20 qəpiklə işə başladı, indi iki şirkət sahibidir - Uğur hekayəsi
Öz işini
qurub müəyyən bir yerlərə gətirməkdən danışanda "biz” deyir. Çünki işin uğurlu
olmasının tək bir adamdan deyil, komandadan asılı olduğunu düşünür. Komandaya
işçi cəlb etmə zamanı isə kadrın savadından öncə sadiqliyinə baxmaq lazım
olduğunu qeyd etdi. Öz təcrübəsindən danışanda bildirir ki, biznesdə
zaman-zaman çətinliklərlə üzləşiblər və o mərhələləri sadiq insanların köməyi
ilə aşıblar. "Mənə görə insanın savadından əvvəl sadiqliyinə baxmaq lazımdır”
deyən müsahibimiz "Technolink” (Azərbaycan,
Türkiyə və Dubay) və "Qmeter” (Dubay) şirkətlərinin qurucusu Adil
Abdullayevdir.
Qeyd edək
ki, A.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika
üzrə bakalavr təhsili alıb. Neft və Sənaye Universiteti ilə "Amerikan State
Georgia University”nin müştərək proqramında isə əməliyyatların idarə olunması
ixtisasını MBA üzrə oxuyub.
- Adil bəy, bu gün karyeranızda əsas hissəni
qurduğunuz şirkət, onun idarəsi tutur. Amma biz söhbətə ümumi iş həyatına
atıldığınız dövrdən başlayaq.
-
Birinci kursun ikinci semestrindən artıq fərdi olaraq işləməyə başlamışam. O
zaman kompüterlər ölkəmizdə yeni-yeni inkişaf edirdi və mənim də müəyyən İT
biliklərim var idi. Kompüter ustası kimi işləyirdim, proqram təminatını
sazlamaq, xarab kompüterləri düzəltmək və s. kimi işlər görürdüm. 4-cü kursda
isə şəhərdəki mağazalardan birində satıcı kimi fəaliyyətə başladım. Qısa
zamanda orda da yaxşı nəticələr göstərmişdim. Fərdi fəaliyyətim yenə də davam
edirdi. Hətta müxtəlif şirkətlərlə razılığım var idi, onlardan kompüter alıb əldə
satırdım. Üstəlik, bir müddət özümdən yaşca kiçiklərə aylıq ödəniş qarşılığında
kompüterlə bağlı dərs keçirdim. Tələbəlik vaxtı mütəmadi olaraq işləmişəm. Boş
qalmırdım, hər gün işləməyə nə isə tapırdım.
- Birinci kursda işləməyinizin səbəbi nə idi: təcrübə,
yoxsa maddi təminat?
-
Birincisi, işləmək mənim üçün maraqlı idi, özümü İT sferasında inkişaf etdirmək
istəyirdim. İkincisi, ailəmizdə belə dəyər var idi ki, hər kəs tələbəlik
dövründə mütləq bir işlə məşğul olub. Uşaqlıqdan məndə belə bir fikir
formalaşmışdı ki, işləmək lazımdır. Üçüncüsü, tələbə çalışırsa, maddi tərəfi də
düşünür. Ailə kömək edirdi, yol xərcimi və bulka pulumu verirdilər (Gülür).
Ancaq adam azad yaşamaq, maddi cəhətdən özünü təmin etmək də istəyir. Hər bir
faktorun öz yeri var idi, amma əsas olan karyeramın təməlinin düzgün qoyulması
idi. Universiteti bitirəndən sonra iş həyatına hazır olmaq istəyirdim.
- Tələbə vaxtı aylıq qazancınızla özünüzü tam təmin
edə bilirdiniz?
- Mən
müstəqil fəaliyyət göstərirdim, fərdi olaraq iş götürüb çalışırdım. Məbləğ
olaraq tam yadımda deyil, amma qazandığım pul indi bir çox işçilərin orta səviyyədə
aldığı məvacibə bərabər idi. Özümü tam idarə edirdim, təhsil haqqımı ödəyə
bilirdim. Bir subay gəncin yaşaması üçün yetərli qədər qazanırdım.
- İş həyatına hazır olmaq üçün tələbə vaxtı
çalışdığınızı dediniz. Universitetdən sonra iş tapmaq probleminiz olmadı ki?
- Qətiyyən,
universiteti bitirəndə bir şirkətdə işləyirdim, işdən çıxıb hərbi xidmətə
getdim. Qayıdandan 3 gün sonra həmin şirkətin yeni yaranan bir bölməsində işə
başladım.
- Öz işinizi qurmamışdan öncə nə qədər işçi kimi
çalışdınız?
- Təxminən
üç il. Bir il işləyəndən sonra 2006-cı ildə artıq birinci layihəmə start
vermişdim. Onlayn yemək sifarişi işi idi, myfood.az saytını yaratmışdıq. Səhv
etmirəmsə, Azərbaycanda onlayn xidmət göstərən ilk şirkət idi.
Layihə normal qurulmuşdu, böyük şirkətlərin işçilərindən mütəmadi sifarişlər
alırdıq. Sonra müəyyən daxili məsələlərə görə onu bağladıq. Başqa yerdə
çalışa-çalışa bu işi qurmuşdum. 2 il həmin şirkətdə işlədim, sonra bir müddət
Rusiyada yaşadım. 2009-cu ildə Azərbaycana döndüm və həmin il aprel ayında
"Technolink”i ölkəmizdə təsis etdik. Əslində, biz bu şirkəti 2008-ci ildə
qurmalıydıq, amma mən Rusiyaya işləməyə getməli oldum deyə, bir il gecikdi.
Maliyyə cəhətdən ehtiyaclarım var idi, ona görə Rusiyaya getdim ki, müəyyən qədər
pul qazanıb onları həll edim.
- Rusiyada hansı işlə məşğul oldunuz?
- İT-yə
aidiyyatı olmayan sahə idi. Sadəcə, o dönəm belə lazım idi. Fərqli tip
insanlarla çalışdım, onların içərisində azərbaycanlılar da var idi, ruslar da.
9 ay Rusiyada çalışdığım müddətdə çox böyük həyati təcrübə qazanmış oldum.
- Hansı sektor idi, maraqlı gəldi?
-
(Gülür) Burda gizlin bir şey yoxdur, gül firmasında işləyirdim. Topdan satış
işində idxal-ixracla məşğul olurdum. Amma orda ən aşağıdan başladım, anbardar
kimi. Sonra artıq digər işlərə keçdim.
- "Technolink”i qurmaq üçün çox maliyyə lazım oldu?
-
Rusiyadan qayıdanda burda mənə böyük şirkətlərdən, hətta mobil operatorlardan
birindən yaxşı məvacibi olan işlər təklif olundu. Amma mən öz işimi quracağıma
inanırdım. Ona görə təkliflərə "yox” deyirdim. Özü də Rusiyadan qayıdanda əlimdə
güclü maliyyə də yox idi. Hətta bir ara fikirləşdim ki, bəlkə işləyim, pul
yığım, sonra iş qurum. Lakin fikrimi tez də dəyişdim, dedim ki, belə olsa,
günü-gündən uzanacaq. Baxmayaraq ki, sonra şirkətlərdə İT mütəxəssisi kimi
çalışmışdım, amma mən lap əvvələ, 1-ci kursdakı işlərimə qayıtdım. Fərdi şəkildə
kompüter düzəltmək, format etmək kimi işlər görməyə başladım. Bu cür işlərdən
pul qazanıb öz biznesimi qurmağa sərf edirdim. 150 manat düzəldib şirkəti
qeydiyyatdan keçirmək məsələlərini həll etdim. O 150 manatı biz qram-qram
toplamışdıq. Bir az pul yığıb 13-14 kvadratmertlik ofis götürdüm. Hər işi mərhələ-mərhələ
gördük, böyütdük.
Pula gəlincə,
heç bir maliyyəmiz yox idi. 20 qəpiklə investisiya etdik. Şirkəti qurduğumuz
dostlardan biriylə oturmuşduq. Böyük gözəllik salonlarından birində modem xarab
olmuşdu, zəng etdilər ki, düzəltmək lazımdır. Cibimizdə 20 qəpik var idi,
yolpulu edib salona getdik, 10 manatla ordan çıxdıq. Şirkətin qazancı 10 manat
oldu. Xərcləmədik, dedik işləyək, üstünə yığaq, şirkətin xərclərini ödəyək.
- Mərhələ-mərhələ böyüməyi sözlə ifadə edəndə indi
asan gəlir, bəs o vaxtkı proses necə idi? Yorulduğunuz, iş yaxşı getməyəndə
dayandırmaq fikrinə gəldiyiniz olurdu?
- Bizim
çox ağır günlərimiz olub. Bəzən gündə 20 saat çalışırdıq, bəzən isə dayanmadan
iki gün. Çünki çox şeydə təcrübəmiz yox idi. Təcrübə qazanmaq, müəyyən
reputasiyaya sahib olmaqdan ötrü çox əziyyətlərdən keçdik. Əvvəllər fərdi şəkildə
işləyirdik, amma şirkətsənsə, həm də korporativ səviyyədə hər bir şeyə diqqət
etməlisən. Bu isə boynuna ağır məsuliyyət götürməkdir. Deməli, şirkət olaraq
ilk dəfə bir tenderi udmuşduq. Azərbaycandakı şirkətlərdən birinin ofisində
kabelləşdirmə və İT sistemin qurulması işi idi. Mənim bir tərəfdaşım var idi, o,
daha çox işin texniki tərəfləri ilə məşğul olurdu. Tenderə müraciət etməmişdən
öncə ona sual verdim ki, bu işi görə bilərik? Dedi ki, narahat olma, belə işləri
çox görmüşəm. Tenderi bizə verdilər, alətləri alıb şirkətə daxil olanda gördüm
ki, o sahədə biz heç bir şey bilmirik. Bir növ öyrənə-öyrənə o işi gördük. İndi
1 günə həll etdiyimiz iş üçün o vaxt 20 günümüz gedirdi. Amma hər zaman işin
keyfiyyəti və vaxtında təhvil verilməsi bizim üçün önəmli olub. Normal insanlar
1 saata gördüyü işi biz 5 saata görə bilərdik, lakin bu, işin təhvil verilmə
vaxtına təsir etməməli idi, ona görə gecə yatmayıb işləyirdik ki, reputasiyamız
qoruyaq. Həmin işdən heç pul qazana bilmədik, hesabatımızı düz aparmamışdıq.
Çünki təcrübəsiz idik, təklifləri verirdik, amma pul tərəfini düşünmürdük. Əsas
o idi ki, işi götürək. Ümumilikdə, birinci il çox çətin dönəm oldu. Komandanın
hesabına o çətinliklərdən uğurla çıxa bildik. Çox baryerlərlə üzləşdik, həddindən
artıq maliyyə sıxıntılarımız oldu, amma heç vaxt dayanmaq haqqında düşünmədik.
Hər zaman alternativ var idi. CV-mi göndərsəm, işlərə qəbul alacağımı bilirdim.
Təkliflər də gəlirdi, amma onlara baxmırdım. Çünki deyirdim ki, birdən şeytan
azdırar, işi qoyub gedərəm (Gülür).
- İş qurmaqdan danışanda "biz” deyirsiniz. Tək
deyildiniz?
- İş
quranda bir komanda olmalıdır, o, yoxdursa, heç bir işin qurulmasından söhbət
gedə bilməz. İnsanları, işi uğurlu edən komandadır. Düzgün komanda ilə çalışmaq
lazımdır. Mənim ətrafımda gözəl komanda var idi. Bəli, dost-tanışlarım idi,
amma bir araya gəlib hədəfə doğru irəliləyirdik.
- İlk başladığınızda komandada nə qədər adam var
idi?
- İki nəfər
texnik var idi, bir də mən. Mən həm texnika tərəfə baxırdım, həm də menecment
işləri ilə məşğul olurdum. Hardasa, 3-4 ay sonra 6-7 nəfər olduq. Hətta yerimiz
balaca olduğu üçün işçi artanda artıq ofisə sığmırdıq. Hər şey birotaqlı ofisdə
idi, hətta anbar kimi də o otaqdan istifadə edirdik. Bir nəfər telefonla
danışsa, otaqda hər şey qarışa bilirdi (gülür).
- Bəs işçilərə maaş verə bilirdiniz?
- Heç
bir maaş vermirdim. Yemək və yol pulu olurdu. Qazandığımız pulun hamısını yenidən
şirkətə investisiya edirdik. Printerimiz belə yox idi. Ona görə həmişə "biz”
deyirəm. Bəlkə də 9 ay maaş anlayışı
olmadı, ancaq işləmək var idi. Bir baryer var idi, onu keçməliydik. Amma
sağ olsunlar, maaş məsələsinə görə heç vaxt problem də yaratmayıblar.
- Əslində, insanın uğurlu olmasında bir səbəb də
düzgün ətraf formalaşdırmaqdır. Məncə, siz bunu bacarmısınız. Ətrafınızdakı
adamları seçərkən nələrə diqqət etmisiniz?
- Şirkət
və şəxs olaraq mənim üçün prioritet olan bir dəyər var, o da insanlardır.
İnsanlara dəyər vermək lazımdır. Pulu nəzərdə tutmuram. Pul asan qazanılan, elə
asan da itirilən bir şeydir. Düzgün və sadiq olmağın tərəfdarıyam, özüm belə
olmağa çalışmışam, ətrafımdakı insanlarda da bu keyfiyyətinə diqqət edirəm.
Kiminsə tanışı olması, maliyyə durumu yaxşı olması ətrafıma insan cəlb etmək cəhətdən
mənim üçün kriteriya olmayıb. Sadiq insan deyəndə, təkcə işi nəzərdə tutmuram.
Əşyalara belə sadiq olmaq lazımdır. Biznes elədir ki, zaman-zaman çətinliklərlə
üzləşə bilirsən. Bu mərhələləri məhz o cür insanların köməyi ilə aşmışıq. Mənə
görə insanın savadından əvvəl sadiqliyinə baxmaq lazımdır. Savad qazanılır,
bacarıq formalaşdırılır, amma sadiqlik insanda olmalıdır.
- "Technolink” hazırda Türkiyə, Dubay və Azərbaycanda
fəaliyyət göstərir. Əsas ofisiniz harada yerləşir?
- Bəli,
10 ildir ki, Azərbaycanda, 4 ilə yaxındır ki, Dubayda, 1 ildir ki Türkiyədə
ofisimiz açılıb. "Technolink” formatı iki yerə bölünüb. Bir istiqamət kimi Azərbaycanda
İsveçin "Qmatic” şirkətinin distributoru olaraq işlər həyata keçiririk. O sahədə
əsas ofis Azərbaycandadır. Digər hissə isə "Qmeter”dir. Bu, "Technolink”in öz
brendidir. Onun əsas ofisi Dubaydakı "Technolink”dir. Dubaydan dünya bazarına
çıxarmışıq. Günü-gündən əhatə dairəmizi genişləndiririk. Hazırda Avropa və Ərəb
ölkələrinə xidmət göstəririk. Ümumi şirkətin adı "Technolink”dir.
- Şirkətin xidmətinə nələr daxildir?
- Biz 2009-cu ildə işi quranda İT servis xidməti
ilə başlamışdıq. Amma bir neçə ay sonra İsveçin "Qmatic” şirkətinin Azərbaycanda
distributoru olduq. Ölkəmizdə fərqli istiqamətlərdə olan müəssisələrdə növbə
sisteminin avotmatlaşdırılması, düzgün şəkildə qurulması, müştəri axının idarə
edilməsi sahəsində İsveç şirkəti ilə bir yerdə həllər verdik. Hazırda ölkənin
aparıcı və iri banklarına, bəzi dövlət strukturlarına xidmət veririk.
"Qmeter”i
isə sonra qurduq. Müştəri məmnuniyyətinin, müştəri təcrübəsinin ölçülməsi, xidmət
səviyyəsində harada səhvlərin olduğunu aşkarlamaq və biznesin inkişafı üçün
tövsiyələr vermək üçün bir həlldir. Hazırda Azərbaycan və dünyada müəyyən bir
reputasiyaya malikdir, günü-gündən böyüyür. Hazırda əsas məqsədimiz bu şirkəti
dünya miqyasında daha da genişləndirməkdir.
- Rubrikamızın ənənəvi sualı: uğuruzun sirri?
- Düzgün
olmaq, çox çalışmaq, düzgün və sadiq insanların ətrafında olmaq və inanmaq.
Əsas məsələ gördüyün işə inanmaqdır.
Aygün Asimqızı