Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında qonaq statusu qazanıb
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 1961-ci
ildən Parisdə fəaliyyət göstərir. 35 ölkənin üzv olduğu bu təşkilat hökumətlərin
birgə səy göstərməklə dünyada mövcud problemlərin aradan qaldırılması yollarını
müzakirə etdiyi və təcrübələrini bölüşdüyü bir platformadır. İnkişafa Yardım
üzrə Komitədə isə OECD-yə üzv ölkələrlə yanaşı, inkişaf üzrə əməkdaşlığa önəmli
töhfə verən digər ölkələr də təmsil olunur.
Hazırda OECD/DAC iclaslarında qonaq statusunda təmsil
olunan ölkələr sırasına Braziliya, Bolqarıstan, Çin, Kolumbiya, Kosta-Rika,
Xorvatiya, Hindistan, Latviya, Litva, Peru, Rumıniya, Rusiya Federasiyası,
Qazaxıstan və Cənubi Afrika Respublikası daxildir. Artıq Azərbaycan da dünyada
inkişafa yardım sahəsində ən nüfuzlu beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq
statusunda təmsil olunacaq. Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata
görə, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə 2015-ci ildən
etibarən aparılan məqsədyönlü işin nəticəsində bu, mümkün olub.
Sözügedən hadisə ilə əlaqədar ekspertlər qeyd edirlər
ki, dünyada insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyət
göstərən və ənənəvi donor ölkələri bir araya gətirən OECD/DAC ilə əməkdaşlıq
donorlar ailəsinin yeni üzvünə çevrilən Azərbaycan üçün mühüm əhəmiyyət
daşıyır. Onların qənaətincə, bu nüfuzlu təşkilatın iclaslarında iştirak Azərbaycanın
beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata
keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni tərəfdaşlıq
münasibətlərinin formalaşdırılmasına xidmət edəcək.
Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycanda
həyata keçirilən islahatlar dünyada maraqla qarşılanır. Millət vəkilinin sözlərinə
görə, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı da Azərbaycan iqtisadiyyatı, xüsusən
də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasından sonra qeyri-neft sektorunu
daha da inkişaf etdirmək üçün görülən tədbirləri maraqla izləyirlər: "Bu
islahatların nəticəsinin nə ilə yekunlaşacağını əvvəlcədən söyləmək çətindir.
Dünyada elə iqtisadi-siyasi proseslər baş verir ki, qabaqcadan dəqiq fikir
bildirmək çox çətindir. Lakin bütün bunlara baxmayaraq, dövlət başçısı İlham
Əliyevin qarşıya qoyduğu məqsədlər, beynəlxalq iqtisadi qurumlara inteqrasiya,
həmçinin beynəlxalq maliyyə qurumları tərəfindən müsbət rəylərin alınması, eləcə
də mühüm iqtisadi təşkilatlarda Azərbaycana münasibətin yaxşı olması onu sübut
edir ki, ölkəmiz doğrudan da inkişaf etmiş dövlətlər səviyyəsində olmaq üçün əlindən
gələni edir. Düzdür, dünya bazarında siyasi səbəblər üzündən neftin qiymətinin
bir neçə dəfə aşağı düşməsi büdcə gəlirlərimizin bir qədər azalmasına, Azərbaycanda
milli valyutanın iki dəfə devalvasiyaya uğramasına səbəb olub, bəzi çətinliklər
yaşadıb. Amma bu proseslər bütün dünya dövlətlərində baş verib. Azərbaycanda
böhrandan çıxış addımlarının atılması, yeni iqtisadi prioritetlərin elan edilməsi
kimi işlər görülüb. Fikrimcə, bütün bu kimi tədbirlərin nəticəsidir ki, Azərbaycan
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında qonaq statusu qazana bilib. İnanıram
ki, bu status ölkəmizin dünyada daha da tanınmasına, beynəlxalq nüfuzumuzun bir
qədər də artmasına xidmət edəcək. Hazırda ölkəmizdə ixracyönümlü məhsulların
istehsalına böyük diqqət yetirilir. Prezident İlham Əliyev tərəfindən
qeyri-neft sektorunun inkişafında bu məsələ bir nömrəli vacib vəzifə kimi
qarşıya qoyulub. Ona görə də ölkəmizin beynəlxalq səviyyəli iqtisadi təşkilatda
qonaq statusu qazanmasını həm təbii qarşılayıram, həm də müsbət hadisə kimi
qiymətləndirirəm”.
Sabiq
maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da mövzuya dair fikirlərini qəzetimizə bölüşərkən
deyib ki, bu gün Azərbaycan dünyanın siyasi və iqtisadi müstəvisində xüsusi
yeri olan bir ölkəyə çevrilib. Ekspertin fikrincə, hərtərəfli islahatlar, xüsusən
də iqtisadi sahədə reallaşdırılan çevik siyasi kurs ölkəmizin getdikcə beynəlxalq
aləmdə daha böyük nüfuz sahibi olmasına yol açır: "Azərbaycan Prezidenti İlham
Əliyevin təşəbbüsü ilə reallaşdırılan və Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayacaq Cənub Qaz Dəhlizi kimi transmilli layihələrin
icrası ölkəmizin bölgədəki rolunun nə qədər böyük olduğunu təsdiq edir. Bu gün
Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu və iqtisadi cəhətdən ən qüdrətli
dövlətidir. İndi bölgəmizdə Azərbaycanın iştirakı olmadan hər hansı bir beynəlxalq
layihənin reallaşdırılması mümkün deyil. Bu səbəbdən də Azərbaycanın bundan
sonra da dünyanın və Avropanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv olması, eləcə
də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında qonaq statusu qazanması tam məntiqlidir”.
Rufik
İSMAYILOV