• şənbə, 20 Aprel, 12:11
  • Baku Bakı 23°C

2020-ci ilin mədəni planları

09.01.20 09:00 1902
2020-ci ilin mədəni planları
"Məhəbbət əfsanəsi” 50 ildən sonra Azərbaycana qayıdır
Yeni il yeni nəfəs, yeni planlar, yeni düşüncələr, yeni ideyalar deməkdir. 2020-ci ilin ilk həftəsində mədəniyyət ocaqlarımızın planlarını xəbər aldıq. Aydın oldu ki, mədəniyyət ocaqlarımız 2020-ci il üçün zəngin planları mövcuddur.
Qayıdan əfsanə
İlk olaraq Heydər Əliyev Sarayı ilə əlaqə saxladıq. Saraydan verilən məlumata görə, bu il də repertuarları bol musiqi, maraqlı tamaşalar, konsert proqramları ilə zəngindir. Belə ki, Heydər Əliyev Sarayında gənclər gününə həsr olunmuş "Gənc-Mix” adlı konsert keçiriləcək. Fevralın 2-də Nərmin Kərimbəyova, Rəsul Əfəndiyev, Samira Əfəndi, Aynur İsgəndərli, Tofiq Hacıyev, İlkin Fuad, Kənan Qədimov, Ayşən Mehdiyeva, Fərhad Xəlif, Anar Bəylər, Orxan Babazadə, Ramazan Şərifzadə, Ayaz Babayev, Aygün Ağayeva, Elxan Qaraxanoğlu və "The passion” kvarteti iştirak edəcəklər. Pop, rep, caz, muğam və başqa janrlarda səsləndiriləcək musiqilər gecədə tamaşaçıların zövqünü oxşayacaq.
Fevralın15-də Heydər Əliyev Sarayında məşhur dirijor İqor Ponomarenkonun rəhbərli ilə simfonik orkestrin müşayiəti ilə rok konsert keçiriləcək.
Fevralın 18-də isəHeydər Əliyev Sarayında "Muğam dünyamıza səyahət” adlı konsert keçiriləcək.
Fevralın 20-si Cəlal Abbasovun "Şanson Gecəsi” adlı konserti də planda var. 4, 5, 6, 7, 8 mart tarixlərində isə "Bu şəhərdə"nin konsert proqramı baş tutacaq.
15-19 aprel tarixlərində "Planet Parni iz Baku” KVN teatrının "Televiziyaya giriş sərbəstdir” yeni solo konserti olacaq.
Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır.
Əsərin martın 13, 15 və 16-da Heydər Əliyev Sarayında təqdimatı keçiriləcək.
Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.
Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcəklər.
Afaq Bəşirqızı yeni ampluada
Teatrlara gəlincə isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı artıq 110-cu teatr mövsümünün 2-ci yarısına qədəm qoyub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, onlar 2020-ci ilə bir ay öncədən hazırlaşıblar: "Retro tamaşaları sevən teatrsevərlər üçün musiqisiSəid Rüstəmov,librettosuMəmməd Səid Ordubadiyəməxsus olan "Beş manatlıq gəlin”komediyası hazırlanır. Tamaşaya əməkdar incəsənət xadimi, rejissorƏsgər Əsgərovquruluş verib.
RejissorƏhəd Hacıyevisə gürcü dramaturquNodar Dumbadzenin "Mən, Nənəm İliko və İllarion”tamaşasına quruluş verir. Akademik Musiqili Teatrda Xalq artistiAfaq Bəşirqızıtamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Belə ki, Afaq Bəşirqızınıniştirakı ilə"İstintaq”tamaşası hazırlanır”. Musiqili Teatrında daha bir tamaşa bəstəkarı Ceyhun Allahverdi, libretto müəllifi yazıçı Pərviz Seyidli olan "İstintaq" əsəri hazırlanır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Allahverdi, quruluşçu dirijor Səməd Süleymanlı, quruluşçu rəssam Elşən Sərxanoğlu, geyim üzrə rəssam Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur: "Bu ildən gözləntilərimiz çoxdur. Belə ki, 2020-ci ildə teatrımızın səhnəsində maraqlı tamaşalar oynanılacaq”.
Fərqli quruluş, fərqli yozum
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova deyir ki, 2020-ci ilin repertuar planı artıq hazırdır: "Teatrımızın repertuar planına görə, bu il maraqlı və rəngarəng tamaşalarımız səhnə həlli tapacaq. Bildiyiniz kimi bu il tanınmış uşaq yazarı Xanımana Əlibəylinin 100 illiyidir.Biz də onun "Cunquş” əsəri əsasında tamaşa hazırlayacağıq. Bundan başqa A.S. Puşkinin "Balıqçı və balıq” nağılı əsasında teatrımızın istedadlı rejissoru Anar Məmmədovun quruluşunda "Qızıl balıq” tamaşası hazırlanacaq. Bu, hər nə qədər klassik nağıl olsa da, tamaşanı uşaqlar fərqli yozumda izləyə biləcəklər.Tamaşaçıların tanış olduğu mövzulara onların baxışından fərqli yozumda səhnə həlli verməyə çalışırıq. Belə ki, çağdaş zamanı, müasir texnologiyaları da nəzərə alaraq uşaqların teatrdan gözləntilərini göz önünə gətiririk. Tamaşalarımızda bu rəngarəngliyi qabartmağa çalışırıq. Eyni zamanda bu il xalq nağıllarımıza da müraciət edəcəyik. Bilirsiniz ki, hər zaman teatrımızda "Məlikməmmədin nağılı” nümayiş olunub. Bu dəfə uşaqlar fərqli quruluşda tanınmış xalq nağılımızı izləmək imkanı əldə edəcəklər. Tamaşanın quruluş həlli bugünkü dövrümüzlə səsləşəcək. Bu, teatrımızın baş rejissoru Qurban Məsimovun quruluşunda uşaqların gördüyü, bildiyi Məlikməmməddən fərqli bir tamaşa olacaq. Bundan başqa 2020-ci ildə Kukla Teatrının yaradıcılıq planlarında kənar rejissorların cəlb olunması planı da var. Bu il digər teatrların rejissorları ilə də əməkdaşlıq edəcəyik. Belə ki, tanınmış rejissor Elşad Rəhimzadəni də əməkdaşlığa cəlb etmişik. Onunla da birlikdə çalışacağıq”.
H.Rüstəmova bildirdi ki, ötən il teatrda ustad dərsi keçən Namiq Ağayev Səməd Behrənginin "Qara balığın nağılı” əsasında pantomima elementləri ilə səhnə işi təqdim edəcək: "Bu, həm uşaqlar həm də böyüklər üçün olacaq”.
Beynəlxalq festivallardan dəvət var
Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov 2019-cu ilin YUĞ Dövlət Teatrı üçün çox məhsuldar il olduğunu xatırlatdı: "Bildiyiniz kimi, ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Azərbaycan Dövlət Yuğ Teatrının 30, teatrın yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illik yubileyi qeyd olundu. Düşünürəm ki, 2019-cu ildə YUĞ Teatrı ilə bağlı ən önəmli hadisə məhz budur. Çünki yubiley tədbiri həm də bir növ, teatrın 30 illik fəaliyyətinin hesabatı idi. Sevindirici haldır ki, yubileydə hətta bu gün teatrda çalışmayan sənətkarlar, keçmiş "yuğçular” da iştirak etdilər. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün kollektivin hər bir üzvü canla-başla çalışdı, əllərindən gələni əsirgəmədilər.
2019-cu il YUĞ Teatrı üçün yaradıcılıq baxımından da zəngin olub. Belə ki, teatr R.Akutaqavanın "Cəngəllikdə” əsəri əsasında hazırlanmış "Müəmmalı bir qətlin üç versiyası” (quruluşçu rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) tamaşası ilə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən "Novruz” türkdilli xalqların teatr festivalından iştirak edib.
Teatrın bəzi sənətçiləri Xalq artisti və Əməkdar artist fəxri adlarına layiq görülüblər. Ötən il YUĞ Teatrında beynəlxalq layihə də həyata keçirilib. Bolqar rejissor Xristo Stoyçev V.Şekspirin "III Riçard” əsəri əsasında "Lənət” adlı maraqlı tamaşa hazırlayıb.
Nobel mükafatçısı O.Pamukun "Mənim adım qırmızı” romanının motivləri əsasında "Mən ağacam” (quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əbdülqəni Əliyev), H.İbsenin "Vahimə” əsəri əsasında "Vəsvəsə” (quruluşçu rejissoru Gümrah Ömər) tamaşaları hazırlanıb. İlin sonlarında teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda İlqar Fəhminin əsəri əsasında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Mənəm, mən...” tamaşası hazırlanıb. YUĞ Teatrının və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə məhsulu olan tamaşa, teatr ictimaiyyətində və tamaşaçılarda böyük maraq doğurub.
Hazırda teatrda bir neçə tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Mikayıl Mikayılov M.Vişnekin "Qoca kloun tələb olunur”, Gümrah Ömər Ə.Haqverdiyevin "Pəri cadu”, Günay Səttarova isə C.Məmmədquluzadənin "Çay dəstgahı” əsərlərinə quruluş verir. Həmçinin 2020-ci ildə İ.Vırıpaevin "İllüziyalar” və V.Şekspirin "Hamlet” əsərlərinin də repertuara daxil edilməsi planlaşdırılır”.
E.Cəfərov cari ildə YUĞ Teatrının beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində də müəyyən işlər görüləcəyini bildirdi: "Artıq beynəlxalq festivallardan dəvət gəlib. Çox güman ki, "Mənəm, mən...” tamaşası Türkiyədə keçirilən bir neçə festivalda nümayiş olunacaq. Bildiyiniz kimi, Azərbaycan teatr mədəniyyətində özəl çəkisi olan YUĞ Dövlət Teatrı bu gün binasız qalıb və 2016-cı ildən etibarən Dövlət Kukla Teatrında fəaliyyətini davam etdirir. Ötən il Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə teatrın bina probleminin həlli istiqamətində də müəyyən işlər görülüb. Çünki teatrın öz fəaliyyətini normal şəkildə qurması üçün bina probleminin həlli labüddür. İnanırıq ki, bu problemimiz tezliklə aradan qaldırılacaq və YUĞ Teatrı Azərbaycanın mədəniyyətinə böyük uğurla xidmət edəcək”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər