• cümə axşamı, 28 mart, 20:07
  • Baku Bakı 13°C

Əsas danışıqlar yanvarda olacaq

10.12.18 14:22 772
Əsas danışıqlar yanvarda olacaq
Dekabrın 6-da İtaliyada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirilib. Milanda keçirilən görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatı da qəbul edilib. Bəyanatda bildirilir ki, Minsk qrupunun həmsədrləri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov görüşün yekunlarını şərh edərək bildirib ki, 3 saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Nazirin sözlərinə görə, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovbildirdi ki, uzun müddət Ermənistandakı yeni hakimiyyət danışıqlar masasına əyləşmək istəmirdi: "Yəni, hesab edirdi ki, bu danışıqlarda üçüncü tərəf iştirak etməlidir, separatçı rejimin nümayəndələri olmalıdır. Azərbaycan tərəfi bunu elə əvvəlcədən rədd etdi. Faktiki olaraq, bizim mövqeyimiz qəti və prinsipial oldu. Bundan sonra ermənilər danışıqlar masasına əyləşməyə məcbur oldular. Onu da qeyd edək ki, bu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşü deyil. Eyni zamanda, nazirlərin yanvar ayına yeni bir görüşü planlaşdırılıb. Düşünürəm ki, nazirlərinin son üç saatlıq görüşündə mühüm məsələlər müzakirə olunub. Yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və sair məsələlər diqqət mərkəzində olub. Digər reallıq odur ki, axır zamanlar Ermənistan rəsmiləri Qarabağla bağlı müxtəlif ziddiyyətli bəyanatlar verirlər. Bunun qarşılığında isə düşünürəm ki, Azərbaycan tərəfi ermənilərə öz qəti, prinsipial və ardıcıl mövqeyini bildirdi. Əminəm ki, bunu Minsk qrupunun həmsədrləri də eşitdi. Zənnimcə, müəyyən axtarışlar gedir. Düzdür, bu axtarışlar diplomatik səhnədə özünü göstərir. Amma bu, heç də o demək deyil ki, biz öz ərazi bütövlüyümüzə zidd addım atacağıq. Azərbaycanın mövqeyi qəti və prinsipialdır və heç vaxt öz mövqeyimizdən imtina etməmişik və bu, heç vaxt olmayacaq. Biz öz torpaqlarımızı azad etmək üçün həm diplomatik, həm də hərbi sahədə əlimizdən gələni edirik”.

F.Sadıxov vurğuladı ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Milandakı görüşündə müəyyən təkliflər irəli sürülüb: "Hesab edirəm ki, bu təkliflər yenidən 2019-cu ilin yanvar ayında müzakirə olunacaq. Amma Azərbaycan tərəfindən də burada ciddi diplomatik hücum xarakterli addımlar atılmalıdır. Çünki erməni tərəfi ancaq bu üslubu başa düşür və artıq belə bir təcrübə var. Əlbəttə ki, bir sıra məsələlər kulis arxasında qaldı, yəni açıqlanmadı. Bu da diplomatiya praktikasında normal haldır və bəzi məsələlər müəyyən dövrə qədər açıqlanmır. Düşünürəm ki, biz yanvar ayına qədər çalışmalıyıq ki, Minsk qrupu həmsədrləri də bu məsələnin ölü nöqtədən tərpənməsi üçün müəyyən tədbirlər görsün, təkliflər, ideyalar irəli sürsün. Bəlkə də Ermənistandakı parlament seçkilərindən sonra rəsmi Yerevanın mövqeyi daha açıq şəkildə bəyan ediləcək”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Milandakı görüşündən konkret nəticə əldə olunmadı: "ATƏT-in hər il belə toplantıları olur. Əgər keçmiş illərdə daha çox prezident və dövlət başçılarının qatıldığı sammitlər olurdusa, son illər daha çox xarici işlər nazirlərinin görüşü keçirilir. Hansı ölkə ATƏT-ə sədrlik edirsə, toplantı da o ölkədə baş tutur. İndi İtaliya ATƏT-in sədri olduğuna görə yekun toplantı Milanda keçirilib. Onu da qeyd edim ki, İtaliya sədr olanda bu ölkədən açıqlamalar gəlirdi ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olacağıq, təşəbbüslər verəcəyik və sair. Amma göründüyü kimi, yenə də münaqişənin həlli ilə bağlı nəticə yoxdur. Digər ATƏT sədrləri də elə etdilər. Yəni, Almaniya, Qazaxıstan da bu qurumun sədri olublar və ümumilikdə təşəbbüskar olmağa çalışsalar da, nəticə olmadı. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Milan görüşündən də real nəticə çıxmadı. Sadəcə olaraq, xarici işlər nazirləri görüşüb, fikir mübadiləsi aparıblar. Onsuz da bu fikir mübadiləsi 25 ildir davam edir. Münaqişənin həlli isə ölü nöqtədən tərpənmir və Ermənistana da heç bir böyük dövlət təsir etmək istəmir. Yenə də qeyd edim ki, xarici işlər nazirləri sadəcə fikir mübadiləsi aparıb və görüş də o vurğulanıb ki, tərəflər atəşkəsə pis-yaxşı riayət edirlər. Amma atəşkəsə riayət edilməsi münaqişənin həllinə təsir etmir. İndi Ermənistanda parlament seçkiləri keçirilir. Yəqin ki, Paşinyan qələbə çaldıqdan sonra hökuməti formalaşdıracaq. Artıq gələn ilin yanvar-fevral ayları üçün Paşinyandan real olaraq addımlar gözləyəcəyik. Əgər o hansısa addımlar atmasa, yenə də cəbhə bölgəsində vəziyyət gərginləşəcək, atəşkəsin pozulması halları artacaq”.

E.Şahinoğlu əlavə etdi ki, KTMT-yə baş katib seçilməsi məsələsində Rusiya Ermənistana güzəştə getdi: "Əslində dekabrın 6-da baş katib dəyişilməli idi, erməni generallın əvəzinə belaruslu general təyin olunacaqdı. Amma Rusiya Ermənistana bir şans verdi. Paşinyan faktiki olaraq, Putinə yalvardı ki, bu məsələ seçkilərdən sonraya qalsın. Çünki belaruslu general baş katib seçilsəydi Ermənistan müxalifəti Paşinyana təzyiq edəcəkdi ki, mövqeləri dəyişsin. Ona görə də Rusiya bu imkanı ona tanıdı. Düşünürəm ki, dünən İtaliyada da müəyyən qədər Paşinyana güzəşt edilib ki, çox sıxışdırılmasın, bir neçə gündən sonra seçkini rahat keçirsin. Əslində bu, bizim də marağımıza uyğundur ki, Ermənistan hakimiyyətində Koçaryan və Sarkisyan kimi "Qarabağ klanı”nın üzvləri olmasın. Çünki onların Xocalı soyqırımında, torpaqlarımızın işğalında iştirakları var”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər