• cümə, 26 Aprel, 01:01
  • Baku Bakı 16°C

25 il yol gələn “Söz”

13.09.18 09:45 2048
25 il yol gələn “Söz”
"Söz” özünə geniş auditoriya qazanıb. Jurnalın nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da oxucuları var. Bu, nəşrin rəhbərliyinin və kollektivinin əməksevərliyindən və fədakarlığından irəli gəlir. 25 il ərzində dövriyyəsinə bircə dəfə də fasilə verməyən dərginin başlıca peşəkarlıq meyarı azərbaycançılıq mövqeyinə əsaslanmaqdadır”. "Söz” jurnalının 25 illik yubileyinə ünvanlanan bu təbrik, dərginin müstəqil ədəbi-publisistik jurnal kimi ölkənin ictimai həyatında mühüm yer tutduğundan xəbər verir. Yubiley münasibətilə jurnala ünvanlanan təbriklər, Azərbaycanın görkəmli ziyalılarının, söz və sənət adamlarının, millət vəkillərinin xoş ürək sözləri 25 illik zəhmətin boş yerə sərf olunmadığını təsdiqləyir.

Dərgini müntəzəm izlədiyini qeyd edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mövzu rəngarəngliyini bəyəndiyini də bildirib: "Habelə dinimiz, mənəviyyatımızla bağlı mövzulara, İslamı qəbul edən dünya şöhrətli insanlara xüsusi yer verilməsini təqdir edirəm”.

"Yubilyar nəşr yüksək səviyyəli poeziya, publisistika nümunələrinin yayımlandığı mətbu mərkəz statusundadır”- deyə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Söz”çülərə ən xoş arzu və diləklərini çatdırıb.


Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov "Azərbaycan dövlətçiliyinə məhəbbət və sədaqət "Söz”ün ana xəttidir”- deyərək, jurnalı dəyərləndirib: "Söz” müasirlərdən də yazır, klassikləri də xatırlayır, unudulanları da yada salır. İnanıram ki, mütərəqqi ideyalardan qaynaqlanan və dünyanın əksər ölkələrində yaşayan soydaşlarımızın həmsöhbətinə çevrilən "Söz” bundan sonra da seçdiyi şərəfli yola sadiq qalaraq səhifələrində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən gözəl təbliğatçısı olacaq”.

Xalq yazıçıları Anar, Elmira Axundova, Çingiz Abdullayev, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, professor , Əməkdar elm xadimi Sudeyif İmamverdiyev, professor Əjdər Ağayev, yazıçı Hidayət, akademik, millət vəkili Ziyad Səmədzadə və b. ziyalılar jurnalın, yaşadığı 25 il ərzində söz sahiblərinə məhəbbət və tələbkarlıqla, hörmət və qayğı ilə yanaşmasını önə çəkiblər. "Söz”ə verilən dəyər, jurnalın həmçinin bugünkü elektron medianın və vətəndaş mediasının sərhədlərinin genişləndiyi bir vaxtda, fərqli yükə malik olmasının ifadəsidir.
"Söz”ün mənəvi atası

"Söz” - Şəkər Aslanın yadigarıdır. Jurnalın baş redaktoru Sevda Əlibəylinin jurnalın yubiley nömrəsində qələmə aldığı "Baş redaktordan” adlı yazısı jurnalist kimi peşəsinə, ona tapşırılan əmanətə sadiqliyinin təsdiqidir: "Cənub zonası üçün nəzərdə tutulmuş bu jurnal birbaşa Şəkər Aslanın adına təsis olunmuşdu. "Söz”ün yaranması ilə şair bəlkə də, ömrünün ən bəxtəvər illərini yaşadı. Jurnalın hər sayı işıq üzü görəndə sanki yenidən dünyaya gəlib uşaqlaşırdı. Təəssüf ki, bu sevinc uzun sürmədi. Jurnalın cəmi altı sayını imzalaya bildi. Şəkər Aslansız ilk sayı çapa imzalayanda dediyim fikrə bu gün də sadiqəm: "Şəkər Aslan yaratdığı "Söz”ün mənəvi atası olaraq əbədi yaşayır”.

«Söz»ün işıq üzü görməsi ədəbi hadisə idi. O illərdə jurnalların sayı indiki qədər deyildi: "Haqqında qəzet-jurnallar yazdı, radio-televiziya təbliğ etdi. 3 min tirajla çıxan jurnal əl-əl gəzdi, respublikanın bütün rayonlarına yayıldı”.

"Söz”ə təkbaşına çiyin verənədək, Sevda Əlibəylinin yaradıcılıq yolu müxtəlif mətbu orqanlardan keçib. 1980-ci ildə ADU-nun (BDU) jurnalistika fakültəsinə qəbul olan S.Əlibəylinin imzası hələ tələbəlik illərindən respublikanın müxtəlif mətbu orqanlarında - "Kommunist”, "Sovet kəndi”, "Vışka”, "Azərbaycan qadını”, "Azərbaycan təbiəti,” "Kənd həyatı” və s. qəzet və jurnal səhifələrində tanınıb. Oçerk və reportajları əsasında Azərbaycan radiosunda verilişlər hazırlanıb. Yazıları müxtəlif qəzet və jurnalların qiymətli mükafatına layiq görülüb.

S.Əlibəyli qiyabi təhsil aldığına görə, III kursdan «Leninçi» («Lənkəran») qəzetində fəaliyyətə başlayıb. Həmin illərdə qəzetdə «Həssas olaq, qayğı göstərək» rubrikasını açmaqla, rayonda ehtiyaclıların, gözləri yolda, qulaqları səsdə olan yüzlərcə kimsəsizin problemlərinin həllinə nail olub. Onlarca Qarabağ əlilinin, şəhid ailəsinin dərdinə həmdərd olmaqla yanaşı, peşə və insani borcunu yerinə yetirməyə çalışıb: "Peşəm təkcə bu problemləri yazıb dərc etməklə bitmirdi. Problemlərin tam həllinə nail olunca mübarizə aparırdım. Bu yazıların əksəriyyəti respublika mətbuatında da öz əksini tapır və həllinə nail olurdu”- deyə Sevda xanım xatırlayır.
1993-cü ildə Cənub bölgəsi üçün «Söz» adlı jurnal təsis olunanda 22 il rayon qəzetinə rəhbərlik etmiş şair, publisist, dramaturq Şəkər Aslan baş redaktor, S.Əlibəyli isə baş redaktorun müavini təyin olunub: "Jurnal Cənub bölgəsi üçün nəzərdə tutulsa da, ilk saydan yayım ərazisi dünyanın müxtəlif ölkələrini əhatə etdi. Jurnalın müxtəlif rayonlara - Masallı, Astara, Lerik, Bakının Xətai rayonuna və s. xüsusi buraxılışlar həsr etməsi özünün imkanlarını Azərbaycan sözünün anlaşıldığı coğrafi genişliyə çatdıra bilməsi demək idi”.

"Söz”ün amalı

"Söz” ün yubileyi jurnalın fədakar baş redaktoru Sevda Əlibəylinin jurnalistlik fəaliyyətinin 35 ili ilə yanaşı addımlayır. Bu illər xanım jurnalisti, peşəsinin fədakar yolçusu, zəhmətkeşi kimi tanıdıb. Akademik, millət vəkili Rafael Hüseynovun qeyd etdiyi kimi: "Qələmin, sözün fəhləsi ola bilmək elə çətin yükdür ki, onu nə hər ürək, nə hər çiyin çəkə bilər. Çünki qələmə, sözə fəhlə ola bilmək fədakarlığında və təmənnasızlığında millətə xidmət var. Sevda xanım Əlibəyli onillərdir ki, bu çətin və şərəfli yolun yolçusudur”.

S.Əlibəyli Azərbaycan Jurnalistlər Birliyi (1987) və Yazıçılar Birliyinin üzvü (2003), 8 kitab müəllifidir. «Xəzərin general oğlu» («Adiloğlu», 2002) daxili xidmət general-mayoru Aydın Məmmədovdan, «Tanrısı haqq olan aşiq» («Adiloğlu», 2004), Əməkdar artist İmamverdi Bağırovdan, «İlk poliqrafçı alim» («Gənclik» 2010) Şəddat Cəfərovdan, «Ömrün mənası» («Elm və təhsil», 2012) müəllim və hüquqşünas Sabir Qarayevdən, «Bilsəm ki, həyatda izim qalıbdır…» («Vətən», 2014) ərəbşünas alim Malik Qarazadədən, əmək fəaliyyəti yarım əsrdən artıq dövrü əhatə edən, qəhrəmanın adı ilə adlandırılan «Səadət Tağıyev” («Vətən», 2016), şair-publisist Allahverdi Məmmədli haqqında «Ayrılıqla görüşə gedən şair» («Vətən», 2016) kitabları nəşr olunub.

Sevda Əlibəyli yaradıcılığına görə müxtəlif mükafatlara layiq görülüb. Rəsul Rza adına beynəlxalq ədəbi, Dədə Qorqud, Qızıl Qələm, Məhsəti Gəncəvi, Xan qızı Natəvan və s. media mükafatları laureatıdır. Prezident mükafatçısıdır. "İlk poliqrafçı alim” kitabı ilin araşdırma-sənədli kitabı nominasiyası üzrə Milli Kulturoloji mükafata layiq görülüb. 2013-cü ildə Lənkəran şəhər bələdiyyəsi Sevda Əlibəylini publisistika üzrə «İlin laureatı» elan edib.

Sevda Əlibəylinin fəaliyyəti dəfələrlə Lənkəran şəhər İcra Hakimiyyətinin Fəxri fərmanlarına layiq görülüb

Baş redaktor bu gün "Söz”ün yaradıcılıqdan tutmuş, texniki problemlərinə, nəşrinə qədər çətinliyini öz çiyinlərində daşıyır. Xalq şairi Sabir Rüstəmxanlının yubiley təbrikində yer alan fikirlər bu zəhməti olduğu kimi işıqlandırmağa gözəl misaldır: "Maddi sıxıntılara, poliqrafik çətinliklərə, mənəvi təzyiqlərə məruz qalmaq, müxtəlif icra başçılarının müxtəlif münasibətlərinə dözüb davam gətirmək "Söz”ə nəsib olub. "Sözü”ün yaşaması Sevda xanımın iradəsinin, fədakarlığının, ədəbi iddiasının nəticəsidir. Dövlət dəstəyi, heç bir himayədarı olmadan jurnalı yaşatmaq sözün həqiqi mənasında fədakarlıqdır. Onun söz sevdası ”Söz”ün ömrünün davamlı olmasına təminat yaradıb. Ədəbi jurnallar arasında özünəməxsus yeri var. Özünə davamlı oxucu kütləsi toplayıb. Davamlı müəllifləri var”.

Hazırda "Söz” rüblük jurnaldır. Lənkəranın ədəbi həyatını əks etdirmək vəzifəsini hədəf seçsə də, dərgi bu gün də yalnız bir bölgənin ədəbi həyatını əks etdirmir. Jurnalın səhifələrindən Azərbaycanın işıqlı adamları, füsunkar təbiəti boylanır: Sevda xanım deyir: "Əsas oxucularımız Cənub bölgəsindədir. Paytaxt ziyalılarından çox razıyam. Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov "Söz”ü respublikanın bütün bölgələrinə yaymaqla əsl ziyalılıq nümunəsi göstərir. "Söz”ün İranda, Rusiyada, Orta Asiya və Avropa ölkələrində, hətta okeanın o tayında - ABŞ-da da oxucuları var”.

«Söz»də əsas amal azərbaycançılıq mövqeyidir. Azərbaycan dövlətçiliyi, millət, yurd sevgisi, milli dəyərlərin qorunması jurnalın ana xəttidir: "Söz”də bütün Azərbaycan yazarlarının imzaları ünvanını tapır. Müəllif və oxucu coğrafiyası yalnız Cənub bölgəsi ilə məhdudlaşmır, tərcümələrə də geniş yer verilir”.

S.Əlibəyli övladı qədər əziz olan jurnalın nəşri üçün müəyyən problemlərlə üzləşsə də, peşəsinə olan sevgisi, SÖZə olan məhəbbəti nə əlini sevdiyi işindən soyudur, nə də şükranlığına mane olur: "Söz” 5 il ulu öndərin sərəncamı ilə ayrılan maliyyə dəstəyi hesabına işıq üzü görüb. Sonra qaldı satışın öhdəsinə. Satışın gəliri borcu ödəmir. Poliqrafiya materiallarının qiymətləri zaman-zaman qalxsa da, biz oxucuları itirməmək üçün qiymətləri qaldırmırıq. Həyatda hər şey pulla ölçülmür. Amma pulsuz da heç nə əmələ gəlmir. Bu illərdə heç bir qapı döyüb sponsor axtarmamışam. Amma məəttəl də qalmamışam. Özümə ən böyük sponsor Yaradanı - Ulu Tanrını sayıram. Qurban olduğum gözləmədiyim yerdən yollar açır. "Söz”ə diqqət, qayğı göstərən ziyalıların adlarını çəksəm, böyük bir siyahı alınar və kimsəni unutmaqdan qorxuram. Bütün "Söz”sevərlərə kiçik kollektivimiz adından minnətdarlığımı bildirirəm!”

Biz də "Söz”ə əbədi yaşamağı, dəyərini itirməməyi, rəngarəng mövzular, yeni qəhrəman və layihələr, ən əsası geniş oxucu auditoriyası arzulayırıq!
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər