• cümə axşamı, 18 aprel, 04:33
  • Baku Bakı 15°C

20 ilik nəticəsiz ittifaq

21.02.19 18:50 670
20 ilik nəticəsiz ittifaq
Bir neçə gün bundan öncə Rusiya ilə Belarus arasında İttifaq Dövlətin qurulmasının 20 ili tamam oldu. Gözləntilərin əksinə olaraq, iki ölkə lideri bu təmtəraqlı günü sadəcə Soçidə xizək sürməklə qeyd etməyə üstünlük verdilər. 20 il bundan öncə o vaxtkı Rusiya prezidenti Boris Yeltsinlə bu sazişə imza atılanda çoxları hesab edirdilər ki, yeni qurum yaxın zaman kəsiyində iki ölkənin birləşməsinə gətirib çıxaracaq. Lakin bu, baş vermədi və imzalanan sənədlər elə kağız üzərində də qaldı. Bu müddət ərzində nələr dəyişib, hansı addımlar atılıb, İttifaq Dövləti kağız üzərində qalıb, yoxsa hansısa bir irəliləyiş olub? 20 illik müddəti araşdıran Rusiya və Belarus nəşrləri məsələyə ən müxtəlif prizmadan yanaşıblar. Məsələn, Rusiya mediası yazır ki, daha çox Kremlin qarşı tərəfə ünvanlanan çoxsaylı irad və sualları yığılıb qalıb - iqtisadi inteqrasiya Rusiyanın maraqlarına uyğun olmayan tərəfə işləyir, siyasi inteqrasiya isə 1999-cu il səviyyəsində qalıb. Əvəzində İttifaq Dövlətinin büdcəsi 20 ildir ki, iri məbləğdə vəsaitləri udmaqda davam edir. "Lenta.ru” portalı inteqrasiya prosesinin hansı mərhələdə olması və bu "zövq”ün rusiyalı vergiödəyicilərinə neçəyə başa gəldiyini və onların bundan əldə etdiyi mənfəəti araşdırıb.
Beləliklə, Belarus lideri Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə ötən həftə Soçidə keçirdiyi mətbuat konfransında bildirib ki, "xalqların və dövlətlərin birləşməsi istiqamətində səy göstərməyə hazırdırlar. Biz günü sabah da birləşə bilərik, problem yoxdur”. Əlavə edib ki, "suverenlik məsələsini tərəflərdən heç biri müzakirə etmək niyyətində deyil, çünki, bu məsələ bütdür, müqəddəsdir”. A.Lukaşenko bildirib ki, Belarus və Rusiya xalqların iradəsindən asılı olaraq yaxınlaşmağa da hazırdırlar. "Biz (Putin və Lukaşenko) elə sabahdan ikilikdə birləşə bilərik, bizim problemimiz yoxdur, lakin siz, ruslar və belaruslar buna hazırsınızmı? Siz (hər iki ölkənin vətəndaşları) nə qədər hazır olsanız, biz də sizin iradənizi bir o qədər yerinə yetirəcəyik”, - deyə Lukaşenko bildirib. Onun sözlərinə görə, əgər xalq buna hazır olmasa, Rusiya nə qədər böyük və güclü olsa belə, bu gün kiməsə öz iradəsini diktə etmək iqtidarında deyil. Qeyd edək ki, İttifaq Dövləti son illərə kimi sırf dekorativ qurum kimi qalıb. Bu birlik real qarşılıqlı münasibətlərdən asılı olmayaraq, mövcudluğunu qoruyub saxlayırdı. Lakin hər şey ötən ilin ortalarından sonra sürətlə dəyişməyə başladı. Daha dəqiq desək, Kremlin Belarusun Rusiya neftini gömrük baryerlərindən yan keçməklə satmasına görə vergiləri artırması münasibətləri başqa axara keçirdi. Görünən odur ki, iki ölkənin 1999-cu ildə göstərdikləri inteqrasiya formatı artıq aktuallığını itirib. İqtisadi inteqrasiya vahid gömrük zonasında dayanıb. Hətta bunun özü belə 2014-cü ildən faktiki olaraq fəaliyyət göstərmir.
Lukaşenkonun 2004-cü ildən bəhs etdiyi vahid valyutanın tətbiq də dəfələrlə təxirə düşüb. O zaman Belarus Mərkəzi Bankının rəhbəri Petr Prokopoviç vahid valyutanın 2007-2009-cu ildə tətbiq olunacağını desə də, hələ də bu, söz olaraq qalır.
Siyasi inteqrasiya məsələsində də vəziyyət 1999-cu il səviyyəsində ilişib qalıb. Vahid parlament, hökumət, məhkəmə, vətəndaşlıq də mövcud deyil. Müxtəlif vaxtlarda İttifaq Dövlətinə Moldova, Qırğızıstan və keçmiş Yuqoslaviyadan olan siyasətçilər qoşulmaq barədə təkliflər səsləndirsələr də, bu yalnız söz olaraq qalıb.
Müəllif yazır ki, Belarusla bir dövlətdə birləşmək planının xülya olduğunu gözəl bilən Moskva ötən ildən münasibətlərin təftişinə başlayıb. Belarusun Qərblə, xüsusən də Çinlə əməkdaşlığını gücləndirməsi Rusiya tərəfinin arzusunu puç edib.
Sayt həmçinin Belarusa ABŞ Dövlət Departamenti rəhbərinin Avrasiya işləri üzrə köməkçisi Miçel, ABŞ-ın aparıcı analitik mərkəzlərinin işçiləri Maykl Karpenter, eləcə də Ben Hocesin səfərinə diqqət yetirib. "Belarus və ABŞ-ın əməkdaşlığı diplomatların və istefada olan hərbçilərin qısa səfərləri ilə məhdudlaşmır. Əksinə, bütün məhdudiyyətlərə rəğmən ABŞ sistemli şəkildə təkcə Belarus dövlətiylə yox, həm də cəmiyyəti ilə iş qurur”, - yazıda qeyd olunub.
Rusiyalı iqtisadi ekspert, Ali iqtisadiyyat Məktəbinin dekan müavini Andrey Suzdalçev bildirir ki, Rusiya Belarus ilə yeni formatda hər şeyə əməl edən və səxavətli sponsordan tələbkar sifarişçiyə çevrilir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər