“Reket jurnalistika” bütövlükdə cəmiyyətin bəlasıdır
Ötən şənbə Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi "Realliq.info” saytının
baş redaktoru İkram Rəhimovun saxlanılması, barəsində araşdırılma aparılması
barədə məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan
vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə
"Realliq.info” və digər "reket” informasiya saytları yaradıb, həmin
internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində
rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb
dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə
və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə
daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında
aparılmış əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə
göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
İ.Rəhimov 26 oktyabr
2018-ci ildə Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb
etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə
cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir. DTX-nın yaydığı bu
xəbər "reket jurnalistika” və onlara qarşı mübarizə məsələsini yenidən
aktuallaşdırıb.
Mövzu ilə bağlı fikirlərini
"Kaspi”yə bölüşən Azərbaycan Mətbuat
Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, "reket
jurnalistika” bütövlükdə cəmiyyətin bəlasıdır. Deputatın sözlərinə görə, ona
qarşı mübarizə yalnız Mətbuat Şurasının işi deyil və ayrı-ayrı aidiyyatı
qurumlar da məsələyə tam ciddi şəkildə önəm verməlidirlər: "Əlbəttə, media
cameəsi daha çox önəm verməlidir və verir də. Çünki göründüyü kimi, xoşagəlməz
tendensiyada alət olan jurnalistikadır. Peşənin təəssübünü çəkənlər buna görə
narahatdırlar. Mətbuat Şurası olaraq biz dəfələrlə bu məsələni qaldırmışıq. "Reket
jurnalistika”nın ümumən aradan qaldırılması üçün bir neçə vacib tədbir həyata
keçirilməlidir. Bilirsiniz ki, ölkədə uçota alınan KİV-lərin sayı həddən artıq
çoxdur. Hələ internet media resursları da var. Onların sayının artdığını və
jurnalistikadan sui-istifadə məqsədilə yararlananların bir çoxunun məhz bu
məkana keçdiklərini xüsusi vurğulamaq lazımdır. Faktlar göstərir ki, xəbər
saytlarının bir çoxu media mühitimizə ali dəyərləri deyil, korporativ maraqları
üstün tutaraq gəliblər. Belələrinin jurnalist kimi fəaliyyəti cəmiyyətin
müxtəlif təbəqələrinin haqlı narazılığına səbəb olmaqdadır. Mövcud durumda
nisbətən sərt mexanizmlərin tətbiqini, eyni zamanda media vasitələrinin uçota
alınması prosesinə yenidən baxılmasını zəruri sayırıq. Eyni zamanda hesab
edirik ki, qeydiyyat məsələsi internet media vasitələri üçün də aktual
olmalıdır. Əgər əvvəllər Mətbuat Şurası hansısa qəzet barədə qərar çıxarırdısa
və həmin qəzetin sahibi sonra gedib başqasını təsis edirdisə, bu gün
nəzarətində 7-8 xəbər saytı olan şəxslər var. Buna görə də hesab edirəm ki,
onlayn medianın uçotu məsələsinə də ciddi yanaşılmalıdır”.
Millət vəkili Ə.Amaşov
deyib ki, bu məsələyə "Kütləvi informasiya vasitələri haqqında” qanunun
müstəvisində baxılmasının vaxtı çatıb: "Bu məsələni hansısa hostinq və domen
qeydiyyatı aparan şirkətlərə buraxmaq olmaz. Nəzərə alaq ki, bu şirkətlərin
qanunla daşıdıqları məsuliyyət özündə peşə prinsiplərinə riayət baxımından
zəruri olan məqamları və prosedurları əks etdirmir. Məsələyə sistemli
yanaşılması "Kütləvi informasiya vasitələri haqqında” qanunun KİV-lərin
təsisini nəzərdə tutan hissələrinə müvafiq əlavələrin edilməsindən keçir. Digər
bir vəzifə KİV-lərin təkrar qeydiyyatı ilə bağlıdır. Hesab edirəm ki, bu,
mübarizədə effektivliyi artıra bilər. Bildiyiniz kimi, qəzet, jurnal və
informasiya agentliklərinin bir qismi vaxtilə mövcud olmuş Mətbuat və
İnformasiya Nazirliyində qeydiyyata alınıb. Onların arasında fəaliyyətlərini
başa vuranlar az deyil. Eyni zamanda nəzərə alaq ki, Mətbuat Şurasının peşə
prinsiplərinə laqeyd yanaşan KİV-lər üçün tərtib etdiyi "qara siyahı”da yer
alan "reket nəşr”lərin sahiblərinin bir çoxu asanlıqla yeni KİV-ləri qeydiyyata
aldırır, ictimai narazılığa səbəb olan hərəkətlərini davam etdirirlər. Nəticədə
bu yolu tutan KİV-lərin şəbəkəsi genişlənir. Mətbuat Şurası ictimai təşkilat
olduğundan çıxardığı qərar və rəylər tövsiyə xarakterlidir. Sənədlərdə nəzərdə
tutulan təsir mexanizmləri ictimai qınaqla məhdudlaşır. KİV-lərin
fəaliyyətindəki neqativ hallar, o cümlədən peşə prinsiplərinin pozulmasına dair
faktların artması bu kimi meyllərə qarşı mübarizənin gücləndirilməsini
zəruriləşdirir”.
Mətbuat Şurasının sədri Ə.Amaşov
bildirib ki, bu zərurətin meydana çıxmasında başlıca amil şikayətçilərin - müxtəlif
vətəndaş qruplarının etik dəyərlərə sayğısız yanaşan media orqanları tərəfindən
pozulmuş hüquqlarının təmin olunmamış qalmasıdır: "Hazırkı vəziyyətdən çıxış
yollarından biri kimi Azərbaycan Mətbuat Şurası haqqında ayrıca qanunun
qəbulunu görürük. Bu, elə bir sənəd olmalıdır ki, Şuranın medianın özününtənzimləməsindəki
roluna xələl gəlməsin. Lakin qurumun qəbul etdiyi qərarlar müvafiq hüquqi
məsuliyyət növünü nəzərdə tutsun. Məsələn, MŞ-nin etik normaları pozan nəşrləri
ictimai qınağa çəkməklə yanaşı, onları cərimələmək, fəaliyyətlərinin müəyyən
müddətədək dayandırılması ilə bağlı məhkəmə qarşısında iddia qaldırmaq kimi
səlahiyyəti olsa, daha faydalı nəticələr əldə edə bilərik. Mətbuat Şurası mediada
hədə-qorxu və şantajla müşayiət edilən yazıları və ya məqalələri qarşı tərəfə -
hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən belə hallarla
mübarizədə "reket” adından istifadəni zəruri sayır. Bu zaman peşə fəaliyyəti
şikayətlərə səbəb kütləvi informasiya vasitəsinin müvafiq yazılarında tənqid
obyektinə çevrilmiş hüquqi və fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki
forma və metodlar əsas götürülür. Ancaq məlumdur ki, bu forma və metodlar
yalnız media deyil, birbaşa hüquqi müstəvidə dəyərləndirilməlidir. Məsələn,
Cinayət Məcəlləsində 182-ci maddə var - hədə-qorxu ilə tələb etmə. Buna görə
əlaqədar qurumlar da hər zaman məsələyə ciddi yanaşmalıdırlar”.
"Azadinform”
İnformasiya Agentliyinin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Niyaz Niftiyev da bizimlə
söhbətində vurğulayıb ki, MŞ ölkədə söz və mətbuat azadlığının qorunması,
Jurnalistlərin Peşə Davranışı Qaydalarının tələblərinə, mövcud standartlara
uyğun peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsindən
ötrü kifayət qədər fəallıq nümayiş etdirir. Onun fikrincə, məqsəd dövlət
orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin və etimadın
möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar
yaradılmasıdır: "Təəssüf ki, aramıza daxil olan bəzi insanlar bu şərəfli
missiyanı ləkələmək üçün hər cür vasitələrə əl atırlar. Son günlər həbsi
müzakirə olunan "Reallıq.info”ya və daha 5-6 sayta rəhbərlik edən İkram Rəhimov
da onlardan biridir. Bu adamla bağlı demək olar ki, hər iclasda hansısa
şikayəti müzakirə etmək məcburiyyətində qalırıq. Son iclasımızda bu adam və
onun "reket” saytları ilə bağlı şikayət daxil olub. Lakin həmin saytın adı
əvvəllər də "qara siyahı”ya düşdüyü üçün müzakirə olunmadı və şikayət edən
tərəfə bu barədə məlumat verildi. İki gün sonra Dövlət Təhlükəsizliyi Xidmətinin
əməkdaşları İkram Rəhimovu saxladı. Səbəbi də ondan ibarətdir ki, İkram Rəhimov
tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket”
informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar
barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayıbmış”.
N.Niftiyev bildirib ki, bu
tip insanlarla bacarmaq çox çətindir: "Onlarla bağlı daxil olan şikayətlərə
baxılan zaman səhvlərini etiraf edirlər, bir müddət keçir yenə də həmin
səhvləri təkrarlayırlar. Özləri də görür ki, Mətbuat Şurasına şikayətlərin
verilməsi və onlara baxılma qaydaları tam şəffaf həyata keçirilir, Şikayətlər
komissiyası kifayət qədər medianı bilən, illərdir bu sahədə çalışan İdarə
Heyəti üzvlərindən təşkil olunub. Daxil olan hər bir şikayətə tərəflərin iştirakı
olmadan baxılmır. Komissiya üzvləri şikayət olunan konkret yazını müzakirə edir
və rəylərini bildirirlər. Yəni Şura yalnız mətbuatda getmiş konkret hadisələr
və materiallarla bağlı şikayətlərə baxır. O yalnız öz səlahiyyətlərinə aid olan
işləri qəbul edir və araşdırır. Bütün bu proses həm yazıdan şikayət edən
tərəfin və ya nümayəndəsinin, həm də yazının – məqalənin getdiyi sayt
rəhbərinin iştirakı ilə baş tutur. Komissiyada qəbul olunan qərarlar Azərbaycan
Jurnalistlərinin Peşə Davranış Qaydalarına uyğun qəbul edilir. Təəssüf ki, son
aylar komissiyada baxdığımız bir çox işlərdə bəzi internet saytları tərəfindən
kifayət qədər qarşı tərəfin təhqir olunması, məsələyə heç bir aidiyyatının
olmamasına baxmayaraq onların ailə üzvlərinin adlarının, fotolarının məlum
saytları "bəzəməsi”, qarşı tərəfin mövqeyinin öyrənilməməsi kimi hallar
müşahidə edilməkdədir”.
Mətbuat
Şurasının İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar
Rəhimzadə də qəzetimizə açıqlamasında qeyd edib ki, "Reallıq.info” və onun
kimi digər saytlar insanların şərəf və ləyaqətini alçaldır, təhqir və böhtana
yol verərək vətəndaşlara qarşı mənəvi terror həyata keçirirlər. Onun sözlərinə
görə, dəfələrlə İ.Rəhimovla bağlı Mətbuat Şurasına şikayətlər daxil olub: "Bir
neçə ay öncə bizə müraciət daxil oldu ki, İkram Rəhimov hazırda həbsdə olan,
jurnalistikaya dəxli olmayan şəxslərə vəsiqə verərək, manipulyasiya yolu ilə
onları azadlığa çıxarmağa cəhd göstərib. Bu cür davranışlar jurnalistikaya ləkə
gətirir. İkram Rəhimov və komandası Mətbuat Şurasının rəhbərliyi və üzvləri
haqqında çox təhqiramiz ifadələr səsləndirir, bizə böhtan və şər atır. Şura
olaraq İkram Rəhimovun rəhbərlik etdiyi reket saytları "qara siyahı”ya
salmışdıq. Bundan sonra quruma qarşı şər və böhtanlarını daha da artırmışdı.
Durmadan öz saytları və sosial şəbəkələr vasitəsi ilə ünvanımıza hədyanlar
yağdırırdı. Əminliklə demək lazımdır ki, İkram Rəhimov peşəkar cinayətkardır”.
Baş redaktor bildirib ki, hüquq-mühafizə
orqanları tərəfindən aparılan araşdırma zamanı İ.Rəhimovla bağlı digər
cinayətlərin də üstü açılacaq: "Biz onu nə qədər tərbiyə etməyə çalışsaq da,
haqq-ədalət yolunu tutmağa, jurnalistikanın peşə etikasına riayət etməyə dəvət
etsək də, o, azğınlaşmış formada öz əməllərini davam etdirdi. Çirkin
niyyətindən əl çəkmədi. Yalnız bizi deyil, idarə rəhbərlərini, iş adamlarını,
sadə vətəndaşları da təhqir edir, böhtan atırdı. Şantaj yolu ilə bir çox
adamdan vəsait istəyirmiş. Məsələn, Neftçalada elektrik şəbəkəsinin rəisindən
və dövlət təşkilatlarından pul tələb edirmiş. Ona görə də DTX tərəfindən həyata
keçirilən əməliyyatı dəstəkləyirəm. Məsələ ondadır ki, biz sadəcə "qara
siyahı”ya sala bilirik və ictimai qınağı formalaşdırırıq. Başqa hansısa tədbir
görə bilmirik”.
Media
eksperti Azər Həsrət isə "Kaspi”yə açıqlamasında deyib ki, "reket
jurnalistika” ilə effektiv mübarizə aparmaq o qədər də çətin deyil. O, bu
məsələ ətrafında ciddi tədbirlər görülməsi üçün Milli Məclis, Prezident
Administrasiyası qarşısında təşəbbüslə çıxış etdiyini də xatırladıb. Deyib ki,
bütün hallarda "reket jurnalistlər” jurnalist adından, peşəsindən sui-istifadə
edirlər: "İkram Rəhimov və onun kimi insanlar jurnalistikanı özlərinə qalxan
edərək, ayrı-ayrı şəxsləri şantaj etməklə, böhtan atmaqla, qaralamaqla pul
qazanır, özlərinə "biznes” qururlar. Bu adamlar rəsmən jurnalistikadan
sui-istifadə edirlər. Ona görə də belələrinin qarşısı alınmalıdır. Bunun üçün
isə daha effektiv addımlar atılmalıdır. Hesab edirəm ki, bu məqsədlə Azərbaycan
qanunvericiliyinə müəyyən əlavə və dəyişikliklər edilməli, jurnalistikadan
sui-istifadə edən şəxslərin bu əməli bir və ya bir neçə dəfə törətdiyi qeydə
alınarsa onlar bu sahədən kənarlaşdırılmalıdırlar. Belə olduğu təqdirdə
problemi kökündən həll etmək mümkündür”.
Rufik
İSMAYILOV