AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

200 manatla işə başladı, indi 3 satış nöqtəsi, 1 mağazası var - FOTOLAR

200 manatla işə başladı, indi 3 satış nöqtəsi, 1 mağazası var - FOTOLAR

Müsahibə
05 İyun 2021, 10:00 1801
Həyat Xəlilova : "İndiyə qədər biznesin böyüməsinə cibimdən pul xərcləməmişəm”
 
Analıq məzuniyyəti dövründə boş qalmamaq, vaxtını səmərəli keçirmək üçün kəlağayının onlayn satışına başlayır. Lakin qısa zamanda iş böyüyür və biznesə çevrilir. Hazırda 3 ticarət mərkəzində satış nöqtəsi, bir ayrıca mağazası var. Söhbət "Kəlağayım” brendinin və "Hayat gallery”in qurucusu Həyat Xəlilovadan gedir. H.Xəlilova, eyni zamanda "Oceaneering International” şirkətində planlaşdırma üzrə mühəndisdir. Qeyd edək ki, Həyat Xəlilova 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsində (ingilis dili) təhsil alıb.

- Həyat xanım, universiteti 2012-də bitiribsiniz, amma öz işinizi 2016-cı ildə qurubsunuz. Bu vaxta qədər ixtisasınız üzrə çalışmayıbsınız?
- Universiteti bitirəndən sonra müxtəlif yerlərdə işlədim. Onlar arasında ixtisasım üzrə də işlər oldu. Sonra elə oldu ki, "Oceaneering International” şirkətində işə başladım. Bu, mənim üçün neft sektorunda mühəndislik sahəsinə keçid oldu. Orada birinci texniki işlər üzrə köməkçi kimi başladım, indi planlaşdırma üzrə mühəndisəm. Tam texniki sayılmır, planlaşdırma işlərini görürəm. Elə orada işləyə-işləyə də öz biznesimə başladım.
 
 

- Bəs öz işini qurmağa həvəsləndirən, yaxud təkan verən nə oldu?
- Şəkiliyəm və uşaqlıqdan kəlağayılarla tanışıq. Şəkinin adət-ənənələrində kəlağayıdan çox istifadə olunur. Toylarda bəyin boynuna kəlağayı keçirirlər, yeni tikilmiş bir evə gedirlərsə, kəlağayı aparırlar və s. 2016-cı ildə Şəkiyə getmişdik, hədiyyə almaq üçün mağazalara baş çəkdik. Kəlağayı qədimdən bizdə geniş istifadə olunsa da, 2016-cı ildə o qədər də yayılmamışdı, çox spesifik olaraq istifadə edilərdi. Həmin dövrdə kəlağayı sahəsində Azərbaycanda bir brend fəaliyyət göstərirdi. Sadəcə çox yayılmamışdı və yayılmasına cəhd də olunmurdu. Düşündüm ki, Azərbaycana məxsus çox gözəl məhsuldur. Niyə də hər xanımın bir kəlağayısı olmasın? Ya da, məndə kəlağayı var, amma niyə onu istifadə etmirəm? Hədiyyə aldım və evə gələndə, ağlıma bu sahədə iş qurmaq ideyası gəldi. Yoldaşıma dedim, o da bildirdi ki, istəyirsənsə, başla.

- Əvvəldən biznes qurmağa həvəsiniz var idi?
- Ümumiyyətlə, çox aktiv insanam, yəni evdə oturan, sakit tip deyiləm. İş görməyi sevirəm, dayanmaq istəmirəm. Qətiyyən biznes insanı olmamışam. Biznes qurmaq heç vaxt ağlımın ucundan da keçməyib. Həmişə özümü ofis işində görmüşəm. Sadəcə olaraq, 2016-cı ildə ana olmağa hazırlaşırdım. Düşündüm ki, artıq analıq məzuniyyətinə çıxacağam, boş vaxtımı dəyərləndirməliyəm.
 
 

- İlk olaraq necə başladınız?
- Şəkidən gələndə, hədiyyələrdən əlavə, sırf satış üçün kəlağayılar da gətirdim. 200-250 manat dəyərində satış məqsədli kəlağayı aldım. Hələ analıq məzuniyyətinə çıxmamışdım, iş yoldaşlarıma göstərdim. Hamısı bəyəndilər, bir də baxdım ki, əlimdə heç nə qalmadı, satıldı. Satışdan gələn pulla yenə Şəkidən kəlağayı gətirdim və "Instagram”da "Kəlağayım” adlı səhifə açdım. Kəlağayını çox gözəl təqdim etməyə başladım. Hiss etdim ki, insanların marağı yaranır. Bir həftə ərzində sosial şəbəkə səhifəmiz sürətli şəkildə böyüdü. Bu da məni çox həvəsləndirdi. Səhifəni 2016-cı ilin aprel ayında açmışdım. Bir həftə sonra səhifəm bağlandı və heç cür bərpa etmək mümkün olmadı. Çox güman ki, bunu rəqib brendlərdən hansısa etdi. İşə həvəslə başlasam da, maraqlı şəkildə təqdim etsəm də, inanmırdım ki, kimsə bazarda məni rəqib görsün. Çünki yeni idim. Çox məyus oldum. Yoldaşım dedi ki, qətiyyən ruhdan düşmə, yenidən aç. Yenidən başladım, amma bu dəfə təhlükəsizlik tədbirlərini gücləndirdim. Məzuniyyətə çıxanda, işlərə başladım. Tək idim, köməkçim yox idi. Məhsulları gətirirdim, paylaşırdım, aparıb insanlara göstərirdim, baxıb seçirdilər. Ana olmağa hazırlaşdığım dövrdə belə işlədim və sentyabr ayında hiss etdim ki, tələb çoxdur, tək çatdırmıram, onlayn da kifayət etmir, mağaza lazımdır. Tələb olmasaydı, həvəslənməzdim. Həmin vaxt mənim məzuniyyətim də bitirdi, ona görə, bu işə əvvəlki qədər vaxt ayıra bilməyəcəkdim. Bu səbəbdən mağaza vacib idi.

- Ana olmağa hazırlaşan bir xanım hər işi özü görürdü. Müştərilərin reaksiyası necə olurdu?
- Düzdür, maşınım var idi. Onu da öz maaşımla kreditə götürmüşdüm. Hətta doğum evinə gedərkən də maşını özüm idarə etmişdim. İnsanlar sifariş verdikləri məhsulu hamilə xanımın çatdırdığını görəndə, çox təəccüblənirdilər. Deyirdim ki, narahat olmayın, hər şey superdir, mən də yaxşıyam. Gülürdülər (gülür).
 
 

- "Metropark”dakı stendiniz məşhur idi. İlk satış nöqtəniz o idi?
- Çox xırda biznes olduğumuz üçün nə böyük, nə də kiçik ticarət mərkəzləri bizə satış üçün yer vermirdi. İstəyirdik ki, heç olmasa, kiçik bir satış nöqtəsi olsun, başlayaq, sonra böyüdək. Daha sonra necəsə "Metropark”ın 6-cı mərtəbəsində "Park Cinema”nın içərisində bizə çox kiçik yer verdilər.  Öz zövqümə uyğun bir stend yığdırdıq və 2016-cı ilin sentyabrında ilk satış nöqtəmizi açdıq. Orda iş normal davam edirdi. Amma 8 Mart ərəfəsində brendimin nə qədər uğurlu olduğunu gördüm. Heç kim inanmırdı, həmin vaxt bizim mağazanın qarşısında böyük növbə yaranmışdı. 2 il orda davam etdik. 2018-ci ildə "Nargiz Mall”da stend açdıq, indi onu böyüdüb mağaza edirik. Daha sonra "28 Mall”dan təklif gəldi. Sonra isə "Hayat Gallery”ni açdıq. Burda tək "Kəlağayım” deyil, bir neçə milli brendimizin məhsullarının satışı aparılır. Deyim ki, nə qədər böyük mağazalarımız olsa da, "Metropark”dakı həmişə qalacaq. Bizi oradan çıxarmasalar, çıxmaq istəmirəm. Ondan sonra çox uğurlu yerlər də açdıq, amma ora mənim üçün dəyərli, doğmadır. Mən o kiçik yerlə başlamışam işə.

- İşlərin böyüməsinə sərf edilən maliyyəni biznes özü qazanırdı, yoxsa öz cibinizdən də xərcləyirdiniz?
- Mənim də, yoldaşımın da qazancı kifayət qədər yaxşıdır. Amma indiyə qədər biznesin böyüməsinə öz cibimdən pul qoymamışam. Yoldaşım deyir ki, biznesin uğurlu olmasının  göstəricisi odur ki, öz qazancı ilə böyüyür. Tutaq ki, 10 kəlağayı satdım, onun gəliri ilə daha çoxunu aldım. Yaxud bir mağaza açdım, oradan əldə etdiyim gəlirlə növbəti mağazanı. Amma bu işə pul məqsədi ilə girmədim. İş, ideyanın milliliyi maraqlı gəldi, başladım. "Hayat Gallery”ni açanda, daha çox pul lazım oldu, onda da öz cibimizdən qoymaq istəmədik. Biznes kreditinə müraciət etdik, zamanla da öz gəliri ilə krediti bağladıq.
 
 

- Bazara daxil olmaq, rəqabət aparmaq üçün qiymətlər də önəmlidir. Bazara hansı qiymətlərlə gəldiniz?
- O vaxt rəqibdən kifayət qədər ucuz qiymətlə bazara girdik. Yoldaşım maliyyəçidir, şirkətlərdən birində maliyyə direktoru işləyir. Bu işə başlamaqda, davam etməkdə dəstəyi həmişə həyat yoldaşımdan almışam. İndi artıq şərik kimiyik. Qiyməti də onunla bir yerdə müəyyənləşdirdik. Kəlağayını absurd qiymətə satmadıq, üstünə böyük məbləğ qoymadıq. Bir dəfə də istehsalçı qiyməti artırdı, onda da qiyməti 5 manat qaldırdıq. Və illərdir ki qiyməti dəyişmirik. Tutaq ki, 50 manata satdığımız kəlağayı indi 60 manatdır. Ədalətli qiymət müəyyənləşdirmişik. Müştəri artdıqca, qiymət artımına getmədik. Bu işin içində olduqca, insanların düşüncələrini, istəklərini nəzərə alırdıq. Çox müraciətlər olurdu ki, butadan fərqli dizaynlarda da kəlağayılar olsun. Biz də öz dizaynlarımız əsasında "Qobustan”, "Bakı şanısı”, "Qarabağ atları”, "Nar”, "Xəmsə” və "Xarı bülbül” dizaynlarında kəlağayılar da hazırladıq. Onların qiymətləri fərqlidir.

- Kəlağayıların keyfiyyəti də həssas məsələdir. Keyfiyyətə zəmanət varmı? Keyfiyyətlə bağlı şikayət olubmu?
- Hər bir kəlağayının keyfiyyətinə zəmanət veririk. İpəyi, boyası, hər bir işi nəzarət altında olur. Keyfiyyətinə əmin olduğumuz istehsalçılarla işləyirik. Amma şikayət də olub. Qara rəngli kəlağayılarda rəng, sırf qara boyadan alınmır. Birinci narıncı rəngə batırılır, ondan sonra başqa rənglə qarışdırılır və qara rəng alınır. İndiyə qədər o baxımdan bir dəfə şikayət gəlib. Bizim kəlağayıları yumaq da mümkündür, rəngi getmir. Paltaryuyan maşında belə yuyublar, heç bir problem olmayıb. Bir dəfə yazdılar ki, qara kəlağayını suya saldıq, rəngi narıncı oldu. İstehsalçı nəyisə düz etməmişdi. Müştəriyə təklif etdik ki, ödənişi geri qaytara, yaxud yenisi ilə əvəzləyə bilərik. Haqsız olduğumuz halda özümüzü təmizə çıxarmaq istəmirik. Bazarda daimi qalmaq fikrindəyik.
 
 

- Biznesiniz pandemiya dövrünü necə keçirdi?
- Şansımız onda gətirdi ki, mağazanı vaxtında açdıq. Tək ticarət mərkəzləri ilə kifayətlənsəydik, pandemiya dövründə bizə çətin olardı. Amma "Hayat Gallery” açılmışdı və biz məhsullarımızın satışını oradan apardıq.

- İşiniz böyüyüb, amma siz digər işinizdən ayrılmayıbsınız. Bunun səbəbi nədir?
- Bu sualı iş yoldaşlarımdan tutmuş, hamı verir. Hər il deyirəm ki, bu il işlərimi yekunlaşdırıb, sırf biznesimlə məşğul olacağam. Dediyim kimi, həmişə özümü ofis şəraitində təsəvvür etmişəm. Hələ də "biznes ledi” düşüncəsi beynimə oturmur. İnsanlarla ünsiyyətdə olmağı xoşlayıram. Ofis mühiti mənim üçün fərqlidir. Xaricilərlə işləmək də maraqlıdır. Hələ ki, çatdıra bilirəm. Maliyyə cəhətdən yanaşsaq, biznesim gəlir gətirir və bu biri işimə ehtiyac yoxdur. Amma o biri işimə də həvəsim böyükdür.

- Biznes qurmaq kimi planınız olmasa da, artıq bir biznes sahibisiniz. Bu təcrübə bizneslə bağlı sizə nəyi öyrətdi?
- Əgər biznes qurmaq istəyirsənsə, özünə yaraşan bizneslə başlamalısan. Özünü nədə görürsənsə, nədə hiss edirsənsə, onunla məşğul olmalısan. Pul qazanmaq naminə başlasan, irəli getmək çətin olar. İşi inkişaf etdirmək, uğura nail olmaq məqsədilə başlamaq lazımdır. Düzdür, 2016-cı ildə işin bu qədər böyüyəcəyinə inanmazdım, amma belə olubsa, deməli, bunun üçün işləmişik. Mən xəyalpərəst deyiləm. Xəyal qurub, amma heç bir iş görməmək kimi təbiətim yoxdur. Ağlıma gəlirsə, özümü orada görürəmsə, edirəm. Bu zaman xəyallar əlçatan olur.
 
 

- Amma həm də anasınız. Uşağa vaxt ayıra bilirsiniz?
- Müasir anayam (gülür). Mən indiyə qədər uşağa dayə tutmamışam. Allah canlarını sağ eləsin, ilk gündən valideynlərim mənə çox kömək oldular. Atam polis əməkdaşıdır. Mənim aktiv olmağımın ən böyük səbəbkarı odur. Məni sakit qız kimi böyüməyə qoymayıb. Ona görə, atama o baxımından o qədər güvənirəm ki, qızımı da etibar eləmişdim. İndi böyüyüb, özəl məktəbə qoymuşuq. Əsas vaxtı məktəbdə keçir. Həftə sonları isə bir yerdə vaxt keçiririk.

- Ev işlərinə vaxt ayıra bilirsiniz?
- Gündə 4-5 saat yatıram. Əslində yatmağa meyilli də deyiləm. Yeməyimi özüm bişirirəm, tam sağlam qidalanan insanam. Yoldaşıma ayrı yemək hazırlayıram, özümə başqa. Hərdən özümə də maraqlı gəlir ki, necə çatdırıram? Gecə 2-də də olsa, yeməyimi bişirib yatıram. Restorana 2 ildir ki, getmirəm. Hər gün bir saat idmana vaxt ayırıram.

- Enerjinizin tükəndiyi vaxt olur?
- Olur, bu zaman 4-5 günlük harasa istirahətə gedib enerji yığmalıyam. Telefonu qırağa atıram, işi həyat yoldaşıma tapşırıram. Enerji yığıb, bir neçə gündən sonra əvvəlki rejimdə işə başlayıram (gülür).

Aygün Asimqızı