• şənbə, 20 Aprel, 02:13
  • Baku Bakı 15°C

Növbəti erməni vandalizmi

13.09.19 17:58 641
Növbəti erməni vandalizmi
Rusiyanın "Vestnik Kafkaza” saytı erməni vəhşiliyindən bəhs edən qalmaqallı məqaləsində növbəti erməni vandalizmindən və bunun hələ də cəzasız qalmasından bəhs edib. Müəllif vurğulayır ki, bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə erməni jurnalist Narine Kiarkosyan Ermənistanın Ararat vilayəti müsəlman qəbiristanlığında dağıntıları əks etdirən qalmaqallı video yayıb. Erməni jurnalist vilayətə vəhşi təbiət və mədəni dəyərlərin qorunması ilə bağlı çəkilişlər aparmaq üçün gəlibmiş. "Vestnik Kafkaza” yazır ki, hətta erməni jurnalist belə gördüklərindən hiddətə gəlib. Fond əməkdaşlarının köhnə qəbiristanlığı dağılmış vəziyyətdə saxladıqlarına görə irad tutaraq onları tədbirlər görməyə çağırıb. "Əgər bu, mədəni irsin və təbiətin qorunması fondudursa, onda hansı əsasla və hüquqla qəbiristanlıq məhv edilir. Lap kürd və türk burada yaşamasa belə. Bu birmənalı olaraq barbarlıq, vəhşilikdir. Kürdlər gedib, qəbiristanlıq dağıdılıb. Axı nədən qəbiristanlıq dağıdılır”, - deyə jurnalist xanım fondun əməkdaşlarına müraciət edib. Lakin fond əməkdaşları ondan çəkilişləri dayandırmağı tələb ediblər.
Beləliklə, Ermənistanda növbəti dəfə keçmişlə müharibə siyasətinin davam etdirilməsinin, qeyri-erməni mədəniyyət abidələrinin məhv edilməsinin şahidi olmaq mümkün olub. Formal olaraq ölkədə rejim dəyişib, Dağlıq Qarabağ münaqişəsinə səbəb olan ultramillətçilərin klanı aradan qalxıb. Lakin rəsmi Yerevan hələ də Ermənistan ərazisində və işğal altında olan Azərbaycan torpaqlarında digər xalqların hər hansı bir izinin qalmasına imkan verməyərək onları məhv etmək siyasətini davam etdirir.
Portala açıqlamasında "Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, bu siyasət yalnız pislənməyə və irad tutulmaya layiqdir. "Humanitar və insani nöqteyi-nəzərindən bu mənzərə nifrətə layiqdir. Bu səbəbdən də istərdim ki, bu hadisəyə başda baş nazir Nikol Paşinyan olmaqla Ermənistan hökuməti tərəfindən reaksiya verilsin. Ermənistan hər dəfə bəyan edir ki, humanitar dəyərlərə sadiqdir, heç olmasa buna sözdə deyil, praktikada əməl etməlidir”, - deyə o bildirib. "İşğal altında olan Azərbaycan torpaqlarında mədəni, tarixi abidələr – məscidlər, şəhərlər dağıdılıb, bütünlüklə qarət olunub. Dəhşətli xarabalıqlar yaradılıb. Biz hər bir şey haqqında kompleks danışmalıyıq. Ermənistanın işğal etdiyi Azərbaycanın işğal altında olan 7 rayonunda baş verənlərdən məlumatlı olmalıyıq. Mülkiyyət, şəhərlər, mədəniyyət abidələri ilə bağlı vəziyyətin necə olduğu bəlli olmalıdır. Bu məsələ mənim qənatimcə, beynəlxalq ekspert ictimaiyyətinin reaksiyasına layiqdir”, - deyə İqor Korotçenko bildirib. Baş redaktor əlavə edib ki, müsəlman abidə və qəbiristanlıqlarının qorunub saxlanması problemi YUNESKO və BMT səviyyəsində həllini tapmalıdır. "YUNESKO-ya müraciət edilməsi zəruridir. Təşkilatın xüsusi komissiyası gəlib obyektlərin və müsəlman abidələrinin vəziyyətini araşdırmalıdır. Biz başa düşməliyik ki, hansısa bir dinə sitayiş edənlərin nümayəndələrinə, məbəd xarakterli abidələrə qarşı belə hallar yolverilməzdir. Kimin harada və necə etməsindən asılı olmayaraq, bu hərəkətlərə son qoymaq gərəkdir, gələcəkdə münaqişələrin baş verməsinə zəmin yarada biləcək belə hallara yol vermək olmaz”, - deyə baş redaktor fikrini tamamlayıb.
Milli Məclisin deputatı Rasim Musabəyov isə ilk növbədə xatırladıb ki, Ermənistan tərəfindən abidələrin məhv edilməsi çoxdan bəridir ki, mütəmadi olaraq həyata keçirilir: "Ermənistanda digər xalqların mədəni irslərini, o cümlədən toponimlərini məhv etməyə çalışılır. Əgər Rusiya ordusu Baş Qərargahının 19-cu əsas xəritəsinə nəzər salsaq, orada çay, kənd, şəhər, qəsəbələrin adlarının türk mənşəli olduğunu müşahidə edə bilərik. İndi o adlarının hamısı dəyişilib. Müsəlman mədəni izlərinin əks etdirən abidələrin sistemli məhv edilməsi aparılır. Məsələn, İrəvandakı Xan sarayı tamamilə məhv edilib, türklərin burada olduğunu sübut edən hər şey dağıdılıb. Eyni qaydada Azərbaycan, kürd, bütövlükdə müsəlman abidələri, o cümlədən qəbiristanlıqlar məhv edilir. Məqsəd də müsəlman və türklərin bu torpaqlarda dominant mövqedə olduqlarını təsdiqləyən izləri silməkdir. Bu dağıdılmış və kimsəsiz qalmış qəbiristanlıqda baş verənlər də 100 ildən artıqdır ki, davam edən qlobal kampaniyanın kiçik bir epizodudur”.
Ekspert təəssüf hissi ilə bildirib ki, Ermənistanda tarixi abidələrin məhv edilməsi elə bir həddə çatıb ki, onu bərpa etmək də mümkün deyil: "İrəvanda Xan sarayından tutmuş 500, 800 yaşlı bütün tarixi abidələr məhv edilib. Ermənistanda bu gün müsəlman qalmayıb. Onların hamısı ölkədən qovulub. Bu səbəbdən də qəbiristanlıqlara baxan yoxdur. Yaranmış durumda yalnız beynəlxalq reaksiyadan danışmaq olar. Bununla da dağıntıları həyata keçirənlərdə vicdan hissini qaldırmaq olar”, - deyə fikrini tamamlayıb.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər