstər açıq havada, istərsə də qapalı məkanda, insanların sıx
toplaşdığı yerlərdən uzaq olsunlar. İmkan daxilində yığıncaq, qonaqlıq, toylara
getməmək lazımdır. Əgər ora getməyə məcburuqsa, mütləq şəkildə maskadan istifadə
etməli, insanlarla yaxın təmasdan maksimum uzaq olmalıyıq. Çünki koronovirus, əsasən,
nəfəs vasitəsi ilə yayılır. Bu şərtlərə əməl olunarsa, virusdan qorunmaq olar”.
Zərif
Salmanlı