• cümə, 29 Mart, 13:56
  • Baku Bakı 14°C

Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd ediblər

07.01.22 09:15 349
Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd ediblər
Pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.
AZƏRTACxəbər verir ki, bu bayram Müqəddəs gecədən başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. Süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov - şam yanır. Müqəddəs gecənin ən başlıca yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir. Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.
Deyilənlərə görə, Milad bayramında evdən darçın və vanil ətri gəlməlidir. Yəni məxsusi yemək olmadan bu bayramı təsəvvür etmək mümkün deyil. Qədim zamanlarda daha bir ənənə olub: bayram günlərində yalnız təzə libaslar geyinirdilər.
İnanclara görə, Milad gecəsində ürəkdə ən ümdə arzunu tutmaq lazımdır, onda bu arzu mütləq həyata keçir. Məhz bu gecədə su, təbiətin özü və hava sanki sehrlə dolaraq bütün arzuların həyata keçməsinə kömək edir. Milad ənənələrinə görə, bayram günlərində insanlar vaxtlarını şən keçirməli, qəm-qüssədən uzaq olmalı, həyatdan zövq almalıdırlar.
Azərbaycanın pravoslav xristian icması da Milad bayramını təntənə ilə qeyd edir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Müxtəlif dinlərin nümayəndələri əsrlərboyu torpağımızda dinc yanaşı yaşayır, öz adət-ənənələrini sərbəst şəkildə icra edirlər. Azərbaycanda heç vaxt milli və irqi zəmində ayrı-seçkilik, dini dözümsüzlük olmayıb. Digər konfessiyaların nümayəndələri kimi, xristianlar da cəmiyyətimizin tamhüquqlu üzvüdürlər. Ölkədə bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev hər il olduğu kimi, bu il də pravoslav xristian icmasına Milad bayramı münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir ki, Azərbaycanda əsrlərboyu müxtəlif xalqların və konfessiyaların nümayəndələri mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşamışlar. Cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin və dözümlülük mühitinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
"Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il ölkəmizdə qeyd olunur. Bu müqəddəs bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”, - deyə dövlətimizin başçısı təbrik məktubunda qeyd edir.
Yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində bu uğurlu bayram təntənəli şəkildə qeyd olunur.
banner

Oxşar Xəbərlər