• cümə, 29 Mart, 14:49
  • Baku Bakı 14°C

İdeya yüklü zərrəciklər və ya sənətin modulyasiyası

19.05.14 09:05 1811
İdeya yüklü zərrəciklər və ya sənətin modulyasiyası
Rixard Vaqnerin “Tannhäuser” operası və Leyla Əliyevanın “Ürək” şeiri
Rəsm və musiqi elə yaradıcılıq sahələridir ki, həmişə məni heyran edib; rəssamlara və bəstəkarlara həsrətlə baxmışam. Həsrətlə, çünki nə peşəkar rəssamam, nə musiqiçi, amma ikisini də çox sevirəm və onlar mənim fikirlərimə qanad verir. Xüsusən, həqiqi sənət əsəri görəndə biganə qalmaq olmur və qələm özü dilə gəlir.
Bu günlərdə «youtube»da Leyla Əliyevanın “Ürək” şeirini dinlədim. Əslində bu sadəcə şeir olmayıb, rəsmlərlə müşayiət olunan mürəkkəb bir kompozisiya idi. Müəllif öz ideyasını daha düzgün çatdıra bilmək üçün iki sənətin sinxron duetini təqdim edir, şeir və rəsm bir-birini tamamlayırdı.
Ümumiyyətlə, şairə xanımın yaradıcılığını yaxından izləyirəm. İstər rəsmləri olsun, istər şeirləri. Ona görə də, hətta xəstə ürəyin də, əgər ürəkdirsə, eşqlə doludursa, sərtləşmiş, qəddarlaşmış dünyaya meydan oxuması, azadlığa can atması artıq mənə tanış obraz idi:
Burax məni, bacararam,
Şikəst olmuş döyüntünü dəyişərəm.

Bu şeir sanki mənim təəssürat və düşüncələrimi dolub-daşıran son damla oldu və yazmaq qərarına gəldim. Amma hiss elədim ki, məndən qabaq kimsə bu hissləri artıq səsləndirib, həm də möhtəşəm bir üsulla – musiqinin dili ilə. Bədahətən yaranan assosiasiya, yadıma ilk düşən Vaqner oldu. Bəli, qarşımda dahi alman bəstəkarı Rixard Vaqnerin musiqisi canlandı. Və mən həqiqətin bu iki təzahürü arasında müqayisə aparmalı oldum. Niyə məhz Vaqner?
Fəlsəfənin musiqisi və ya musiqinin fəlsəfəsi

Vaqneri mənə ilk dəfə Nitsşe tanıdıb. Onun “Kazus Vaqner”ini oxuyanda iki bəstəkarın – Vaqner və Bizenin müqayisəsi məni düşündürsə də, üzərində xüsusi dayanmamışdım. Doğrusu, bu qarşılaşdırma, Nitsşenin alman xalqı üzərində xüsusi təsiri olan Vaqner musiqisinə ayrıca diqqət ayırması məni maraqlandırmışdı, amma heç cür vaxt tapıb bütünlüklə Vaqner musiqisinin sehrinə düşə bilmirdim. Nəhayət, bu imkan əlimə düşdü.
Vaqneri dinləyə-dinləyə belə bir həqiqət də açıldı mənim üçün. Bir var, sənət gözəl bir dünyanın tərənnümçüsüdür; bu əsərə baxan, yaxud dinləyən gedir o gözəl aləmə, işıqlanır, ilhamlanır, təmizlənir. Sənə hansı isə ülvi bir həqiqəti anladır. Lap Leonardo da Vinçinin əsərləri, yaxud bizim “Segah” kimi. Bu gözəlliyi sənə bəxş etdiyinə görə Allaha şükürlər deyirsən, onu duya bildiyin üçün özünlə fəxr edirsən. Bir dünya duyğu!
Rəssamın və ya bəstəkarın səviyyəsindən, keçirdiyi hisslərdən asılı olaraq bu, ülvi dini hisslər də ola bilər, hansı isə şəxsi bir duyğunun tərənnümü də. Bizenin “Karmen”i, Monenin “Təəssürat. Dan yeri”, yaxud Nizaminin “Sənsiz”i, Götenin “Gənc Verterin iztirabları” kimi. Bir ürəyin necə qüdrətə sahib olmasına şahid olursan! Bir hiss üzərində qurulmuş möhtəşəm bir sənət əsəri.
Bir də var, sənət sənə səni tanıdır, sanki sənin iç dünyanın hansı isə bir gizli guşəsini açır və sən özünü görürsən. Necə varsan eləcə! Hətta özündən də gizlətdiyin Mən-i çıxardır qarşına. Qarşına çıxan bir canavar da ola bilər, bir mələk də. Sən qarşındakının dumduru gözlərini də görə bilərsən, dünyaya qıcanmış dişlərini də.
Bunu anlayandan sonra Nitsşenin Vaqnerə münasibətini də anladım. Nitsşe Vaqnerin musiqisində özünü görürdü – öz heybətli gözlərini, səssiz bağırtısını eşidirdi və dəhşət içərisində diksinirdi. Buna görə də o, Vaqneri özünün xəstəliyi kimi təsvir edir və musiqisini tək kəlmə ilə “özünüaşma” adlandırırdı.
“Fizikadan məlum olduğuna görə, səs dalğaları tez söndüyünə görə çox uzaqdan eşitmək mümkün olmur. Görmək olur, eşitmək olmur. Həm də işıq böyük sürətlə yayıldığı halda, səs yavaş gedir və tez sönür. Ona görə də, səsi uzağa daşı¬maq üçün onu işıq (elektromaqnit) dalğalarına yükləyirlər (mo¬dulyasiya)”. Fəlsəfədə də eyni problem var. Əbu Turxan deyir ki, “Ağıl yumrudur, istiqaməti yoxdur. Sevgi və nifrətin isə istiqaməti var. Ona görə də ağlı bunlardan birinə yükləmək lazımdır”.
Bəli, ideya özü gedə bilmir, getsə də uzaq məsafəni qət edə bilmir. Ona görə də sənətkar onu rəngə, yaxud sözə yükləyir ki, daha geniş yayıla bilsin. Bunlar fərqli ideyalar ola bilər: milli, dini, ümumbəşəri. Beləcə ideyalar ünvanına çatdırılır. Sənətkarın dahiliyi həm ideyanı, həm də onu yüklədiyi “vasitəni” – musiqini, yaxud rəngi düzgün, harmonik seçməsindədir. Bir də baxırsan ideya zəifdir, amma vasitəsi möhtəşəmdir. Belə olan halda, yadda qalan vasitə olur. “Şelkunçik” kimi, impressionistlərin tabloları kimi. Əslində, burada əsl məqsəd düşündürmək yox, təəssürat yaratmaqdır.
Bir də görürsən, ideya güclüdür, amma vasitənin gücü çatmır. Onda sənətkar bütün yaradıcılığını bu ideyanın “xidmətinə” verir. Kantın transsendental nəzəriyyəsi kimi. Bəzən də böyük bir ideyanı parçalayıb hissə-hissə yükləyirlər. Məsələn, Taqorun hər bir aforizmində bütöv bir fəlsəfə var. Ona görə də, Kantın fəlsəfəsini iri bir kristala, Taqorun fəlsəfəsini nadir incilərdən ibarət boyunbağına bənzətmək olar.
İstər fəlsəfədə olsun, istərsə də sənətdə: yalnız yüksək ideya bədii vasitələrə “yüklənərək” böyük zaman və məkan məsafələrini qət edə bilir. Bəşəri düşündürən, inandıran və bununla da onun varlığını təmin edən həmin ideyalar tarix boyu ayrı-ayrı vasitələrlə modulyasiya edilib gələcəyə çatdırılıb. Bir vasitənin gücü tükənəndə, yaxud zamanın tələbləri ilə ayaqlaşa bilməyəndə yeni vasitə tapılıb. Bu, gah musiqi olub, gah tablo; gah poeziya olub, gah fəlsəfə. Vaqnerin musiqisi bəşər tarixi boyu car çəkilən ideyanın yükləndiyi bir sənətdir. Səni düşündürən, çalxalayan, silkələyən ideyanı – azadlığı, həm də ruhun azadlığını! Leyla Əliyevanın şeirlərində və rəsmlərində də məhz həmin “yüklü zərrəcikləri”, həmin missiyanı sezdiyimə görə, Vaqnerlə assosiasiya yarandı. Bəli, fərqli zaman və məkan çərçivəsində yaranan iki sənət nümunəsi arasında açıq-aşkar bir doğmalıq, yaxınlıq hiss etdim: hər ikisi öz dövrünün insanını, daha doğrusu, insanın faciəsini təqdim edir. Sadəcə biri musiqi ilə, digəri söz və rənglərlə.
“Zəncirlənmiş ürəyin azadlığı”
Leyla Əliyevanın “Ürək” şeiri sanki Vaqnerin “Tannhäuser”inin şərhidir, səslənməsidir. “Ürək” sanki bu əsərin lirik müstəvidə librettosu, müasir dövrdə yeni ampluada doğuluşudur.
Vaqnerin Tanhauzeri sevgi ilahəsi Veneranın yanında məskunlaşıb. Təmtəraqlı bir sarayda, zaman-məkan fövqündə, cənnət kefi görən bu adəm övladı öz insanlığını dərk elədiyinə görə Yer üçün darıxır və qüssə çəkir, Veneradan onu azadlığa – Yerə qaytarmağı xahiş edir.
Leyla Əliyeva deyir:
“Məni azadlığa burax”, –
Deyə mənə yalvarırsan.
Amma qapını açmaram,
Axı sınağa dözməzsən.

Bəli, bu dünyanın sınaqları çox ağırdır, bir könülün çəkəcəyi yük deyil, hələ bu könül sevgi üçün yaranıbsa! Nə dəhşətli bir paradoks! Azadlığını ürəyində dəfn etməli olan bir insanın nə böyük faciəsi! Venera Tanhauzeri onun mənsub olduğu dünyadan qoruyur. “Ürək” sinədə qorunduğu kimi:
Ancaq qəfəsdə güclüsən,
Azadlıqda könül məhv olur.

Azadlığı qəfəsi qədər olan, amma könül quşu sonsuzluğa qədər uçan bir insanın faciəsi! Tanhauzer ancaq sadəcə bir eşq üçün deyil, daha ali hisslər üçün yarandığını – ürəyinin Müqəddəs Məryəmdə olduğunu deyəndə bu zər-zibalı, qayğısız sevgi təbəssümlü saraydan qurtula bilir və... Yerin qarğaşasında, lənətlənmiş insanların arasında məhv olur. Axı, “qaranlıq dünyanın axmaq sınaqları, sərt ürəklərin qaranlıqları” hər ürək üçün deyil. Bunun üçün ürək başqa cür yoğrulmalı, başqa cür vurmalı, başqa hava udmalıdır.
Düzdür, Vaqnerin əsərləri əsasən bəşəriyyətin əfsanəvi faciələrinə həsr edilib. Lakin unutmaq olmaz ki, Vaqner öz dövrünün övladı, öz zəmanəsinin “vasitəçisi” idi. XIX əsrin axırları var-dövlət hərisliyinin, asiliyin artdığı, insanların müqəddəslik hisslərindən uzaqlaşdıqları, ən ülvi arzulara belə xəyanət edə biləcəyi və bununla da özünü məhvə düçar etdiyi bir dövr idi. Bu, dövrün faciəsi idi.
Hələ o vaxt Bayron dövrün azad ruhunu tərənnüm edərək yazırdı:
Azad düşüncəli ədəbi Ruh, –
Azadlıq, sən zindanda daha nurlusan!

Bayronun “düşüncə hüquqsuz kölədə doğulur”, – sözləri sanki öz dövrünün canlı bir portretidir. İnsan və ətraf mühit, cəmiyyət, insan və öz Mən-i arasında gedən mübarizə romantik notlar üzərində çox qala bilmədi. Cəmiyyətin düşdüyü vəziyyətin də, ruh və müqəddəslik duyğusuna yaranan inkarçı münasibətin də mənbəyi insan özü idi, yəni mövcud qaranlıqda insan daha böyük bir qara qüvvəyə çevrilmişdi. Düşünmək olar ki, öz faciəsini bu qədər düşünən insan yəqin ki, bir çıxış yolu tapıb. Amma XXI əsrdə Leyla Əliyevanın təsvir etdiyi ürək XIX əsrin kölə ürəyindən çoxmu fərqlənir:
Ağlama, əziz ürəyim,
Sən köləlikdə zəncirlərlə qorunursan.

Yəni sənətin qoyduğu ümümbəşəri problemlər bütün zamanlar üçündür.
Vaqnerin operalarını bir-birinin yanına düzəndə bu bəşəriyyətin faciəsinin xəritəsini görmək mümkündür. Leyla Əliyevanın şeirlərinə, “Beyin” heykəlinə və digər rəsmlərinə baxanda isə sanki bu faciələri, ədalətsizlikləri əsrlər boyu qoruya-qoruya, uda-uda yaşamalı olan həmin insanı görürsən qarşında: qana dönmüş ürəyini parçalamaq, içinə yığılmış hirsi-hikkəni qovmaq, yalnız ədalətsizlik üçün irəliləyən zamanı durdurmaq istəyən insanı. Bu insan məkanın, zamanın, şəraitin ağır yükü altında əzilir, bədəni arzular qəbirisanlığına çevrilib. Bu insanın həyat deyib yaşadığı şey əslində ölümdür. Bir tək ürəyində od, istək qalıb, amma artıq qara əllər ora da soxulmağa başlayıb. Bu insan heç olmasa, “çoxdan döyünməyən” bu yazıq ürəyini qoruyur; çünki azadlıq bir tək orada qalıb. Bəli, yüklənən, düşüncələrlə dolub-partlayan ürək artıq ürək olmur, soyuq düşüncənin köləsinə çevrilir. Əslində “Beyin” heykəli ilə Leyla Əliyeva artıq bu mesajı vermişdi, xəbərdarlıq eləmişdi. O, “hisslərin ağıl üzərində qələbəsini” daşın üzərində həkk eləməyə çalışır. Amma burada daha bir vacib mesaj da səslənir: istər ağlın hökmran olsun, istər hisslərin, “əsas odur, laqeyd insan qalmasın”.
Vaqnerin “Nibelunqların üzüyü” operasında Yer üzündə bu qədər ədalətsizliyə rəvac verən tanrılar odda yanır. Axı, Yaradan öz yaratdığını, Tanrı öz bəndəsini qorumalıdır. Amma insanların törətdikləri haqsızlıqlar o dərəcəyə çatıb ki, artıq insanlar qəlblərindəki tanrılarını qorumağa çalışırlar.
Sonluq və ya sonun təsviri
Bu xaos dolu, işıqları öləziyən dünyamızda hadisələr o qədər sürətlənib ki, ötüb keçən ideya yüklü zərrəcikləri vaxtında tutmaq mümkün olmur və bunun hesabını bəşəriyyət ödəyir – öz faciəsi ilə, itirdiyi azadlığı, sönən könül işığı ilə. Sənətkarlar, mütəfəkkirlər haray çəkir, həyəcan təbili çalırlar ki, eşqlə, müqəddəslik duyğusu ilə dolu ürəklər daha çox olsun. Ürək öz Yaradanına olan böyük imanı sığdırıb gəzdirir. Ona görə də xarabalığa çevrilmiş bir bədən, bir düşüncə “həmişəlik itirməmək qorxusu ilə əlində möhkəm-möhkəm sıxdığı ürəyinə” güvənir, nəyin bahasına olursa-olsun, onu qorumağa çalışır. Çünki bilir ki, xilası yenə də bu ağ-qara dünyanın yeganə rəngi olan bu qana boyanmış kiçik varlıqdadır.
Könül Bünyadzadə
fəlsəfə elmləri doktoru
banner

Oxşar Xəbərlər