26 yaşında Bakıya gələn, 45 yaşında magistr təhsili alan xanım – Gör-götür
"Uşaq vaxtı fortepiano dərsinə getməyə başladım. Atam dedi ki, sən
çox çalışsan, dünyanın ən məşhur pianoçusu olacaqsan və Monreal şəhərində
konsert verəcəksən. Uşaq idim, heç Monrealın harada olduğunu bilmirdim, amma
piano dərslərinə artıq oranın həvəsi ilə gedirdim. Daha böyük yaşda həkim olmaq
istədiyimdə isə, atam əllərimə baxıb dedi ki, bu, əsl cərrah əlləridir, çox
çalışsan, əla həkim olacaqsan. Ən son fikrimi dəyişib xarici dil oxumaq
istədiyimdə isə "Canın sağ olsun, çox çalışarsan, Nyu Yorkda BMT-nin tərcüməçi
olarsan” demişdi”.
Düzdür, karyerasını heç tərcüməçi kimi də görmür, lakin o istiqamətdə
təhsil alır, bir müddət sonra isə istədiyi sektora yönəlir. Müsahibimiz PAŞA Bank-ın Korporativ Kommunikasiyalar Departamentinin direktoruSonaAbbasovadır.
- Bakıda təhsil alsanız da, qayıdıb doğulduğunuz
şəhərdə - Gəncədə çalışmısınız, 26 yaşınızda isə Bakıya həmişəlik köçmək qərarı
vermisiniz. Bakıya gələnə qədərki fəaliyyətiniz hansı sahə üzrə olub?
- Gəncliyimin ilk dönəmi Azərbaycanın yeni müstəqillik qazanması ilə
eyni vaxta düşüb. Azərbaycanın müstəqilliyi ilə mən də bir növ öz
müstəqilliyimi əldə etmişəm. O mənada ki, qızlar üçün əvvəllər bəlli həyat
planı cızılırdı. Qızların daha çox seçdiyi ixtisaslardan biri üzrə
universitetdə təhsil alırsan (əsasən müəllimlik və ya tibb), sonra da qayıdıb
rayonda işləyirsən, ailə qurursan. Mən də bu həyat planına tam şəkildə uymaq
niyyətində idim. Azərbaycan Dillər Universitetində ingilis dili pedaqogikası
üzrə oxudum, universiteti qırmızı diplomla bitirib Gəncədə qayıtdım və
məktəblərin birində ingilis dili müəllimi kimi işlə başladım. Həmin illərdə
artıq Azərbaycan müstəqilliyini bərpa etmişdi. Biz də bu ölkənin potensiallı
gəncləri kimi nə isə etməli idik, ölkəmizə faydamız toxunmalı idi. Artıq
Azərbaycanda müxtəlif humanitar yardım və inkişaf təşkilatları fəaliyyət
göstərməyə başlamışdı və mən sonra bu təşkilatlarda tərcüməçi kimi çalışmağa
başladım. Bakıya gələnə qədər də elə tərcüməçi kimi işlədim.
- O vaxt rayon yerində
müəllimliyi xarici təşkilatda işləməyə dəyişməyə də bəzən risk etmirdilər...
- Deyəsən, 94-cü il idi, bir humanitar yardım təşkilatından daimi iş
təklifi gələndə atama dedim ki, maaşı çox yaxşıdır (mənim müəllim maaşım ilə
müqayisədə 10 dəfə artıq idi), amma getməyə qorxuram, birdən iş davamlı olmaz.
Atam da dedi ki, get bir il işlə, sonra davamlı olmasa, 12 illik müəllim maaşın
əlində olacaq. Belə ürəklənib o qərarı verdim (Gülür).
- Gəncədə nə qədər çalışandan
sonra Bakıya gəldiniz?
- Dörd ilə yaxın.
- Bu qərarı vermənizin
səbəbi nə oldu?
- Xarici təşkilatlarda çalışdığım müddətdə Avropa ölkələrinə
ezamiyyətlərim olmuşdu. Getdiyim yerlərdə yaşıdlarıma baxırdım, onların daha
verimli olduqlarını, daha çox iş görə bildiklərini müşahidə edirdim. Düşündüm
ki, dünya, zaman dəyişir, mənim də dəyişməyimin vaxtıdır. Çantamı yığıb Bakıya
köçdüm.
- Rayonda yaşamısınız, orda
yaxşı işiniz də olub. Əvvəllər valideynlər adətən, belə olan halda qızlarının
özlərindən uzaqda işləmələrinə çox da razı olmurdular.
- Biz iki bacıyıq, qardaşımız yoxdur. Xoşbəxt bir ailə ortamında
böyümüşük və cəmiyyətdə olan bu stereotiplər bizim ailədə yox idi. Atamız daim
qadının güclü olmasının, onun heç bir işdə kişidən geridə qalmamasının
tərəfdarı, imkanların hər kəs üçün bərabər olduğuna inanan adam olub.
Yadımdadır, 5-6 yaşım olardı, uşaqlardan kimsə həyətdə oynayanda xətrimə
dəymişdi. Gedib atama şikayət etdim, dedim ki, gedək onunla sən danış. Atam
bizi dünyalar qədər sevirdi, lakin buna baxmayaraq, dedi ki, elə bir vaxt
olacaq ki, atan yanında olmayacaq, get məsələni özün həll etməyə çalış, əgər
bacarmasan, mənə deyərsən. Həmişə də arxamda dağ kimi dururdu. Ailəmdə qərarlarım
daim hörmətlə qarşılanıb və o qərarların icrasında da valideynlərim hər zaman
yanımda olublar. Karyera, inkişaf məsələsində valideynlərimin müdrik
məsləhətləri öz böyük rolunu oynamışdı.
- İllər öncə çantanı yığıb
Bakıya gəlmək xüsusilə qızlar üçün indiki qədər asan deyildi. Bakıda hər hansı
iş var idi, yoxsa iş tapmadan gəlmişdiniz?
- Hər hansı iş yox idi, amma Bakıya gəlməmişdən öncə çox yerə CV
göndərmişdim. Bakıya isə başqa bir iş üçün gəlmişdim. İşimi həll etdim, saat
6-da avtobusla rayona qayıdacaqdım. Günorta zəng etdilər ki, BMT-də iş üçün
müsahibəyə gəl. Getməyinə getdim, amma müsahibə uzandıqda dedim ki, avtobusa
gecikirəm. İşə götürən adam dedi ki, nə avtobusu, sabahdan işə başlamalısan!
Eləcə ani bir qərarla Bakıda qalmalı oldum. Sonra HSBC Bankdan iş təklifi
aldım. Növbəti iş yerim Avropa Yenidənqurma və İnkişaf Bankı oldu, sonra da
PAŞA Bank. Bir də ayıldım ki, 20 ildən artıqdır ki Bakıdayam. Hələ də o sevincə
tam olaraq alışmamışam, hələ də Dağüstü parkdan Xəzərə baxanda sevincimdən
qışqırmaq istəyirəm.
- Paytaxta gəlməyinizə
səbəbləri arasında Bakı sevgisi də var idi?
- Bəli, bir az da Bakı sevgisi idi. Bakını niyə sevirəm? Bakı Şərqlə
Qərbin ən yaxşı xüsusiyyətlərini bir araya gətirmiş şəhərdir. Bakının
memarlığı, insanların həyata baxışı, dinlərarası tolerantlığı bu hamısı unikal
sintezdən irəli gəlir. Çox ölkəyə səfər etmişəm, İngiltərədə yaşamışam, amma
Bakıda olan bu balansı heç yerdə bu dərəcədə hiss etməmişəm.
- Bəzən rayon qızlarının
valideyndən uzaq qalmaq, müstəqil olmaq üçün Bakıya meyil etdiklərini də
deyirlər.
- Valideynlərim uşaqlıqdan bacımda və məndə müəyyən dəyərlər
formalaşdırıblar ki, verdiyim qərarlar da daima o dəyərlərin çərçivəsində olub.
O dəyərlərin içərisində böyüyüb, hansısa yanlış qərar vermək mümkün deyil. Bu
dəyərlərdən biri də bizə olan güvənləri idi. Qəribədir ki, insana valideynləri nə
qədər çox güvənərsə, o insan qərar verəndə valideynlərini o qədər daha artıq
düşünür. Verdiyim qərarlarda evdə də azad olmuşam, Bakıda da, əlbəttə ki,
ictimai rəyin, cəmiyyətin qayda-qanunlarının çərçivəsində. Ənənələrin üstünlük
təşkil etdiyi yerdə böyüsəm də, qərar vermə müstəqilliyim daim var idi. Bakı
mənə müstəqilliyim üçün lazım deyildi, Bakıya daha böyük məqsədlər üçün gəlmək
istəyirdim. Çünki burada karyeram üçün daha geniş imkanlar açılırdı.
- Karyeranızla bağlı o vaxt
məqsədli planlarınız var idi?
- "Bakıda bir yerdə işə başlayım, sonra özümü tanıdandan sonra
istədiyim işi görəcəm” deyirdim. Mənim istedadım insanlarla ünsiyyət qurmaqda,
darıxdırıcı faktları və rəqəmləri insanların diqqətini cəlb edə biləcək hekayə
şəklində digərlərinə çatdırmaqdadır. Deyirdim ki, Bakıda belə mütəxəssislərə
daha çox ehtiyac var. İlk illər işə girdiyim yerlərdə də deyirdim ki, ingilis
dilim yaxşıdır, tərcüməçi də işləyə bilərəm, amma mənim güclü kommunikasiya bacarıqlarımı, məzmun yaratma şəriştəmi,
kreativliyimi daha effektiv istifadə edə bilərsiniz ki, daha maraqlı işlər görə
bilək. Beləliklə, öz sevdiyim işin sahibi oldum - kommunikasiya üzrə
mütəxəssis.
- İngiltərədə də çalışmısınız,
amma sonra geri dönmüsünüz. Gedənlər adətən, qalırlar, qayıtmanızın səbəbi nə
oldu?
- Bəli, iki il orda çalışdım. Bəlkə də insan üçün öz evinin,
ölkəsinin, cəmiyyətinin qədrini bilmək üçün xaricə gedib-qayıtması lazımdır.
Azərbaycan insanının bir istiliyi var ki, ən çox bu istilik üçün və Bakının
qızmar günəşi üçün darıxırdım.
- Nailiyyət əldə edəndə
"adamı var” deyənlər az olmur. Sizinlə bağlı belə fikir səsləndirən olub?
- Mənim peşəm
hər hansı bir brendi tanıtmaq, irəlilətməkdir. İlk növbədə isə bir mütəxəssis
olaraq təcrübəmdən, bacarığımdan, insanı xüsusiyyətlərimdən ibarət olan öz
brendimi. Əgər mən öz brendimi düzgün təqdim etməyi, tanıtmağı və irəlilətməyi
bilirəmsə, onda "adam”ı neyləyirəm? Əgər harasa "adam” vasitəsilə gedirəmsə,
deməli, bir brend mütəxəssisi kimi işimdə o qədər də bacarıqlı deyiləm. 94-cü
ildən bəri işləyirəm. Bu müddətdə ən böyük adamım da özüm, biliyim və təcrübəm
olub. İnsan öz üzərində işləyib öz brendini qurandan, işinə tam ürəklə
yanaşandan sonra "adama” ehtiyac olmur.
- 45 yaşınızda magistratura
təhsili almısınız. Bizdə xanımlar 30-35 yaşdan sonra buna çox da meyilli
olmurlar. Bu yaşda sizi magistraturanı oxumağa nə məcbur etdi?
- Bu gün hər şey sürətlə dəyişir. Əgər əvvəllər aldığım təhsil işimi
istədiyim kimi görmək üçün kifayət edirdisə, sonra bu, məni qane etmədi. Çünki
ölkə, şirkətlər, biznes mühiti və s. hər şey çox sürətlə dəyişir. Rəqabət
getdikcə artır. Sən də müvəffəqiyyətli bir şirkətin hekayəsini danışan,
kommunikasiyasından cavabdeh adam olaraq yeni trendləri daima tutmalı, onları
izləməlisən. Bunun da ən mükəmməl yolu "executive masters” dərəcəsi almaq idi.
Bildiyiniz kimi "executive” dərəcəni aldığın zaman işlə təhsili eyni zamanda
həyata keçirirsən. Bir il boyunca gecə 3-4 saat yata bildim. Ancaq hər
dəqiqəsinə dəyərdi! 55 yaşımda belə bir ehtiyacı hiss etsəm, yenə gedərəm, yenə
oxuyaram, çünki, insan oxuduğu, öyrəndiyi müddətcə gənc qalır .
- Harada oxudunuz?
- İspaniyadakı İE Biznes Məktəbində. Bu məktəb dünyanın ilk onluğuna
daxil olan təhsil müəssisələrindəndir.
- Bakıya gəldiniz,
işlədiniz və irəliləməyi bacardınız. İndiki yerinizdən əvvələ baxanda, özünüzü
necə bir işçi olaraq dəyərləndirirsiniz?
- Bəlkə də bu, gənclərə yaxşı nümunə olmayacaq (Gülür). Necə deyim
ki, karyeramın ilk illərində gecə saat üçə qədər işləyirdim: Axşam saat 10-a
qədər ofisdə, sonra da ora bağlananda, laptopumu alıb gecə 4-ün yarısına qədər
evdə davam edirdim. Bilirdim ki, bu, mənim karyeramın quruluş zamanıdır. İşdən
nə qorxurdum, nə də qaçırdım. Həmişə məndən gözlənilənin 10 faiz də olsa
artığını verməyə çalışırdım .
- Gecə 3-4-ə qədər işləmək
rejimi nə qədər vaxt davam etdi?
- Ailə həyatı qurana qədər (gülür). Özümü işə çox verirdim.
- Neçə yaşınızda
evləndiniz?
- 35 yaşımda. Bəri başdan deyim: bu yaşda evlənməyimin işkolik olmağımla
heç bir əlaqəsi yox idi. Sadəcə, axtardığım adamı tapmamışdım, tapan kimi də
evləndim.
- 50 yaşın ağırlığı
üzərinizdə hiss olunmur. Bu nədən irəli gəlir?
- Daim içimdə həyat sevgisi, möcüzəyə inam, yaşama sevinci aşıb-daşıb, özümə də yetib, sevdiklərimə də.
Bu, yaxşı günlərimizdə də belə olub, ağır günlərimizdə də. "Hər şey yaxşı olacaq” deyən adam daim mən
olmuşam və bu qədər sevgi, inam və ümid olan yerdə ağırlıq haradan olsun?
- Uzun illər artıq çəkidə
olmusunuz, amma 50 yaşa az qalmış 51 kilo arıqlamısınız. Adətən, xanımlar
gənclik illərində bunu edirlər, yaş artdıqca buna maraqlı olmurlar. Niyə bu
qədər gec?
- Əslində, əvvəllər də artıq çəki ilə mübarizə aparırdım, 10-15 kilo
verirdim, sonra yenə qayıdırdı. Bu dəfə bir az tənbəl yoldan getdim, mədə
kiçiltmə əməliyyatı ilə bu çəkini verdim.
Amma onu deyim ki, mən artıq
çəkidə olanda da xoşbəxt idim, indi də. Çəki ilə bağlı komplekslərimi
gənclik illərində həll etmişdim. Bir növ öz brendim üzərində işləmişdim. Özümə
demişdim ki, bəzi brendlər yumru olur, bəziləri uzun və s (Gülür).
Valideynlərimin 5 ildən sonra doğulan ilk övladı mən olmuşam, sonra da bacım,
bizi çox böyük sevgi ilə özümüzlə barışıq böyütmüşdülər. Özü ilə barışıq insan
isə hansı çəkidə olsa da, özünü istədiyi kimi dünyaya qəbul etdirə bilir.
Amma bir də ayıldım ki, 50 yaşa az qalıb. Mən inanıram ki, insan
həyatı boyu bir neçə həyat yaşamış olur. Bir həyatım sovet dövründə yaşayan
Sona idi, biri Azərbaycanın müstəqillik qazanması ilə özü də bir növ öz
müstəqilliyini tapan gənc qız. Sonrakı mərhələ müəyyən təcrübə yığmış, daxilən
gənc olan, içindəki sevinci sevgini bölüşmək istəyən Sonadır. Bundan sonrakı
mərhələ 50-dən sonraya düşür. Deyilənə
görə, həyat 50 yaşdan sonra başlayır. Mən də bu yeni mərhələ üçün yeni
hədəflər qoymuşdum, təhsil və arıqlamaq da bu hədəflərdən idi
- Övladınız yoxdur,
övladlığa uşaq götürmək haqqında düşünməmisiz?
- Yox. Uşaqlıqda bacımla oyuncaqlarımızı bölüşürdük, sonra
paltarlarımızı, çantalarımızı. Onun uşaqları da indi sanki ikimizin övladıdır.
Düzdür, mən Bakıda yaşayırdım, o Gəncədə. Uşaqları böyütmək yükü onun üzərinə
düşdü. Amma indi qızlar böyüyüblər, hər ikimizə də övladlıq edirlər.
- Uzun müddətidir
Bakıdasınız, xaricdə də fəaliyyətiniz olub, amma hələ də Gəncə ləhcəsi sizdə itməyib.
İşgüzar sferada da danışığınızda bu, olur?
- Çalışıram ki, rəsmi görüşlərdə daha səlis danışım, ancaq ləhcəm
güclüdür, bir yerdən özünü büruzə verir. Bu da mənim şəxsi brendimin bir
özəlliyidir yəqin.
Aygün Asimqızı