• cümə, 29 Mart, 05:34
  • Baku Bakı 7°C

“Bağ vaxtı olsaydı, bir salxım ağ şanını buluda büküb hədiyyə yollardım ona”

18.04.16 11:42 2836
“Bağ vaxtı olsaydı, bir salxım ağ şanını buluda büküb hədiyyə yollardım ona”
Bu gün – aprelin 14-də milli teatrşünaslıq elminin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadənin ad günüdür. Bu münasibətlə, Məryəm xanımı redaksiyamız adından təbrik edir, ona uzun ömür, can sağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq. Belə bir gündə sənət dostlarının onun haqqında dediyi ürək sözləri düşünürük ki, Məryəm xanım üçün ən böyük hədiyyə olar.
Şair Vaqif Bayatlı ODƏR:
Bir dəfə dostlarımızla göyüzünün bir qırağında söhbətimiz zamanı Məryəm xanımın indi işğal altında olan Malıbəyli haqqında dediyi bir söz yadımdan çıxmır:
– Bizim kənddə hər şey hər an sanki təzəcə suyla yuyulmuş kimiydi, hər an təmiz gözəl. Bütün Malıbəylidən su qoxusu gəlirdi. Kənddən çıxandan bir xeyli sonra da bu qoxu duyulurdu.
Su qoxusu mənim də ən çox sevdiyim, özümə ən doğma bildiyim ətirdir. Ətirlər ətri! Mən də elə indi də Arazdan axan yekə arx dediyimiz arxın ətrini duymaqdayam. Çayın, arxın, bulağın, kəhrizin ətri dünyanın heç vaxt yaddan çıxmayan qoxularındandır. Su dünyanın başlanğıclarındandı. Mən hətta bütün dinlərdən, elmlərdən fərqli olaraq, ilkin yaranışın Sudan olduğu düşüncəsindəyəm. Ən azı başlanğıcda, həm də su var. Məryəm xanımın dediyi, duyduğu, yəqin, indi də duymaqda olduğu su qoxusu qədimliyi, ilkinliyi, həm də heç vaxt yox olmayan əbədi bir dünyanı duymaqdır, həmin dünyanı suyun diliylə, suyun qoxusuyla, suyun axışıyla tanımaq və anlamaqdır. Dünyanı gül qoxusuyla, çiçək qoxusuyla duymaq, anlamaq da su qoxusundan gəlir, həm də su qoxusundan sonra gəlir.
Deyirlər, hər şeydən öncə söz olub. Mənim buna qətiyyən şübhəm yoxdu. Ancaq bu, biz düşündüyümüz şəkildə olmayıb, ilkin axan göyün, ilkin axan suyun axmasıyla, gülümsəməsiylə, axmasından sevişməsiylə olub. Sonrası isə hamımız bildiyi kimidir, sözdən sonra Məryəm olub, sonra Əlizadə.
Elə Suyun adından da təbriklər! Sən suyun yadındasan, Məryəm!
Azərbaycan Mədəniyyət və Turizm Nazirinin müavini, professor Ədalət Vəliyev:
Əslində, Məryəm ƏLİZADƏ haqqında bu gün hər deyilən söz təbriklə başlanmalı və təbriklə bitməlidir. İlk təbrik, təbii ki, özünə ünvanlanmalı və ad gününə yaraşan bütün xoş arzu və diləklər səxavətlə dilə gətirilməlidir. Sonuncu təbrik isə özümüzə – Azərbaycan mədəniyyəti sahəsində çalışan bütün mütəxəssis və sənətçilərin payına düşməlidir. Çünki bizlərə ad gününü qutladığımız bu nəcib insan və çox dəyərli alim ilə uzun illər ünsiyyətdə, işbirliyində bulunmaq xoşbəxtliyi nəsib olub.
Belə olmalıdır və əslində də, belədir – bu gün Azərbaycan milli teatr icması mənim bu sözlərimə tam səmimiyyətlə qoşulur.
Amma bu gözəl fürsəti fota vermək istəməyib bu gün alim-teatrşünas Məryəm ƏLİZADƏnin nə zamandır məni düşündürən və deyəsən, bu günlərdə açıqlamasını tapdığım bir “bulmaca”sını oxucuların diqqətinə çatdırmaq istərdim.
Məsələ ondadır ki, bir alim kimi Məryəm ƏLİZADƏ illərcə Azərbaycan milli teatr prosesinin dialektikasını araşdırmaqla məşğul olaraq öz araşdırma metodunu, necə deyərlər, «dəmir məntiqlə» əsaslandırıb. Bu təbiidir, çünki elmi təhlil poetik, şairanə, jurnalistika, esseçilikdən birmənalı şəkildə imtina edir. Bunu Məryəm ƏLİZADƏnin «TEATR: SEYR VƏ SEHR» elmi monoqrafiyasında aydın görmək mümkündür. Di gəl ki, Məryəm xanımın hələ ki, sonuncu olan «DÖRDÜNCÜ ÖLÇÜNÜN RƏNGLƏRİ» kitabının ideya strukturu başdan-ayağa paradokslar üzərində qurulub. Böyük rejissor Tofiq Kazımova həsr olunmuş monoqrafiya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunduğundan mən bu kitabın əlyazmasını dəfələrlə oxuya-oxuya Məryəm xanımın ilk baxışdan təzadlı görünən elmi-yaradıcı metodunun özəlliyi haqqında düşündüm və mənə elə gəlir ki, «açar»ını tapdım. Mənə aydın oldu ki, yalnız teatr prosesini deyil, bütövlükdə mədəniyyət prosesini, onun uğur və böhranlarını, hadisələrini və personaliyalarını dialektik vəhdətdə təhlil edəndə paradoksların imkanlarından faydalanmaq qaçılmazdır. Bu “kəşf”imə görə mən növbəti dəfə Məryəm xanıma təşəkkür edirəm və ondan bizi düşündürən, inkişafa, öz kəşflərimizə sövq edən hələ çox-çox ideyalar, tapmaca-bulmacalar yaratmağı xahiş edirəm.
Allahdan da Sizə can sağlığı, ruh yüksəkliyi və uzun ömür diləyirəm. Amin!
Əməkdar İncəsənət xadimi, professor İsrafil İsrafilov:
Bu gün Azərbaycan teatrşünaslığının tanınmış simalarından olan Məryəm ƏLİZADƏNİ, uşaqlıq illərindən tanıdığım bu xanımı düşünməyin özü xüsusi bir ovqat yaradır, xoş duyğular yaşadır. Qəribədir ki, məktəbli Məryəmin çöhrəsindəki Mona Liza sayağı mənalı təbəssüm, gözlərindəki saflıq, baxışlarındakı mehribanlıq bu gün də Məryəm xanımla ünsiyyətdə olan hər kəsi təsirsiz buraxmır.
Bu gün artıq bizim, o hörüklü qonşu qız, sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi olmasına baxmayaraq, yenə həmin illərdə olduğu kimi sadədir. Təbiətində zərifliyi, kübarlığı yaşatdığı kimi kişilərə məxsus mərdliyi, dəyanəti də yaşada bilir.
Məryəm xanımın tədqiqatları da onun şəxsiyyəti kimi təmkinli, tutumlu, mənalıdır. O, boğazdan yuxarı danışa bilmədiyi kimi, peşəkar təbiətinə toxunmayan mövzularda yaza da bilmir. Nəhayət, Məryəm xanım əsl dostdur, munisdir. Qayğıkeşlik onun özündən qabaqda gedən başlıca xüsusiyyətidir.
Nazlanmağı sevən və ona yaraşan bu məziyyəti ilə yaşamaqdan usanmayan dostuma (qız qardaşıma) həyatda qazandığı bütün uğurlar halaldır.
Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə:
İnsanlığa məlum ən gözəl qadın adlarından biridir Məryəm. Elə ki bu adı tələffüz edirsən, sanki dünya həməncə sakitləşir, mülayimləşir, həlimləşir. “Məryəm” sözü su kimi axıcıdır, hecaları güzgüvaridir, qafiyəlidir. Həqiqətən, bu ad çox zərifdir, ipək qismindədir, yumşaqdır. Gəl, bir olmasın da: fikir verin, görün bir şəcərəsi haradan gəlir; qədim-qədim mətnlərdən, müqəddəs kitablardan, qutsal əfsanələrdən. Məryəm sadəcə ad deyil, qadınlığa işarədir, qadınlığa eyhamdır: qadınlığın simvoludur, ikonik təsviridir; kişisəl toplumda qadın idealının təcəssümüdür. Kişilər Məryəmi ona görə düşünüb yaradıblar ki, qarşısında diz çöksünlər, sevgilərini, sədaqətlərini etiraf etsinlər, onun mərhəmətini qazansınlar...
Ol səbəbdən fərqi yoxdur ki, Məryəmin yaşı neçədir; əlli də ola bilir, yüz də, min də. Amma o, həmişə gözəl və cavandır. Peyğəmbər anasını başqa cür təsəvvürə gətirmək, axı, mümkünsüz bir şey. Mif onun qocalmasına imkan və icazə vermir.
Bizim şünaslığın da bir Məryəmi var: Əlizadə Məryəmi. Aprelin 14-ü ad günüdür bu qadının. Bağ vaxtı olsaydı, bir salxım ağ şanını buluda büküb hədiyyə yollardım ona. Hələ ki yazdır və mən, əzizim Məryəmi, teatrşünaslığın xanımı Məryəmi nə qədər təbrik eləsəm, yenə də azdır. Deyəcəyim təriflər, təbriklər üçünsə bəlkə də bir saz çatışmır. Çünki biz uzun yol gəlirik birlikdə və bu yolda bir-birimizi yaxşı tanımışıq. Ona görə haqqım var söyləyim ki, günümüzün teatrşünasları içində Məryəm Əlizadə kimisi yoxdur. Azərbaycanda teatr fikri tarixinin ən mühüm fiqurlarından biri, milli və peşəkar teatrşünaslığın elmi-analitik müstəvisinin müəllifi Cəfər Cəfərovun əlindən su içmiş tələbələrin sayı yetətincədir. Ancaq onun yadigarı birdənədir: Əlizadə Məryəm. Və bu insan müəlliminin layiqli davamçısıdır. Belə ki, o, müasir Azərbaycan teatrının cikini də bilir, bikini də; tarixini də bilir, nəzəriyyəsini də. Gərçi bilməsəydi “Teatr: seyr və sehr” adlı mükəmməl bir elmi-nəzəri araşdırmanı ərsəyə gətirməzdi ki? Cəmi 352 səhifədən ibarət bu monoqrafiyanı “söküb” təzədən cild-cild kitablara yığmaq mümkündür. Nədən ki, bu tədqiqatda hər şey son dərəcə lakonik, yığcam və dürüst cümlələrlə fikir bloklarına yığılıb. Bu fikirlər çözüldükcə çözülür, mətləblər xırdalandıqca isə Azərbaycan teatrının dipdiri mənzərəsi canlanır göz önündə. İndi Siz deyin: belə bir kitabın müəllifini, özü də həmin müəllif sənin həmkarın ola-ola, alqışlamamaq, təbrik eləməmək, onun ünvanına yağış kimi xoş sözlər yağdırmamaq rəvadırmı? Əsla. Azərbaycan teatrlarının hamısı Məryəm xanımı öz doğması, öz “evinin” içi sanır. Baxmayaraq ki, Məryəm Əlizadə həmişə özündə latent formada güclü tənqidi pafos gəzdirir. Bir zamanlar onun elə tənqidi məqalələri olub ki, ətrafa səs salıb, mis kimi cing-cing cingildəyib, teatr aləmində oxunub, əldən-ələ ötürülüb... Nə isə... Əlizadə Məryəm yaradıcılığının özü bir tədqiqat obyektidir... Məhz bu məqamda istərdim onun ad gününü qutlayım: uğurların bol olsun, sözün həmişə hədəfə dəysin, yazılarının sırası azalmasın, problemlərlə qarşılaşmayasan, ağrı, əziyyət çəkməyəsən, “yoruldum”, “bezdim” kəlmələrini dilinə gətirməyəsən, teatr səni sevindirsin, sən də teatrı....
Xalq artisti, professor Azər Paşa Nemət:
Teatr sənətinin ən əhəmiyyətli və bəlkə də ən çətin peşəsi, heç şübhəsiz, rejissuradır. XX yüzillik kosmos və rejissura əsri elan olunandan sonra mənsub olduğum peşənin qarşısına bir sıra yeni, prinsipial məqsəd və vəzifələr qoyuldu ki, bunları, eyni zamanda, elmi-nəzəri, konseptual müstəvidə həll etmək zəruri oldu. Təsadüfi deyil ki, məhz XX əsrdə rejissuranın sürətli inkişafı ilə üzvi bağlılıqda sənətşünaslığın tərkib hissəsi olan teatrşünaslıq da güclü sıçrayış nəticəsində müstəqil bir elm-sənət fəaliyyət sahəsinə döndü. Əski dövrlərdən fərqli olaraq, yeni teatrşünaslıq rejissuranın dominantlığını qəbul etdi və bütün araşdırma-dəyərləndirmə əməliyyatlarını məhz bu aspektdən apararaq elmi baxımdan dürüst qənaətlərə gələ bildi.
Hörmətli oxuculara böyük məmnuniyyətlə açıqlamalıyam ki, yuxarıda söylədiyim ümumiləşdirilmiş mülahizəni şəxsən mən illər boyu yaradıcı ünsiyyətdə olduğum Məryəm ƏLİZADƏ adlı teatrşünasın fəaliyyətini izləyərək formulə edə bildim. Böyük alim və dövlət xadimi Cəfər Cəfərovun tələbəsi olan Məryəm ƏLİZADƏ, məndən ötrü, Azərbaycan teatr məkanında yaranmış və inkişaf etmiş yeni teatrşünaslığın ən parlaq nümayəndəsidir. Bu gün mən tam məsuliyyətlə deyə bilərəm ki, Məryəm ƏLİZADƏ müəlliminin vəsiyyətinə sadiq qalaraq, öz elmi araşdırma metodunu məhz rejissuranın üzərində qurub və məhz bu aspektdən tamaşanın təhlilini son dərəcə əsaslı və – ən ümdəsi! – sistemli şəkildə apara bilib.
Mənə elə gəlir ki, bir teatrşünas kimi Məryəm ƏLİZADƏ çox erkən rejissuranın məğzini və özəlliyini dərk edib. O, özünəməxsus həssaslıqla bu peşənin, bu yaradıcı fəaliyyətin psixoloji təməlini anlayaraq onun ikili xassəsini aşkarlayıb. Məlumdur ki, rejissor yaradıcılığı iki təməli xassənin sintezindən – düşüncə (intellektual başlanğıc) və duyğuların (emosional başlanğıc) vəhdətindən yaranan bədii-yaradıcı fəaliyyətdir. Məryəm ƏLİZADƏnin də elmi metodu məhz bu iki başlanğıcın təmas nöqtəsində, qovşağında bərqərar olub. Məhz buna görədir ki, onun təhlilləri həm dəqiq diskursa malikdir, həm də tamaşanın emosional ovqatını adekvat əks etdirir.
…Bilmirəm, peşənin şərtlərimi Məryəm xanımın insani xarakterinə təsir edib, yoxsa teatrşünas özəlliyi onun xasiyyətindən qaynaqlanır, amma onu yəqin bilirəm ki, sevimli həmkarım, əziz dostum və sirdaşım həyatda da düşüncəylə duyğuların qovşağında yaşayıb-yaradır. Bəlkə dostumuzun məhz bu yaşam mövqeyi onu hamımıza əziz, doğma və gərəkli etməkdədir.
Əziz Məryəm xanımı ad günü münasibətilə təbrik edirəm, ona hələ uzun illər seçdiyi və yaşatdığı mövqedə sağ-əsən durmağı arzu edirəm.
Hazırladı: Könül Əliyeva-Cəfərova
teatrşünas
banner

Oxşar Xəbərlər