AXTARIŞ
"Allah
göylərin və yerin nurudur.”
("Nur” surəsi, ayə 35)
"Səni
itirən nəyi tapmışdır? Səni tapan
nəyi
itirmişdir?”
İmam Hüseyn
Kim onu hər yerdə görmürsə, heç
vaxt üz-üzə görə bilməz.
İ.Höte
...Yox-yox, gözəlliyi tapdığımda yox,
Tapmışam əbədi axtarışımda.
B.
Vahabzadə.
...Hər
şey axtarışla başlayıb axtarışla qurtarır.
İnsan
öləndən sonra da axtarışda olacaq. Məhşər günündə Allahı görmək istəyəcək.
Ancaq çoxları bəlkə də belə axtarışın fərqində deyillər.
Biri ruzi axtarır, biri gözəl gün-güzəran, digəri gözəllik, əbədilik
və s.
Bir başqası da Şərq mütəfəkkiri İbn Yəminin
"Əvvəlcə ən vacib incini axtar” fikrindən xəbərsizmiş kimi, özgə dərd-azarı
yoxmuş elə bil. "Öz gözündə tiri görmür, özgə gözdə tük axtarır”.
"İncil”də deyildiyinə görə "İnsanlar
itirilmiş qoyunlardır” İnsan özü axtarışdadır. Bəs insan hardadır? Və insan
nəyi (kimi) axtarır?
Yaxud Borxesin təbirincə desək, insanlar
hələdəmi bilmirlər ki, "axtarılan elə axtaranlar özləridir!”
F.Əttarın "Quşların söhbəti” əsərindən məlum
olur ki, bir gün quşlar qərara alırlar ki, quşlar padşahını - Simurqu
tapsınlar. Bilirdilər ki, onun adının mənası "Otuz quş” deməkdir. Bilirdilər
ki, onun sarayı Yer kurəsini qucaqlamış dairəvi, əfsanəvi Qaf dağındadır. Onlar
sonu olmayan bir yola çıxdılar. 7 uçurum və dəniz keçdilər. Sonuncudan əvvəlki
"Baş gicəllənmə,” sonuncu "Həlak” (ölum) adlanırdı. Yolçuların bəziləri
qaçdılar, digərləri qaldı. Öz əməyi ilə təmizlənmiş otuz quş Simurq dağına
gəldilər. Nəhayət, onu gördülər, anladılar ki, Simurq onların özləridir: hər
biri ayrı-ayrılıqda və hamısı birlikdə...”
***
Bəşər
övladının yarandığı gündən bəri axtarışda olmadığı bir an olmuşdurmu?
Və insanın ən çox axtardığı bəlkə də Allah
olub. Əhməd Ağaoğlunun "Tanrı dağında” adlı çox gözəl bir hekayəsi var.
Hekayədə bələdçi-qamla birlikdə Allahın yanına getmək istəyən bir yolçu təsvir
olunur. Nə qədər dərələr keçib, təpələr, dağlar aşandan sonra ona bildirilir:
"Tanrıya qovuşmağı asanmı bildin? Daha neçə
dərələr, təpələr, neçə uçurumlar keçmək, neçə qorxunc təhlükələri adlamaq lazım
gələcək. Sonunda da tanrının bizi qəbul edib- etməyəcəyi bilinmir. Onun
hüzuruna çıxmağa layiq ola bilmək üçün yeddi qapı dəyişdirmək, doqquz nəfəs
tükətmək istər...”
***
...Öy-öy (Qumru) quşları "Ku! ku! (hanı? hanı?)
deyə oxuyurlar.
Göyərçinlər "Hu!Hu! (O!O!) yəni Allah! Allah!
deyə ötürlər.
Anadillər "Tapdınmı?”, "Yox, tapmadım” deyə
min illərdi ki, dünyanı ələk-vələk edirlər.
Simurq (Ünqa, Zümrüd) quşu küfrlə iman
arasında qalıb həqiqət axtarışıyla küsüb, Qaf dağının arxasına çəkilib.
Eyni vaxtda 3 adam: bir tacir, bir səyyah,
bir də həqiqət axtaran yola düşüb dünyanı gəzməyə başlayıblar. Tacir
alıb-satmadığı şey qalmayıb, illərdən sonra sağ-salamat qayıdıb gəlib. Səyyah
ayağı dəymədiyi ölkə qalmayıb, o da geri dönüb.
Ancaq həqiqət axtarandan hələ də bir soraq
verən yoxdur. O gedən gedib...
Axtarışla axtarıcılıqla bağlı ən yüksək fikri
Məhəmməd peyğəmbər demişdir. "Tapanlar axtaranlardır”.
Serb yazıçısı Milorad Paviçdən soruşublar ki,
"Allah hardadı?”
"Allah kitabdı” deyə cavab verib və əlavə
edib: Əsl kitab.
Demək, söhbət müqəddəs kitablardan gedir, bu
da "Başlanğıcda kəlam vardı” fikrinə uyğun gəlir.
...Yunis İmrə bir gün dərgahdan qaçır. Allahı
axtarmağa gedir. Yolda 2 dərvişə rast gəlir. Yoldaş olurlar. Çörəkləri
qurtaranda dərvişlərdən biri dua edir, Allahdan süfrə nazil olur. O biri gün
2-ci dərvişin duası hasil olur.
Növbə Yunusa çatır. Xəlvətə çəkilir. Düşünür:
görəsən, Allah dərgahından qaçanın duasını Allah qəbul edəcəkmi? Fikirləşir ki,
görəsən, məndən əvvəlkilər necə dua etdilər ki, duaları qəbul oldu?
Əl açıb üzünü göyə tutur: "Allahım, məndən
əvvəlkilər kimin, nəyin xətrinə səndən süfrə istəmişdilərsə mənə də belə bir
süfrə yetir”.
Onun da duası qəbul olunur.
Yeyib-içdikdən sonra dərvişlərdən soruşur ki,
siz necə dua etdiniz ki, duanız qəbul oldu? Onlar deyirlər: Yunus adlı bir övliyanın
adını çəkdik. Ona görə duamız çin çıxdı.
Yunus onda başa düşür ki, hələ özünü yaxşı tanımayıbmış.
Əvvəlcə Allahı deyil, özünü axtarmalıymış. Lakin indiyəcən tapmayıbmış. İndi
isə Allahı gəzərkən özünü tapmışdı...
Demək, ariflər düz deyirmişlər ki, özünü dərk
edən Allahını dərk edir.
***
Rəvayətə görə bir nəsihətçi kürsüdə qəbir əhvalatını
danışırdı:
- Ey Allahın qulu, səndən soruşulacaq ki,
biliyini nəyə sərf etdin, malını, mülkünü harda əritdin, ömrünü necə keçirdin,
ibadətlərin nə vəziyyətdədir, halala, harama diqqət etdinmi və s...
Camaatın arasında Şeyx Şibli həzrətləri də varmış.
O, nəsihətçiyə deyir:
- Əsas soruşulacaq şeyi unutdun. Allah-taala
soruşacaq ki, ey bəndəm, mən sənin yanında ikən, səninlə ikən sən onda
kiminləydin?! Bu suala cavab verən olacaqmı?!
***
"...Amma mən ayrı bir şey axtarmıram ki,
yalnız haqqı axtarıram, dedim.
Mənim səfərim Rəbbimi tapmaq səfəridir.
...Uşaqlığımdan bəri o biri aləmə ziyarətə
gedir, kəşflər edir, qeybdən səslər eşidirəm. Allahımla danışıram. O, mənimlə
danışır. Başa salır, izah eləyir, elə gün olur pıçıltı qədər zəifləyir, ərşin
yeddinci qatına yüksəlirəm. Gah orda, gah da burdayam. ...O qədər sadəlövh idim
ki, elə bilirdim, hamının gözünə mənim gördüklərim görünür. ...Yaşamağa dəyən həyatı
gəzirəm və bir də bilməyə dəyər biliyi. (Ş.Təbrizi)
Cəlaləddin Rumi axtarışa mühüm önəm verirdi,
deyirdi: "Topal da olsan, şil də olsan, yuxulasan da, ədəbsiz belə olsan, yenə
onun yolundan çıxma. Daim Ona doğru sürün, daim Onu, yəni Allahı axtar!”
Allah axtarışıyla bağlı ən yaxşı əhvalatlardan
biri İbrahim Ədhəm həzrətləri haqda olan əhvalatdır.
"Öz adından-sanından arxayın halda yatan
padşah, qəflətən damda bir taqqıltı, sonra isə hay-haray eşitdi, öz-özünə:
"Axı, kim buna cürət edə bilər? ”deyə soruşdu.
Sarayın pəncərəsindən boylanıb "kimdir o?”
deyə bağırdı. O vaxtadək kimsənin görmədiyi bir dəstə insan damdan başlarını
aşağı salmaqla: "Gecənin zülmətində itirdiyimiz şeyi axtarırıq” - dedi.
İbrahimin "Axı, nə axtarırsınız?” sualına onlar "Dəvələrimizi” cavabını
verdilər. "Bəyəm damda da dəvə axtarlar?” dedi İbrahim.
Onlar da cavabında soruşdular: "Onda sən özün
de, səltənət taxtında oturmaqla Allahmı tapmaq olar, Ona qovuşmaqmı olar?”
Hər şey də elə bundan sonra baş verdi: Bir
daha İbrahim Ədhəm həzrətlərini heç kimsə görmədi. Padşahlıq ünvanını da,
taxt-tacını da atıb getdi."(C.Rumi).
İbrahim Ədhəmi düşündürən sual hamımızı
düşündürməlidir: "Bir könül mülkünün sultanlığı üstündür, yoxsa bu həqir
dünyanın padşahlığı?!” Bu sualın cavabında Allahını sevənlər "Əlbəttə ki, könül
mülkünün sultanlığı!” demişlər.
Hətta C.Rumi sanki özünə borc bilmişdir ki,
belə desin: "Sevgilimi, yəni Allahı gərək o qədər çox axtarım, onu tapmaq üçün
o qədər qeyrət sərf edim ki, ən sonda onu axtarmamağın gərəyini anlayım!”
Allahı axtarmağın ən qısa yolu budur: Onu
görmək üçün dünyadan vaz keçməlisən. Səni maddiyyata, dünyaya bağlayan bütün
nəsnələrdən əl çəkməlisən, imtina etməlisən, maddiyyatla bağlı nə varsa ona heç
gözünün ucu ilə də baxmamalısan. Bunu Həzrət Əli belə ifadə etmişdi: "Kim ki,
dünyanı tutdu, dünya onu atdı, kim ki, dünyanı atdı, dünya onu tutdu”.
***
Gənc şair olduğu vaxtlarda Səməd Vurğun da
Allahı axtarmış, görmək istəmişdi: "Allah- o nədir cümlə təxəyyül cərəyanı,
görmək dilərəm varsa görünsün o, əyani” misralarını da yazmışdı.
Həllac
Mənsursa əksinə, "Məni Allahın əlindən alın... Onu axtarmayın, O hər
yerdədir...”demişdi.
Hüqo da bu fikirdəydi ki, Allah hər şeydədir,
ancaq hər şey onun görünməsinə mane olur.
Min ildi, milyon ildi,
Bağlayıb
yollarımı bir-birinin ucuna
Gəlib
çatdım axırı, sənin dar ağacına.
Kəndirin
dartıldıqca, boynum
Dincəlir
Allah.
Boynum
dincələn görüb
Tez
vururlar boynumu,
Çiynim
dincəlir, Allah!...
Şükür,
şükür, çox şükür,
Sən
yenə Göyüzündən
Mənə
sarı enirsən...
Dünya
sönüb itdikcə
Gözümə
sən görünürsən...
(Vaqif
Bayatlı Odər)
***
Doğrudan
da, görəsən, Tanrı harda qərar tutub? Onu harada axtarmaq lazımdır və onu
harada axtarmayıblar ki?
Füzuliyə görə Tanrı elə bir yerdə qərar tutub
ki, o yerin özünə "Cənnət quşu yetməz min il uçmaq ilən!”
Amma bu da bir həqiqətdir ki, tanrı bu qədər
uzaq olduğu qədər də bizə çox yaxınmış.
"Mən sizə şah damarınızdan yaxınam” deyən
tanrı Quran ayəsi ilə özünü və öz yerini nişan verib axı!
...Kəbədə İbrahim peyğəmbərin
tikdiyi köhnə divarlar, daşlar içində qədim Suriya dilində heç kimin oxuya
bilmədiyi bir yazı varmış. Nəhayət, bir gün bir yəhudi həmin yazını oxumuşdu.
Daşda yazılmışdı: "Mən Məkkə hökmdarı Allaham. Məkkəni yerlə, göylə, ayla,
ulduzla bir gündə yaratmışam”.
Yaxud belə bir hədis var ki, tanrı yaratdığı
18 min aləmə sığmadı, bir möminin qəlbinə isə sığdı...
***
S.Yağmurun
"Göz yaşları” romanında deyilir: "Ərəfat görüş deməkdir.
Həzrəti Adəm və həzrəti Həvva dünyaya
ayrı-ayrı göndərilmişdilər. Yer üzündə bir-birini axtardılar, nəhayət, bu
təpədə qarşılaşıb görüşdülər”.
Demək, Yer üzündə ilk axtarış nəylə
başlamışdır? Yer üzünə atılan Adəmlə Həvvanın bir-birini axtarmasıyla!?
İlk ağla gələn bu fərziyyədir. Amma ilk
axtarış bu, deyil.
İlk axtarışı Allah özü etmişdir. "Mən bir
gizli xəzinə idim” deyib, o xəzinəyə sahib çıxanı axtaranda, insanı yaratmaq
istəyəndə!
***
4 il C.Rumini müəllimi olmuş Seyyid
Burhanəddin vidalaşıb, "Çöllərə gedirəm” deyəndə Cəlaləddin soruşub:
- Nə üçün getməlisən! Çöllərdə nə var?
-Allah ordadı.
- Allah hər yerdədir. Bizə şah damarımızdan
daha yaxındır.
Mövlanə Şəms Təbrizidən soruşub:
- Bu qədər insan arasında niyə məni tapdın?
- Mən qul axtarırdım, gördüm ki, hamı
Allahlıq arxasınsa qaçır, bircə qul olaraq səni tapdım.
***
Allaha cismani halda qovuşmaq olmaz. Amma
ruhaniyyətlə, eşqlə qovuşmaq mümkündür. Onda Füzuli kimi deyə bilərsən: "Getdin
o yerə ki, getmək olmaz, yetdin o yerə ki, yetmək olmaz”
Allaha üç yolla yetmək olar:
1) Eynül-yəqin - göz yoluyla
2) Elmül-yəqin - elm yoluyla
3) Həqqül-yəqin - qəlb yoluyla
***
M.Ə.Nəsəfiyə görə təsəvvüf ardıcılları xüsusi
səyahətə çıxırdılar ki, buna "Suluq” deyirdilər. Bu Allaha aparan yolun
səyahəti idi və Allahın özünə səyahət idi.
Demokrit deyərmiş ki, görünməyəni tədqiq
etmək lazımdır, aydın, aşkar görünəni yox.
...Bir dəfə bacısı qızı Krasimira Vanqadan
soruşur:
- İnsan öz-özündə nə deməkdir?
Vanqa gülərək cavab verir:
- Cavab elə sualın özündədir! İnsan təlaşlı
bir məxluqdur. O, daim bir şeyi tədqiq edir, hər şeyi müşahidə edir, həmişə
nəyisə axtarır və heç cürə tapa bilmir.
***
İbn Əl-Ərəbi isə tamamilə başqa fikirdə olub.
"Allahı axtaranlara məsləhət” əsərində qeyd edib: "Kim ki, Allaha və onun
rəsuluna can atır, o kəsin yolu məhz Ona (Allaha) aparır”.
***
C.Rumi İnsanın dəyərini belə
qiymətləndirirdi:
"İnsanın dəyəri nədir? Axtardığı şeydir!”
Şəms Təbrizi "İçimdəki uzağı axatarıram”
deyirmiş. Yəqin ki, o uzaq dediyi həm də yaxın Allahmış:
X.R.Ulutürk bu fikirdəymiş ki, axtarsan,
axtarmağı bacarsan, ot tayasının içində iynəni də tapa bilərsən. Axtarmasan,
axtarmağı bacarmasan heç düm-düz səhrada dəvəni də görə bilməzsən.
***
Xristian ilahiyyatçsı, kardinal Nikolay
Kuzanski "Allahın görünməsi haqqında” ("De Visione Dei”) əsərində deyir:
- İlahi, sənin varlığın mənim varlığımı tərk
etmir. Sənin zühür edən qüdrətində zərrə ilə küll birləşir.
***
N.F.Qısakürək Lüğətdən "Allah” sözündən başqa
nə varsa hamısını silmək istəyirdi. Yazırdı ki:
Anladım
əsl sənət Allahı aramaqmış,
Mərifət bu, gerisi yalnız çəlik-çomaqmış.
***
Rəvayətə görə bir gün Şibli
Həllacdan soruşur:
- Ya Şeyx Allah təalaya yol
necədir?
- İki addım atsan çatarsan, deyə
cavab verir.
***
Allah axtarışıyla bağlı məsələlər
"İncil”də də kifayət qədər öz əksinin tapmışdır və belə buyurulmuşdur:
"Əvvəlcə Allahın səltənətini
və Onun salehlərini axtarım”. (Matta 6:33)
***
"O, bütün xalqlardan olan
insanları bir qatdan yaratdı ki, bütün yer üzündə yaşasınlar. Onların
qabaqcadan müəyyən edilmiş vaxtlarını və yaşadıqları yerlərin sərvətlərini
müəyyən etdi ki, Allahı axtaranlar bəlkə əl-ələ, yoxlaya-yoxlaya tapsınlar.
Amma bununla bərabər O, heç birimizdən uzaqda deyil. Çünki biz Onunla
yaşayırıq, hərəkət edirik və varıq. ("Həvarilərin işləri 17: 16-31.)
***
Lev Tolstoy nəsihət deyil,
sanki bəşər övladına vəsiyyət edirdi:
"Allahı axtararaq yaşa, onda həyatın Allahsız olmayacaq”.
***
Allah axtaranların
allahıymış, axtaranları sevirmiş.
Allah insanı, əslində, Allahı
deyil, Allahın xəzinəsini axtarsın deyə xəlq etmişdir.
Səni anlamaq üçün məni uzağa atdın,
Aləmi mənim, məni özün üçün
yaratdın.
(N.F.Qısakürək)
***
Niyə insanların bir qismi
axtarışa meyilli deyillər? Buna "Baqara” surəsinin 7-ci ayəsində cavab tapmaq
mümkündür. "Onların o kəsə bənzəri var ki, qaranlıqda od qalamaq istəmiş, ətraf
nura boyananda gözlərinin nurunu almış Allah, qaranlıqlar içində onu yalqız
buraxmış, görən deyillər daha!”.
Halbuki C.Ruminin təbirincə desək,
"Bir çox ibadətlər və yaxşı əməllər cənab Haqqın daim onunla bərabər olduğunu
İnsana anlatdı. Bu həqiqətə varanlara Haqq yolçuları deyərlər!”
"Bu birlikdəliyimizi başdan
bəri bilsəydim, heç Onu axtarardım? Heç bunca sağa-sola vurnuxardım?”
***
... C.Rumi deyir ki, "Biz
Allahı axtarır, görmək istəyirik. Ancaq niyə bilmirik ki, O , bizi bizdən qabaq
axtarır?!
Həzrət Əli deyərmiş:
"Görmədiyim Allaha sədcə etmərəm.”
"Sən evi görürsən, mənsə evin
içindəki Allahı görürəm” (Hafiz)
Allah həmişə mənim də yanımda
olduğu üçün Allahı axtarmıram.
Özümü də həmişə Allahın
yanında hiss edirəm.
Mən də Allahı hər gün, hər
saat, hər dəqiqə, hər saniyə görürəm. Amma bu bəni-adəm kimdir, nədir, görə
bilmirəm, bilə bilmirəm!
Qorxum budu ki, qiyamətim
bəri başdan qopar, Allah məni yanında görməyib axtarmağa başlar...
***
Bəzi sufilər Allahı 900
qatlıq dəniz adlandırmışlar. Sual olunur: 900 qatlıq qüdrətə (dənizə )- Allaha
varmağın yolu hansıdır.
... Onu tapmalı!
...Onu tanımalı!
...Bəndə Allahı, Allaha ən
yaxın olan yeri, anı axtarır. O yer, o an səcdədir.
***
...Hər şey axtarışla başlayıb
axtarışla qurtarır. İnsan öləndən sonra da axtarışda olacaq. Məhşər günündə
Allahı görmək istəyəcək.
...Məhəmməd peyğəmbərin
sığındığı yerin adı "Nur” dağıymış. İlk vəhyi "Hira” mağarasında eşidibmiş.
Həmin mağaranın adının mənası "Axtarış” idi...