• cümə axşamı, 25 aprel, 20:26
  • Baku Bakı 21°C

20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət

20.01.22 09:45 286
20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət
Ulu öndər Heydər Əliyev elə bir böyük şəxsiyyət idi ki, Azərbaycan SSR-in rəhbəri, daha sonra Moskvada yüksək vəzifələrdə olanda o, Azərbaycana olan hücumların qarşısını ala bilirdi. Ona görə də Azərbaycanı istəməyən qüvvələr respublikamıza qarşı öz çirkin niyyətlərini həyata keçirmək üçün daim Heydər Əliyevin vəzifədən getməsinə çalışırdılar. Bu qüvvələr başda Mixail Qorbaçov olmaqla 1987-ci ilin oktyabrında Heydər Əliyevin istefasına nail oldular.
İstefadan çox qısa müddət sonra Qorbaçovun müşaviri olan erməni Aqenbekyan Fransanın "Humanite” qəzetinə müsahibəsində bildirdi ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılmalıdır və Ermənistana verilməlidir. O qeyd etdi ki, mənim bu məsələ ilə əlaqədar Qorbaçovla söhbətim olub. Bununla da, elə özü də bilmədən bu işin arxasında Mixail Qorbaçovun durduğunu büruzə verdi. Ondan sonra məlum hadisələr başladı.
Bu fikirləriAZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Novruz Quliyev bildirib. Alim deyib ki, XX əsrin 80-ci illərinin sonlarında ərazi bütövlüyümüzə, suverenliyimizə yaranan təhlükə xalqımızı qəzəbləndirdi, milli azadlıq hərəkatı başladı. Mütəmadi etiraz mitinqləri keçirilirdi. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. Bu məqsədlə imperiyanın xüsusi xidmət orqanlarının hazırladığı 20 Yanvar qırğını həyata keçirildi. Həmin gün öz hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, tərkibində ermənilərin də olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. İmperiya ordusu heç nəyə baxmadan dinc vətəndaşlarımızı qətlə yetirdi, tankların tırtılları altında əzdi. Bu hadisə SSRİ rəhbərliyinin əsl mahiyyətini göstərdi.
O vaxt istefada olan Heydər Əliyev səhhətinin pis olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisələrə qəti etirazını bildirdi və onu törədənləri, SSRİ rəhbərliyini, xüsusən Qorbaçovu günahlandırdı. Bu, həqiqətən də belə idi və 20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət idi.
Bu hadisədən sonra məlumdur ki, Ulu Öndərimizə qarşı çox böyük hücumlar başladı. Mən o vaxt Elmlər Akademiyasında çalışırdım. Kollektivimiz adından Heydər Əliyevə qarşı aparılan çirkin kampaniyaya öz kəskin etirazımızı bildirirdik. Əvvəllər bu müraciətləri Bakıdan göndərirdik, lakin başa düşdük ki, onlar öz ünvanına çatdırılmır. Odur ki, məcbur olub Moskvadan göndərməyə başladıq. SSRİ-nin müvafiq dövlət qurumlarına göndərdiyimiz teleqramlarda o zamankı respublika və SSRİ rəhbərliyini ittiham edirdik. Heydər Əliyevin gördüyü işləri göstərərək ona qarşı aparılan çirkin kampaniyanın dayandırılmasını tələb edirdik. Mən o dövrdə Heydər Əliyevin əleyhinə yazı dərc edən qəzetlərin redaksiyasına gedərək hazırladığımız cavabları təqdim etsəm də, onların heç biri dərc olunmurdu.
Qeyd etmək lazımdır ki, xalqımızın azadlıq mübarizəsinə, 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olmuşdur. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli Fərmanı ilə "20 Yanvar şəhidi” adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli Sərəncamına əsasən Şəhidlər xiyabanında "Əbədi məşəl” kompleksinin yaradılması böyük tarixi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev dahi rəhbər Heydər Əliyev siyasətini davam etdirərək ölkəni daha da inkişaf etdirdi, güclü ordu yaratdı. Prezident məqsədyönlü, fəal xarici siyasət apardı. Qardaş Türkiyə ilə əlaqələrimiz daha da inkişaf etdi. Prezident əlverişli geosiyasi vəziyyət yaranan kimi Ermənistanın təmas xəttində yaratdığı təxribata cavab olaraq Azərbaycan Ordusuna əks-hücum əmri verdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan bütün imkanlardan istifadə edərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsi olmaqla erməni faşizminin belini qırdı. Bu tarixi Qələbə Ulu Öndərimizin və bütün şəhidlərimizin ruhunu şad etdi.
Şəhid ailələrinə diqqət və qayğının daha da artırılması, ölkəmizə gələn dövlət və hökumət başçılarının, qonaqların Şəhidlər xiyabanını ziyarət etməsi xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarına dövlət səviyyəsində ehtiramın təzahürüdür.
banner

Oxşar Xəbərlər