• çərşənbə, 24 Aprel, 07:18
  • Baku Bakı 13°C

2015-ci ilin ən uğurlu tamaşası hansıdır?

08.02.16 10:48 1562
2015-ci ilin ən uğurlu tamaşası hansıdır?
Teatr məbəddir - deyirlər. Zaman-zaman tamaşaçısız qalıb bu məbəd. İndi sizə teatrın faydalarından, onun insanların mənəvi tərbiyəsində, zövqünün, mədəni səviyyəsinin inkişafında oynadığı roldan, xüsusilə də gənc nəslin yetkin və hərtərəfli insan kimi və ən əsası, vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyət kəsb etməsindən yəqin ki, danışmağa lüzum yoxdur. Bu gün mən ötən ilə, 2015-ci ilə bir nəzər salmağa çalışdım. Ötən il teatrlarımızda yerli və xarici müəlliflərin əsərlərinə müraciət olunaraq həm dövlət sifarişi əsasında, həm də daxili imkanlar hesabına müxtəlif janrlı tamaşalar hazırlanıb. Premyeralar baş tutub, teatrların repertuarı yeni tamaşalarla zənginləşib.
Biz də bu gün paytaxtda fəaliyyət göstərən teatrlarımızın direktorlarına və baş rejissorlarına bir sualla müraciət etdik: “Hansı tamaşanı 2015-ci ilin ən uğurlu tamaşası hesab edirsiniz?” Heç kim öz ayranına turş deməz deyə, qabaqcadan bildirdik ki, açıqlamalarında öz tamaşalarının deyil, başqa teatrların repertuarlarındakı tamaşaların adlarını qeyd etsinlər. Müraciətimizi yekunlaşdırdıqdan sonra qəribə bir mənzərə ilə qarşı-qarşıya qaldıq. Bütün günü efirdə, mətbuatda “teatra gəlin”, “teatrımızda maraqlı tamaşalar hazırlanır” deyən rejissorlarımızın əksəriyyəti sən demə, öz hazırladıqları tamaşalardan başqa digər teatrların tamaşalarını izləmirlərmiş. Buna da səbəb, öz dilləri ilə desək “vaxt qıtlığıdır”. Onlar il ərzində həmkarlarının tamaşalarını izləməyə vaxt tapmadıqları üçün suala cavab verməkdə çətinlik çəkdilər. Kimisi də “filankəsin tamaşasını desəm bəhmənkəs məndən inciyər” deyib, sorğuda iştirak etməkdən imtina etdilər. Bəziləri isə ötən il hazırlanan heç bir tamaşanı bəyənmədiyini bildirdi.
Ana teatrımız olan Akademik Milli Dram Teatrının baş rejissoru, xalq artisti Azərpaşa Nemətova əlimiz çatmadığından teatrın mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxladıq. O, bildirdi ki, Azərpaşa Nemətov mətbuat nümayəndələrinin suallarına mart ayında mətbuat konfransında cavab verəcək.
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, fəlsəfə doktoru Əliqismət Lalayev isə hesab edir ki, 2015-ci ilin ən uğurlu tamaşası Gəncə Dövlət Dram Teatrında quruluşçu-rejissor İradə Gözəlovanın hazırladığı “Dəli yığıncağı” tamaşasıdır.
O, deyir ki, sözügedən tamaşanı o iki dəfə izləyib. Özü də paytaxtda deyil elə məhz Gəncə Teatrının özündə.
Qeyd edək ki, Azərbaycanda bu ilki teatr mövsümü Gəncədə, “Dəli yığıncağı” tamaşa ilə açıq elan edilib. Pantomim Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev ötən il Akademik Milli Dram Teatrında izlədiyi “Şah Qacar” tamaşasının rejissor və aktyor oyunundan razı qaldığını bildirdi. Əməkdar artistə bu tamaşanın ötən il deyil, 2013-cü ildə hazırlandığını xatırlatdıqda, bu yaxınlarda binasının sökülməsi əmri verilən “Yuğ” teatrında Ramiz Həsənoğlunun quruluşunda izlədiyi “Sonuncu” tamaşasının adını çəkdi.
Məlumat üçün bildirək ki, gənc yazar Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tətribatçısı xalq artisti, əməkdar incəsənət xadimi, tanınmış rejissor Ramiz Həsənoğludur. Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov da Akademik Teatrın cari repertuarında olan “Şah Qacar” tamaşasını ən uğurlu tamaşalar siyahısında gördüyünü qeyd etdi.
Onun sözlərinə görə 2015-ci ilin ən uğurlu tamaşası isə Musiqili Teatrda səhnələşdirilən “O, olmasın bu olsun” tamaşasıdır. Sözügedən tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır. Tamaşada rolları xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.
Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov isə sualımız qarşısında susmağı üstün tutdu. Belə ki, rejissor 2015-ci ildə onu heyrətə gətirə biləcək heç bir tamaşa olmayıb.
Abdulla Şaiq adına Kukla Teatrının baş rejissoru Qurban Məsimov isə ötən il yeni tamaşalara getməyə zamanının olmadığından gileyləndi.
O, dedi ki, işləri çox olduğu üçün tamaşalara getməyə vaxt tapa bilmir. Ötən il yalnız “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasını izləyib. Həmin tamaşanın da rejissor yozumunu bəyənib. Sözügedən tamaşasının aktyor heyəti də obrazların öhdəsindən məharətlə gəliblər.
Qeyd edək ki, “Müsyo İbrahim və Quran çiçəyi” əsərinə Sankt-Peterburqdan dəvət edilmiş azərbaycanlı gənc rejissor Ərşad Ələkbərov quruluş verib. Tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, Xalq Artisti Azərpaşa Nemətdir. Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
İkihissəli tamaşada Müsyö İbrahim rolunu Xalq Artisti Fuad Poladov, digər rolları əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev ifa ediblər.
Nəzərinizə çatdıraq ki, dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər müəllifin - fransız yazıçısı Erik-Emmanuel Şmittin avtobioqrafik romanı əsasında səhnələşdirilib. Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir. Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsi ilə sona çatır.
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru əməkdar artist Firudin Məhərrəmovla söhbətimizdə bildirdi ki, 2015-ci ildə bir sıra yeni tamaşaları izləyib. Ancaq buna baxmayaraq onların içərisində heç bir uğurlu tamaşa görməyib.
Onların içərisində Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşası bir qədər daha baxımlı olub. Rejissor tamaşa haqqında danışarkən onun sonluğunu bəyənmədiyini də diqqətə çatdırdı. F.Məhərrəmov bu fikri ilə həmkarlarının qəlbini qırmaq istədiyini də dedi.
Azərbaycan Dövlət “Yuğ” teatrının baş rejissoru Gümrah Ömər ilk olaraq ötən il zamanı olmadığından tamaşaları izləmədiyini desə də sonradan ilin sonlarına yaxın Rus Dram Teatrında səhnəsində izlədiyi Gəncə Teatrının “Dəli yığıncağı” tamaşasının adını çəkdi.
“Yuğ” Teatrının direktoru Tərlan Rəsulov da ötən il yeni tamaşaları izləmədiyini qeyd etdi.
Daha sonra “Müsyo İbrahim və Quran çiçəyini” izlədiyini xatırladı və 2015-ci ilin ən uğurlu tamaşanı onu hesab etdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müəllimi, YUG Dövlət Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov dedi ki, ötən ilin quruluşları sırasında “Müsyö İbrahim və Quran çiçəyi” tamaşası onu qane edib. Bundan başqa isə İradə Gözəlovanın quruluşunda hazırlanan “Dəli yığıncağı” tamaşası onun ən çox bəyəndiyi tamaşalar arasında yer alıb.
Beləliklə, sorğuda iştirak edən əksər baş rejissor və teatr direktorları ötən il Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş “Müsyo İbrahim və Quran çiçəyi” və Gəncə Dövlət Dram Teatrının “Dəli yığıncağı” tamaşasını 2015-ci ilin ən uğurlu tamaşaları hesab etdilər.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər