30 ildir həllini tapmayan problem

Tacik və
qırğızlar nəyi və niyə bölə bilmirlər? Tərəflər bir tərəfdən sülhdən danışır,
digər tərəfdən isə sürətlə silahlanırlar. Rusiya mediası Əfqanıstandakı radikal
ünsürlərin bu ölkələrə mümkün müdaxilə təhlükəsini də qabardır.
SSRİ-nin
süqutu milyonlarla insanı imperiya əsarətindən azad etməklə yanaşı, onları
çoxsaylı problemlərlə üzə-üzə qoydu. Problemlər sırasında ilk yerdə də sərhədlərin
qeyri-müəyyənliyi durur. Üstündən 30 ildən çox vaxt keçməsinə baxmayaraq,
problem nəinki həllini tapır, əksinə, qanlı qarşıdurma və toqquşmalarla davam
edir. Mərkəzi Asiyanın iki dövləti – Qırğızıstan və Tacikistanın son sərhəd
qarşıdurması da bunun bariz nümunəsidir.
Vəziyyət hər
an dəyişə bilər
Bunun
ağrısını da hər iki sərhəd ərazidə yaşayan insanlar çəkir - otlaq sahələrinə,
yollara, su mənbələrinə girişləri yoxdur. Vəziyyətin doğurduğu iqtisadi itkilər
isə milyonlarla dollarla ölçülür. Məsələnin başqa tərəfi də var. Qazaxıstanda
yaşananlardan sonra baş verən bu hadisə, onun heç də təsadüfi gərginlik
olmadığı qənaətinə gəlməyə əsas verir. Belə desək, Qazaxıstanda yaşanan qanlı
olaylardan sonra çoxları növbədə Özbəkistanın olacağını ehtimal etsələr də, bu,
baş vermədi. Qış fəsli olsa da, qırğız və taciklər su ehtiyatlarına sahib olmaq
uğrunda qanlı qarşıdurmaya getdilər. Müşahidəçilərin böyük əksəriyyəti bir
fikirdə həmrəydirlər ki, bölgədə vəziyyət hər an dəyişə bilər. Rusiya siyasi
dairələrində, mediasında isə belə fikir daha çox yayılır ki, opponentlər
Moskvanın Avrasiya layihəsini zəiflətməyə çalışır. Hətta üç tərəfdən - Qərbdən
(Ukrayna, Belarus), cənubdan (Cənubi Qafqaz) və cənub-şərqdən (Mərkəzi Asiya) zərbə
endirməyə çalışıldığı iddia edilir.
Daxili məsələlər
və fikir ayrılıqları?
Beləliklə,
əgər Qazaxıstanda yaşananlar elitaların mübarizəsi idisə, Qırğızıstanla
Tacikistan arasında gərginlik təbii coğrafi səbəblərə görədir. Hər halda, ilk
baxışda belə görünür. Bir növ digər postsovet ölkələrində baş verənlər burada
da təkrarlanır. Bəllidir ki, sovet hakimiyyəti dövründə respublikalar arasında
dəqiq müəyyən edilmiş sərhədlər yox idi. Lakin 1991-ci ildən buna son qoyuldu.
Konkret olaraq Qırğızıstan və Tacikistana gəldikdə, onlar arasında hələ
delimitasiya olmayan 900 km-lik sərhəd var. Respublikaların yalnız nazik bir ərazi
zolağı ilə birləşən anklavları mövcuddur. Məsələn, Tacikistanın Vorux
anklavından Düşənbəyə getmək üçün Qırğızıstan ərazisindən keçmək lazımdır.
Qırğızlar isə Tacikistan ərazisindən özlərinin Batken anklavına gedirlər.
Məişət
münaqişəsindən sərhəd münaqişəsinə
Axırıncı gərginliyə
gəldikdə, Qırğızıstan vətəndaşlarını yanvarın 27-də tacikin avtomobilini zorla
saxlayıb maşınına daş atmaqda ittiham ediblər. Qırğızıstan hakimiyyəti iddia
edir ki, münaqişəyə səbəb taciklərin Batken-İsfan magistral yolunu kəsməsi
olub. Ardınca da məişət münaqişəsi sərhədçilərin münaqişəsinə çevrilib. Taciklər
minaatan və qumbaraatanlardan, qırğızlar isə pilotsuz təyyarələrdən istifadə
etməyə başlayıb. Münaqişə nəticəsində hər iki tərəfdən 17 nəfər yaralanıb, iki
Tacikistan vətəndaşı həlak olub. Qırğızıstan hakimiyyəti bütün sərhəd boyu əhalini
döyüş yerlərindən uzaqlaşdırmağa məcbur olub. 1,5 min nəfər dövlət müəssisələrinə
və məktəblərin idman zallarına yerləşdirilib. Tacik generalı Saimumin Yatimovun
sözlərinə görə, münaqişənin səbəbi tərəflərin əvvəllər əldə edilmiş
razılaşmalara əməl etməməsidir. İki ölkə liderləri tezliklə münaqişənin sülh
yolu ilə həlli və hətta birgə patrulların keçirilməsi barədə razılığa gəlsələr
də, böyük ehtimalla, bu da problemi həll etməyəcək. 2014-cü ildən bəri iki dövlətin
sərhədində artıq 10 ciddi toqquşma olub. Ötən ilin yazında baş verən toqquşmada
hər iki tərəfdən 20 nəfər həlak olub, 150 nəfər yaralanıb.
Bişkek və
Düşənbə sülhdən danışır, amma...
Yeri gəlmişkən,
Qırğızıstan-Tacikistan sərhədinin demarkasiyası və delimitasiyası üzrə hökumətlərarası
komissiya gələn həftə işini bərpa etməyə qərar versə də, hər iki ölkə sürətlə
silahlanmaqdadır. Yayılan xəbərlərə görə, Qırğızıstana fevral ayında yeni hərbi
texnika gətiriləcək və onlar sərhədyanı Batken vilayətinə daşınacaq. Qırğızıstan
Türkiyədən "Bayraktar” pilotsuz təyyarəsi də alıb. "Pul artıq ödənilib. Görəcəksiniz,
bizdə əvvəllər belə texnologiya olmayıb. Biz bütün bunları Batkenə verəcəyik”,
- Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçibek
Taşiyev bildirib.
Rusiya sərhəd
probleminin həllində maraqlıdır?
Maraqlı
olan Rusiya mediasının mövqeyidir. Onlar diqqəti ona yönəldir ki, Rusiya iki
ölkə arasındakı problemin həllində ən yaxşı vasitəçi ola bilər, çünki həm
Tacikistan, həm də Qırğızıstan KTMT və Aİİ-nin üzvləridir. Hər iki ölkədə Rusiya
hərbi bazaları var. Xüsusilə iddia edirlər ki, Moskvanın heç bir tərəfə
açıq-aşkar simpatiyası yoxdur, Rusiyanın qərəzsizliyini qabardırlar. Diqqəti də
ona yönəldirlər ki, məhz KTMT baş katibinin müdaxiləsi sayəsində son gərginlik söndürülüb.
Yəni onlara yeritməyə çalışılır ki, hər an bu gərginlik güclənə bilər. Rusiya
mediası Əfqanıstandakı radikal ünsürlərin bu ölkələrə mümkün müdaxilə təhlükəsini də qabardır. Diqqəti həm də ona yönəldirlər
ki, Qırğızıstan və Tacikistan Rusiya ilə xüsusi münasibətlərdən yararlanmalı və
onu sərhədlərin demarkasiyasına müşahidəçi və vasitəçi kimi dəvət etməlidirlər.
Sübut kimi də Ermənistan və Azərbaycanın sərhədlərinin müəyyən edilməsində
Rusiyanın vasitəçilik təcrübəsini önə çəkirlər.
Azər
NURİYEV
