• cümə, 26 Aprel, 00:42
  • Baku Bakı 16°C

2019 daha uğurlu olacaq - Fotolar

25.12.18 09:30 1617
2019 daha uğurlu olacaq - Fotolar
2018-ci ilin son həftəsini yaşayırıq. Beləcə, bir ili də yola salırıq. 2019-cu ildən isə gözləntilərimiz sonsuzdur. Hər yeni il başlayanda onun bizə uğur gətirəcəyinə və problemlərimizin, uğursuzluqlarımızın köhnə ildə qaldığına özümüzü inandırmağa çalışırıq. Bu il həm nikbin, həm də bədbin xatirələrlə ömür kitabımıza həkk olundu.Biz də ilin son həftəsi olduğunu nəzərə alaraq, incəsənət nümayəndələri arasında sorğu etdik. Onların həyatında 2018-ci ilin hansı xatirələrlə qaldığını və bu ildən o biri ilə nələr apardıqlarını öyrənməyə çalışdıq.
2018-ci ili müsbət qiymətləndirirəm
Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov deyir ki, 2018-ci ili uğurlu qiymətləndirir: "İş ondadır ki, bizim respublika çox tez və dinamik inkişaf edir. Düşünürəm ki, bu mənada şəhərimiz rekordçudur. Belə ki, ölkə olaraq inkişaf edir, tanınırıq. Bizim Rəssamlıq Akademiyasının əməkdaşları da bu hərəkətli atmosferdə yaşayır. Bunu qeyd etmək lazımdır ki, bizdə çox xoşagələn, ürəkaçan hadisələr baş verir, tədbirlərimiz gözəl keçir. Məndə ildən-ilə elə düşüncə yaranır ki, istedadlı gənclərimiz çoxdur. Ona görə ki, bizim tələbələrimizin müvəffəqiyyətləri, uğurları inanılmaz dərəcədədir. Rusiyanın Nazirlər Sovetinin birinci katibinin müavini Medvedyeva Olqa Yurievna qonağımız oldu. O, bizim 17-18 yaşlı tələbələrimizin işlərini görəndə təəccübləndi ki, onlar tədbiri necə də yüksək səviyyədə keçirdilər. Buna görə də düşünürəm ki, biz hər il professional ustalıqla irəli gedirik. Bizdə ildən-ilə bir-birindən gözəl tədbirlər keçirilir. Hərdən elə problemlərimiz də olur ki, düşünürəm, bunları da həll etmək olar. Məsələn, bizim akademiyanı bitirən tələbələr işədüzəlmə məsələsində bəzən çətinlik çəkirlər. Bu problemlə çox aktiv məşğul olmaq lazımdır. Düşünürəm ki, Rəssamlıq Akademiyasında ilimiz çox müsbət keçib. Neqativ hadisələr olmayıb. 2019-cu ildən isə gözləntilərimiz yüksəkdir”.
2019-cu ili dövlətçiliyin və xalqımızın inkişaf ili kimi qiymətləndirirəm
Xalq artisti Nurəddin Mehdixanlı 2018-ci ilin onun yaddaşında bir çox tədbirlərlə qaldığını bildirdi: "2018-ci ildə bir çox səfərlərimiz oldu. Azərbaycan mədəniyyəti tarixində böyük xidməti olan ədiblərimizin prezidentimizin fərmanı ilə yubiley tədbirləri həyata keçdi. 2018-ci ildə Azərbaycan dilinin qorunması ilə bağlı prezidentimiz cənab İlham Əliyevin verdiyi sərəncam daha çox yaddaşımda qaldı. Qloballaşan dünyada dilimizin özünəməxsusluğunu, dəyərlərimizi qorumaq əsas vacib işlərdən biridir. Cənab prezident bu məsələni gündəmdə saxladı və bununla bağlı bir çox görüşlərimiz, tədbirlərimiz baş tutdu. Hesab edirəm ki, bu fərmanın dilimizin qorunmasında müstəsna rolu var. 2018-ci il Azərbaycan dövlətinin güclənməsi və yeni hərbi texnikaların əldə edilməsi ilə yadda qaldı. Nəhayət, 2018-ci ildə toplanan bu güclü siyasi, mədəni, hərbi baza bir çox problemlərin həllində böyük rol oynayacaq. 2019-cu ilin Azərbaycanın taleyində ciddi dəyişikliklərlə dolu olacağına ümidlərim böyükdür. İnanıram ki, 2019-cu il Azərbaycanın ən yaralı yeri olan işğal altındakı torpaqlarımızın azad olunması prosesi ilə yadda qalacaq. Gedən proseslər onu göstərir”.
Xalq artisti 2019-cu ildən gözləntilərini də səsləndirdi: "Yeni ildə Azərbaycan yeni inkişaf mərhələsinə başlayacaq. Bütün sahələrdə daha sürətli inkişaf baş verəcək. 2019-cu ili Azərbaycanda dövlətçiliyin və xalqımızın inkişaf ili kimi adlandırardım və o cür görmək istəyirəm. İnşallah belə də olacaq. Dünyanın harasında yaşamağından asılı olmayaraq, özünü bu vətənin bir parçası hesab edən bütün həmvətənlərimi ürəkdən təbrik edirəm və yeni ildə onlara uğurlar arzulayıram. İstəyirəm ki, 31 dekabr təkcə gün olaraq Azərbaycanlıların Həmrəylik Günü deyil, həm də il olaraq bütövlükdə dünya azərbaycanlılarının həmrəylik ili olsun. Həmrəy olaraq bütün problemlərimizi həll etmək gücündəyik. Bu dövlət, bu bayraq bütün azərbaycanlılarındır. Dövlətimizin yanında olmaq bizim borcumuzdur”.
Onu çox böyü səbirsizliklə gözləyirik
Xalq artisti Məsum İbrahimov deyir ki, 2018-ci il çox böyük hadisələrlə həyatına rəng qatıb: "Mənim üçün yaradıcılıq baxımından çox uğurlu bir il oldu. Belə ki, geridə qoyduğumuz bu 2018-ci ildə bir çox tədbirlərimiz, konsertlərimiz, tamaşalarımız həyata keçdi. Həm Azərbaycanda, həm də Azərbaycandan kənarda bir çox konsert proqramları ilə çıxış etdim. İli Gəncədə Filarmoniyanın açılışı ilə açdım. Daha sonra Qəbələdə, Sumqayıtda konsertim baş tutdu. Bu il konsert proqramımı bölgələrdən başladım. İtaliya prezidentinin sarayında solo konsertlə çıxış etdim. Bu konsert canlı olaraq Avropaya yayımlandı. Ankarada solo konsertim oldu. Bunlar muğamın YUNESKO siyahısına salınmasının 10 illiyi ilə bağlı konsertlər idi. Ağdamda möhtəşəm Muğam Mərkəzi açıldı. Biz orada Mehriban xanım və prezidentimizlə görüşdük. 2 gün öncə həmrəylik günü münasibəti ilə həmin binada konsert proqramı ilə çıxış etdik. Bu gün Təbrizə yola düşürük. Təbrizdə ustad dərslərim baş tutacaq. Bütün bunlardan yola çıxaraq bu ili uğurlu hesab etməmək olmaz. Hətta ilin sonuna yaxın VMF saat firmasının siması seçildim. Bu mənim üçün qürurverici hadisədir. Milli saatların siması seçilmək çox gözəl hissdir. 2018-ci il həyatımda ən xoş xatirələrlə qaldı”.
Xalq artisti 2019-cu ildən gözləntilərini bildirdi: "Bu ili dönüş ili kimi qeyd etmək istəyirəm. Qarabağda dönüş ili olacağına əminəm. Cənab prezidentimiz İlham Əliyev Ağdamda Muğam Mərkəzinin açılışında çox gözəl fikir səsləndirdi. Dedi ki, tezliklə Muğam Mərkəzinin ən böyüyünü işğal olunmuş torpaqlarımızda inşa edəcəyik. Bu tədbirləri biz orada qeyd edəcəyik. Bu fikirlər məni çox ruhlandırdı. Məhz bu səbəbdən 2019-cu ilə ümidlərim böyükdür. 2019-cu ildə 7-ci muğam müsabiqəsinə start verəcəyik. Onu çox böyük səbirsizliklə gözləyirik. 2019-cu ilin ölkəmiz üçün də uğurlu olacağına böyük ümid edirəm”.
İtkilərimiz çox oldu
Xalq artisti Gülyanaq Məmmədova 2018-ci ili uğurlu və uğursuz xatirələrlə yaddaşına həkk edib: "2018-ci ildə bir çox səfərlərim oldu, konsert proqramları ilə çıxışlar etdim. İlin başlanğıcında, mart ayında atamı itirdim. Fevral ayında ustadımız Kamil Vəzirovu itirdik. İtkilərimiz çox oldu. Deyirlər xeyirlə-şər qardaşdır. İnsanın bir gözü güləndə, bir gözü ağlayır. Bu günümə şükür edirəm. Allah hamıya can sağlığı versin. 2019-cu ildən çox şey gözləyirəm. İstərdim ki, bütün arzularım 2019-cu ildə həyata keçsin. Allahdan əsas cansağlığı arzulayıram. Bu da Allahın qismətidir. Biz aktiv olmalıyıq ki, həyatımızda xoş hadisələr olsun. Yeni ilimizə xoş arzularla giririk. Ümid edirəm ki, 2019-cu il bizim üçün uğurlu olacaq”.
Xalq artisti Teyyub Aslanov üçün bu ili yaddaqalan edən hadisələr də az olmayıb: "2018-ci ildə yaddaqalan tədbirlərimiz çox oldu. Onların sırasında dövlət tədbirləri də var, universitetdaxili tədbirlər də. Amma ümumiləşdirib demək istəyirəm ki, 2018-ci ilin ən yaddaqalan hadisəsi ölkə başçımızın Cümhuriyyətin 100 illiyi münasibətilə bir çox sənətçilərə fəxri adlar verməsi oldu. Onların sırasında mən də var idim. Xalq artisti adına layiq görüldüm. Bu mənim üçün sevindirici hal oldu. Sözsüz ki, nəinki 2019-da, bundan sonra qalan ömrüm boyu elə işləyəcəm ki, bu etimadı doğruldum. Ən əsası, 2018-ci ili Allahın köməkliyi ilə sağlam başa vurduq. Fikirləşirəm ki, insan üçün əsas olan sağlam yaşamaqdır”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər