40 dərəcə istidə çay, yoxsa soyuq su?

Diyetoloq
Turxan Baratzadə: "Soyuq su içməklə susuzluğunu yatıran bir adama "çay iç,
susuzluğun daha tez gedəcək” demək olmaz”
Belə bir
lətifə var. Azərbaycanlının 40 dərəcə istidə qaynar çay içdiyini görən rus soruşur
ki, bu qızmar istidən onu necə içirsən? Azərbaycanlı da ona belə cavab verir:
"Siz 40 dərəcə şaxtada dondurmanı necə yeyirsinizsə, eləcə”. Amma bütün
hallarda, isti yay günlərində soyuq suya deyil, çaya üstünlük verilməsinin
səbəbləri bir çoxları üçün qeyri-müəyyən olaraq qalır. Üstəlik, qızmar istidə "susuzluğu yatırmağa” münasibət
də birmənalı deyil. Kimisi soyuq suya, kimisi də isti çaya üstünlük verir. Bəs mütəxəssislər nə deyirlər? Temperaturun
müsbət 40 dərəcə olduğu günlərdə isti çay içək, yoxsa soyuq su?
İsti mayenin
susuzluğa təsiri
Diyetoloq Turxan Baratzadə "Kaspi”yə bildirdi ki, isti maye qəbul edilən
zaman bədəndə sürətli şəkildə tərləmə baş verir. Tərləmə zamanı bədən
temperaturu azalır və bu da insana rahatlıq hissi verir: "Bu səbəbdən, yay
aylarında çay içdiyimiz zaman susuzluq hissimiz daha tez gedir. Soyuq su içərək
də bədənin maye ehtiyacını tənzimləmək mümkündür. Ancaq araşdırmalar göstərir
ki, insanlar isti və ya ilıq su içərək susuzluq hissini daha tez aradan
qaldırmış olurlar. Bu, reallıqdır ki, bir adam isti havada 3-4 stəkan soyuq
suyun yerinə bir stəkan çay içməklə daha tez susuzluğunu aparmış olur. Düzdür,
çay içəndə, tərləmə zamanı bədən bir miqdar su itirir. Amma bu, içdiyimiz çay
qədər olmur. Ona görə, bədənimizin maye ehtiyacını çayla təmin etmiş oluruq”.

Orqanizm
hansını istəyir?
Soyuq su,
yoxsa isti çay? – sualının cavabına gəlincə, T.Baratzadə bunun insandan-insana
görə dəyişdiyini deyir: "İnsanların alışqanlıqları burda önəmli paya malikdir.
Soyuq su içməklə susuzluğunu yatıran bir adama "çay iç, susuzluğun daha tez
gedəcək” demək olmaz. Elə adam var ki, çay içdiyi zaman susuzluğu daha tez
gedər, eləsi də var ki, mütləq soyuq su içməlidir. Burda doğru olan insanın
orqanizminin nə istəməsidir, hər kəs də orqanizminə görə seçim edir”.
Sadə və
şirniyyatsız
Yay
aylarında çaya üstünlük verənlərə, mütəxəssis öz tövsiyələrini də verdi: "Çayın
bədən üçün bir çox faydası var. Ən çox bilinən faydası çayın antioksidant
özəlliyidir. Araşdırmalar göstərir ki, çay qanda şəkərin miqdarını, infarkt və
insult riskini azaldır. Bundan başqa, bağırsaqda olan faydalı bakteriyaların
artmasını təşviq edir. Bağırsaq mikroflorasının normallaşmasına kömək edir.
Söhbət dadlandırılmamış, sadə çaylardan gedir. Çayı sadə halda içmək lazımdır.
Bizdə çayın yanında şirniyyatlar olur, heç bir şey tapılmadığı halda qəndlə
içilir ki, bunun təsiri də mənfidir”.
Çayın
zərərlərini azaltmaq
T.Baratzadənin
sözlərinə görə, yay-qış fərq etmir, çay içilməsi ilə bağlı bəzi məsələləri
diqqətdə saxlamaqda fayda var: "Çayın faydalı tərəfləri ilə yanaşı, zərərli
yönləri də var. Bunu minimuma endirmək üçün bəzi məsələlərə diqqət edilməlidir.
Məsələn, mümkün qədər erkən saatlarda istifadə edilməsi lazımdır. Yeməkdən
sonra istifadəsi dəmirin sorulmasını azaldır. Xüsusilə, ət yeməklərindən sonra
çay içilməsi ətin tərkibində olan dəmirin sorulmasını çətinləşdirir. Çayın
tərkibində olan kofein yuxusuzluq yaradır. Mümkün qədər çalışmaq lazımdır ki,
axşam saatlarında çayı az içək. Kofein yuxusuzluğa, baş ağrısına gətirib çıxara
bilər”.
Soyuq su və bədən temperaturu
İsti
havalarda çox soyuq su içilməsinin orqanizm üçün məsləhət olmadığını, bunun
problem yarada biləcəyini deyənlər var. Diyetoloqun sözlərinə görə, bu yanaşma
yanlışdır: "Bədənin özünü tənzimləmə mexanizmi var. Su istər soyuq, istərsə də
isti halda içilsin, fərqi yoxdur, bədən temperaturu eyni dərəcədə - 36-36,5
arasında qalır. Soyuq su bədən temperaturunu anidən dəyişmir. Qəbul edilən maye
həmin andakı temperaturla qan damarlarına girib bədəni soyutmur”.
Susayanda yox,
həmişə…
Diyetoloq
qeyd etdi ki, yay aylarında maye qəbul etmək üçün susuzluğu gözləməməliyik: "Bədənin
gündəlik ortalama maye ehtiyacı çəkinin 1/30-i qədər hesablanır. Bu da,
təqribən 2-3 litr maye edir. Özəlliklə, yay aylarında havaların isinməsi və
bədənin tərləməsi səbəbi ilə orqanizmin itirdiyi mayeni geri qaytarması üçün su
içməyimiz lazımdır. Günəş altında, isti yerlərdə daha çox vaxt keçirənlər
istivurmadan, günvurmadan qorunmaları üçün də su içməlidirlər. Susuzluğumuzun
keçməsi üçün yox, adi halda da maye qəbul etmək lazımdır”.
Diyetoloq
qeyd etdi ki, yay aylarında şəkərli içkilərdən uzaq durmaq lazımdır: "Şəkərli
içkilərin yerinə ayran, digər südlü içkilər, çay, su içmək yaxşı olar”.

"Çay sevən millət olsaq da...”
Çayçı
Mahir dayı deyir ki, yay aylarında çaya tələbat xeyli azalır: "Yayda hava isti
olur deyə, insanlar isti yox, soyuq içkilərə daha çox meyl edirlər. Satışda da
sərinləşdirici içkilərin çeşidi çoxdur. Ona görə, nə qədər çay sevən millət
olsaq da, yayda digər fəsillərdəki qədər çay içən olmur. Çay içəndə, bədənə
istilik gəlir, adam tərləyir. Düzdür, çay susuzluğu tez yatırsa da, tərləmə
orqanizmə yaxşı təsir etsə də, çox tərləmək də adamlar üçün rahat deyil. Ona görə,
mümkün qədər, yay aylarında çaydan uzaq dururlar”.
Gözəl təsir edir
Mahir dayı
bildirdi ki, yayda çaya tələbat daha çox axşam saatlarında olur: "Çay sevən,
yaxud içmədən dayana bilməyən, gündəlik menyusunda mütləq çay olan adamlar var.
Elə adamlar ki, hansısa gün çay içməsələr, əhvalı o əhval olmur, yaxud nəsə
özünü qəribə hiss edir. Çay içirlər, düzəlir. Çünki çayın faydaları var və
bundan dolayı, yayda da çay içənlər, təbii ki var. Bu adamlar axşamüstü, saat 6-7-dən sonra çay içməyə gəlirlər. Yay aylarında
axşamüstü, can rahatlığı üçün 1-2 stəkan çayın yeri var. Gözəl təsir edir”.
Aygün Asimqızı
Kollaj: Həsən Ağacanov /Global Media Group
