• çərşənbə, 24 Aprel, 13:18
  • Baku Bakı 27°C

2017-ci ildə idmanın verdiyi qürur və töhfə

30.12.17 10:15 2878
2017-ci ildə idmanın verdiyi qürur və töhfə
Dövlət idmana, təkcə ölkənin beynəlxalq aləmdə tanıdılması üçün yatırım etmir. İdman həm də sağlam vətəndaş deməkdir. "Sağlam vətəndaş” "sağlam ölkə” anlayışının sinonimidir. Sağlam bədəndə sağlam ruh olduğu kimi, sağam vətəndaş da sağlam ölkə, dövlət formalaşdırır. Buna görə də dövlətin idmana yatırım etməsi vacibdir. Üstəlik, vətəndaşları idmana - sağlamlığa cəlb etmək üçün mütləq qlobal idman tədbirlərinə ehtiyac var. Ölkə daxilində keçirilən böyük beynəlxalq idman yarışları bu baxımdan əvəzsiz stimuldur.
Azərbaycan dövləti həmişə vətəndaşının sağlam ruhda böyüməsinə yatırım edib. Azərbaycanda kütləvi idman yarışları keçirilib, böyük beynəlxalq turnirlər təşkil edilib, uğur qazanan idmançılar dövlətin qayğı və dəstəyi ilə əhatə olunub. Bunun da məntiqi nəticəsində, Azərbaycan böyük idman dövlətinə çevrilib. Bu kurs 2017-ci ildə də davam etdirilib.

İslam dünyasının nəbzi Bakıda vurdu

2017-ci ildə Azərbaycan daha bir qlobal yarışın təşkilatçısı oldu. Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. On gün ərzində - mayın 12-dən 22-dək İslam dünyasının nəbzi məhz Bakıda vurdu. IV İslam Həmrəyliyi Oyunları möhtəşəmliyinə görə fərqləndi. Statistikaya diqqət yetirək: Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəldi. İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.
"Bakı-2017"-ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Azərbaycan idmançıları bu mötəbər turnirdə də parlaq çıxışla yadda qaldılar. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan idmançıları yarışı komanda hesabında birinci pillədə başa vurublar. İdmançılarımız 75-i qızıl, 50-si gümüş və 37-si bürünc olmaqla, ümumilikdə 162 medal əldə ediblər. I Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın qüdrətinin göstəricisi idi. Hər iki turnirdə idmançılarımızın əldə etdikləri nəticələr isə idmana yatırılan vəsaitin özünü doğrultmasının sübutu sayılmalıdır.

Azərbaycan zəkasının təntənəsi

2017-ci ilin noyabr ayında isə Azərbaycan bütün dünyanı intellekti ilə heyran etdi. Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa çempionatı Azərbaycan yığmasının parlaq qələbəsi ilə yekunlaşdı. Bu, zəka sahiblərimizin Avropa çempionatında qazandığı 3-cü "qızıl” idi. Belə uğura Azərbaycandan savayı cəmi iki ölkə - keçmiş SSRİ və Rusiya nail olub. Bütün dünya bir daha əmin oldu ki, Azərbaycan intellektual insanların ölkəsidir. Təsadüfi deyil ki, hazırda respublikamızın ümumtəhsil məktəblərində şahmat fənn kimi tədris olunur. Şahmat sərbəst düşünmə qabiliyyətinin, çevik qərar qəbuletmə, mürəkkəb şəraitdə taktika seçmək kimi vərdişlərin inkişafına təkan verir. İdmançılarımızın Avropa çempionatında qələbəsini Azərbaycan zəkasının təntənəsi hesab etmək olar.

"Qarabağ”ın Avropa yürüşü

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ” bu il tarixi uğuru gerçəkləşdirdi. Komandamız Avropanın ən nüfuzlu klub turnirinin - Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. "Qarabağ”ın bu uğuru Azərbaycan futbolu tarixində böyük nailiyyət olmaqla yanaşı, Qarabağ həqiqətlərinin də bütün dünyaya yayılması yönündə böyük təbliğat oldu. Dünyanın məşhur nəşrləri "Qarabağ”la bağlı geniş yazılar dərc etdilər. Komandamızın ermənilərin işğal etdikləri, vəhşicəsinə dağıtdıqları Ağdam şəhərinin təmsilçisi olmasını xüsusi vurğuladılar. Çempionlar Liqasının oyunları üçün hazırlanan
xüsusi buraxılışda Qarabağ həqiqətləri müxtəlif dillərdə dünyaya yayıldı. Azərbaycan prezidenti İlham Əliyev də "Qarabağ”ın tarixi uğuruna böyük diqqət göstərdi. Cənab prezident "Qarabağ” futbol klubunun üzvlərini, məşqçi heyətini, rəhbər şəxslərini qəbul etdi.

3 qat dünya çempionları

2017-ci il ümumilikdə Azərbaycan idmanı üçün çox uğurlu olub. İdmançılarımız il ərzində dünya, Avropa birinciliklərində, kubok yarışlarında 851 medal əldə ediblər. Medalların 347-si qızıl, 236-sı gümüş, 268-i isə bürünc olub. Boksçumuz Məhəmmədrəsul Məcidov Almaniyada keçirilən kişilər arasında dünya çempionatında 3-cü dəfə planetin ən güclüsü olub.
Daha bir idmançımız - güləşçimiz Hacı Əliyev Fransanın paytaxtı Parisdə möhtəşəm uğur qazanıb. Hacı Əliyev də 3-cü dəfə dünya çempionu olmaqla, Azərbaycan idmanının daha bir parlaq səhifəsini yazıb.

Qeyri-olimpiya idman növlərinə diqqət

Azərbaycanda təkcə olimpiya yox, qeyri-olimpiya idman növlərinə də ciddi yatırım edilir. Bu da onu göstərir ki, dövlətin əsas hədəfi yalnız olimpiya idman növlərində uğur yox, ümumilikdə sağlam cəmiyyətin formalaşdırılmasıdır. Təkcə bir fakta diqqət ayıraq: qeyri-olimpiya idman növlərindən universal döyüş növünün müxtəlif versiyaları üzrə Ukraynada keçirilən Avropa çempionatında Azərbaycan 7 - 2 qızıl, 2 gümüş, 3 bürünc medal əldə etmişdir.
İdman sahəsində gənclərə, tələbələrə göstərilən dəstəyi isə Tayvanın Taypey şəhərində Tələbələrin 29-cu Ümumdünya Yay Universiadasında qazanılan uğur sübut edir. Ölkəmiz yarışa 29 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Tələbə-idmançılarımız cəmisi 4 - atletika, ağır atletika, cüdo, taekvando idman növlərində iştirak etmişlər. 4 idman növündə 8 medal - 3 qızıl, 1 gümüş, 4 bürünc əldə edilib.
Dünyaya bəxş edilən kadrlar

Azərbaycanda idman inkişaf etdikcə, həm də peşəkar idman funksionerləri yetişir. Bunun bariz sübutu isə Fərid Qayıbov nümunəsidir. Azərbaycan Gimnastika Federasiyasının baş katibi F.Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçildi. Dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində o, hamıdan çox səs topladı. Fərid Qyıbov qalib gəldikdən sonra verdiyi açıqlamada bildirib ki, Azərbaycan artıq gimnastika paytaxtına çevrilib: "Dünyanın bütün ölkələrindən, hətta digər kontinentlərdən Milli Gimnastika Arenasında məşq etmək üçün Bakıya gəlirlər. Məhz Mehriban xanım Əliyevanın dəstəyi ilə bu uğura imza atdıq. Mən Mehriban xanımı təbrik edirəm, çünki 15 il ərzində bu gün Avropa Gimnastika İttifaqını idarə edə biləcək menecer hazırlayıb”.

Genişlənən idman infrastrukturu

Heç şübhəsiz, peşəkar idmançının, sağlam vətəndaşın yetişdirilməsi üçün infrastruktur olduqca vacib amildir. Azərbaycanda indiyə qədər xeyli idman qurğusu tikilərək, əhalinin istifadəsinə verilib. 2017-ci il də istisna olmadı. Azərbaycanın bir sıra rayon, qəsəbə və kəndlərində yeni idman qurğuları tikildi, bir neçəsinin isə təməli qoyuldu. Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi başa çatdırılıb, Lənkəran rayonunda Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri davam etdirilib. Qala qəsəbəsində və Yardımlı rayonunda İdman komplekslərinin, Tərtər, Neftçala və Goranboy rayonlarında Olimpiya İdman komplekslərinin, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin, Buzovna, Türkan, Qobustan, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarının tikintisinə başlanılıb.
Heç şübhəsiz, 2018-ci ildə də dövlətin idmana dəstəyi daha böyük arealı əhatə edəcək. Azərbaycan yenə də mötəbər turnirlərin ev sahibi olacaq. İdmançılarımız dünya arenalarında parlaq qələbələr qazanacaqlar. İdman insanlarımıza sevinc, həyəcan, emosiya, qürur bəxş edəcək. Azərbaycan bayrağı yenə də yüksəklərə qalxacaq.
Sonda gənclərə üz tutub demək istəyirik: Dövlətin dəstəyindən yararlanın, idmanı sevin, idmanla məşğul olun ki, bayrağımız yüksəklərdə, bədənimiz və ruhumuz sağlam, intellektimiz iti olsun. Olsun ki, dövlətimiz daha da qüdrətlənsin! Bayramınız mübarək!

Elnur
banner

Oxşar Xəbərlər