İcra başçısı Niyazi Bayramov sakinlərlə görüşüb - Fotolar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla
görüşüb. Şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyevin göstəriş və
tapşırıqlarına uyğun olaraq keçirilən səyyar qəbulların məqsədi vətəndaşların
problemlərini dinləmək, onları aradan qaldırmaqdır. Niyazi Bayramov Prezident
İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Gəncədə aparılan abadlıq-quruculuq
işlərindən söz açıb. O bildirib ki, hazırda şəhərin 30-a yaxın küçəsinin asfalt
örtüyü yenilənir, həmin ərazilərdə müasir işıqlandırma sistemi qurulur. Bununla
yanaşı 148 çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi işi də davam
etdirilir.
Görüşdə 25-ə yaxın sakinin şikayət və təklifləri dinlənilib. "Açıq
mikrofon” şəraitində keçən qəbulda sakinlər öz problemlərini
dilə gətirib, şikayət və təkliflərini səsləndiriblər. Müraciətlər arasında işlə
təminat, qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin təmiri, diabet xəstələrinə
dərman preparatlarının verilməsi kimi məsələlər üstünlük təşkil edib.
Qəbulda sosial evlərin inşası məsələsinə də toxunulub. Şəhər İcra
Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncədə sosial evlərin
inşası gündəmdədir və bu prosesə növbəti ilin əvvəllərindən başlanılması
planlaşdırılır.
Qəbulda səsləndirilən bir çox problemlər elə yerindəcə öz həllini
tapıb, bəzi məsələlərin qeydiyyata alınaraq araşdırılması üçün isə göstərişlər
verilib.