• cümə, 29 Mart, 18:39
  • Baku Bakı 14°C

2013-cü il mətbuat üçün görülən uğurlu işlərlə yadda qaldı

25.12.13 08:08 1449
2013-cü il mətbuat üçün görülən uğurlu işlərlə yadda qaldı
2013-cü il mətbuat tariximizin bu günə qədər yaşadığı ən uğurlu illərdən biri oldu desək, yanılmarıq. Çünki bu il əvvəlkilərlə müqayisədə Azərbaycan mediası yaddaşlarda daha mühüm hadisələrlə qaldı. Cari il təkcə mətbuatımızın beynəlxalq əlaqələrini genişləndirməsi, xarici mediada ölkə jurnalistlərinin yazılarının yayımlanması baxımından müsbət qiymətləndirilmir. Əlaqə saxladığımız media təmsilçiləri daha çox jurnalistikamıza göstərilən dövlət qayğısı barədə yüksək fikirdə olduqlarını bildirdilər. Bunları nəzərə aldıqda, 2013-cü ili dövlət-mətbuat münasibətləri kontekstində çox uğurlu hesab etmək olar.
«Bakı Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, 2013-cü il onun xatirəsində bu günə qədər gördüyü ən uğurlu il kimi qalacaq. Bunun əsas səbəbi isə Azərbaycan mediasının dövlət tərəfindən daha çox qayğı ilə əhatələnməsidir: “Bilirsiniz ki, dövlətimiz mətbuatla bağlı çox uğurlu layihələr həyata keçirir. Xüsusən də, KİVDF xətti ilə əhəmiyyətli addımlar atılır, mətbuat üçün mühüm işlər görülür. Bu sırada, prezidentin sərəncamı ilə KİVDF tərəfindən tikilən və əvəzsiz olaraq jurnalistlərə verilən mənzilləri qeyd etməyi özümə borc bilirəm. Azərbaycan hökuməti bu addımı ilə müəyyən sosial qayğıları olan jurnalistlərə dəstək olduğunu nümayiş etdirdi. Bundan başqa, media təmsilçilərinə fərdi qaydada da yardımlar edilir”.
A.Quliyevin sözlərinə görə, il ərzində KİVDF-nin jurnalistlər üçün həyata keçirdiyi fərdi müsabiqələr də media təmsilçilərinin yaşayışını qurmasına yardımçı olur: “İldə iki dəfə, 30-dan çox qəzet arasında keçirilən layihə müsabiqələri çərçivəsində jurnalistlərə göstərilən maddi yardımı da xatırlatmaq istərdim. Bir məqamı isə xüsusilə vurğulamaq lazımdır. Bilirsiniz ki, bu il jurnalistlərin yaddaşından silinməyəcək görüş baş tutub. Ölkə prezidenti ilə mətbuat nümayəndələrinin keçirdiyi uğurlu görüş nəinki media təmsilçilərinin, eləcə də xalqın xatirində məxsusi gün kimi qalacaq. Çünki bu, mətbuata göstərilən diqqətin nümunəsidir”.
Bu il əsası qoyulan və 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılan növbəti binanın jurnalistlər arasında xoş əhval-ruhiyyə yaratdığını deyən müsahibimizin fikrincə, dövlət bu yolla onların peşəsinə olan hörmətini ortaya qoyur: “2013-cü ildə dövlət siyasətində mətbuatla bağlı elə bir atmosfer yaradıldı ki, insanlar bu diqqətin daimi olacağını düşünür. Belə təəssürat yaranır ki, gələcəkdə də mətbuatla əlaqədar meydana çıxacaq problemlər uğurlu həllini tapacaq və dövlətin mediaya göstərdiyi dəstəyin həcmi daha da artırılacaq. Prezidentlə media nümayəndələrinin keçirdiyi görüşdə jurnalistlər belə qənaətə gəldilər ki, ölkə prezidenti bizi böyük qüvvə hesab edir və bizə güvənir. Ümid edirəm ki, bu güvən daimi olacaq”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirdi ki, 2013-cü il əvvəlcə Azərbaycan jurnalistlərinin qurultayının keçirilməsi ilə yadda qalıb. Digər mühüm məqam isə bu il Mətbuat Şurasının yeni tərkibdə formalaşmasıdır: “2013-cü ildə mətbuatımız dövlət dəstəyi və qayğısı sayəsində daha sürətli inkişaf yoluna qədəm qoydu. Ən yadda qalan, bu günə qədər mediamıza göstərilən ən böyük diqqət isə Azərbaycan jurnalistlərindən 156 nəfərinin mənzillə təmin olunmasıdır. Evsiz jurnalistlər, sosial problemi olan qələm əhli cənab prezidentin yaratdığı bu imkandan yararlandılar. Binanın açılış mərasimində prezidentin özünün şəxsən iştirak etməsi jurnalistlərə verdiyi dəyərin göstəricisi idi”.
A.Aşırlı Azərbaycan mətbuatının bu illər ərzində heç vaxt keçmədiyi tarixi dönəm yaşadığını vurğuladı: “Bildiyiniz kimi, bu il prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi baş tutdu. Orada iştirak edən media təmsilçiləri görüş haqqında olduqca yüksək fikirdə olduqlarını bildirirlər. Qeyd etmək istədiyim digər məqam isə prezidentimizin bir canı xilas etməsidir. 2013-cü il jurnalistika tariximizə yazılan mühüm məqamlardan biri də ölkə başçısının jurnalist Nicat Dağların müalicəsini üzərinə götürməsidir. Prezidentimizin dərhal verdiyi sərəncamla həmkarımız ölümdən qayıtdı. Onun həyata qaytarılması üçün atılan adımlar çox təqdirəlayiqdir. Bu addımına görə ona təşəkkür edirik”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də bu ilin yadda qalan olduğunu, əvvəlkilərdən fərqləndiyini söylədi. Onun qənaətincə, 2013-cü ildə Azərbaycan mediası xeyli irəli gedə bilib: “Xüsusən, mətbuatın daha da müstəqilləşməsi istiqamətində bir çox işlər görüldü. Yəni, siyasiləşmiş mediadan, müstəqil mediaya keçid üçün ciddi addımlar atıldı. Artıq ölkəmizdə müxalifət, yaxud iqtidar yönlü qəzetlərin fəaliyyətinə siyasi fərq qoyulmadan yanaşılır. Şahidi olduğumuz məqamlar bu fikirləri deməyə əsas verir”.
CASCFEN sədri də 156 media təmsilçisinin evlə təmin olunmasını Azərbaycan jurnalistikası üçün ən əlamətdar hadisə hesab etdiyini nəzərə çatdırdı: “Bu, indiyə qədər nəinki Azərbaycan, bildiyiniz dövlətlərin heç birinin tarixində müşahidə olunmayan bir məsələdir. Xatırladım ki, ondan sonra daha bir binanın təməli atıldı. Jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlarsa, bunu yalnız alqışlamaq lazımdır”.
A.Həsrət prezident İlham Əliyevin yenidən «Jurnalistlərin dostu» seçilməsinin də əlamətdar hadisə olduğunu qeyd etdi. Çünki ölkə başçısı ikinci dəfə bu ada layiq görülüb.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər