• cümə, 29 Mart, 03:38
  • Baku Bakı 7°C

22 yaşında həyatı dəyişən gənc - Örnək

28.09.18 11:32 3291
22 yaşında həyatı dəyişən gənc - Örnək
"Mükəmməl olmaq deyil, xoşbəxt olmaq önəmlidir. Ehtiyaclarını heç kimə möhtac olmadan ödəyə bilirsənsə, bu, çox qiymətlidir. Çünki həyatda başına elə bir iş gələ bilər ki, telefonuna gələn zəngə cavab vermək imkanın ola bilməz. Bu gün mən sizinlə görüşə öz ayağımla gələ bilmişəmsə, bu, böyük uğurdur”.

Bu sözlərin müəllifi anadangəlmə fiziki məhdudiyyətinə görə, ayrı-seçkilik yaşayan, bunlara rəğmən, həyatla mübarizə aparmağı və bu gününə şükür etməyi bacaran Samir Panaliyevdir. Samir fəal gənclərimizdəndir və həyata keçirdiyi layihələrlə hər zaman diqqət mərkəzindədir. Məhdudiyyəti isə boyunun balaca olmasıdır.

"22 yaşımda yaşadığım ağrılardan xilas oldum”

Ailədə 5 nəfərdirlər. İki bacısı var. Dediyinə görə, nəsildə yeganə balacaboy özüdür: " Problemim uşaq vaxtından yaranmışdı. Doğuş zamanı belim qırılıb, lakin heç kimin xəbəri olmayıb. Qırıq bel ilə məni bələyiblər. Ağlasam da, "körpə uşaq ağlayar” deyib, fikir verməyiblər. Doğuş həkimim də nənəm olub. Gün keçdikcə, ağrılarım artdığı üçün artıq dayanmadan ağlamışam. Laçın rayonuna həkimə aparıblar. Problemin nə olduğu bilinəndən sonra isə məni Bakıya gətiriblər. 9 ay gipsdə qalmışam. Gipsi saxlamağa səbrim çatmadığı üçün tez hərəkətdə olmağa, yeriməyə başlamışam və nəticədə ayaqlarım əyilib. Bundan sonra raxitlik prosesi başlayıb”.

Ayaqlarındakı problemə görə, uzun illərdir ağrılardan əziyyət çəkməli olan Samir, nəhayət 22 yaşında ağrısız həyata qədəm qoyur : "22 yaşına qədər əyri ayaqla yaşadım. Ondan sonra əməliyyat olundum, boyumu 20 sm uzatdılar, ayaqlarımın əyriliyini düzəltdilər. Əvvəl ayaq üstə çox dura, uzaq məsafələri gedə bilmirdim, soyuq olanda ayaqlarım məni incidirdi. İndi boyum balaca olsa da, normal insanlar kimi istədiyim hərəkəti edə bilirəm”.


"Oxumasan, əziyyət çəkəcəksən”
Ayaqları sağaldıqdan sonra ictimai fəaliyyətlə məşğul olmağa, layihələr yazmağa başlayıb: " İlk layihəm etika və davranışların təbliği ilə bağlı olub. İkinci layihəm isə vətənpərvərliyin inkişafı ilə bağlı idi və Bakıda keçirilib. Beləliklə, bu işdə uğur qazanmağa başladım. Düşünürəm ki, hər gəncin ilk məqsədi ali təhsilli olmaq deyil, məktəbdə müəyyən biliklərə yiyələnmək olmalıdır. Ali olmasa da, təhsilin olmalıdır. Hər bir gəncin bünövrəsi orta məktəbdə qoyulmalıdır. Nə atam, nə də anam təhsilli olmayıb. Ancaq atam həmişə mənə dəstək olub ki, yaxşı təhsil alım. Deyirdilər ki, oxumasan, gələcəkdə çox əziyyət çəkəcəksən. Məncə, önəmli olan ali təhsil deyil, həvəsin olan istiqamətə doğru getməkdir”.

"Ayağım əyri olduğu üçün işdən çıxardılar”
Həmsöhbətimiz əlillərin cəmiyyətə inteqrasiyasının çətin olduğunu deyir: " Hələ indi-indi məni normal qəbul etməyə başlayıblar. Əvvəllər ictimai nəqliyyatda mənə baxanda qulaqlarını dartırdılar. Ümumiyyətlə, əlillərə yazıq kimi baxırlar. Elə davranırlar ki, sanki ikinci dərəcəli insanlarıq. Söz danışırsan, sənə qeyri-ciddi yanaşır, tez yola verirlər. Cəmiyyət, biz də özümüzü normal hiss edək deyə çalışmalıdırlar. İşə düzələndə də problemlərim çox olub. Bir dəfə maşınqayırma zavodunda işləyirdim. Ayağım əyri olduğuna görə, məni işdən çıxartdılar ki, bura uyğun deyil. Belə reaksiyalarla qarşılaşanda gülüb keçirəm. Ağıllı adamı başa salmaq olar, ancaq düşüncəsiz adama heç bir xeyri yoxdur. Elə adamlara demək istəyirəm ki, hər insanın başına istənilən anda hər şey gələ bilər. Əksinə, bizə mənəvi dəstək olmaları daha yaxşı olardı. Hər şey ailədən, təhsil ocaqlarından başlamalıdır. Valideynin əlil insana reaksiyası necədirsə, uşağın da reaksiyası elə olur. Valideyn uşağını başa salmalıdır ki, fiziki məhdudiyyətli insanlardan qorxmaq lazım deyil. Heç kim sabah başına nə gələcəyini bilmir”.

Samirə ən böyük dəstək ailəsindən gəlib: "Atam həmişə mənə deyirdi ki, deyilənlərə fikir vermə, fiziki məhdudiyyətli olmaq fərqli olmaq demək deyil. Anamda məni belə motivasiya edirdi: " Nə olsun ki, balacaboysan. Qızıl da balaca olur. Əsas odur , ürəyin dünya boydadır”. Belə şirin sözlərlə mənə dəstək olurdular”.

"Ətrafın gözəl olsa, dünyan da gözəl olar”
Ətrafınızda olacaq insanları doğru seçməyi məsləhət görür. Dediyinə görə, ətrafındakı dostları olmasaydı, yaşadıqları ona psixoloji zərbə vurardı: " Mənfi reaksiyalar görəndə fikir verməməyə çalışır, mənə psixoloji təsir etməsinə imkan vermirəm. İnsanın bir şeyi olmayanda, qarşılığında başqa şeyə sahib olur. Hər zaman vəziyyətinə şükür etməlisən. Əsas, ürəyin, düşüncəndir. İnsan maneələri düşüncəsində həll etməlidir. Belə olanda, həyata baxışın yaxşı olacaq. Ətrafın gözəl olsa, dünyan da gözəl olar. Çox əziyyətlərdən keçib bu gün bu nöqtəyə gəlib çıxmışam. Orta məktəbdə cəbr dərsində müəllim lövhədəki misalı həll etmək üçün məni çağırırdı. Boyum lövhəyə çatmadığı üçün yalandan həllini bilmədiyimi deyirdim. Hərdən də müəllim sinfə daxil olanda uşaqlar ayağa qalxırdı, mənim də boyum balaca idi deyə, müəllim elə bilirdi ki oturmuşam. Bu vəziyyətlərdən ailəmin, dostlarımın dəstəyi ilə çıxdım”.

"İlk pulumu butulka satmaqla qazanmışam”
Məktəb illərində kitab, dəftər almaq üçün butulka yığıb satdığını deyən Samir, motivasiyanı kədərli keçmişi sahib, ancaq indi uğurlu şəxslər siyahısında olan tanınmışların həyat hekayələrini oxumaqda tapır: "Məktəb illərində kitab almaq üçün butulkalar yığıb satırdım. Boyum onsuz da artmırdı. Keçən ildən qalan geyimlərimi geyinirdim, çantamı tikirdim. Təkcə kitab, dəftər, qələm almaq lazım olurdu. Zibillikdən butulkaları yığıb satırdım. İlk qazancım da elə həmin pullar olub. Pis olanda, kiminsə reaksiyası mənə mənfi təsir edəndə dünyadakı uğurlu şəxsləri araşdırıram, onların kədərli həyat hekayələrini oxuyuram. Allaha ümid bağlayıram. Çətinlikləri görmüşəm deyə, indi yaşadığım hər şeyə şükür edirəm”.

"Elə şeylər var ki, onu yaşayıb görməlisən”
Bəzi valideynlərin əlil uşaqlarını evdə dustaq etdiklərini deyən müsahibim, cəmiyyəti, eləcə də valideynləri düzgün yol seçməyə çağırır: "Həmin valideynlər bilməlidir ki, Allah məsləhət bilib və onu elə yaradıb. Dünənki günü geri qaytara bilmirik. Çalışmalıyıq ki, səhvlərdən uzaq olaq. Bir insanı hamı bəyənməli deyil ki... Valideyn ki, uşağını qəbul etmir, onu insan içinə çıxartmır, ondan utanırsa, o, valideyn deyil. Bu, uşağı intihara da sürükləyə bilər. Məsələn, mən valideynlərimdən özümə qarşı "yazıq” reaksiyası görməmişəm. Buna görə, onlara minnətdaram. Bu gün komplekslərimi aşmışamsa və rahat həyat yaşayıramsa, valideynlərimə borcluyam”.
Məlumat üçün bildirək ki, müsahibimiz orta məktəbi bitirəndən sonra 2012-ci ildə hazırlıq mərkəzində inzibatçı kimi işləməyə başlayıb. Türkiyədə distant şəkildə menecment ixtisası üzrə ali təhsil alıb.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər