• cümə axşamı, 28 mart, 20:25
  • Baku Bakı 13°C

“24-lər”dən iyirmi ikincisi - BDU-100

04.10.18 10:45 1021
“24-lər”dən  iyirmi ikincisi - BDU-100
Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci ildə Gəncədə anadan olub. Onda hələ Azərbaycanın işğalına qarşı haqq səsini qaldıran Gəncənin ağrı-acısı sovuşmamışdı. "Gəncədə bir başı papaqlı qoymadım” deyərək "qürur” hissi keçirən Gəncə quberniyasının fövqəladə komissarı Həmid Sultanov yanılırdı, özü də çox... O, unudurdu ki, burada Cavad xanın ruhu uyuyur... O, ruh ki, bu torpaqda Azərbaycanın milli istiqlalı uğrunda onlarla, yüzlərlə Xoyskiləri, Ziyadxanovları, Rəfibəyliləri, Yusifbəyliləri yetişdirmişdi...Atasını çox erkən itirən Murtuz, kiçik yaşlarından zəhmətə bağlı böyüdü. Nə qədər çətin günlər yaşasa da, təhsildən yayınmadı. Ölkəsinin "qır qazanında” qaynadığı vaxt -1934-cü ildə məktəbə getdi. İlk təhsilini Gəncədəki 28 saylı məktəbdə alan Murtuz məktəbi fərqlənmə attestatı ilə bitirir. 1945-ci ildə hüquqşünas olmaq arzusu ilə Bakıya gələrək, BDU-nun hüquq fakültəsinə daxil olur.
1950-ci ildə universiteti də fərqlənmə diplomu ilə bitirən gənc, daha mükəmməl hüquq təhsilinə sahib olmaq üçün Moskvaya gedir. Həmin ilin sonlarında SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunda beynəlxalq hüquq ixtisası üzrə aspiranturaya qəbul olur. 1953-cü ildə isə uğurla dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik adına layiq görülür və vətənə qayıdır. Bir zaman tələbəsi olduğu BDU-da dövlət hüququ kafedrasında işə başlayır.1965-ci ildə həmin kafedranın müdiri seçilən Murtuz müəllim, 45 ildən çox bu kafedraya rəhbərlik edib və BDU-da "Konstitusiya hüququ elmi məktəbi”nin yaradıcısı kimi tanınıb. Bu illər ərzində dövlət hüququ (hazırda konstitusiya hüququ adlanır) kafedrasında onun rəhbərliyi ilə dərsliklər, dərs vəsaitləri, proqramlar, monoqrafiyalar çap edilib. "Bərabərhüquqluəməkdaşlıq”, "Təbiət və qanun”, "Asiya və Afrikanın gənc dövlətlərinin beynəlxalq-hüquqi subyekti”, "Konstitusiyanı gözləmək bütün vətəndaşların borcudur”, "Milli dövlət quruculuğu”, "Dövlət orqanları” və s. əsərlərdən bu gün də tələbələr bəhrələnir. Onun "Azərbaycan: Milli dövlət quruluşu” monoqrafiyası yalnız gənc hüquqşünasların deyil, həm də idarəedici orqanlarda işləyənlərin stolüstü kitabıdır. Müəllifin 12 monoqrafiyası, beş dərs vəsaiti, onlarla elmi məqalələri bir daha sübut edir ki, Murtuz müəllim çox məhsuldar tədqiqatçı olub. Nəzəriyyə ilə təcrübəni qoşa aparan hüquqşünas, uzun illər hüquq mühafizə orqanları ilə əməkdaşlıq edib. Respublika Ali Məhkəməsinin və Prokurorluğunun Elmi-Məsləhət Şurasının üzvü olub. Respublika miqyaslı qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak edən Murtuz müəllim, müstəqillik dövründə daha fəal çalışıb. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya qanununun müəlliflərindən biri də Murtuz Ələsgərovdur. 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edən, 1969-cu ildə professor elmi adına layiq görülən Murtuz müəllim, bacarıqlı hüquqşünas və alim kimi dəfələrlə xaricdə keçirilən elmi konfransların, simpoziumların iştirakçısı olub. 1961-ci ildə Fransada, 1976-cı ildə ABŞ-da , 1978-ci ildə İngiltərədə, 1984-cü ildə Yaponiyada elmi mərkəzlərdəki çıxışları, məruzələri maraqla qarşılanıb. Beynəlxalq Hüquq Assosiasiyasının, Hüquqşünaslar İttifaqı İdarə Heyətinin üzvü olan M.Ələsgərov, mütəmadi olaraq dövrü mətbuatda çıxış edib. Azərbaycan televiziyasının beynəlxalq məsələlər üzrə şərhçisi olan görkəmli hüquqşünas, "Qitələr və hadisələr”, "Planetimizin mənzərəsi” verilişlərinin aparıcısı idi.M.Ələsgərov müxtəlif illərdə "Bilik” cəmiyyəti idarə heyətinin üzvü və Yasamal rayon "Bilik” cəmiyyətinin sədri olub. İstər sovet dövründə, istərsə də yenidən müstəqilliyimizin bərpasından sonra ölkədə baş verən bütün ictimai-siyasi hadisələrdə yaxından iştirak edən Murtuz müəllim, hər an ziyalılıq borcunu layiqincə yerinə yetirib. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsinin acılarını yaşayırdı. Belə ağır bir dövrdə Azərbaycan xalqı, ölkənin qabaqcıl ziyalıları müdriklik göstərərək dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdilər. Əlbəttə, bu, həmin dövr üçün olduqca təhlükəli addım idi. Çünki Heydər Əliyev və onun yaxın tərəfdarları daim təzyiqlərlə üzləşir, təqiblərə məruz qalırdılar. Azərbaycan xalqına düşmən olan bəzi qüvvələr də Heydər Əliyev şəxsiyyətindən açıq-aşkar çəkinir, hər vəchlə Ulu Öndərin yenidən hakimiyyətə gəlməsinin qarşısını almağa çalışırdılar. Amma xalqın güclü iradəsi bütün təhdidlərin qarşısını aldı və Heydər Əliyev Azərbaycanda hakimiyyətə dəvət olundu. Murtuz Ələsgərov həmin dövrdə və ondan sonrakı illərdə ümummilli lider Heydər Əliyevin sadiq silahdaşlarından birinə çevrildi. Hər zaman öz işgüzarlığı və prinsipiallığı ilə seçilən Murtuz Ələsgərov elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdirir, insanları narahat edən məsələlərin ədalətli həllinə çalışırdı. O, 1990-cı illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi ilə yaradılan, bu gün regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının formalaşdırılmasında və təşkilatlanmasında yaxından iştirak edirdi. Uzun müddət partiyanın sədr müavini kimi fəaliyyət göstərən Murtuz müəllim Heydər Əliyev ideyalarının reallığa çevrilməsi üçün var qüvvəsi ilə çalışırdı. Odur ki, ümummilli lider Heydər Əliyev onu Yeni Azərbaycan Partiyasının ideya və əqidəsinə sadiq, dönməz əsgəri adlandırırdı.
7 dekabr 1993-cü il. Murtuz Nəcəf oğlu Ələsgərov BDU-ya rektor təyin edilir. Bundan sonra BDU-nun təhsil həyatında sabitliyə və inkişafa doğru yol başlayır. "Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır...” söyləyən ölkə Prezidenti Heydər Əliyev 3 sentyabr 1994-cü ildə universitetinin 75 illik yubileyinin keçirilməsi haqqında fərman imzaladı. Bu fərman BDU-nun inkişafında böyük rol oynayaraq, dirçəliş dövrünün başlanmasına səbəb oldu. Elə həmin ay BDU-nun nəzdində Bakı Türk Liseyi təsis olundu. Universitetdə yeni fakültələr, kafedralar açıldı, universitet nəşriyyatı dövlət büdcəsindən maliyyələşdirildi və s. 1995-ci ildə xarici tələbələrlə iş üzrə dekanlığın nəzdində xarici vətəndaşlar üçün humanitar yönümlü hazırlıq şöbəsi açıldı və universitetdə proqram layihələri çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının təbliğinə başlandı. Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilən BDU-da artıq tədris-təlim də yavaş-yavaş öz axarına düşürdü. Üç ilə yaxın BDU-ya rəhbərlik edən, öz elmi, ictimai-siyasi fəaliyyəti ilə insanlar arasında nüfuz qazanmış, fəal ziyalı mövqeyinə malik professor Murtuz Ələsgərov 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlament fəaliyyəti dövründə ölkənin qanunvericilik bazasının yaradılmasında və möhkəmləndirilməsində yaxından iştirak edib. 1996-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilib və on ilə yaxın müddətdə bu vəzifəni layiqincə yerinə yetirib. O, respublikamızda qanunvericilik sisteminin konstitusion prinsiplər əsasında təkmilləşdirilməsinə önəmli töhfələr verib, həmçinin hüquqi dövlət quruculuğu sahəsində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm xidmətlər göstərib. Murtuz Ələsgərovun xidmətləri layiqincə qiymətləndirilib. O, "İstiqlal” ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin "Sodrujestvo” ordeni, Rusiya Federasiyasının "Dostluq” ordeni ilə, digər fəxri adlar və mükafatlarla təltif edilib. M.Ələsgərov 2012-ci ilin avqust ayında dünyasını dəyişib.
Xalqına sədaqətlə xidmət etmiş görkəmli ictimai-siyasi xadim, Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş alim-pedaqoq Murtuz Ələsgərovun əziz xatirəsi onu tanıyanların xatirəsində yaşayır və yaşayacaq.
Murtuz müəllimin taleyindəki uğurların təməli olan BDU bu gün ölkəmizdəki ali məktəblərin flaqmanına çevrilib. Bu uğur onun da ruhuna əyandır. Ruhun şad və nurlu olsun!
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər