• cümə axşamı, 18 aprel, 14:52
  • Baku Bakı 22°C

Puşkin və Puqaçov

10.12.18 11:45 1457
Puşkin və Puqaçov
"Kapitan qızı”ndakı Puqaçovla "Puqaçov üsyanı tarixi”ndəki Puqaçovda Puşkin eyni məqamları saxlayıb, mən isə əksinə ziddiyyətli məqamları seçdim. Onun nağıl dilini, gözlənilməz dəyişikliklərini olduğu kimi saxlayıb: məsələn, sakinlərə tuşlanan silahı çevirib düzənliyə atəş açır. Fiziki cəsarətini isə saxlayıb:
"Puqaçov ordudan irəlidə gedirdi. – Ehtiyatlı olun, əlahəzrət – qoca kazak dedi – birdən güllə atarlar. – Qocalmısan – yalançı cavabında dedi – məgər silahlar çarları vurur?”
Sadə xalq onu hələ də sevir:
"Əskərlər onu öz əlləri ilə yedirir və qəfəsi önündə toplaşan uşaqlara deyirdilər: yadda saxlayın, uşaqlar, siz Puqaçovu görmüsünüz. Qocalar hələ də onun yanından keçən cənabların suallarına cəsarətli cavablarından danışır. Bütün yol boyu o, şən və sakit idi”.
Qadınların qəfəsə baxarkən özlərini itirdikləri odlu baxışlarını, zəhmli səsini qoruyub saxlayıb.
Və qəribə də olsa mərhəmətini də olduğu kimi saxlayıb: akademik Rıçkov, Puqaçov tərəfindən öldürülən simbir komendantının atası, oğlu barədə danışarkən göz yaşlarını saxlaya bilmədi. Puqaçov ona baxan zaman özü də ağladı.
Həyat eşqini də saxlayıb. Zira Rıçkovun bu cür nəhəng zalımlıqlara necə cürət etməsi sualına Puqaçovun cavabında: "Tanrı və əlahəzrət qarşısında günahkaram. Günahlarımı yumağa çalışacağam” deyir. Yenə də əfv ediləcəyinə dair mənasız ümidlər, Puqaçova xas həyat eşqi...
"Puqaçov üsyanı tarixi”ndəki Puqaçov qəhrəman deyil, vəhşidir. Amma təbiət vəhşisi yox, (zira onun bütün vəhşilikləri – həyat uğrundadır), cinayətkarcasına zəif insanın vəhşi cəfakeşliyi. (Hətta Lısovun qətli də ona qalxan əldən alınan qisas deyildi, növbəti və bu dəfə ölümcül zərbə qorxusu idi).
Onun haqqında söhbəti birdəfəlik bitirmək, qəlbimizdə sonlandırmaq üçün hər iki personajın surətində bütün əclaflığı ilə əks olunan bir bərbad səhnə gərəkdir.
Əsir Puqaçovu hüzuruna gətirdikləri qraf Panin Puqaçovun məğrur, uzaqgörən, kahincəsinə "Mən qarğa balasıyam, qarğa özü hələ də uçur” cavabının əvəzində Puqaçovu sifətindən yumruqla vurur, qan saqqalından aşağı axır. (Qeyd üçün! Rusların anlayışına görə "yıxılanı vurmazlar”).
Bəs, Puqaçov nə edir? Dizi üstə qalxıb bağışlanmağını rica edir.

İndi isə tarixləri əyani şəkildə yada salaq: "Kapitan qızı” – 1836, "Puqaçov üsyanı tarixi” – 1834-cü il.
Və bizim ilk təəccüb dolu sualımız: Puşkin öz Puqaçovunu bundan xəbərsizmi yazıb?
Əksinə, "Kapitan qızı” əvvəl yazılsaydı və Puşkin əvvəlcə öz Puqaçovunu təsvir edib sonra tanısaydı, daha doğru olardı (Bütün eşq əhli şairlər kimi). Amma burada o, əvvəlcə tanımış, daha sonra təsvir etmişdi.
Eyni mənalı digər sözdən də istifadə edə bilərik: bənzədib.
Puşkinin Puqaçovu tarixdən tanıdığımız Puqaçova ripost idi, şairin arxivə ripostu idi. "Hər şeydən – Puqaçovun rəzil və qorxaq olmasından xəbərdaram. Amma bunları bilmək istəmirəm. Öz qənaətlərimi bu yad məlumatla müqayisə edirəm. Mən daha yaxşı bilirəm. Bilirəm ki:
Rəzil həqiqətin zülməti daha qiymətlidir
Bizim tək yalanla ucalanlar üçün”
Yalandır. "Şairin yaradıcı olması onun yalançı olduğuna dəlalət etmir, çünki poetik uydurmalar məntiqlə onun meydana çıxardığı işlərin bacardığı və əlindən gələn formada olduğu qənaətinə gətirir. (Tredyakovski)”
Puşkinin qəlbi kiçik həqiqətlərlə doludur. O, hər şeyi təxirə salıb, unudub, qafasını yelçəkənlə təmizləyib, qara gözləri və gözlərindəki parıltıdan başqa heç nə saxlamayıb. "Puqaçov üsyanı tarixi”ni başqaları üçün yazıb. "Kapitan qızı”nı özü üçün.
Puşkinin Puqaçovu poetik azadlıqdır, canını zəhlətökən obraz yığınından xilas edən şairin özü kimi azadlıq.
Bəs Puşkini Puqaçova dönməyə, haqqında hər şeyi bildiyi Puqaçovun adını qəhrəmanına verməyə nə vadar edirdi?
Məhz hər şeyi bilməməsi, zira şair nəsnələr haqqında bilgini poeziyadan, onun arındırmaq gücündən əldə edir.
Puşkin öz Puqaçovunu öyrənmək üçün yazıb. Müəyyən etmək üçün. Puşkin Puqaçovu unutmaq üçün yazıb.
İki sadə cavab var: birincisi, bütün bu "müştərək çalışdıqları” aylar ərzində ona vərdiş etmişdi. Amma bu vərdişə baxmayaraq, öhdəsindən gələ bilmədi (buna özü tərəfindən hazırlanmış yazılı sübutlar da var).
İkincisi isə o, son nöqtəni qoyarkən hiss etmişdi ki, nəsə qaydasında deyil. Bu, həmin Puqaçov deyil. Bu, "sizin təbirinizcə” idi, gəlin indi də bizim təbirimizcə yazaq.
Şüuraltı arzuda tarixdə ifşa edilmiş Puqaçova şeirlə bəraət qazandırmaq, onu Puşkinin əli ilə hekayəsinin qələmə alınacağı edam meydançasına qaytarmaq. Tarixi rəzilliyin ən dərin həddindən Puqaçovu edam əfsanələrinin yüksəkliyinə qaytarmaq.
Puşkin eynilə xalqın özü kimi hərəkət etdi: o, zalım haqqındakı həqiqətə düzəliş etdi – həqiqətin sevgi ilə uyğunlaşmayan kiçicik hissəsinə.
Və onunla bağlı bütün həqiqəti qoruyaraq, bütün həqiqətdən ancaq Puqaçova məxsus xırdalığı aradan qaldıraraq bizə digər – öz Puqaçovunu verdi, xalqın Puqaçovunu, bizim sevə biləcəyimiz Puqaçovu.
Bəs hansı Puqaçov həqiqidir? Qorxudan sevgili qadının və günahsız körpənin məhv edilməsinə razı olan, əziz dostu aradan götürən, sadiq silahdaşını boğan, özü isə sifətinə vurulan zərbədən sonra diz üstə çökən?
Yoxsa, dəfələrlə bağışladığı Qrinyovu kütlə arasında tanıyaraq sonuncu dəfə başını tərpədən?
Puqaçov deyərkən, ağlımıza nə gəlir? Gözlər və parıltı. Hər ikisi də rəzillikdən uzaq. Zira gözlər də, parıltı da təbiət hadisəsidir, "döyüşdəki həyəcandır”, bəlkə də, taun özüdür. Amma ünsür olaraq qorxunu tanımır.
Puqaçov deyərkən ilk və son dəfə nə hiss edirik? Onun nəhəngliyini. Ona sevgimizi.
Beləliklə, Puşkin poeziyanın gücü ilə ən qorxaq qəhrəmanı alicənablıq nümunəsinə çevirib.
"Kapitan qızı”nda tarixçi Puşkin şair Puşkin tərəfindən döyülür, Puqaçov haqqında son söz isə həmişəlik şairin öhdəsinə düşür.
Puşkin bizə "Puqaçov üsyanı”ndakı Puqaçovu göstərdi, "Kapitan qızı”ndakı Puqaçovu təlqin etdi. "Puqaçov üsyanı tarixi”ni nə qədər mütaliə etsək belə, "Kapitan qızı”nda çovğunlu havada rastımıza çıxan yabancı predmet gözə görünən kimi biz hər şeyi, Puqaçov və hekayəsi ilə bağlı bütün xoşagəlməz təcrübəmizi, sevgi ilə bağlı yaşadığımız bütün ağrılı hadisəni unuduruq.
Zira, heyranlıq təcrübədən yaşca böyükdür. Nağıl da həmçinin. Yer kürəsinin, insanın həyatında da. Zira Puqaçovu biz Verliokdan, Cırtdandakı adamyeyəndən, Alyonuşkanın yağ çəlləyinin arxasında gizlənməsinə səbəb olan quldurdan, nağıllardakı bütün adamyeyən və quldur obrazlarından tanıyırdıq.
Puşkinin "Kapitan qızı”ndakı Puqaçovu quldur, adamyeyən, çumak (qədim Ukraynada duz, çörək, balıq və digər ərzaqların satışı ilə məşğul olan kəndli – X.N.), əcinnə, "xeyirxah cavan”, nağıllardakı, həm də yuxulardakı boz qurddur... amma bu quldur, adamyeyən, boz qurd kimisə sevir, hər kəsi məhv edir, bir nəfəri isə sevir. Həmin bir nəfər isə Qrinyovun timsalında bizik.
Və əgər biz Puqaçova, canlı qorxu, daha doğrusu ölüm qorxusu, uşaqlıq illərindəki ölüm qorxusu olduğuna görə heyranıqsa, bəs nə üçün həmin qorxulu, eyni zamanda xeyirxah zalıma daha çox heyran olub, sevməyək?
Puşkin Puqaçovda ən qorxulu heyranlıq təqdim edib: bir anda xeyirxahlığa çevrilən, bütün qüvvəsini xeyirxahlığa çevirmiş qəddarlıq. Puşkin Puqaçovda bizə həlli mümkün olmayan tapmaca təqdim edib: zalımlıq və təmiz qəlb haqqında. Puşkin Puqaçov timsalında bizə xeyirxah quldur təqdim edib. Biz sadə quldura tabe olduğumuz halda, ona necə tabe olmayaq?
Puqaçovu təqdim edən Puşkin özü nəyə tabe olub? Hər şeydən alisi: öz şairliyinə, şairin qüsursuz hiss etmək qabiliyyətinə – baş verməsə də, baş verməsinin mümkün olduğu baş verə biləcəklərə. ("Çünki, şair yaradıcıdır...”)
Poeziya güclü nəsnədir, Nikolay arxivinin bütün bilgiləri, hazır biliklər və tədqiqatlar şairin dünyagörüşünü nə məhv edə, nə də boğa bildi.
Puşkin Puqaçovu nə qədər çox tanısa da, bilirdi ki, onu sirli tərəfləri də var. Nə qədər aydın görsə də, görünməyən tərəflərinin olduğuna əmin idi.
Demək olar ki, "Kapitan qızı” ilə "Puqaçov üsyanı tarixi” Puşkinin qəlbində eyni zamanda yazılıb, birgə yazılıb, hər sətrin sonundan yeni sətir boylanıb, hər bir səhifə əvvəlkinin əsasında yazılıb. Amma şairin əli ilə, tam azad şəkildə, inkarla dolu yanlış faktlar qələmə alınıb.
"Rəzil həqiqətin zülməti daha qiymətlidir, bizim tək yalanla ucalanlar üçün”.
Puşkin özünün və bütün dünyanın lirik tanrısı Napoleon haqqında sonuncunun Yaffada taunlulara toxunmasını iddia edən şəxsə dediyi:
Rəzil həqiqətin zülməti daha qiymətlidir
Bizim tək yalanla ucalanlar üçün
sətirlər Puqaçov üçün nə qədər uyğundursa, gözləri ilə vərəqlədiyi rəzil həqiqətlərin təqvimdəki aylarla uyğunlaşması o qədər qəribədir.
Puşkin Napoleon haqqında bu cür deyib.
Puqaçovla bu cür hərəkət edib.
"Kapitan qızı” bitdikdən sonra bizin Puqaçov haqqında nə rəzil həqiqətimiz, nə də rəzil həqiqətlərin zülmətləri qalmadı.
Dürüstcəsinə.
Bax, bu dürüstlük elə şairlikdir.
***
Rəzil həqiqətlərin zülməti...
Rəzil həqiqətlər və ali yalanlar yoxdur, rəzil yalanlar və ali həqiqətlər var.
Bir də. Həqiqətlər zülmətlərlə addımlamır. (zülmət – qaranlıq, zülmət – böcək və s.). Yalanlardan fərqli olaraq.
Faktlar aləminə qayıdaq. Vacib bir şərt – deyirlər ki, hazırda Puqaçovun "Puqaçov üsyanı tarixi”ndəkindən tamamilə fərqli, ən əsası isə heç bir rəzillik olmadan, mərd çar qismində təsvir edildiyi arxivinin üç cildi nəşr edilib...
Mən Puşkinin Puqaçovunu ancaq Puşkinin digər Puqaçovu ilə müqayisə edirəm.
Amma hazırkı vəziyyətdə məsələ Puqaçovda deyil, zadəganlardan başqa kimsəni tanımayan, həmin zadəganlara inananlar Puşkindədir. Puşkinin məlumatlara əsasən Puqaçovu görməsi kimi. Mən Puşkinin Puqaçovunu ancaq özü ilə müqayisə edirəm.
Əgər Puqaçov həqiqətən də arzuedilən, mərd, ədalətli, cəsur çardırsa, deməli, Puşkin yenə də haqlıdır və yeganə haqlı insandı. Alçaldıcı ifadələrə qəlbinin dərinliyində inanmamaqda haqlı idi. Ona qəlbi ilə deyil, ancaq gözləriylə inanırdı.
Bütün hallarda haqlıdır:
Puqaçov rəzil və qorxaqdır, Puşkin onu hündürboylu və cəsur təsvir edərkən haqlıdır, zira rəzil həqiqətlərin zülməti bizə qiymətlidir...
Puqaçov mərd və cəsur çardı – Puşkin onu arxiv qismində deyil, məhz bu cür təsvir etməkdə yenə haqlıdır. (Qeyd üçün! Puşkin arxivi sözlə deyil, əməli ilə təkzib edib).
Amma təkrar edirəm, burada məsələ Puqaçovda deyil, Puşkindədir.
Puşkin şair idi. "Kapitan qızı” klassik əsərində olduğu kimi heç yerdə şairliyini bu qədər güclü şəkildə diqqətə çatdırmamışdı.
Vanves, 1937
Marina Svetayeva
Rus dilindən tərcümə edən: Xatirə Nurgül

banner

Oxşar Xəbərlər