AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

2012 dünyada

2012 dünyada

Siyasət
29 Dekabr 2012, 08:51 2175
Başa çatmaqda olan 2012-ci il dünya tarixinə bir çox maraqlı hadisələrlə düşmüş olacaq. Hər il olduğu kimi, bu il də ən maraqlı, eləcə də dəhşət doğuran hadisələrlə yadda qaldı. Bayram günü bu haqda danışmaq xoş olmasa da, yola saldığımız ilin gerçəkləridir. Bu dəfə də başa çatan illə bağlı fikirlərini bölüşən Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun əsas diqqəti Yaxın Şərq probleminə yönəldərək İsrail və Fələstin arasında baş verənlərə diqqət çəkib.

Fələstinin quruma müşahidəçi üzv statusunda qəbulundan məmnunluq ifadə edən Mun İsrail barədə bir qədər tənqidi fikirlərə yer verib. O bildirib ki, Təl-Əvivin qanunsuz yəhudi yaşayış məskənlərinin inşası barədə qərarı bölgədə gərgin olan vəziyyəti bir qədər də ağırlaşdırır. Baş katibin fikrincə, İsrail-Fələstin münasibətləri bu il gərginliyinə görə ən pik həddinə çatıb ki, bu da yəhudi dövlətinin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Mun Təl-Əviv tərəfindən beynəlxalq hüququn kobud şəkildə tapdalanmasını da açıq şəkildə etiraf edib. Ali qurum rəhbəri yəhudi dövlətini tezliklə qanunlara və dünya birliyinin fikrinə hörmətlə yanaşmağa dəvət edib.
İlin qəzası - “Kosta Konkordia”

Beləliklə, qayıdaq ilin ən maraqlı hadisələrinin baş vermə xronologiyasına. 2012-ci ilin ilk böyük qəza hadisəsi şübhəsiz, İtaliyaya məxsus “Kosta Konkordia” gəmisinin Aralıq dənizinin Toskana sahillərində saya oturması oldu. Yanvarın 13-də qəzaya uğrayan laynerdən yaxınlıqdakı gəmilərin köməyi ilə sərnişinlər və heyət üzvləri, ümumən dörd mindən çox adam təxliyə edildi. Başıbəlalı layner Roma yaxınlığındakı Çivitavekkya limanından kruizə yollanmışdı, lakin çat əmələ gəlməsi səbəbindən saya oturub və bir qədər yana yatıb. Altı il əvvəl suya buraxılmış “Kosta Konkordia” kruiz layneri 450 milyon avroya başa gəlib. Onun uzunluğu 290 metrdir. Gəmidə 1,5 min kayut, dörd hovuz, beş restoran və 13 bar olub. Gəminin batması nəticəsində 32 nəfər həlak oldu. İtaliya rəsmiləri qəzaya görə əsas məsuliyyəti gəmi kapitanı Françesko Skettinonun üzərinə qoydular. Kapitan təhlükəli manevrdə və gəmini vaxtından əvvəl tərk etməkdə günahlandırıldı. Gəmi kapitanı özünü yalnız qismən təqsirli sayır. Həbsindən əvvəl kapitan Tgcom24 telekanalına müsahibəsində bildirmişdi ki, “Kosta Konkordiya” gəmisi xəritədə göstərilməyən qayaya çırpıldıqdan sonra deşilib.

Əfqanıstanda növbəti biabırçılıq

Son illərdə olduğu kimi, bu il də ABŞ əsgərlərinin Əfqanıstandakı əməlləri ilə yadda qaldı. «YouTube» videohostinqində amerikalı hərbçilərin nümayişkaranə şəkildə ölmüş taliblərin meyitlərini necə murdarlamaları əks olunub. Bu zaman onlar təhqiredici zarafatlar da edirlər. «The Telegraph» xəbər verir ki, Birləşmiş Ştatların dəniz piyada qoşunları komandanlığının nümayəndələri belə bir çarxın ortaya çıxması ilə əlaqədar araşdırma apardıqlarını bəyan edib. Dəniz piyada qoşunlarının mətbuat katibi Stüart Apton isə bunun ciddi məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə, bu faktın sübuta yetirilməsi həmin hərbçilərin ABŞ-ın dəniz piyada qoşunlarında xidmət etməyə layiq olmadıqlarını təsdiqləyəcək.

Müsəlmanların məsumiyyəti

Rejissor Sem Besilin çəkdiyi “Müsəlmanların məsumiyyəti” adlı biabırçı film isə dünya müsəlmanların haqlı qəzəbinə tuş gəldi. Əksər ölkələrdə bununla bağlı etiraz aksiyaları keçirildi. Film islamafobiyanın növbəti göstəricisinə çevrildi. Peyğəmbəri təhqiramiz şəkildə təsvir edən bu üzdəniraq filmin nümayişi müsəlman dünyasının haqlı narazılığına və belə təxribatın acı nəticəsi kimi Liviyada Amerika səfirliyi əməkdaşlarının qətlinə səbəb oldu. Son dövrün tarixi, özəlliklə özünü insan haqlarının və demokratiyanın müdafiəçisi kimi qələmə verən bəzi Qərb dövlətlərinin müsəlman ümmətinə qarşı irqçi və aqressiv münasibəti demokratik prinsiplərin tənəzzülə uğradığına dəlalət etmiş oldu. Bir sıra müsəlman ölkələrində müqəddəs ziyarətgahların bombalanması, cümə namazlarında, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, Quranın hərbçilər tərəfindən nişangaha çevrilməsi, müqəddəs kitabımızın üzdəniraq pastor tərəfindən tonqallara atılması və nəhayət, son hadisə - İslam Peyğəmbərini təhqir edən bədnam “Müsəlmanların məsumiyyəti” filminin yaratdığı faciəli fəsadlar bütün dünyada humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidləri zəiflədir, dini və milli zəmində qarşıdurma və nifaq mühitinə yol açır. 2012-ci ildə Liviyada ABŞ konsulluğu dağıdıldı, ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens başda olmaqla 4 amerikalı öldürüldü.

Assanj zorlamada ittiham olundu

Wikileaks saytının təsisçisi Culian Assanj üçün bu il seksual zəmində özünə qarşı irəli sürülmüş ittihamlarla yadda qalacaq. O, İsveçə veriləcəyini gözləmədən iyun ayında Ekvador səfirliyinə sığındı, bu ölkə ona siyasi mühacirlik statusu verdi. Britaniya isə Assanjın İsveçə təhvil verilməsində təkidlidir.

Əsəd bu il də qaldı

Bütün il ərzində Suriyada Bəşər Əsədə qarşı üsyan davam etdi. Toqquşmalar Dəməşq və Hələb kimi iri şəhərlərə də yayıldı. Qərb ölkələri Əsədlə diplomatik münasibətləri kəsərək müxalifəti tanımağa başlayıb. Lakin Suriyadakı vəziyyətdə köklü dəyişiklik baş verməyib: hökumət qüvvələrinin ağır silah üstünlüyü qalmaqdadır, Rusiya başda olmaqla bir sıra ölkələr Bəşər Əsəd rejiminə dəstək verməkdə davam edirlər. Hüquq müdafiəçilərinin təxminlərinə görə, 2011-ci ilin mart ayından bəri Suriya münaqişəsində ölənlərin sayı artıq 50 mini keçib.

Misirdə Müsəlman Qardaşlığının qələbəsi

Ərəb baharı yaşamış daha bir ölkədə - Misirdə 2012-ci ildə prezident seçkiləri keçirildi. Müşahidəçilər seçkiləri bütövlükdə azad və ədalətli saymışdılar. Seçkilərdə Müsəlman Qardaşlığı islami hərəkat tərəfindən dəstəklənən namizəd Məhəmməd Mursi qalib gəldi. Bir müddətdən sonra səlahiyyətinin genişləndirilməsi barədə fərman verməklə prezident Mursi Misir ictimaiyyətinin böyük qisminin qəzəbinə tuş gəldi. Bundan sonra o, islamyönlü olduğu iddia edilən yeni Konstitusiya layihəsinə dair referendum elan etdi.

Berluskoni barədə həbs qərarı

İtaliyada Milan hakimləri sabiq Baş nazir Silvio Berluskoniyə Mediaset mediaholdinqində yol verilmiş vergi fırıldaqığına görə həbs cəzası kəsdilər. Berluskoni məhkəmənin qərarına etirazını bildirib və şikayəti məhkəmədə baxılana qədər azadlıqda qalacaq. O, yaşına baxmayaraq İtaliya siyasi səhnəsindən getmək niyyətində olmadığını bildirib.

Gürcüstanda şok nəticə

Gürcüstan və Ukraynada parlament seçkiləri keçirildi. Bu respublikalarda son dövrlərdə siyasi avtoritarizm tendensiyaları güclənirdi, nəticədə fəaliyyətdə olan prezidentlərin mövqeyi zəifləyirdi. Gürcüstanda prezident Mixail Saakaşvili parlament seçkilərində "Gürcü arzusu" blokunun lideri milyarder Bidzina İvanişvilinin qələbəsini tanımalı oldu. Baş nazir vəzifəsini tutmuş İvanişvilinin Rusiya ilə kompromisə daha meylli olduğu güman edilir. O, vəzifəyə gəldikdən sonra Gürcüstanda məhkəmə sistemində qanun pozuntuları və məhbuslara işgəncə verilməsi hallarının üstü açıldı. Ukraynada Viktor Yanukoviçin tərəfdarları Ali Radada çoxluğu qoruya bilsələr də, müxalifət partiyalarının parlamentdə təmsilçiliyi xeyli dərəcədə artıb. Bu amil müxalifətin prezidentlə qarşıdurmada mövqeyini gücləndirir.

Obama yenidən prezident oldu

ABŞ prezidenti Barak Obamaya 2012-ci ilin payızında amerikalıların çoxu 4 il əvvəlki rəğbəti bəsləmirdi. Zəif iqtisadi artım, yüksək işsizlik səviyyəsi, güclənmiş Respublikaçılar Partiyası - bütün bunlar ABŞ prezidentinə yenidən seçiləcəyini vəd etmirdi. Lakin son nəticədə Obama inamlı qələbə qazandı: səslərə görə Mitt Romnidən 30% çox nəticə əldə etdi. Romninin məğlubiyyəti Respublikaçıların seçki strategiyasında ciddi çatışmazlıqların olduğunu göstərdi. Seçkilərə bir neçə gün qalmış ABŞ-n şərq sahili Sendi qasırğasına məruz qaldı. Həmin günlərdə Nyu-York Hollivud filmləri səhnəsini xatırladırdı, lakin ölüm-itim halları olmadı. Barak Obama fövqəladə vəziyyət elan etdi və həmin müddət ərzində seçki kampaniyasını dayandıraraq Federal hökumətin qüvvələrini qasırğa fəsadlarının aradan qaldırılmasına yönəltdi. Amma qasırğaya məruz qalmış ştatlar bunsuz da Barak Obamanı dəstəkləyirdi.

İsrailin Qəzzada növbəti qətliamı

Noyabrda İsrail Qəzzadakı HƏMAS təşkilatı və digər silahlı qruplaşmalara qarşı hərbi əməliyyat keçirdi. Bundan əvvəl Qəzzadan İsrailin həmsərhəd rayonları raket atəşinə tutulmuşdu. Münaqişə davam edən 1 həftə ərzində HƏMAS Tel-Əvivə çatan raketlərdən istifadə etdi. Lakin İsrail özünün "Dəmir günbəz" müdafiə sisteminin səmərəliliyini sübuta yetirdi. Hərbi münaqişə kövrək atəşkəslə əvəzləndi.

ABŞ dəhşətli terror yaşadı

İlin sonuna yaxın Birləşmiş Ştatlar və dünyanı şoka salan hadisə yaşandı. Nyu-Yorkdan 130 km şimal-şərqdə yerləşən məktəbdəki gülləbaranda 26 nəfər həlak oldu, onların 20 nəfəri uşaqlar idi. Məktəbə girib qarşısına çıxan hər kəsə atəş açan adamın yaraladığı uşaqlar arasında yalnız biri sağ qalıb. "Ürəklərimiz parçalanıb. Mənim kimi, Amerikada bütün valideynlərin qəlbləri dərdlə dolub. Həlak olanların əksəriyyəti uşaqlardır və onları qarşıda həyat gözləyirdi" - deyə Ağ Evdə çıxış edərkən kövrələn Barak Obama deyib. Nyutaundakı olay ilin əvvəlindən bəri Birləşmiş Ştatlarda insanların kütləvi şəkildə güllələnməsi ilə bağlı 7-ci hadisədir. ABŞ-da 4 günlük matəm elan edildi. Məktəbdə gülləbaran edənin 20 yaşlı Adam Lansa olduğu bəlli oldu. O, qırğını qardaşı Rayan ilə birlikdə törətmək istəyirdi. Polis Rayanı məktəbin yanındakı parkda həbs edib. The New York Times bildirir ki, gülləbaran Lansanın anası, həmin məktəbdə müəllimə işləyən Nensi Lansanın dərs dediyi sinifdə başlayıb. Adam Lansa əvvəlcə anasını güllələyib, sonra sinifdəki uşaqların hamısını qətlə yetirib. Bundan sonra dəhlizə çıxan Lansa qarşısına gələn hər kəsə atəş açıb, sonra özünü vuraraq intihar edib. Lansa qurbanlarına 100 atəş açıb. Onun qətlə yetirdiyi uşaqlar 5-10 yaşdadır. Adam Lansanın anası Nensi Lansa Sandy Hook məktəbində 5-6 yaşlı şagirdlərin olduğu sinifdə dərs deyirdi.
Beləliklə, qeyd olunanlar yalnız ilin ən mühüm hadisələridir. İlin ən maraqlı kuriozu isə, şübhəsiz, dünyanın sonunun çatdığı barədə xəbərlər oldu. Amma Mayya təqvimi və tibetlilərin lideri Dalay Lamanın dekabrın 21-də dünyanın sonunun catdığı barədə proqnozları özünü doğrultmadı. Yaxşı ki...

Azər NURİYEV