• çərşənbə axşamı, 19 mart, 13:13
  • Baku Bakı 8°C

48 yaşda peşə ardınca getmək? - Örnək

19.06.21 10:00 2004
48 yaşda peşə ardınca getmək? - Örnək
Mətləb İmanov: "Oxumaq və öyrənmək heç zaman gec deyil” prinsipini əsas tutub...”
Ötən ilin əvvəlindən yeni koronavirusun sürətlə yayılması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-u pandemiya elan edib. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada, o cümlədən Azərbaycanda zəruri tədbirlər görülüb, mühüm qərarlar qəbul olunub. Ölkə vətəndaşlarının sağlamlığını qorumaq, infeksiyanın insanlar arasında sürətlə yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejimi tətbiq olunub. Sözügedən qərara uyğun olaraq bir çox istehsal müəssisələrinin, ticarət, ictimai-iaşə və xidmət obyektlərinin fəaliyyəti qeyri-müəyyən vaxta qədər dayandırılıb ki, bunun da nəticəsində yüz minlərlə insan iş yerini itirib. Düzdür, işsizliyə görə vətəndaşlara dövlət tərəfindən birdəfəlik ödəmələr, yardımlar və sair köməkliklər edilib. Lakin bu, vəziyyətdən çıxış yolu sayılmayıb və bir çox insanlar əvvəlki məşğuliyyəti ilə vidalaşıb yeni iş yeri axtarışına çıxıblar.

Dağ-mədən işləri üzrə mütəxəssis

Belə vətəndaşlardan biri də Goranboy rayonu Qaradağlı kənd sakini Mətləb Möysüm oğlu İmanovdur. O, 1973-cü ildə anadan olub, orta təhsillidir. Əsgərliyi birinci Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən 5 ilə yaxın vaxt ərzində mühəndis istehkamçı, sürücü vəzifələrində hərbi xidmət keçib, ön cəbhəyə silah-sursat daşıyıb. Tərxis olunduqdan sonra əsasən kənd təsərrüfatı ilə məşğul olub. Pandemiyaya qədər o, həm kənd təsəsrrüfatı sahəsində çalışıb, həm də iaşə obyekti işlədib, əlavə gəlir əldə edib. Sərt karantin rejiminin tətbiqi sayəsində onun çalışdığı iaşə obyekti bağlanıb və ailəsi əlavə gəlirdən məhrum olub. Bir neçə ay yeni iş yeri axtarışına çıxan Mətləb heç bir uğur əldə edə bilməyib. Orta ixtisas və ya ali təhsilinin olmaması, zamanında hər hansı peşəyə yiyələnməməsi onu çıxılmaz vəziyyətə salıb. Çətin sınaq qarşısında qalan Mətləb oxumaq və öyrənmək heç zaman gec deyil, prinsipini əsas tutaraq, peşə təhsili almaq qərarına gəlib. Bu məqsədlə 2020-ci il avqustun 10-da sənədlərini elektron qaydada Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytında qeydiyyatdan keçirib. O, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin "Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisasını seçib.


Çətin sınaq qarşısında

2020-ci il avqust ayının sonunda – 47 yaşında tələbə adını qazanan Mətləb İmanov mobil telefonun, kompüterin imkanlarından yararlanmaqla sentyabrın 15-dən məsafədən təhsilə start verib, peşə təhsili almağa başlayıb. Özünün söylədiyinə görə, yaşından irəli gələrək kənardan çətin, keçilməz sədd kimi görünən bu proses, əslində olduqca asan və faydalı olub: "Orta təhsilimin sonuncu illəri qaçqınçılığa təsadüf edib, bir neçə yaşayış yeri və məktəb dəyişmişəm. Buna görə də doğru-düzgün orta təhsil ala bilməmişəm. Ardınca əsgərlik, müharibə illəri məni təhsildən daha da uzaqlaşdırdı. Bunun ağrı-acısını, nələrə gətirib çıxardığını hərbi xidmətdən sonrakı müxtəlif illərdə, o cümlədən pandemiya dövründə dəfələrlə yaşadım. İş tapmaq üçün çox yerlərə müraciət edirdim. Amma təhsilimin, hansısa peşəmin olmaması qarşımı kəsirdi. Müharibədən, hərbi xidmətdən sağ-salamat qayıtdığımdan hər hansı təqaüd də almırdım. Əsas məqsədim işləmək, gücüm çatan səviyyədə ailəmin qayğısını çəkmək, çətin vəziyyətdən çıxmaq idi. Ona görə də təhsil almağı düşünmür, iş axtarırdım. Digər tərəfdən yaşım keçmişdi və həmişə fikirləşirdim ki, saç-saqqalımın ağaran vaxtı təhsil almaq mənim harama yaraşar. Lakin pandemiyanın gətirdiyi çətinliklər, əsasən də iş yerimi itirməyim və yeni iş tapa bilməməyim məni məcbur etdi ki, hansısa bir peşəyə yiyələnim. Elə bu niyyətlə də sənədlərimi peşə məktəbinə verdim. Heç bir yerə getmədən, əlavə məsafə qət etmədən, xərc çəkmədən orta təhsil haqqında attestatımın seriya və nömrəsini, qiymətlərimi, şəxsi məlumatlarımı elektron qaydada sistemə daxil etdim, peşə ixtisası seçdim. Cəmi bir ayın içində bütün proses yekunlaşdı və tələbə adını qazandım”.


Yeni bilik və bacarıqlara yiyələnmək imkanı

Onlayn drslərlə yanaşı, təcrübəyə də cəlb olunan M.İmanov "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən və Göygöl rayonlarındakı mədənlərində olub, nəzəri biliklərini real iş şəraitində tətbiq etmək imkanı qazanıb: "Əgər yanılmıramsa peşə məktəbindəki qrupumuzda ümumilikdə 20 tələbəyik. Onlardan 4-5 nəfəri hərbi xidmətdədir. Qrupda yaşına görə hamıdan böyüyəm. Onlayn dərslərdə həmişə fəal idim. Diqqətlə dinləyir, öyrənir, müəllimlərin tapşırıq və göstərişlərinə riayət edirdim. 2021-ci ildə karantin rejimi yumşalandan sonra müəllimimiz Rizvan Məmmədovun müşayiəti ilə təcrübəyə cəlb olunduq. Təcrübə rəhbərimiz, müəllimimiz kimi onun üzərimizdə haqqı çoxdur. Ümumilikdə 10-a yaxın tələbə təcrübəyə gedirdi. Bu tələbələr arasından mən də daxil olmaqla 5 nəfər aprel ayından davamlı olaraq təcrübələrdə iştirak etdik, nizam-intizama ciddi yanaşdıq. Nəticədə onlar arasından da mən və 34 yaşlı digər tələbə yoldaşım Nehru Həsənov seçildik. "AzerGold” QSC-nin "Çovdar” Filiz Emalı Sahəsində təcrübə proqramına cəlb olunduq. Bu proqram çərçivəsində "Çovdar” mədəni ərazisində istehsalat fəaliyyəti ilə yaxından tanış olmaq, peşə mərkəzində əldə etdikləri nəzəri bilikləri praktikada sınaqdan keçirmək, müvafiq sahə üzrə yeni bilik və bacarıqlara yiyələnmək imkanı əldə etdik. Əziyyətimiz, ixtisasımıza olan marağımız nəzərə alınaraq bizimlə "AzerGold” QSC arasında iş yerində təcrübə müqaviləsi də imzalandı. Qanunla nəzərdə tutulmuş miqdarda əməkhaqqının ödənməsi və sair məsələlər bu müqavilədə öz əksini tapıb”.


"Hamımıza daim dəstək olublar”

M.İmanov deyib ki, mədənlərdə təcrübə keçdikcə seçdiyi peşəyə, gördüyü işə daha dərindən bağlanıb: "Mədənlərdə topa qələviləşdirmə, qırıcı və sair sektorlarda olmuşuq, işçilərlə səmimi münasibətimiz yaranıb, həvəsimizi və marağımızı nəzərə alıb bəzən işlərə də cəlb ediblər. Təcrübə müddətimiz iyunun 14-də yekunlaşıb. "AzerGold”un Çovdar filiz emalı sahəsinin meneceri Emil Quliyev fəaliyyətimdən razı qalıb, təcrübəmin sonunda yaxşı xasiyyətnamə verib. Təcrübəyə cəlb olunarkən "AzerGold”un İnsan resurslarının idarə olunması şöbəsinin Təşkilati inkişaf sektorunun baş mütəxəssisi Valid Əliyev də telefon əlaqəsi saxlayıb, sorğu-sual edib, razılığını ifadə edib, dəstəyə ehtiyac olarsa çəkinmədən müraciət etməyimizi bildirib. Yəni, təcrübə müddətində bizdən diqqət və qayğılarını əskik etməyiblər. Onların hər birinə, həmçinin peşə təhsili almağımızda, təcrübə müddətində üzərimizdə haqqı, əməyi olan hər kəsə, o cümlədən direktorumuz Şahin Məhərrəmova minnətdarlığımı bildirirəm. Hamımıza daim dəstək olublar”.
"Hələlik mənə bir qədər gözləmək qalır”

Peşə ixtisasına uyğun olaraq işlə təmin olunma prosesindən söhbət açan müsahibimiz qeyd edib ki, o, müvafiq qaydada "AzerGold” QSC-yə CV yollayıb, iş üçün rəsmi müraciət edib: "İyunun 17-də son imtahanları verdik. İndi diplomumuzun veriləcəyi günü gözləyirik. Çünki, işə qəbul üçün tələb olunan əsas hüquqi sənəd diplomdur. Buna baxmayaraq, şəxsi məlumatlarımın əks olunduğu CV-ni – iş üçün müraciət formasını, təcrübə keçdiyimiz quruma təqdim etmişəm. Ümidvaram təcrübə müddətindəki göstəricilərim, təcrübə sahəsində bizə rəhbərlik edənlərin barəmdə yaxşı fikirdə olması, müsbət xasiyyətnaməm işlə təmin olunmağımda əhəmiyyətli rol oynayacaq. Hələlik isə mənə bir qədər gözləmək qalır”.

14 nəfər daimi işlə təmin olunub

Sonda xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili almaq üçün müraciət edənlər arasında yalnız ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər deyil, həmçinin orta ixtisas və ali təhsili başa vurmuş şəxslər də yer alıblar. Tədris ilində peşə təhsili almaq üçün ümumilikdə 20 mindən çox şəxs elektron qeydiyyatdan keçib, onlardan 19 mindən çoxu ixtisas seçimi edərək müraciətini təsdiqləyib. Müraciətçilərin 69.2 faizini kişilər, 30.8 faizini qadınlar təşkil edib. Tədris ilində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyənlərin sayı da çoxluq təşkil edib. Sözügedən Peşə Təhsil Mərkəzi ilə "AzerGold” QSC-nin əldə etdiyi razılaşmaya uyğun olaraq şagirdlərin Cəmiyyətin istehsalat sahələrinə tanıtım-təcrübə səfərləri təşkil edilib. Onu da əlavə etmək yerinə düşər ki, ümumilikdə, bu günə qədər 130-dan çox universitet tələbəsi və peşə məktəbində təhsil alan şagird dağ-mədən sahəsində ixtisaslaşmış "AzerGold”un müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlayıb, sertifikatlarla təmin olunublar. İndiyə qədər təcrübə proqramında fərqlənmiş 14 nəfər məzun isə "AzerGold”da daimi işləmək imkanı qazanıb. Ümid edirik ki, yaxın gələcəkdə Mətləb İmanov və Nehru Həsənov da daimi işlə təmin olunanlar sırasında yer alacaqlar.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər