200 şəhərdə ofisi, 400 min işçisi olan şirkətdə çalışan azərbaycanlı - Uğur hekayəsi
İlk iş
yerində 7 il çalışıb. Həmin müddətdə o qənaətdəymiş ki, əgər işdə istifadə
etdiyin texnologiya və verilən əməkhaqqı səni qane edirsə, iş axtarmağın çox da
mənası yoxdur. Lakin sonradan bu fikrindən daşınıb. Deyir ki, yeni işlər yeni təcrübə,
yeni tanışlıq, yeni kanallar deməkdir. Və o bu təcrübədən çıxış edərək ölkə
xaricindən gələn iş təklifini dəyərləndirir. Müsahibimiz iki ilə yaxındır Latviyanın
Riqa şəhərində yerləşən məşhur "Accenture” şirkətində
proqramçı kimi çalışan azərbaycanlı Namiq Mustafayevdir.
- Namiq bəy, karyeranızla bağlı məlumatda ancaq "Veysəloğlu” Şirkətlər Qrupu yazılıb. İlk iş təcrübəniz
də orda olub?
- Bəli,
karyeramın başlanğıcı elə o şirkətdə olub. Mütəxəssis kimi işə götürdülər,
sonra aparıcı mütəxəssis oldum, ardınca isə proqramlaşdırma komandasına rəhbərliyi
mənə həvalə etdilər. 7 ilə yaxın orda çalışdım. Sonra isə Latviyaya - "Accenture” şirkətinə gəldim. Bu bir Amerika şirkətidir.
Dünyanın 200 şəhərində ofisi, 350-400 min işçisi var.
- Tələbəlik illərində təcrübə xarakterli də olsa,
işləməmisiniz?
- Yox,
universiteti bitirib hərbi xidmətə getdim, qayıdandan sonra işə başladım. Mən
Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) kompüter mühəndisliyi
üzrə təhsil alırdım. Nədənsə, tələbə vaxtı fikrimi daha çox dərslərə yönəltdim,
işləməyə çox da maraq göstərmədim.
- Adətən, bu cür adamlar iş mühitinə düşəndə tələbə
vaxtı təcrübə yığmadıqları üçün peşmançılıq keçirirlər.
-
Universitetin çox güclü olimpiada komandası var idi, 3-4-cü kursda oxuyanda məni
ora dəvət etdilər. Getsəydim, çox yaxşı alqoritmik biliklər əldə edərdim. Onun
üçün peşmanam. Yaxud Avropa ölkələrindən birində magistr təhsili alsaydım,
yaxşı olardı. Çünki bir ölkəyə getmək üçün ən yaxşı üsul təhsildir. Bir də mənim
kimi tələb edilən ixtisaslar üzrə iş təklifi aldığın zaman gedə bilirsən. Tələbə
vaxtı işləsəydim, çox yaxşı təcrübə qazanmış olardım. Mən hərbi xidmətdən qayıdandan
sonra işə başladım. Təcrübəm olmasa da, verilən tapşırıqların öhdəsindən gəlirdim.
Amma tələbə vaxtı işləsəydim, 2-3 il qabağa düşmüş olardım. İndi düşünürəm ki,
tələbə vaxtı pulsuz olsa belə, gərək işləyərdim. Xüsusilə, İT sahəsində təcrübəni
daha tez yığmaq çox kömək olur.
- Tələb edilən ixtisaslar üzrə iş təklifi almaq məsələsinə
toxundunuz. Hazırda çalışdığınız şirkət sizə iş təklifini özü etmişdi?
- Bu tip
böyük şirkətlərin işçi tapıb cəlb etmək üçün ayrıca işçiləri olur. Onlar daim
şirkət üçün işçi axtarırlar. Təbii ki ilk olaraq ölkə daxilində uyğun kadrları
cəlb edirlər. Ölkədə kifayət qədər mütəxəssis tapmayanda, artıq xaricdən
axtarmağa başlayırlar. Bizim şirkət ölkə daxilindən sonra Rusiya, Ukrayna,
Belorus bazarından kadr cəlb edib. Resurs tükənəndən sonra Orta Asiya ölkələrinə
keçdilər. Bu şirkət işçiləri birbaşa tapmır, onlar ölkələrdə yerləşən məsləhətçi
şirkətlərə necə bir kadr axtardıqları haqqında məlumat verirlər, yerli şirkətlər
də tələblərə uyğun o kadrları tapıb onlara təqdim edirlər. Mənə də belə bir
şirkət müraciət etmişdi. Düzü, hələ ki xaricdə çalışmaqla bağlı ciddi fikrim
yox idi, amma təkliflə maraqlandım, araşdırdım. 3-4 mərhələli prosesi keçdikdən
sonra iş təklif etdilər. Texniki müsahibələr, tapşırıqlar, bəzi real kodların
üstündə işlədim. Bunları keçəndən sonra artıq dedilər ki, biz səninlə işləyə
bilərik. Beləcə başladım və iki ildir ki burda çalışıram.
- Bəs ölkə xaricində çalışmağa getməklə bağlı tərəddüd
etdiniz?
- İnsan
təbii ki tərəddüd edir. Yeni həyata başlayırsan, hər şey bir növ sıfırlanır, nə
olacağını bilmirsən. Ailəlisənsə, məsuliyyətdən dolayı tərəddüdün daha da
artır. Amma karyera, təcrübə üçün fədakarlıq
etmək lazımdır. Məncə, buna dəyir.
-7 il bir şirkətdə çalışmısınız. İş yerini
tez-tez dəyişən adam deyilsiniz?
- İşdə
istifadə etdiyin texnologiya və maddi cəhətdən şirkət səni qane edirsə, iş
axtarmağın mənası çox da yoxdur. Bu düşüncədə idim, amma artıq o fikirlərimdən
vaz keçmişəm. Çünki yeni işlər yeni təcrübə, yeni tanışlıq, yeni kanallar deməkdir.
- Bir yerdə çox işləməyi komfort zona da
adlandırırlar. Yəqin, komfort zonanı sevirsiniz...
- Əslində,
insan təbiəti komfort zonaya tam uyğundur. Məndə də, yəqin ki belə olub. Hətta əvvəl
çalışdığım yerdə bir müddət işlədikdən sonra gördüm ki, insan bir yerdə işlədikcə
öz sistemini qurur və iş rutinləşir. Hər gün eyni işi gördükcə inkişafdan geri
qalırsan. Və bizim ixtisasımızla bağlı texnologiyanı yaxından izləmirsənsə, çox
geridə qala bilirsən. Komfort zona insanı rahatladır və geri düşməsinə səbəb
olur. Bunu hiss edəndən sonra artıq komfort zonadan çıxmağa çalışırdım.
- 7 ildəki vəzifə irəliləyişinizi necə qiymətləndirirsiniz?
- İT sahəsində
ümumiyyətlə, çox da vəzifə olmur. Ya proqramçısan, ya da menecer. Proqramçı
olub kod yazırsan, ya da o tərəfə keçib menecmenti ilə məşğul olursan. İkinci
variantda proqramlaşdırmadan uzaqlaşırsan. 30-35 yaşa qədər insanlar bunu
seçmir, bu yaşlardan sonra yavaş-yavaş proqramlaşdırmadan uzaqlaşıb vəzifəyə
meyilənə bilirlər. Ona görə hansı vəzifədə olmağın çox da əhəmiyyət daşımır.
- Latviyada işə başladınız. Fərqli ölkə, başqa
mühit. İlk vaxtlar sizə çətin olmadı?
- İlk
olaraq sıfırdan başlamaq, orda yerləşmək məsələsi var. Digər tərəfdən, mədəni
şok da olur. Mənim böyüdüyüm mədəniyyətlə düşdüyün ölkənin mədəniyyəti fərqlidir.
Ən azından, iş mühitində dostluq, qardaşlıq münasibəti gözləyirsən, burda elə
deyil. İşlərini görüb çıxıb gedirlər. Bəzən "salam” vermədən gəlib işini görür,
gedir. Belə məsələlərdə mədəni şok yaşayırsan. Üstəlik, yeni həyata
başlayırsan, çevrə formalaşdırırsan. Nəyin nə olduğunu tutmaq bir az zaman tələb
edir. Bunlar çətin deyil, amma mədəni şok ən çox çətinlik hiss etdiyim məsələdir.
- Adətən, bizdə ofisə daxil olan bütün işçilər hal-əhval
tutmasalar, işə başlamırlar. Belə bir yerdən çıxan adam gedib "salam” vermədən
otağa daxil olan adamların içinə düşəndə buna reaksiyası necə oldu?
- 6 ay,
1 il bir yerdə işlədiyiniz komanda yoldaşınızla səhər qarşılaşanda üzünü sənə
çevirib "salam” verməyə bilir. Baxırsan ki, 1-2 ildir eyni layihədə çalışırlar,
amma o adamların münasibəti saat 6-ya qədərdir, iş saatı bitəndən sonra
bir-birini tanımırlar. Belə soyuqqanlılıqları var. Kimsədən bir gözlənti içinə
girmirlər. Çətinlik deməyək, amma mənim üçün bu, çox da yaxşı hal deyil. Azərbaycanda
işdə kiminsə problemi olsa, iş yoldaşlarından kimdənsə xahiş etsə, can-başla
kömək edir. Burda rahat şəkildə "vaxtım yoxdur”, "kömək etmək istəmirəm” deyə
bilirlər. Belə bir mühit var. Bu, bəzən insana yaxşı əhval-ruhiyyə vermir.
- Bəs rəhbərlərinizin işçilərə yanaşması necədir?
- Burda
müdirə, departament direktoruna "siz” deyə müraciət etmək kimi məsələ yoxdur. Hər
kəsə sadəcə adı ilə müraciət edirsən. Adam var ki, 150-200 işçisi var, adı
Antondur, "müəllim”, "siz” deyə müraciət etmirsən. Bəlkə də rusca desən, "siz”
müraciəti edərsən, amma ingilis dilində müraciət formasında bu yoxdur. Müdirlərin
ayrıca otağı yoxdur, bir gün bir işçinin, sabah başqasının yanında oturur.
Qapalı bir otaqları yoxdur. Bizim şirkətdə rəhbərlər işçilərlə dost kimi oturub
söhbət edə bilirlər. Müdirlə məsafə saxlamaq kimi məsələləri də burda görmürəm.
- Ordakı iş mühitində bəyəndiyiniz daha nələr var?
-
Texnoloji cəhətdən çox şey öyrənmişəm və bu, davam edir. Sərbəstlik var, evdən
də işləyə bilirəm. Bizdəki kimi ayda bəlli icazə haqqı da yoxdur. İşçi istismar
edilmir. İş saatından artıq işləməyə qoymurlar, əgər vacib iş olarsa, əlavə
saxlasalar, buna görə pul ödəyirlər. Şirkətin yaratdığı ən böyük imkan özünü
inkişaf etdirmək üçün olan mühitdir.
- Orda özünü inkişaf cəhətdən bu gün nələri
edirsiniz?
- "Accenture”nin
müştəriləri böyük şirkətlərdir. Hazırda "Volvo”nun böyük
layihəsində çalışıram. Layihənin icrası üçün fərqli istəklər var. Onları da
qarşılamaq üçün fərqli texnologiyalar, alətlər istifadə edirlər. Ona görə yeni
texnologiyalar öyrənirsən. Bir layihə bitəndə başqasına başlayıram, orda da tələblər,
istifadə edilən texnologiyalar başqa olur. Həmin layihədə qalmaq üçün özünü o
yöndə də inkişaf etdirirsən. Nəticədə bir çox yeniliklər öyrənmiş olursan.
- İki il yaxındır ordasınız. Bu müddətdə özünüzdə
hansı dəyişikliyi görürsünüz?
-
Tanımadığım, mənimlə eyni mədəniyyəti paylaşmayan insanlarla işləməyi öyrəndim.
Texnologiya ilə yanaşı, bir layihəni idarə etməyi, texnoloji olaraq dizaynını
öyrəndim. Şirkətdə rəsmi dil ingilis dilidir, dil bilikləri cəhətdən də inkişaf
oldu.
- İndiki işdə irəli getmək imkanları nə dərəcədədir?
- Bir
yol xəritəsi var ki, irəliləmək üçün onları bitirməlisən. Ora bəzi təlimlər,
treninqlərdə iştirak, sertifikatları almaq daxildir. İşlədiyin müştərilərin sənin
haqqında rəyləri önəmlidir. İrəliləyiş zamanla bu formada baş verir. Vəzifəyə
getmək kimsənin dodağı arasında deyil. Müəyyən meyarları keçdikcə baş verir.
- Ənənəvi sualımız: sizə görə uğurun sirri nədir?
- İlk
olaraq çalışmağı deyərdim. Sual verə bilərlər ki, çox çalışıb nə isə əldə etməyənlər
də var. Ona görə deyərdim ki, nə edəcəyini bilmək, şüurlu şəkildə çalışmaq
lazımdır. Uğur qazanmaq üçün başqa faktorlar da var, amma əsas olan nəyi istədiyini
bilib çalışmaqdır.
Aygün
Asimqızı