AZE | RUS | ENG |

4 günlük iş həftəsinə keçid perspektivi

4 günlük iş həftəsinə keçid perspektivi
Ekspert deyir ki, əmək bazarı tənzimlənməli, qeyri-formallıq minimuma endirilməlidir

Dünyadakı şirkətlər yavaş-yavaş həftədə 4 günlük iş rejimi modelinə keçid etməyə başlayır. Aparılan araşdırmalara və sınaqlara görə, bu yeni modelin məhsuldarlığı artırdığı və stressi azaltdığı da müşahidə olunub. 4 günlük iş həftəsi qonşu ölkə Rusiyanın da marağını cəlb edib və bunun reallaşması istiqamətində müəyyən işlər görməyə başlayıb. Belə ki, Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyası ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinə dörd günlük iş həftəsinə keçidlə bağlı təklif göndərib. Bu barədə Federasiyanın saytında bildirilir.
 
Cari ilin iyun ayında Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının gedişində Rusiyanın Baş naziri Dmitri Medvedev də bu ehtimalı dilə gətirmişdi. Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının təklifində iş günlərinin sayının azalması fonunda, əmək haqqının əvvəlki kimi qalması əsas şərt göstərilib. Federasiyanın rəsmisi Yelena Kosakovskaya bildirib ki, hələlik Rusiyada 4 və ya 3 günlük iş həftəsinə keçən şirkətlər bunu maliyyə çətinliklərinə görə edirlər. Belə ki, onlar əməkdaşların iş saatı ilə bərabər, məvacibini də azaldırlar. Xatırladaq ki, dördgünlük iş həftəsinə keçid bir sıra ölkələrdə artıq baş tutub. Hələ ki bu təcrübə faydalı iş əmsalının yüksəlməsinə gətirib çıxarır.

Maraqlıdır, 4 günlük iş həftəsi məsələsinin tarixi nə vaxta söykənir, ilk dəfə belə bir fikir harada və kim tərəfindən səsləndirilib? Dörd günlük iş mövzusu, ilk dəfə 1950-ci illərdə ABŞ-da müzakirəyə çıxarıldı. 1954-cü ildə hətta prezident Nikson, insanlara dörd günlük iş həftəsini vəd edib. Sonra bu ideya unuduldu və yalnız 1970-ci illərdə yada düşdü. Belə ki, 1971-ci ildə korporativ menecment məsləhətçisi olan Riv Pur, "iş və istirahət inqilabı haqqında” "4 gün, 40 saat” adlı kitabını nəşr etdi. O yazırdı ki, dörd günlük iş həftəsi, işçilərin effektivliyini və şirkətin mənfəətini artıracaq. Pur hesab edir ki, gündə 10 saat olmaqla, iş həftəsi 4 gündən ibarət olmalıdır. Əvvəlki dövrlərdən fərqli olaraq, müasir yanaşma iş saatlarının azaldılmasını nəzərdə tutur. Bu mövzunu əhatə edən təcrübələr, dünya üzrə bir sıra şirkətlər tərəfindən daim keçirilir. Ən sonuncu və uğurlu eksperimentlərdən biri 2018-ci ildə keçirilib. Belə ki, Yeni Zelandiyada işçilərin dördgünlük iş rejimi ilə bağlı araşdırma keçirilib. Beləcə, 2018-ci ilin noyabrında Yeni Zelandiyanın "Perpetual Guardian” kampaniyası dünyada dördgünlük iş rejiminə keçən ilk şirkət olub. Bununla da onlar həftəlik iş saatlarını 37,5-dən 30-a qədər azaldıblar.

Dördgünlük iş rejimi ilə bağlı həyata keçirilən ən irihəcmli təcrübə heç də yaradıcılığın miqyasını, məhsuldarlığın həcmini azaltmayıb. Bu, konkret rəqəmlərdə özünü əks etdirib. Nəzərə almaq lazımdır ki, biznes kampaniya öz fəaliyyətini dəyişikliksiz həyata keçirir, bu formada davam edir. Beşgünlük iş rejimində həyata keçirilən işin rejimi dördgünlük rejimdə də davam edib. Bununla paralel, personalın stressinin azalması və məhsuldarlığının artması, əhvalının yüksəlməsi özünü göstərib.
Qeyd edək ki, hazırda elmi araşdırmaların maliyyələşdirilməsi üzrə fəaliyyət göstərən Britaniya firması "Wellcome Trust” də baş ofisin 800 nəfərlik işçi heyətinin dördgünlük rejimə keçməsi üçün hazırlıqlara və məsləhətləşmələrə başlayıb. Bu sosial inqilabın yaradıcısı "Perpetual Guardian” isə 29 ölkədən 350 sorğu alıb. Hər kəs onlardan bu təcrübənin detalları və ideal keçidin sirlərini öyrənməyə çalışır. Ən çox sorğu Böyük Britaniyadan gəlir. Ondan sonrakı sıranı Avstraliya, Amerika və Almaniya tutur.
 
Böyük Britaniyada dövlət səviyyəsində dördgünlük iş rejiminin detalları, effektivliyi ilə bağlı araşdırma aparılıb. Bu nəticələr ondan xəbər verir ki, bəzi peşələrlə bağlı daim işdə olmaq, iş başında təmsil olunmaq vacibdirsə, bəzilərində iş günlərinin sayını azaltmaqla, məhsuldarlığa nail olmaq mümkündür. Məsələn, satıcı, kassir, ofisiant kimi işlər iş saatlarında iş yerlərində olmağı tələb edir. Amma müxtəlif peşələrin sahibləri ofis işində çalışırlarsa, dördgünlük iş sistemi onlar üçün daha effektli ola bilər.

Hollandiya ən qısa orta statistik iş həftəsinə - 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edir, orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir. İrlandiya və Fransada isə iş həftəsi 35 saatdır. Bu, dünyada ən aşağı səviyyəli göstəricilərdən biri olsa da, İrlandiyada əməyin məhsuldarlığı kifayət qədər yüksək səviyyədədir. Fransada cümə günü rəsmi olaraq iş günü hesab edilsə də, bir çox şirkətlər bu günü qısaldır. Cümə günü nahar fasiləsindən sonra kimisə öz iş masasının arxasında görmək çətin məsələ olur. Danimarka əhalisi gün ərzində 7 saat 21 dəqiqə işləyir. Burada iş həftəsinin davamiyyət müddəti 37,5 saat təşkil edir ki, bu da Avropada ən aşağı səviyyəli göstəricilərdən biridir. Bəs, 4 günlük iş həftəsinin ölkəmizdə tətbiqi nə dərəcədə realdır, bu sistemin iqtisadi əsasları varmı, tətbiq edildiyi təqdirdə hansı müsbət və mənfi nəticələri ola bilər?
 
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd etdi ki, 4 günlük iş rejiminə keçməmişdən öncə əmək bazarını tənzimləməli, qeyri formallığı minimuma endirməliyik: "Məsələ ondadır ki, insan əməyindən rasional istifadə etmək şərti ilə bu sistemə keçmək mümkündür. O yerdə ki, texnoloji imkanlar, iş şəraiti 4 günlük iş həftəsinə uyğun deyil, həmin yerdə bu sistemin tətbiqi real görünmür. Bunu insanın 5-6 gündə gördüyü işi, 4 gündə bitirməsi mümkün olan sahələrdə həyata keçirmək olar. Məsələn, ölkəmizdə bəzi iş sahələrində insanların 8, 9, hətta, 10, 12 saat işlədiyi yerlər var. Belə olan halda, həmin yerdə 4 günlük iş rejimindən danışmaq real deyil. Bizdə qeyri-formal əmək bazarının miqyası həddən artıq genişdir. Bu şəraitdə qısa iş həftəsindən danışmaq bizim üçün tezdir. İlk olaraq əmək bazarını tənzimləməli, qeyri-formallığı minimuma endirməliyik. Həmçinin dövlət idarə sistemi də hələ buna hazır deyil. Məsələn, dövlət müəssisələrinin 4 gün işləyib, 3 gün bağlı olması indiki şəraitdə mümkün deyil. İqtisadiyyatımız buna hazır deyil. Amma proseslər çox sürətlə inkişaf edir. Ola bilər, yaxın gələcəkdə bu məsələlər eksperimental səviyyədə edilsin”.
 
İqtisadçı Pərviz Heydərov deyir ki, 4 günlük iş həftəsi sistemi müxtəlif ölkələrdə tətbiq edilə, təcrübədən keçirilə bilər, lakin ölkə iqtisadiyyatı buna tam hazır olmalıdır. Deyilənlər təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün keçərlidir: "Bu sistemin tətbiqi iqtisadiyyatın inkişaf səviyyəsindən asılıdır. Əgər söhbət sırf Azərbaycandan gedirsə, ölkəmizdə bunu ümumi olaraq kompleks şəkildə qanunvericilik yolu ilə etmək mümkün deyil. Amma hər hansı bir sahibkarın, bu və ya digər özəl təsərrüfat strukturunda rəhbərliyin həmin sistemi fərdi qaydada tətbiq etməsi mümkün hesab edilə bilər. Lakin dövlət sektorundan söhbət gedirsə, bunun nəinki indi, yaxın perspektiv üçün də real olacağını düşünmürəm. Çünki bizdə faydalı iş əmsalı hələ ki, tələb olunan səviyyədə deyil. Hətta, təcrübələr göstərir ki, bir çox iş yerlərində nəinki 5 günlük, yaxşı olardı ki, 6 günlük iş rejiminə keçilsin. Bütün bunlar ölkə iqtisadiyyatının kompleks şəkildə qeyd olunan dəyişikliyə hazır olmamağından irəli gəlir. Əgər 4 günlük iş həftəsinə keçid etmək istəyiriksə, iqtisadiyyatı inkişaf etdirməli, bütün sahələrdə müasir texnoloji metodların tətbiqinə nail olmalıyıq”.
 
Günel Azadə

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299