• cümə, 29 Mart, 14:25
  • Baku Bakı 14°C

45 yaşdan sonrakı işsizlik 

29.10.22 04:30 1963
45 yaşdan sonrakı işsizlik 

Əmək bazarında işəgötürənlərin axtardığı namizədlərin yaş ortalaması 30-35 arasıdır. 45 yaşdan sonra iş tapmaq isə getdikcə daha da çətinləşir. Mütəxəssislər deyirlər ki, sahibkarlar öyrənməyə və inkişafa meyilli, yeniliklərə və dəyişikliyə uyğunlaşan gənc kadrları işə götürməkdə maraqlıdırlar. 

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib ki, Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. Xanımlarda tələb olunan ortalama yaş 30, kişilərdə isə 35-dir. Əmək bazarına yeni daxil olan 20-25 yaş arası şəxslərin isə hər 25 nəfərindən biri iş tapa bilər. 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı da azalır. Bəs yaşı 45-i keçmiş iş axtaran, işə ehtiyacı olan insanlar nə etsin?

İşəgötürənlər əmək bazarındakı rəqibləri ilə ayaqlaşmaq üçün…

İnsan resursları meneceri Aytən Şıxaliyeva “Kaspi”yə açıqlamasında dedi ki, əmək bazarında işəgötürənlərin axtardığı namizədlərin yaş ortalamasının 30-35 arası olmasının bir neçə səbəbi var: “Başlıca səbəb bu yaş aralığında olanların dövrümüzün inkişaf tələblərinə daha tez adaptasiya olmasıdır. Hazırda texnologiya dövrüdür, yeni tendensiyalar, idarəetmə sistemləri və s. meydana gəlir. Bu kimi dəyişiklikləri qəbul və tətbiq etmək ehtiyacı yaranır. Belə hallarda işəgötürənlər əmək bazarındakı rəqibləri ilə ayaqlaşmaq üçün təcrübəsiz olmasına baxmayaraq, öyrənməyə və inkişafa meyilli, yeniliklərə və dəyişikliyə sürətli uyğunlaşan gənc kadrları işə götürərək onları yetişdirməyə üstünlük verirlər. Bu səbəbdən 30-35 yaş ortalaması bazarda üstünlük təşkil edir. Çünki 45-50 yaşlı insanları öyrətmək, təlimə göndərmək, sertifikat əldə etməsini tələb etmək daha çətindir”.

Əmək bazarında təcrübəli kadrlara ehtiyac var

Ekspert bildirdi ki, yaşı 45 üstü olanların diskriminasiyaya məruz qalmaması üçün onların da zamanın tələbləriylə uyğunlaşması zəruridir: “Əmək bazarındakı vəziyyət də təsdiq edir ki, indi yalnız ali təhsillə kifayətlənmək düzgün deyil. Daim özlərini inkişaf etdirmək, yenilənən biliklərdən xəbərdar olmaq, ehtiyac varsa, dövrə uyğun ixtisas artırmalara getməklə bu vəziyyəti fürsətə çevirə bilərlər. Çünki əmək bazarında təcrübəli və inkişafa meyilli kadrlara ehtiyac çoxdur”.

Qadınlar daha çox gəlir gətirir

A.Şıxaliyevanın sözlərinə görə, cinsə görə diskriminasiya qanunla da yolverilməzdir: “Lakin bir çox iş elanlarında da qeyd olunduğu kimi bəzi sahələrdə qadın işçilərə üstünlük verilir. İşəgötürənlərin ön ofis siması olaraq və ya satış nümayəndəsi, zəng mərkəzi çalışanlarının daha çox qadınlardan seçilməsi və s. bu kimi hallara üstünlük verməsi onların şirkətə daha çox gəlir gətirməsi ilə əlaqədardır”.

“Word”, “Excel”i yaxşı bilmək kifayət etmir

İnsan resursları üzrə mütəxəssis Abid Səmədovun fikrincə, 40-45 yaş üstü insanların əsas problemlərindən biri onların dövrün tələblərinə uyğun bilik-bacarıqlara malik olmamaları, həmçinin öz üzərlərində də işləməmələridir: “Artıq dövrün tələbləri çox fərqlidir. İndi müxtəlif dil bilikləri, informasiya texnologiyaları sahəsindəki bacarıqlar tələb olunur. Artıq sadəcə Microsoft Word, Excel proqramlarını yaxşı bilmək kifayət etmir”.

A.Səmədovun fikrincə, yaşlı insanlar yenilikləri izləmirlər: “Bir çoxunun CV ilə bağlı anlayışları yoxdur. “Linkedin” adlanan peşəkar bir platforma var. İşəgötürənlər onun olub-olmamasına da diqqət edirlər. Bir çoxunun heç e-mail ünvanı yoxdur və ya nə olduğunu belə bilmirlər, sosial şəbəkələrdə aktiv deyillər. Bütün bunlar həmin insanların iş tapmasına maneçilik törədir. Dövrün ən güclü iş tapmaya kömək edən  silahlarından biri şəbəkələşmə, ətrafın genişləndirilməsi, daha çox tanışlıqlar olmasıdır”.  

Gənclər aşağı maaşa razılaşırlar, yaşlılar yox

Mütəxəssisin sözlərinə görə, gənc nəsil fərqlidir: “Onlar artıq universitet vaxtlarından bu bilik və bacarıqlara yiyələnirlər. Həmçinin həm yerli, həm də xarici şirkətlərdə, dövlət qurumlarında gənclərin yetişdirilməsi ilə bağlı xüsusi proqramlar var. Gənclər bu proqramlardan məzun olurlar, yəni işin daxilində yetişirlər. Ona görə də yaşlı insanlardan bir neçə addım qabaqda olurlar. Gənclərə daha çox üstünlük verilməsinin bir səbəbi də maaş məsələsidir. Gənclər, yeni məzunlar, bir neçə il iş təcrübəsi olanlar az əmək haqqına da qane olurlar. Çünki onlar subaydır, ailəsi qarşısında maddi məsuliyyəti yoxdur. Ona görə onlar daha aşağı maaşla işə başlayıb, sonra karyeralarında yüksələ bilirlər. Amma 40-45 yaşlı insanlar müəyyən bir məbləğdə əmək haqqından aşağı olan təklifləri geri çevirirlər. Çünki onların ailələri, maddi məsuliyyətləri olur”.

Xaricdə yaşın fərqi yoxdur, amma bizdə...

A.Səmədov bildirdi ki, insanlar öz üzərində işləməli, dövrün tələblərinə uyğun bilik-bacarıqlara sahib olmalıdır: “Müəyyən bilik və bacarıqlara sahib olmaq üçün yenidən təhsil alsınlar, kurslara getsinlər, proqramlara qoşulsunlar. Amma bizim cəmiyyətimizdə insanlar bir müddət sonra deyir ki, “yaşım keçib, artıq təhsil ala bilmərəm”. Amma bu, yaş məsələsi deyil. Yaşın heç bir fərqi yoxdur. Avropa ölkələrinə baxsanız, orada yaşlı insanların da bir çox yerlərdə, əsasən də xidmət sektorunda işlədiyini görə bilərsiniz”.  

Ekspertin fikrincə, xanımlar özlərinə kişilərdən yaxşı baxır: “Xanımların 40-45 yaşda iş tapmasının səbəbi onların özlərinə daha çox diqqət etməsidir. Yaşlarından daha gənc görünürlər, bəzi xidmət sahələrində onlara tələb var. Ona görə bir az daha rahat iş tapa bilirlər”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər