• cümə axşamı, 25 aprel, 12:29
  • Baku Bakı 23°C

Heykəltəraş ömrü

13.02.21 11:00 1744
Heykəltəraş  ömrü
Əməkdar rəssam Aslan Rüstəmovun bədii irsi haqqında

O, ilk sənət uğurunu çox erkən - Stroqonov adına Moskva Ali-bədii-sənaye məktəbinin tələbəsi kimi qazansa da, bundan respublikada çox az adamın xəbəri olmuşdu. Amma əslində 1957-ci ildə kosmosa ilk sovet peykinin uçuşunun bədiiləşdirilməsi məqsədilə keçirilən Ümumittifaq müsabiqəsində həvəsləndirici mükafat almaq (sənət dostu H.Rəcəbovla birlikdə) tələbə-rəssam üçün elə də asan məsələ deyildi. Amma gənc Azərbaycan heykəltəraşlarının bu tarixi hadisəyə fiqurlu kompozisiyada obrazlı görkəm verə bilmələri, tələbkar münsiflər heyətini razı sala bilmişdi. Müsabiqə nəticələrinin elan olunmasının səhəri "Sovetskaya kultura” qəzetində yer almış fotoların sırasında öz əsərini görmək, əlbəttə ki, onlar üçün unudulmaz yaşantı idi.
Birinci uğuru geniş yayılmasa da, yenə də tələbə ikən onun, sənət dostları Albert Mustafayev və Qorxmaz Sücəddinovla gerçəkləşdirdiyi digər kompozisiyanın taleyi isə çox uğurlu oldu, onlara böyük şöhrət gətirdi. Bu gün az qala Bakının rəmzinə çevrilən "Bəhram Gur” abidəsinin ona və həmkarlarına böyük şöhrət gətirdiyi birmənalıdır. 1959-cu ildə paytaxt meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə Bakıda ictimailəşən bu heykəlin zamansızlığa qovuşduğu birmənalıdır. Heç şübhəsiz, bunu şərtləndirən başlıca səbəb abidənin plastik tutumundakı duyğulandırıcı estetikanın hələ də təravətli qalmasıdır...
Doğrudan da, monumentallığı cəlbedici-ekspressiv plastika ilə qovuşduran müəlliflərin onu çarhovuzun dominantına çevirmələri elə ilk baxışdan duyulandır. Bakının izdihamlı guşələrindən birində qərarlaşmış abidənin uzunömürlü olmasının kökündə, heç şübhəsiz, burada sənətlərin sintezi probleminin uğurla həllini tapması durur. Abidə ilə təmasın hər bir tamaşaçıda müsbət emosiyalar yaratması birmənalıdır...
Aslan Rüstəmovun yaradıcılığı üçün janr məhdudiyyəti səciyyəvi olmasa da, onun bədii irsində portretlərin xüsusi yer tutduğu görünəndir. Onun Azərbaycanın məşhur şəxsiyyətlərinin müxtəlif materiallarda icra olunmuş portretləri bunu təsdiqləyir. Bu mənada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2011, Milli Aviasiya Akademiyasındadır), Xalq şairi Səməd Vurğunun (1963, əsər şairin ev muzeyində nümayiş olunur), opera müğənnisi Bülbülün (1965, əsər sənətkarın ev muzeyində qorunur), dramaturq Sabit Rəhmanın (1982, Şəkidəki teatrın qarşısında qoyulmuşdur) və dövlət xadimi Nəriman Nərimanovun (1972, Almaniyanın Trir şəhərindədir) büstlərini misal göstərmək mümkündür.
Yeri gəlmişkən deyək ki, N.Nərimanov obrazı tişə ustasının yaradıcılığında xüsusi yer tutur. Hələ ötən əsrin yetmişinci illərində Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin şəxsi təşəbbüsü ilə əvvəlcə Ulyanovsk şəhəri üçün N.Nərimanovun abidəsini hazırlayan tişə ustası, 90-cı illərdə isə Naxçıvan şəhəri üçün görkəmli ictimai xadimin büstünü tamamlamışdır. Buna bənzər büst həm də Moskvada (1991) da yer almışdır. Bu əsərlərdə taleyi təzadlı hadisələrlə zəngin olan N.Nərimanovun mənəvi-psixoloji yaşantıları yaddaqalan biçimdə ifadə olunmuşdur, desək, yanılmarıq.
Heykəltəraş bu günlər xalqımızın Vətən müharibəsindəki qələbəsindən ikiqat sevinc hissi keçirməkdədir. Belə ki, o, Kəlbəcər (İstisu), Ağdam, Laçın və digər məkanlarda vaxtilə ucaltdığı heykəllərin hələ də salamat qaldığını güman etməkdədir. Erməniləri həmin yaşayış məkanlarında nümayiş etdirdikləri vəhşiliklər onların salamat qalmasına ümid yeri qoymur. Bununla belə o, bizimlə son söhbətində həmin abidələrin bərpasında həvəslə iştirak etməyə hazır olduğunu bildirdi...
Görkəmli tişə ustasının yaradıcılığını bəzəyən monumental abidələr də az deyil. Onlara paytaxtda, həm də respublikanın rayonlarında rast gəlmək mümkündür. Onun yaratdığı, Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin iki (2007, Bakının Ukrayna dairəsi və 2016, Mersin,Türkiyə) plastika nümunələrində (oğlanları Teymur və Mahmud ilə birlikdə), dilindən "Azərbaycan, mənim taxtım, tacım oy. Oyanmazmı kor olası baxtım oy!” – deyən istiqlal soraqlı Almas İldırımın (2000) heykəlində, ana harayını dünyaya sərgiləyən "Xocalı” abidəsində (2008, oğlanları Teymur və Mahmud ilə birlikdə)) sənətkar təxəyyülünün genişliyini duymaq mümkündür. Onun realizmdən geniş bədii ümumiləşdirmələrə qədər dəyişən dəsti-xəttində obrazın plastik çalar zənginliyi ilə səciyyə cəhətlərinə bədii tutum vermək istəyi qabarıq duyulmaqdadır.
Aslan Rüstəmovun ərsəyə gətirdiyi memorial plastika nümunələri də özünəməxsus, bir çox hallarda isə orijinal forma-biçiminə görə diqqət çəkir. Bu baxımdan müəllifin şair S.Ə.Şirvani (1965), Sarı Aşıq (1987), bəstəkar V.Adıgözəlov(2007), neftçi Qurban (1997), görkəmli cərrah M.Cavadzadə (2009), akademik Ş.Əzizbəyov (1989), əmək qəhrəmanı B.Məmmədov (1989) və başqaları ilə bağlı həm ömür daşları, həm xatirə lövhələrinin özünəməxsus bədii xüsusiyyətlərə malik olduqlarını deyə bilərik.
Qeyd etmək lazımdır ki, vaxtilə Aslan Rüstəmovun görkəmli şair Seyid Əzim Şirvaninin məzarı üzərində ucaltdığı ömür daşı forma-biçim bənzərsizliyinə görə Azərbaycan heykəltəraşlığında tamamilə yeni söz kimi qəbul olunmuşdu. Belə ki, müəllif, onun kompozisiyasını yerli memorial abidələrlə səsləşən biçmdə - çox hündür həll etmiş, üçbucaqlı formasını isə bir tərəfini tamamlayan portreti ilə yekunlaşdırmışdı. Odur ki, şairin portretinin səciyyəviliyini vurğulayan şiş papağı birləşdirici rol oynamaqla, bütünlükdə, ömür daşının monumentallığını şərtləndirmişdi. Çox təəssüf ki, subyektiv səbəblərdən burada bərpa işləri aparılarkən, bu dəyərli plastika nümunəsi yenisi ilə əvəzlənmişdir.
Onun XVI-XVII əsrlərdə yaşayıb-yaratmış məşhur Sarı Aşığın Laçının Güləbird qəsəbəsindəki məzarı üzərində ucaltdığı heykəltəraşlıq kompozisiyası da orijinallığı ilə seçilir. Ömür daşının aşağısını aşığın sevgilisi Yaxşının, yuxarısını isə Sarı Aşığın heykəltəraş təxəyyülü ilə yaradılmış portreti təşkil edir. Əlavə edək ki, bu əsər də S.Ə.Şirvaniyə həsr olunmuş plastika nümunəsi kimi bədii həllinin özünəməxsusluğu ilə diqqət çəkir.
Bu gün haqlı olaraq Aslan Rüstəmovun respublikamızda medalyer sənətinin ən yaxşı nümunələrinin yaradıcısı hesab edirlər. Daha çox sovet dönəmində təşəkkül tapıb inkişaf edən medalyer sənəti ilə müxtəlif müəlliflər məşğul olsalar da, onların arasında A.Rüstəmovun lakonik biçimli, yığcam bədii həllə malik medalyer nümunələrində materialın bədii-texniki imkanlarını sona qədər üzə çıxara bilmək istedadı duyulmaqdadır. Onun bu sahədə ötən əsrin altmışıncı illərindən başlayaraq yaratdığı əsərlərin sayı kifayət qədər çoxdur.
Onların arasında Əcəmi Naxçıvani, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və Müslüm Maqomayev kimi tanınmış şəxsiyyətlərə, həmçinin Azərbaycan Dram Teatrının 100 illiyinə həsr olunmuş medallar vardır. Əlavə edək ki, o, C.Məmmədquluzadə və M.Maqomayevlə bağlı medallarını həmkarı Əhməd Salikovla birlikdə işləmişdir. Bu medallar sovet dönəmində müxtəlif miqyaslı yerli və beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir.
Zamanında həm də pedaqoji fəaliyyətlə məşğul ola Aslan Rüstəmov Azərbaycan Memarlıq və İnşaat Universitetində (1970-1980-ci illər) gənc yaradıcılara rəsmdən dərs demişdir. Onun iki oğlunun – Teymur və Mahmudun adlarının bu gün respublikanın istedadlı tişə ustalarının sırasında çəkilməsində, heç şübhəsiz, Aslan Rüstəmovun bir müəllim kimi duyulası rolu olmuşdur. Vaxtilə böyük qardaşı, Xalq rəssamı Cahangirin rəssamlığından həvəslənib sənətə gələn heykəltəraş, sonradan bu sahəyə kiçik qardaşı Soltanın gəlişini şərtləndirmişdi. Başqa sözlə desək, bu gün Rüstəmovlar qədim Şəkidə sənətkarlar nəsli kimi tanınırlar. Gələn il Əməkdar rəssam Aslan Rüstəmovun anadan olmasının 90 illik yubileyidir. Heykəltəraşlıq kimi çətin bir sahədə sənətkar "mən”ini təsdiqləməyi bacaran tişə ustasının arxada qalan illərdə yaratdıqlarını, onun özünü əbədiyyətə qovuşduracaq töhfəsi saymaq olar. Hökumətimizin, sənəti xalq məhəbbəti qazanmış Aslan Rüstəmova töhfəsinin nədən ibarət olacağını isə bir qədər gözləməli olacağıq...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor

banner

Oxşar Xəbərlər