• şənbə, 20 Aprel, 07:01
  • Baku Bakı 14°C

Selektiv abortların qarşısını necə almaq olar?

14.11.18 21:08 2241
Selektiv abortların qarşısını necə almaq olar?
"Nə üçün qız uşaqları ailələrdə o qədər də arzuolunan deyil?», «Selektiv abortların sayı niyə durmadan artır?» - kimi suallara Qadın Liderliyi Uğrunda İctimai Birlik «Klassik Azərbaycan ailə modelinin təbliği» layihəsi çərçivəsində "Sputnik" Azərbaycanda keçirdiyi dəyirmi masadakı müzakirələrdə cavab axtardı. Cəmiyyətin diqqətini bu kimi problemlərə yönəltməyə çalışan layihə rəhbərliyi problemin əslində təkcə ölkəmizdə deyil, ümumən dünyada ciddi olduğunu diqqətə çatdırdı. İB-nin rəhbəri Ülkər Abdullayeva layihə çərçivəsində Bakıda, Bakıətrafı rayonlarda və respublikanın rayonlarında, xüsusən Gəncə və Mingəçevirdə tədbirlərin keçirildiyini qeyd etdi: «Əsas məsələ klassik Azərbaycan ailəsi modelinin müsbət cəhətlərini müzakirəyə çıxarmaq, boşanma mədəniyyətinin bərqərar olmasına çalışmaqdır. Ailələrimizdə utanc gətirən məsələlərdən biri, qız uşaqlarının arzulanmamağıdır. Təcrübələr göstərir ki, Azərbaycanda hələ də qadına qarşı şiddət var, zorakılıq davam edir. Bu, təkcə ər tərəfindən həyat yoldaşına qarşı edilən zorakılıq deyil, həm də atanın qızına, qardaşın bacıya qarşı etdiyi zorakılıqdır. Bütün bunlar ona gətirib çıxarır ki, qız uşaqları ailədə arzulanmayan uşaqlara çevrilirlər. Bu da qız uşaqlarını selektiv aborta gətirib çıxarar. Hamiləlik dövründə məlum olanda ki, döl qızdır, ailələr o uşağı abort etdirməyə gedirlər. Qız uşaqlarını ailəyə yük kimi qəbul edirlər. Bəzən valideynlər bu yükdən azad olmaq üçün qız uşaqlarını erkən yaşda ərə verirlər. Çox təəccüblüdür ki, ailənin yükünü hər zaman qız uşaqları çəkir. Atalar özləri də həmişə etiraf edirlər ki, onların problemlərinin qayğısını daha çox qız uşaqları çəkir. Bütün bunların fonunda nə üçün qız uşaqlarını arzu etmirlər?» İB rəhbərinin sözlərinə görə, belə münasibət demoqrafik problemlərə gətirib çıxarır. Bununla bağlı bu ilin 9 ayının statistik göstəricisi də ürəkaçan deyil. "Aylar üzrə doğumun sayında tərəddüdlər var: 114 oğlana 100 qız, bəzən də 118 oğlana 100 qız düşür. Hərçənd Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqladığı «114 oğlana 100 qız» rəqəmi tendensiyanın azalmağa doğru getdiyini bildirsə də, bunun sabit statistika olduğunu heç kim deyə bilməz”. Ü.Abdullayeva qeyd etdi ki, bu problem təkcə ölkəmizdə deyil, dünyanın, xüsusən müsəlman ölkələrinin ailələrində daha çox mövcuddur. Belə ki, BMT-nin Əhali Fondunun proqnozlarına əsasən, hər il 15 min oğlan uşağı qızların sayından çox olacaq: "Bu da çox ciddi demoqrafik problemdir”.
Araşdırmaçı jurnalist Ramella İbrahimxəlilova çıxışında qız uşaqlarının selektiv abortu ilə bağlı məsələnin hüquqi tərəflərinə toxunaraq, qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirdi: «Problemin həllini selektiv abortlarda axtarmaq lazım deyil. Bu, ailələrin yanaşmasından asılıdır. Bəzi ailələr oğlan uşaqlarının ailə üçün daha vacib hesab edirlər. Bizdə selektiv abortlarla bağlı qanun var, amma onun mexanizmi tam hazırlanmayıb».
Gender problemləri üzrə mütəxəssis Anastasiya Lavrina problemin həllində iqtisadi amillərin mövcudluğunu önə çəkdi: «Ailələr çox zaman düşünürlər ki, əgər oğul övladı dünyaya gəlsə, işləyəcək və evə kömək edəcək. Qız uşaqlarına isə ümumən, problem kimi yanaşırlar. Məsələn, qızı erkən yaşda ərə verirlər. Sonra onun ailəsində problem olanda da boşanmaq məsələsi çətin olur. "Geriyə yol yoxdur, bu, ailə üçün utanc və biabırçılıqdır» kimi fikirlərə görə, qız ərə getdiyi ailədə bəzən ömrünün axırına qədər əzaba dözmək məcburiyyətində qalır. Təhsil çatışmazlığı onu ərindən asılı edir. İqtisadi asılılıq da qadını ailədə bəzən asılı edir. Belə vəziyyətdən çıxış yolu kimi qadınlar problemin həllini oğlan uşağı doğmaqda görürlər. «Ən azı, oğluma görə ailəm dağılmaz» və ya «Oğlum böyüyüb mənə kömək olar» kimi fikirlərlə özlərini ovudurlar. Bu da bütün cəmiyyətdə gender bərabərliyini pozur”.
Psixoloq Zeynəb Əyyubova məsələnin psixoloji məqamlarını açıqladı: "Psixoloji nöqteyi-nəzərdən yanaşanda qadınlar daha çox «mənim niyə oğlum olmur» iddiası ilə bətndəki qız övladını məhv edirlər. Bu, təkcə kişinin günahı deyil, qadın özü də oğlan istəyir. Şüur altında bizim ailələrdə oğlan uşağının doğulmasına meyillilik var”. Selektiv abortlara görə, Çindən sonra Azərbaycanın ikinci yerdə olduğunu deyən psixoloq qeyd etdi ki, əgər bu sahədə qanun qəbul olunmasaydı, vəziyyət daha acınacaqlı olardı”.
Tədqiqatçı İsmayıl Kərimov bu sahədə demoqrafik araşdırmaların aparılmadığını qeyd etdi: «Demoqrafik təməli olmayan heç bir araşdırma strateji ola bilməz. Bu sahədə bir dənə də olsun təhlil yoxdur. Yəni statistik təhlillər olmalıdır. Həmin təbəqə müəyyənləşməlidir”.
Araşdırmaçı jurnalist Raminə Eyvazqız BMT-nin Əhali Fondunun bu istiqamətdə bir sıra işlər gördüyünü, aktiv şəkildə sosial çarxlar hazırladığını qeyd etdi: "Hazırda dünyada bütün problemlərlə mübarizədə audiovizual məhsulların böyük əhəmiyyəti var. Bu vasitələr sosial çarx kimi insanlara təsir etmək gücünə malikdir. Biz televiziya baxımından o sahədə çox uduzuruq. Çünki telekanallarımızda sosial çarxları pulla yerləşdirmək istəyirlər. Ancaq bu çarxlar pulsuz yayımlanmalıdır. QHT-lər də bu sahədə hansısa çarxları hazırlayıblar. Sadəcə, onların TV-də yayımlanması ilə bağlı problemlərlə üzləşirlər”. R,Eyvazqızı selektiv abortların dünyada qadağan olunmasının mümkünsüzlüyünü bildirdi: " Bununla mübarizə aparmaq olmaz. Ancaq hesab edirəm ki, qaydaları sərtləşdirmək lazımdır. Həmçinin insanların maarifləndirilməsinə ehtiyac var”.
Sosioloq Əhməd Mansurov çıxışında «Selektiv abortlara məruz qalan təbəqəni müəyyənləşdirməliyik» fikrini irəli sürdü: "Bu istiqamətdə demoqrafik araşdırmalar aparılmır. Selektiv abortların kökündə sosial məsələlər dayanır. Biz selektiv abortların ləğvi ilə heç nəyə nail ola bilmərik. Qız uşaqları üçün həyat standartları kompleksi müəyyənləşdirməliyik. Selektiv abortlar regionlarda daha çox baş verir. Bu, gender probleminə, qızlara qarşı ayrı-seçkiliyə gətirib çıxarır».
Ekspert Zaur İbrahimli bu sahədə qanunvericiliyi sərtləşdirməyin tərəfdarı olmadığını qeyd etdi: «Bu, əlavə korrupsiya hallarına gətirib çıxaracaq. Hesab edirəm ki, məsələnin həlli yalnız maariflənmə ilə mümkündür”.
Media eksperti Azər Həsrət problemin yeni olmadığını qeyd edərək, bunu, insanların cahilliyi ilə əlaqələndirdi: "Bütün məsələlərə balansın pozulması prizmasından yanaşılsın. Vurğulansın ki, selektiv abort cəhalət əlamətidir. Abort isə seçimdir. Yəni elə bir zərurət yaranar ki, həqiqətən də qadın bu aborta getməli olar. Qız uşağının heç kimə zərəri yoxdur, bizim hər birimizi qadın dünyaya gətirib. Selektiv abort bəşəriyyəti böyük fəlakətə sürüyəcək əlamətdir”.
Fikirlər səsləndi ki, problemin həllinə tam olmasa da, qismən, maarifləndirmə yolu, təhsil və KİV-in təsiri və s. ilə müəyyən qədər nail olmaq mümkündür. Müzakirələrdə hüquq-mühafizə orqanlarının qadınlara qarşı şiddətə laqeyd münasibətinə, boşanma mədəniyyətinin olmamasına və s. məsələlərə də toxunuldu.

Müzakirələrdə iştirak etdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər